Məhkəmə qərarları › İş №2-2(107)-63/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-63/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-63/2024 13.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc və zərər” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alğı-satqı müqaviləsindən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borc tələbi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı öz həyətində quraşdırığı soyuducuya 2021-ci ilin oktyabr ayında xurma məhsulu qoymuş, dekabr ayının sonunda məhsulu satmağa başlamışdır. Dekabr ayında tanışı Balakən rayonu Qular kənd sakini Cavabdeh onun evinə gələrək xurma məhsulu istədiyini bildirmişdir. Cavabdeh iddiaçıdan 4000 yeşik xurma alacağını bildirmiş. İddiaçı məhsulu nağd satdığını cavabdehə demişdir. Cavabdeh 13000 manat pulu nağd ödəməklə 1 maşın xurma məhsulunu aparmış, bir müddət sonra cavabdeh yenidən mal almaq üçün iddiaçının yanına getmiş və ikinci maşına xurmanı yüklədikdən sonra bildirmişdir ki, Rusiyadan bank vasitəsi ilə pul 1-2 saat ərzində ödəniləcəkdir. İddiaçı 13000 manat dəyərində olan xurmanı maşına yüklədiyindən etiraz etməmiş, aparmasına razılıq vermişdir. Sonradan cavabdeh pulu ala bilmədiyini və həmin pulu almaq üçün Ukraynaya gedib oradan göndərəcəyini demişdir. Lakin Ukraynaya getməsi üçün pulunun olmadığını və iddiaçıdan ona əlavə olaraq 6000 manat borc verməsini istəmişdir. İddiaçı 6000 manatı yalnız notarial qaydada təsdiq edərək verəcəyini bildirmiş və notarial qaydada onunla Balakən regional "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəsinə əsasən 6000 manat və ödənilmiş 25 manat dövlət rüsumunun ona verilməsi ilə bağlı müqavilə imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 7000 manat xurma alverinə görə yaranmış borc, 6000 manat notarial qaydada verilmiş borc və 6000 manat maddi ziyan olmaqla cəmi 19000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuş, dekabr ayının sonunda məhsulu satmağa başlamışdır. Dekabr ayında tanışı Balakən rayonu Qular kənd sakini Cavabdeh onun evinə gələrək xurma məhsulu istədiyini bildirmişdir. Cavabdeh iddiaçıdan 4000 yeşik xurma alacağını bildirmişdir. İddiaçı məhsulu nağd satdığını cavabdehə demiş, o da bununla razılaşaraq pulu nağd verəcəyini bildirmişdir. Cavabdeh 1 maşın xurma məhsulunun pulunu, yəni 13000 manat pulu nağd ödəməklə aparmış, 2-ci maşın xurma məhsulu doldurulduqdan sonra o bildirmişdir ki, məhsulun dəyəri olan 13000 manatı 1 saat ərzində tam ödəyəcəkdir. X13 vasitəsilə göndərilir və bir neçə saat ərzində gecikmə ola bilər. İddiaçı məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün Nərimanla razılaşmışdır. Daha sonra Cavabdeh İddiaçı işlərinin orada yubandığını və borclu olduğu 13000 manat pulu ora getdikdən sonra göndərəcəyini, lakin hal-hazırda Ukraynaya getmək üçün pulunun olmadığını, ondan 6000 manat pul borca istəyərək Ukraynaya getməyinə yardımçı olmağını istəmişdir. Əvəzində isə xurma alveri zamanı borclu olduğu 13000 manat pulu və işlərini qaydasına salmaq üçün notarial qaydada borc aldığı 6000 manatı Ukraynaya getdikdən sonra tam şəkildə ödəyəcəyini bildirdi. İddiaçı cavabdehə olan etibarının azaldığını və pulu yalnız notarius qaydasında verə biləcəyini bildirmişdir. Cavabdeh bununla razılaşaraq notarial qaydada onunla Balakən regional "ASAN xidmət”mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəsinə əsasən 6000 manat və ödənilmiş 25 manat dövlət rüsumunun ona verilməsi ilə bağlı müqavilə imzalamışdır. Cavabdeh iddiaçıya 2-ci maşın xurma məhsulu üçün 6000 manat pulu 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyev ilə 3 dəfəyə (hər dəfəsində 2000 manat olmaqla) pul göndərməklə ödəmişdir. Qalan 7000 manat xurma alveri zamanı yaranan, 6000 manat Balakən regional "ASAN xidmət”mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəsinə əsasən işlərini qaydasına salmaq üçün borc kimi verilmiş pulu isə yenə yaxın vaxtlarda ödəyəcini bildirmişdir. Cavabdehin ona xurma alverinə görə yaranmış 7000 manat pul, Ukraynaya getmək üçün ondan notarial qaydada aldığı 6000 manat borc pul olmaqla ümumilikdə 13000 manat borcu olmasına baxmayaraq bu günə qədər qaytarmamışdır. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində nöqsana yol verildiyindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdehin ona olan borcu uzun zaman qaytarmaması ucbatından ona maddi ziyan dəymiş və bu maddi ziyanı 6000 manat məbləğində tələb etmişdir. iddiaçı "cavabdehdən 7000 manat xurma alverinə görə yaranmış borc, 6000 manat notarial qaydada verilmiş borc və 6000 manat maddi ziyan olmaqla cəmi 19000 manat pulun cavabdehdən tutulması”barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, İddiaçı yanında günəmuzd fəhlə işləyib. İddiaçı xurma alıb satmaqla məşğul olub. Eşitdiyi qədər cavabdeh gəlib 2 fura xurma almışdır. 1-nin pulunu ödəmişdir. Digərinin pulunu ödəməmişdir. Aralarında mübahisə burdan yaranmışdır. Onlar xurma seçirdi. Əlinin onlara borcu var idi. Əli onlara bildirdi ki, işin sonunda pul alacaq və onlara borcunu ödəyəcək. Xurma yüklənəndən sonra Nəriman gəldi və Əliyə dedi ki, malın pulunu göndərəcəklər və bir saat yarıma pulu verəcəkdir. Əli onlardan soruşdu ki, malı buraxaq saat yarıma pulu verəcəyini demişdir. O, da dedi ki, yəqin pulu verər, malı saxlama burax getsin. Xurmanın tarası 6,50 manatdan verilib, cəmi maşına 2000 tara yüklənmişdir. Sonra eşitdilər ki, Nəriman malı aparıb lakin pulu verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə yaxın tanışlıq münasibətləri vardır. Cavabdeh onların kəndinin sakinidir, qonşudurlar, həyat yoldaşının qohumudur. İddiaçı ondan cavabdehi soruşmuşdur. O, da demişdir ki, yaxşı adamdır ondan heç bir pislik görməmişdir. Onlar arasında xurma satışı ilə bağlı münasibətlər oldu və sonradan eşitmişdir ki, bir maşın xurmanın pulunu Əliyə borclu qalmışdır. Bu hadisə 2021-ci ilin sonlarında olmuşdur. 2022ci ilin fevral-mart aylarında Nəriman onlara gəlib demişdir ki, ziyan edib, amma Əlinin pulunu verəcək. X7 getdi. 2022-ci ilin avqust-sentyabr aylarında iki dəfə iki min manat və sonra da hissə hissə 2000 manatı həyat yoldaşına göndərdi, həyat yoldaşı ona verdi və o da Nərimanın göndərdiyi pulları Əliyə vermişdir. Əliyə cəmi 6000 manat pul vermişdir. Pulu xurmanın pulunun əvəzi kimi göndərdiyini demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, o, həyat yoldaşı Şahid1 ilə birlikdə iddiaçının yanında günə muzd fəhlə işləyirdi. İşi xurmaları çeşidləməkdən ibarətdir. Cavabdeh bildirmişdir ki, ona xurma lazımdır. İddiaçı da dedi ki, cavabdeh deyir ki, malı ver aparım pulunu 1-2 saata kimi verəcəkdir. Onlardan soruşdu ki, nə deyirsiz. Onlar da demişdir ki, malı ver hər halda gətirib pulunu verər. 10 ildən çoxdur iddiaçının yanında işləyirlər. İddiaçı onlara həmin gün 100 manat verməli idi. Lakin cavabdeh malı apardıqdan sonra iddiaçıya pulunu ödəməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, iddiaçının işçisi olub, hazırda da onunla fındıq və xurma yığımında işləyirlər. Həmin gün orda işləyəndə 2021-ci il dekabr ayının sonları idi. Cavabdeh gəlmiş və onun maşını xurma ilə yüklənmişdir. O, Ceyranla, Eyvazla və başqa fəhlələrlə həmin gün soyuducunun içində işləyir, xurma seçirdilər. Maşın dolduqdan sonra iddiaçı və cavabdeh onların yanında söhbət edəndə eşitmişdir ki, xurmanı ona 6.50 manatdan verib. Ümumi 13000 manat pul edir. İddiaçı onlara dedi ki, hazırda onun pulu yoxdur 1-2 saata verəcəkdir. Onlar da razılaşmışdır. Lakin cavabdeh dediyi kimi pulu göndərməmişdir. Sonradan eşitmişdir ki, cavabdeh xurmanın bir hissəsinin pulunu verib, digər hissəsinin pulu qalmışdır. Onların borcunu ödəmək üçün iddiaçı gedib kreditə girmişdir. O, gündəlik 10-30 manat arası pula işləmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 6000 manat məbləğində pul verilmiş və sonuncu götürülmüş krediti xx.xx.2022-ci il tarixədək notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsi əsasında 6000 manat borcun və 25 manat dövlət rüsumunun tutulması tələbi üzrə xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmışdır. Bundan sonra icra qeydi icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, daha sonra həmin icra qeydi üzrə icraata başlanılma haqqında qərar qəbul edilmiş və hal-hazırda həmin icra qeydi əsasında başlanılmış icraat Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmaqla icra hərəkətləri davam etdirilir. Şəki Kommersiya Məhkəməsi 03 aprel 2024-cü il tarixli, e-2-2(117)-112/2024 nömrəli qərardadı ilə, iddiaçının tələbinin "Ukraynaya getmək üçün iddiaçıdan notarial qaydada alınmış 6000 manat borc pulun tutulması” hissəsinə məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Şəki Kommersiya Məhkəməsi 03 aprel 2024-cü il tarixli, e-2-2(117)-112/2024 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmiş və ödənilməmiş 109.40 manat dövlət rüsumu İddiaçı tutulması dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh tərəfindən sonuncuya satılmış 1 maşın xurma məhsulunun dəyəri olan 13000 manat pulu nağd ödəməklə apardığını, lakin satılmış 2-ci maşın xurma məhsulunun dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini iddia etsə də, cavabdehə nə qədər xurma məhsulu satıldığı, məhsulun dəyərinin nə qədər razılaşdırılması, cavabdeh tərəfindən borcun ödənilməməsini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehin iddiaçıya 13000 manat borcu ola-ola yenidən ona 6000 manat borcun verilməsi real görsənmir və hətta belə olmuş olsaydı belə tərəflər 6000 manata dair borc müqaviləsi bağladıqları zaman eyni zamanda 13000 manat xurmanın borcunu da sənədləşdirmiş olardılar. Bununla yanaşı iddiaçı ona borcun uzun müddət qaytarılmaması səbəbindən ona dəymiş ziyan kimi 6000 manat pulun tutulmasını da iddia edir ki, ziyan dəydiyi halda həmin ziyanın hansı əsaslardan yarandığını, həqiqətən ziyanın vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı 6000 manat maddi ziyanın vurulmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş və sonuncunun əsas iddia tələbi məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehə verilmiş borcu sübut edə bilməməklə yanaşı həmin borcun qaytarılmamasına görə dəymiş ziyan kimi 6000 manat tələb etmiş və bunu əsaslandıracaq sübutları təqdim edə bilməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448, 567, 600-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 119-cu maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinine-2-2(117)-112/2024 nömrəli qətnaməsinə əsasən şahid ifadələrini əsassız görmüş onların izahatlarından sonra belə nəticəyə gəlmişdir ki, şahidlər Şahid1, X4 və X5 hər üç şahid iddiaçının işçiləridir və onlar işin nəticəsində maraqlıdır. Bundan başqa məhkəmə Şahid3 ifadəsini sübut qismində qəbul etməyib. Belə ki, şahid ifadəsində iddiaçı ilə yaxın münasibətdə olduğunu, cavabdehin isə qonşusu və arvadının qohumu olduğunu bildirir. Şahid3 iddiaçı ilə yaxın münasibətdə olan şəxs olduğunu və onun ifadəsinin qərəzsizliyi şübhə doğurduğunu bildirmişdir. Bu xüsusda məhkəmənin nəzərinə çatdırmışdır ki, məhsulun satışı zamanı yanında olan şəxslər məhkəməyə dəvət olunmuş şəxslərdir. Adları qeyd olunmuş şəxslərin onun işçiləri olmasından əlavə onların hər biri şahiddir. Məhkəmə bu xüsusda MPM-nin 62-ci maddəsini kobud şəkildə pozmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının 37,60 manat dövlət rüsumu ödədiyindən ödənilməli 147 manat dövlət rüsumundan ödənilmiş 37,60 manat dövlət rüsumu çıxılmaqla ödənilməmiş 109,40 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə mediasiya prosesi zamanı ödədiyi 110 manat dövlət rüsumunu nəzərə almamış və Azərbaycan Respublikası Mediasiya haqqında qanunun maddələrini nəzərə almamışdır. Məhkəmə onu qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və bu səbəbdən də tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Bununla bağlı qeyd edir ki, MM-nin 386.1-ci maddəsinə əsasən məhkəmə cavabdehin ona maddi zərər vurmasını, əsassız varlanması və s. kimi bəzi istisna səbəbləri nəzərə almamışdır. Aralarında müqavilə bağlanmamasının səbəbi ilk alış-veriş zamanı pulu tam şəkildə verməsi və bu səbəblə də cavabdehə inanmağı olmuşdur. Lakin cavabdeh bu inamdan sui-istifadə edərək ona maddi və mənəvi zərər yetirmişdir. Məhkəmə isə həmin qanun pozuntularını nəzərə almayaraq məsələnin aidiyyəti üzrə həll olunmasında maraqlı olmamışdır. Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət etməlidir. Eyni zamanda, öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə məhsulun satışı zamanı göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. İkincisi, məhkəmə faktlara əsaslanaraq qərar qəbul etməmişdir. Cavabdehin məhsulun təhvil verilməsindən sonrakı hərəkətləri qanun çərçivəsindən kənarda yerləşir. Bu halı sübut edəcək dəlillərin məhkəmələrə təqdim edilməsinə baxmayaraq cavabdehin vurduğu zərərlərə düzgün hüquqi qiymət verilməmişdir və iş əsassız yerə yubadılmışdır. Uzun zamandır ödəməkdən yayındığı pul onun şəxsi təsərrüfatına ciddi zərər vurmuşdur. Məhkəmə təqdim olunmuş sübutlara deyil, özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi sübutları və şahidləri məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsi və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan aldığı ikinci maşın xurmanın pulunu tam ödəməmişdir. Belə ki, cavabdeh ikinci maşın xurmaya görə ona ümumilikdə 6000 manat ödəniş etmiş və ödənilməmiş 7000 manat borcu qalmışdır. O, həmçinin cavabdehə notarial qaydada əlavə olaraq 6000 manat da borc pul vermiş və cavabdeh bugünədək həmin pulu da qaytarmamışdır. Bundan başqa, onun rüsum kimi tələb etdiyi 147 manata həm mediasiyada, həm də iddia vermək üçün ödədiyi pullar aiddir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Yuxarıda qeyd edilmiş maddələrdə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə nisyə alğı-satqı nəticəsində yaranmış borcun ödənilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 7000 manat xurma alverinə görə yaranmış borc, 6000 manat notarial qaydada verilmiş borc və 6000 manat maddi ziyan olmaqla cəmi 19000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək şikayəti qismən əsaslı hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, hazırki iş üzrə Cavabdeh Balakən rayon Polis şöbəsində qismən də olsa etirafedici ifadələr vermiş, həmin ifadələr məhkəməyə təqdim edilsə də onlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini obyektiv araşdırmaq üçün Balakən rayon Polis şöbəsinə sorğu verərək hazırki iş üzrə tərəflər arasında araşdırma aparılıb-aparılmamasını aydınlaşdırmışdır. Həmin sorğu əsasında materiallar məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş Balakən rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh əməllərində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi – pulun qarşılığı olaraq xurmanın iddia etdiyi miqdarda və qiymətdə cavabdehə verdiyini - sübut edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində göstərdiyi halları qismən sübut edir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında iki dəfə meyvə alğı-satqısı olmuşdur. Birinci dəfə alınan malın dəyəri tam ödənilmişdir. İkinci dəfə isə tərəflər arasında nisyə alğı-satqı baş tutmuş və cavabdeh ikinci alınan malın dəyərindən 6000 manat ödəmişdir. Bundan başqa, iş üzrə iddiaçı Şabanov X8 rayon Polis Şöbəsində izahat verərək göstərmişdir ki, ............... xx.xx.2021-ci ildə Nəriman ikinci dəfə 2000 yeşikdə olan 21 ton xurmanı 13000 manat pulu vermədən apardı. Nəriman 2022-ci ilin iyul ayında ona tanışı Azər Mirzəyev adlı şəxslə RF-dan 2000 (iki min) manat pulu göndərdi. Həmin vaxtan sonra bir neçə ay ərzində Nəriman ona 2000 (iki min) manat, 1000 (bir min) manat və yenidən 1000 (bir min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat pulu Azər Mirzəyevlə göndərdi. İş üzrə Cavabdeh Balakən rayon Polis Şöbəsində izahat verərək göstərmişdir ki, ............... o, xx.xx.2021-ci il tarixdə 2-ci yük avtomaşınına İddiaçı məxsus olan soyuducudan 1900 (bir min doqquz yüz) yeşik olmaqla hər yeşiyi 5 manat 50 qəpikdən xurma almışdır. İddiaçı ümumilikdə 10450 (on min dörd yüz əlli) manat borcu yaranmışdır. O, 1 ay gecikmə ilə həmin ilin avqust ayından 2000 (iki min), 2000 (iki min), 1000 (bir min) və 1000 (bir min) manatı hissələrlə ümumilikdə 6000 (altı min) manat pulu Əliyə ödəmişdir. Qalan 4450 manat pulu isə İddiaçı ona bağışlamışdır. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1, Şahid4, X5 və Şahid3 da Cavabdeh iddiaçıdan nisyə mal aldığını təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası Cavabdeh ikinci dəfə iddiaçıdan aldığı malın miqdarı (çəkisi) və qiyməti ilə bağlı iddiaçının dediklərinə tənqidi yanaşaraq qeyd edir ki, iddiaçı cavabdehin ondan 2000 yeşik, yəni 21 ton xurmanı hər yeşiyini 6.50 manatdan razılaşaraq aldığını bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı həmin halları sübut etmək üçün məhkəməyə ancaq şahidləri təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə alınan malın miqdarı və qiyməti ilə bağlı hissədə tənqidi yanaşaraq qeyd edir ki, mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Məhəkəmə kollegiyası alınan malın miqdarı (çəkisi) və qiyməti ilə bağlı hissədə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1, Şahid4 və X3 ifadələrinə o səbəbdən tənqidi yanaşır ki, şahid iş üçün əhəmiyyət kəsb edən halları bilən və işin nəticəsində maraqlı olmayan şəxs olmalıdır. Şahid ifadələrindən isə müəyyən edilir ki, Ceyran və Emin ər-arvad olmaqla iş üzrə iddiaçının yanında günəmuzd fəhlə işləyirlər. Kifayət də iddiaçının yanında işçi işləyir. Göründüyü kimi, yuxarıda adları sadalanan hər üç şahid maddi cəhətdən iddiaçıdan asılı olmaqla işin nəticəsində maraqlı olmuşlar. Bundan başqa, adları sadalanan hər üç şahid də tam olaraq eyni məzmunlu ifadə vermişdir. Bu səbəbdən də məhkəmə həmin şahid ifadələrini alınan malın miqdarı (çəkisi) və qiyməti ilə bağlı hissədə inandırıcı hesab etmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 isə ümumiyyətlə alğı-satqıda iştirak etmədiyini və eşitdiyinə görə tərəflər arasında iki maşın xurma alğısatqısı olduğunu bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şahidlərin ifadələri alınan malın miqdarı (çəkisi) və qiyməti ilə bağlı hissədə hər hansı başqa vasitə ilə təsdiq olunmadığından məhkəmə kollegiyası bu ifadələrin qeyd edilən hissəsini sübut qismində qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir. Buna baxmayaraq, cavabdeh Balakən rayon Polis Şöbəsində verdiyi izahatda iddiaçıdan ikinci dəfə də bir maşın xurma aldığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini təsdiq edən sübut təqdim etmədiyindən alınan malın miqdarı və çəkisi ilə bağlı hissədə cavabdehin dedikləri əsas götürülməlidir. Cavabdeh isə öz növbəsində alınan malın miqdarı (çəkisi) və qiyməti ilə bağlı hissədə qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixdə 2-ci yük avtomaşınına İddiaçı məxsus olan soyuducudan 1900 (bir min doqquz yüz) yeşik olmaqla hər yeşiyi 5 manat 50 qəpikdən xurma almışdır. İddiaçı ümumilikdə 10450 (on min dörd yüz əlli) manat borcu yaranmışdır. O, 1 ay gecikmə ilə həmin ilin avqust ayından 2000 (iki min), 2000 (iki min), 1000 (bir min) və 1000 (bir min) manatı hissələrlə ümumilikdə 6000 (altı min) manat pulu Əliyə ödəmişdir. Yəni, iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən ikinci alğı-satqı zamanı alınan malın ümumi dəyəri cavabdehin etiraf etdiyi 10450 (on min dörd yüz əlli) həddə müəyyən edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər arasında ikinci dəfə nisyə alğı-satqı olmuş, cavabdeh iddiaçıdan 10450 (on min dörd yüz əlli) manatlıq mal almış, daha sonra isə müxtəlif vaxtlarda ödəniş etməklə ümumilikdə 6000 manat ödəmiş və ödənilməmiş 4450 manat borcu qalmışdır. Kollegiya hesab edir ki, yuxarıda şərh olunmuş normalar baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malı borcluya vermişdir. Borclu isə, üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən malın qarşılığı olaraq pulun ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh – notariusda bağladığı borc müqaviləsinin əslində alğı-satqıdan yaranmış borc olduğunu, eyni zamanda maldan qalmış 4450 manat borcu isə iddiaçının ona bağışladığını bildirsə də bu halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, əgər doğrudan da tərəflər arasında notariusda bağlanan borc müqaviləsi əslində alğı-satqıdan yaranmış borc olsaydı onda müqavilə bağlanan zaman notariusda həmin formada (borcun etirafı kimi və s. formada) sənədləşdirilmiş olardılar. Bunda başqa notarial bağlanan müqavilədə ümumiyyətlə hansısa alğı-satqıdan bəhs edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yalnız cavabdeh tərəfin şifahi izahatı əsasında onun borcu olmaması ilə bağlı qeyd etdiklərini əsaslı hesb etmək mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 6000 manat maddi zərər hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iddiaçı ona borcun uzun müddət qaytarılmaması səbəbindən dəymiş zərər kimi 6000 manat pulun tutulmasını tələb etsə də, ümumiyyətlə zərərin dəydiyi halda həmin zərərin hansı əsaslardan yarandığını bildirməmişdir. Həmçinin qanunvericiliyə əsasən zərərin vurulmasını sübutetmə yükü də iddiaçının üzərinə düşür. Lakin iddiaçı maddi zərərin vurulmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında da göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında ikinci dəfə nisyə alğı-satqı baş tutmuş və Cavabdeh həmin alğı-satqıdan iddiaçıya ödənilməmiş 4450 manat borcu qalmışdır. Odur ki, həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən sonuncusu da - ödənilməmiş dövlət rüsumunun iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsinin – qanunvericiliyə zidd olması ilə bağlıdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyatorun dəlili həmin hissədə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman iddiaçının 37,60 manat dövlət rüsumu ödədiyindən, ödənilməli 147 manat dövlət rüsumundan ödənilməmiş 109,40 manat hissəsinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qənaətinə gəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman ödənilməmiş dövlət rüsumunun iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində yanlış nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri dövlət dövlət rüsumuna aid hissədə əsaslı olduğundan şikayət həmin hissədə də təmin edilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsi 03 aprel 2024-cü il tarixli, e-2-2(117)-112/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh nisyə alğı-satqı nəticəsində yaranmış 4450 (dörd min dörd yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumumunun 64.50 manatı alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar