Məhkəmə qərarları › İş №2-2(107)-64/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-64/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-64/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı “14560 manat əsas borc, 1919,56 manat faiz borcu olmaqla cəmi 16479,56 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-2(117)-174/2021 nömrəli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-2(117)-174/2021 nömrəli qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 14560 manat əsas borc, 1919,56 manat faiz borcu olmaqla cəmi 16479,56 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada 14560 manat əsas borcun, 1919,56 manat faiz borcunun, cəmi 16479,56 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onların xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi iddianı müdafiə edərək göstərmişdir ki, Oğuz rayonu Şirvanlı kənd sakini fərdi sahibkar Cavabdeh1 va Cavabdeh4 ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı arasında dənəvər qarğıdalı istehsalı üçün 9 ay müddətinə illik 10 faizlə 14560,0 (on dörd min beş yüz altmış) manat məbləğində kredit verilməsinə dair 14 mart 2019-cu il tarixli 210QM/19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatl kimi "xxxx" QSC Bank olmayan Kredit Teşkilatının Şəki filialı ilə birgə zamin olmuş şəxslər Cavabdeh3 Əhmədiyyə oğlu, Cavabdeh2 və Cavabdeh4 arasında 14 mart 2019-cu il tarixli 210ZQ/19, 210ZZQ/19 və 210CT/19 sayl zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtinə görə zamin olmuş şəxslər borcalanın 14 mart 2019cu il tarixli 210QM/19 saylı kredit miiqaviləsi üzra Kredit Təşkilatına olan kedit ve onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan ve yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh4 MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, zaminlik müqaviləsində onun verilmə müddəti göstərilməmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən iddiaçı öhdəliklərin icra müddətinin bitdiyi 31.12.2019-cu il tarixdən 1 il ərzində hazırki iddia tələbini irəli sürə bilərdi. İddiaçı isə həmin müddət bitdikdən sonra 2021-ci ilin mart ayında məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də zaminlik müqaviləsinə xitam verilməli və iddia tələbi borcun Cavabdeh4 MMC-dən tutulması hissəsində rədd edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı QSC Bank Olmayan Kredit X3 sədrinin müavini Nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı QSC Bank Olmayan Kredit X3 sədrinin müavini Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə ilə razı deyillər və həmin qətnamə ləğv olunmalıdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin zaminliyə xitam verilməsi barədə gəldiyi qənaətlə razı deyillər və hesab edirlər ki, məhkəmə hazırkı iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh4 MMC ilə İddiaçı QSC arasında bağlanmış 14 mart 2019-cu il tarixli Zaminlik müqaviləsinin mühüm şərtlərindən biri də həmin müqavilənin 1.1-ci bəndində öz əksini tapmşdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndində göstərilir ki, Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2019-cu il tarixli 210 QM/19 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 14560,0 manat kreditlə əlaqədar olaraq borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək zamin borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Daha sonra zaminlərlə bağlanmış müqavilənin mühüm şərtlərindən biri də müqavilənin 2.3-cü bəndində göstərilib. 2.3-cü bənddə göstərilir ki, bu müqavilə ilə öhdəliyin icra müddəti borcalan Kredit Təşkilatın qarşısında 14 mart 2019-cu il tarixli 210QM/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirənədəkdir. Bundan başqa zaminlik müqaviləsinin 4.1-ci bəndində yenə də zaminin Kredit Təşkilatı qarşısında öhdəliyi təsbit olunub. Müqavilənin həmin bəndində göstərilir ki, borcalan zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin Kredit təşkilatı qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən Kredit Təşkilatının ilk tələbi ilə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər bank hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Yuxarıda qeyd edilən zaminlik mqaviləsinin mühüm şərtlərindən göründüyü kimi zamin olaraq həm Cavabdeh4 MMC, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə oğlu Kredit Təşkilatı ilə borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam icrasınadək Kredit Təşkilatı qarşısında məsuliyyəti öz üzərinə götürmüşlər. Yəni cavabdehlərin iddiaçı təşkilat qarşısında məsuliyyəti öhdəliyin tam icrasınadək müəyyənləşmişdir. Bundan başqa, İddiaçı QSC ilə “Borcalan” qismində Cavabdeh1 və “Alıcı” qismində Cavabdeh4 MMC arasında bağlanmış 14 mart 2019-cu il tarixli 210QM/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit tranşları əsasında 18.03.2019-cu il tarixdə 9027,0 manat, 23.05.2019-cu il tarixdə 2912,0 manat, 09.08.2019-cu il tarixdə isə 2621,0 manat məbləğində kredit verilmişdir. Yəni kredit müqaviləsi üzrə borclar bir neçə tranşda verilmişdir ki, son tranş üzrə kreditin verilməsi 08 avqust 2019-cu ilə təsadüf edir. Kredit müqaviləsinin 1.1-ci bəndinin c hissəsinə görə “Alıcı” qəbul olunmuş dənəvər qarğıdalının dəyərini ödəməklə borclananın borcverəndən dənəvər istehsalı üçün almış olduğu kredit üzrə borcu bağlayır, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi hesaba köçürür və ya ona nağd olaraq ödəyir. Yəni Cavabdeh4 MMC həm kredit müqaviləsi ilə, həm də zamin kimi borcalanın aldığı kreditin qaytarılmasına məsuliyyət daşıyır. Məhz alıcının zəmanəti ilə borcalana tranşlarla müxtəlif vaxtlarda kredit verimişdir. Cavabdeh4 MMC kredit və zaminlik müqavilələri üzrə üzərinı düşən öhdəlikləri icra etməkdən boyun qaçırmaqla, eyni zamanda vicdanlılıq prinsipini kobud şəkildə pozmuşdur. İddiaçı QSC tərəfindən həm borcalana, həm də zaminlərə öhdəliyin icrası ilə bağlı xəbərdarlıq məktubları göndərilmiş, lakin həmin xəbərdarlıq məktubları cavablandırılmamışdır. Bundan sonra cavabdehlərə 25 avqust 2020-ci il tarixli iddia ərizəsinin surətləri göndərilmişdir. Həmin iddia ərizələrinə cavabdehlər tərəfindən heç bir münasibət bildirilməmişdir. 2020-ci ilin martın əvvəllərindən başlayaraq Covid 19 koronavirus pandemiyası ilə bağlı dövlət müəssisələrinə və təşkilatlarına işçilərin məhdud sayda işə çıxarılması tapşırılmış və həmin vaxtdan başlayaraq Kredit Təşkilatında çalışan əməkdaşların yalnız 20 faizi işə cəlb edilmiş, həm bu səbəbdən, həm də məhkəmələrdə işlərin dayandırılması, Kredit Təşkilatının özündə koronavirusa yoluxanların sayının çox olması səbəbindən İddiaçı QSC üzrə problemli borcu mövcud olan yüzlərlə hüquqi və fiziki şəxslərə qarşı iddiaların vaxtında məhkəmələrə göndərilməsində üzrlü səbələrdən gecikmələr yaranmışdır. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-2(117)-174/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmidir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2- 2(117)-174/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-2(117)-174/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit X4 Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-2(117)-174/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsindən, yəni kredit borcun tutulmasının zaminlərə münasibətdə rədd eilməsi hissəsindən şikayət vermiş, qətnamənin həmin hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən hissəsində yoxlanılmalı olduğunu hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və kollegiyanın iclasında tədqiq edilmiş: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (borcverən) ilə cavabdehlər Cavabdeh4 MMC (alıcı) və Cavabdeh1 (borcalan) arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsindən görünür ki, Borcverən Borcalana 31 dekabr 2019-cu il tarixədək, Təşkilatın öz vəsaiti hesabına illik 10 faizlə 14560,0 manat kredit vermişdir. Borcalan aldığı krediti təyinatı üzrə yalnız dənəvər qarğıdalı istehsalı üçün istifadə edir və istehsal etdiyi dənəvər qarğıdalını yalnız Alıcıya satmalıdır. Alıcı qəbul olunmuş dənəvər qarğıdalının dəyərini ödəməklə Borcalan Borcverəndən dənəvər qarğıdalı istehsalı üçün almış olduğu kredit üzrə borcu bağlamalı, artıq qalan vəsaiti isə Borcalanın təqdim etdiyi hesaba köçürməli və ya nağd olaraq ödəməlidir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh4 MMC arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210CT/19 nömrəli kredit müqaviləsindən görünür ki, Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 veriləcək 14560,0 manat kreditlə və əlaqədar olaraq onun Kredit Təşkilatı qarşısında öz phdəliklərini tam yerinə yetirənədək Cavabdeh4 MMC Cavabdeh1 ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210ZQ/19 nömrəli kredit müqaviləsindən görünür ki, Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 veriləcək 14560,0 manat kreditlə və əlaqədar olaraq onun Kredit Təşkilatı qarşısında öz phdəliklərini tam yerinə yetirənədək Cavabdeh4 MMC Cavabdeh1 ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210ZZQ/19 nömrəli kredit müqaviləsindən görünür ki, Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 veriləcək 14560,0 manat kreditlə və əlaqədar olaraq onun Kredit Təşkilatı qarşısında öz phdəliklərini tam yerinə yetirənədək Cavabdeh4 MMC Cavabdeh1 ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Cavabdeh1 İddiaçı QSC Kredit Təşkilatına tütün əkib-becərilmək məqsədilə verilmiş kredit üzrə 24.08.2020-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh1 əsas borc üzrə 14560,0 manat, faiz borcu üzrə 1919,56 manat olmaqla İddiaçı QSC-yə cəmi 16479,56 manat borcu var. 25 fevral 2020-ci il tarixli, 144 nömrəli bildirişdən görünür ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə əsas və ona hesablanmış faiz borcun ödənilməsi üçün bildirişin onlara verilməsindən 10 təqvim günü müddətində vaxt verilmiş, əks təqdirdə Məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki qanunvericiliyinin müddəallarında göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildiyi kimi, məhkəmə tərəfindən hesab edilmişdir ki, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də borc alan Cavabdeh1 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 14560 manat əsas borcu və illik 10 faiz olmaqla 1919,56 manat faiz borcu qalmışdır. Bu səbəbdən 14560 manat əsas və 1919,56 manat faiz borcu əsas borclu Cavabdeh1 tutularaq kredit təşkilatına ödənilməlidir. Lakin iddianın kredit borcunun zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-dən də əsas borclu ilə birlikdə müştərək qaydada tutularaq ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın 14.03.2019-cu il tarixli 210QM/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit 31.12.2019-cu il tarixədək tam ödənilmək şərtilə verildiyindən zaminlik müqavilələri üzrə verilmə müddəti 31.12.2019-cu il tarixdə qurtarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla baglı məhkəmə kollegiyasının qənaətinə görə,məhkəmə haqlı olaraq hesab etmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti 31.12.2019-cu il tarix kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 31.12.2020-ci il tarixdə bitmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları, qanunvericiliyin sadalanan müddəalarını və işin hallarını nəzərə alaraq belə nətiçəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, zaminlərdən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Şəki Kommersiya Məhkəməsi iddianı qismən təmin etməkdə ümumilikdə düzgün nəticəyə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-2(117)-174/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar