Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-60/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, e-2-2(117)-197/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra iddiaçı və ya İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3nə (bundan sonra cavabdeh və ya Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC) qarşı “cavabdehlərdən müştərək qaydada 14560 manat əsas borc, 1921,99 manat faiz borcu olmaqla, cəmi 16481,99 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim M.Hüseynov) 15 aprel 2021-ci il tarixli, e-2- 2(117)-197/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən 14560 (on dörd min beş yüz altmış) manat əsas borc, 1921,99 (bir min doqquz yüz iyirmi bir manat doxsan doqquz qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddia onunla əsaslandırılmışdır ki, dənəvər qarğıdalı istehsalı üçün 31.12.2019-cu il tarixinədək illik 10 faizlə Cavabdeh2 Əhmədiyyə oğlu ilə aralarında 14 mart 2019-cu il tarixli 211QM/19 nömrəli kredit müqaviləsi bağlanmış və ona 14560 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh3 MMC ilə 14 mart 2019-cu il tarixli 211CT/19 nömrəli, Cavabdeh1 ilə 14.03.2019-cu il tarixli 211ZQ/19 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Lakin müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən, Cavabdeh2 24.08.2020-ci il tarixə 14560 manat əsas, 1921,99 manat faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh1 və Cavabdeh2 bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh xxxx MMC-nin nümayəndəsi 14.04.2021-ci il tarixdə elektron poçt vasitəsi ilə məktub ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, e-2-2(117)- 197/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 MMC apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, e-2-2(117)-197/2021 nömrəli qətnaməsinin pul məbləğinin Cavabdeh3 MMC-dən tutulması hissəsinin ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini və 14 mart 2020-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 ilə bağlanan 14 mart 2019-cu il tarixli 211QM/19 saylı kredit müqaviləsinin 1.1 bəndindən göründüyü kimi, kredit 31 dekabr 2019-cu il tarixədək verilmişdir. Cavabdeh3 MMC ilə bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndində isə qeyd olunmuşdur ki, “Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür”. Göründüyü kimi, zaminlik müqaviləsində onun verilmə müddəti göstərilməmiş və belə müddət təyin edilməmişdir. Ona görə ki, əvvəlcədən bəlli olmadığından, öhdəliklərin tam yerinə yetirilməsi vaxtı qeyri-müəyyəndir. Hazırkı işdə kredit müqaviləsi üzrə əsas öhdəliklərin icrası müddəti 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmişdir. Belə olan halda iddiaçı həmin vaxtdan bir il ərzində zaminə qarşı tələb irəli sürə bilərdi. İddiaçı isə iddia tələbi ilə həmin müddət bitdikdən sonra, 2021-ci ilin mart ayında məhkəməyə müraciət etmişdir. Ona görə də, hesab edirlər ki, qətnamə pul məbləğinin Cavabdeh3 MMC-dən tutulması hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli və iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 211CT/19 saylı 14 mart 2019-cu il tarixli zaminlik müqaviləsinə xitam verilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, e-2-2(117)-197/2021 nömrəli qətnaməsinin pul məbləğinin Cavabdeh3 MMC-dən tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi və İddiaçı QSC BOKT ilə Cavabdeh3 MMC arasında bağlanmış 211CT/19 saylı 14 mart 2019-cu tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayədnəsi X4 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, e-2-2(117)-197/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan icraat materialları iddiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuşdur. Aşağıda sadalanan həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Kredit müqaviləsi, zaminlik müqaviləsi, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, xəbərdarlıq bildirişləri və digər sənədlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC-dən 14560 manat əsas borc, 1921,99 manat faiz borcu müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin zaminlərə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad edilən qərarında formalaşdırılan hüquqi mövqeni nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız zaminlərə aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Bununla yanaşı, qətnamə iddiaçı və əsas borclu tərəfindən mübahisələndirilmədiyindən, qətnamə onlarla bağlı hissədə yoxlanılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsində deyilir ki, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.2-ci maddəsində nəzərdə tutulur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə zaminlərə münasibətdə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit və zaminlik müqavilələri 14.03.2019-cu il tarixində bağlanmış, kreditin son ödənmə tarixi kimi 31.12.2019-cu il göstərilmişdir. İddia ərizəsi isə məhkəməyə 15.03.2021-ci il tairixində daxil olmuşdur. Qnunvericiliyin tələbinə görə zaminliyin təmin etdiyi öhdəliyinin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi üçün zaminliyə xitam verilməlidir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəf zaminlərə qarşı qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmədiyi üçün şikayətin dəlili əsaslı, iddia tələbi isə zaminlərə münasibətdə əsassızdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zamin Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsə də, iddianın predmeti bölünməz olduğundan, eyni zamanda zamin Cavabdeh1 münasibətdə də iddia qanunla müəyyən edilmiş müddət ərzində irəli sürülmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə də yoxlanılır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rаyon Məhkəməsinin 14 may 2018-cı il tаrixli, 2(075)-1107/2018 sаylı qətnаməsi qismən, yəni mübahisələndirilən hissədə-cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi Cavabdeh3 MMC və Cavabdeh1 münasibətdə rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin zaminlərə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, e-2-2(117)- 197/2021 nömrəli qətnаməsi qismən, yəni mübahisələndirilən hissədə-cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 münasibətdə rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, e-2-2(117)-197/2021 nömrəli qətnаməsi qismən, yəni mübahisələndirilən hissədə - cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi cavabdehlər Cavabdeh3nə və Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-60/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-60/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver