Məhkəmə qərarları › İş №2-2(107)-68/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-68/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-68/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2(117)- 175/2021 nömrəli qətnaməsindən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2(117)-175/2021 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, Cavabdeh3 13650 manat əsas borc, 1298,71 manat faiz borcu olmaqla cəmi 14948,71 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları: 14.03.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında 31.12.2019-cu il tarixədək olan müddətə 209QM/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 13650 manat pulu illik 10 faizlə Cavabdeh3 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 14.03.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 MMC və Cavabdeh1 arasında borcalan 209QM/19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 209CT/19 nömrəli və 209ZQ/19 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilələrin qüvvədə olma müddəti kredit müqaviləsindən irəli gələn öhdəliklərin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 13650 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 13650 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, zaminlik müqaviləsində onun verilmə müddəti göstərilməmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən iddiaçı öhdəliklərin icra müddətinin bitdiyi 31.12.2019-cu il tarixdən 1 il ərzində hazırki iddia tələbini irəli sürə bilərdi. İddiaçı isə həmin müddət bitdikdən sonra 09.03.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də zaminlik müqaviləsinə xitam verilməli və iddia tələbi borcun Cavabdeh2 MMC-dən tutulması hissəsində rədd edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqavilələri, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı 13650,0 manat əsas borc, 1298,71 manat faiz borcu olmaqla, cəmi 14948,71 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə Şəki Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia ərizəsinə Şəki Kommesiya Məhkəməsində hakim Rüfət Məcidov tərəfindən baxılaraq, iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh3 13650,0 manat əsas borc, 1298,71 manat faiz borcu olmaqla, cəmi 14948,71 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi ilə razı deyilik və hesab edilir ki, bu qətnamə ilə İddiaçı QSC-nin qanunla qorunan hüquqları pozulduğundan, həmin qətnamə iddia tələbinin qismən rədd olunması hissəsində ləğv edilməli, iddia ərizəsinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı QSC-nin Şəki filialı ilə “Borcalan” qismində fərdi sahibkar Cavabdeh3 və “Alıcı” qismində Cavabdeh2 MMC arasında bağlanmış 14 mart 2019-cu il tarixli 209 QM/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 dənəvər qarğıdalı istehsalı üçün illik 10 faizlə 13650,0(on üç min altı yüz əlli) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh1 və Cavabdeh2 MMC arasında 14 mart 2019- cu il tarixli 209ZQ/19 saylı və 209CT/19 saylı zaminlik müqavilələri bağlanmışdır. Borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmədiyi üçün İddiaçı QSC tərəfindən ona və onun zaminlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı QSC-nin və Cavabdeh2 MMC-nin nümayəndələri iştirak etmiş, digər cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər. Şəki Kommersiya Məhkəməsi İddiaçı QSC-nin iddia ərizəsini yalnız borclana nisbətdə təmin etmiş, dgər cavabdehlər- zaminlərə nisbətdə isə rədd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4cü maddəsinə istinad edərək qətnamənin əsaslandıncı hissəsində qeyd etmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qutardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəldilmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiy öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində krteditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icra müddəti 31.12.2019- cu il tarix kımı müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 31.12.2020- ci il tarxində bitmişdir. Şəki Kommersiya Məhkəməsinin zaminliyə xitam verilməsi barədə gəldiyi qənaətlə razı deyilik və hesab edirik ki,məhkəmə hazırkı iş üzrə maddi- hüquq normalrını düzgün tətbiq etməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və İddiaçı QSC arasında bağlanmış 14 mart 2019- cu il tarixli Zaminlik müqavilələrinin mühüm şərtlərindən biri də həmin müqavilənin 1.1- ci bəndində öz əksini tapmışdır. Zaminlik Müqaviləsinin 1.1,- ci bəndində göstərilir ki, Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 14 mart 2019- cu il tarixli 209 QM/19saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 13650,0 manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Daha sonra həmin müqavilənin mühüm şərtlərindən biri də müqavilənin 2.3-cü bəndində göstərilib.2.3-cü bənddə göstərilir ki, Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: Borcalamn Kredit Təşkilatı qarşısında 14 mart 2019-cu il tarixli 209QM/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirənədəkdir. Bundan başqa, Zaminlik müqaviləsinin 4.1,- ci bəndində də Zaminin Kredit Təşkilatı qarşısında öhdəliyi təsbit olunub. Müqavilənin həmin bəndində göstərilir ki, Borcalan zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin 3- cü bəndində göstərilən Kredit Təşkilatının ilk tələbi ilə, heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər bank hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Yuxanda qeyd edilən zaminlik müqaviləsinin mühüm şərtlərindən də göründüyü kimi zamin olaraq həm Cavabdeh1, həm də Cavabdeh2 MMC Kredit Təşkilatı ilə Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam icrasınadək məsuliyyəti öz üzərinə götürmüşdür. Burda məsuliyyət öhdəliyin tam icrasınadək müəyyənləşmişdir. Bundan başqa, İddiaçı QSC ilə “Borcalan” qismində Cavabdeh3 və “Alıcı” qismində Cavabdeh2 MMC arasında bağlanmış 14 mart 2019- cu 0 tarixli 209QM/19 saylı kredit müqaviləsi əsasında Cavabdeh3 kredit tranşları əsasında 18.03.2019- cu il tarixdə 8463,0 manat, 27.03.2019cu il tarixdə 3043,0 manat, 30.05.2019- cu il tarixdə 2488,0 manat və 14.08.2019- cu il tarixdə isə 2457,0 manat məbləğində kredit vermişdir. Yəni kredit müqaviləsi üzrə borclar bir neçə tranşda verilmişdir ki, son tranşlarda kreditin verilməsi 30 may və 14 avqust 2019cu il tarixə təsadüf edir. Cavabdeh2 MMC həm kredit müqaviləsi ilə, həm də zamin kimi Borcalanın aldığı kreditin qaytarılmasına məsuliyyət daşıyır. Məhz Alıcının zəmanəti ilə borcalana tranşlarla müxtəlif vaxtlarda kredit verilmişdir.”CPC” MMC kredit və zaminlik müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etməkdən boyun qaçırmaqla, eyni zamanda vicdanlılıq prinsipini kobud şəkildə pozmuşdur. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin e-2-2( 117)-175/2021 saylı 21 aprel 2021-ci il tarixli qətnaməsini iddianın təmin olumayan hissəsində ləğv edib, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlərə qarşı iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini Şəki Kommersiya Məhkəməsinin e-2-2( 117)-175/2021 saylı 21 aprel 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2(117)- 175/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də borc alan Cavabdeh3 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 13650 manat əsas borcu və illik 10 faiz olmaqla 1298,71 manat faiz borcu qalmışdır. Bu səbəbdən 13650 manat əsas və 1298,71 manat faiz borcu əsas borclu Cavabdeh3 tutularaq kredit təşkilatına ödənilməlidir. İddianın kredit borcunun zaminlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən də əsas borclu ilə birlikdə müştərək qaydada tutularaq ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın 14.03.2019-cu il tarixli 209QM/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit 31.12.2019cu il tarixədək tam ödənilmək şərtilə verildiyindən zaminlik müqavilələri üzrə verilmə müddəti 31.12.2019-cu il tarixdə qurtarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2(117)-175/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2(117)-175/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar