Məhkəmə qərarları › İş №2-2(107)-69/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-69/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-69/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “13222,48 manat əsas borc, 1459,38 manat faiz borcu, 1123,87 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1913,60 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınmas üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi və əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2(117)–218/2021 nömrəli qətnaməsindən iddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, Cavabdeh 13222,48 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsaitin və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 24000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatının İddiaçı ASC-dən və 75 manatının Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 19.03.2015-ci il tarixli 2325 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 06.04.2015-ci il tarixli 2325/i nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 14500 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 1459,38 manat faiz borcu, 1123,87 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1913,60 manat faiz borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənziin likvid dəyəri 24000 manat müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2015-ci ildə kredit müqaviləsi bağlamış, bankdan 14500 manat götürüb mal-qara almışdır. Heyvanlar xəstə düşüb, tələf olmuşlar. Kredit faizinin bir hissəsini ödəmiş, səhhətində problemlər yaranmış, borcunu ödəyə bilməmişdir. Borcunu etiraf edir, hissə-hissə ödəyə bilər. Hesablanmış faizlərin ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, ‘Zaminbank” ASC ilə Cavabdeh arasında imzalanmış 19.03.2015-ci il tarixli, 2325saylı kredit müqaviləsinə Cavabdeh 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 14.500 AZN (on dörd min beş yüz manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehlə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 27.05.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-ninünvan 2 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Qeyd etəmək istəyirik ki, cavahdeh X2 19.03.2015-ci il tarixli. 2325 saylı kredit müqaviləsi 28.02.2019-cu il tarixli Azərhavcan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsirinə düşmür. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərini nəzərə almayaraq Cavabdeh LPO ‘Zaminbank” ASC-yə 19.03.2015-ci il tarixli saylı kredit müqaviləsi üzrə olan borcunun tərkib hissləri olan 1.459,38 manat müddət sonuna hesablanan faiz, 1.123,87 manat cərimə, 1.913,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cfl il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq)hesablanmış məbləğ əsassız olaraq silmişdir. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2(117)– 218/2021 nömrəli qətnaməsi ilə təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış məbləğ hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsinə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2(117)– 218/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddia tələbinin 13222,48 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 19.03.2015-ci il tarixli 2325 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 13222,48 manat borcu qalmışdır. Bu səbəbdən həmin borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 1459,38 manat faiz borcu, 1123,87 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1913,60 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərk məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 1459,38 manat faiz borcu, 1123,87 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1913,60 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyəri 24000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən alınmış mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən mənzilin ilkin satış dəyəri 24000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ödənilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi yuxarıda göstərilmiş İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Bu isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. İddia tələbinin tutma yönəldikdə və satışdan sonra evin boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir Hazırki vəziyyətdə iddiaçı bankın evin boşaldılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir ki, kredit müqaviləsi üzrə borc ödəilməyəcəyi təqdirdə daşınmaz əmlak açıq hərrac vasitəsilə satılacaq və əldə edilmiş vəsait kredit borcuna yönəldiləcəkdir. Daşınmaz əmlak hərrac vasitəsilə satılacağı təqdirdə mülkiyyətçi tərəfindən evin boşaldılması tələbi irəli sürülə bilər. Hazırki vəziyyətdə iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirləri barədə göstəriş qanunun tələbidir. Eyni zamanda İpoteka haqqında Qanun hərracın keçirilməsindən və yaşayış evinin hərracdan satılmasından sonra həmin yaşayış evində yaşayan şəxslər 1 ay ərzində mənzildən çıxmadıqları təqdirdə belə tənzimləməni nəzərdə tutur və qanunun 59.3-cü maddəsinə əsasən həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bu isə onu deməyə əsas verir ki, məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məslələrdir. İpoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 150 manat pul iddiaçı və Cavabdeh bərabər tutularaq "xxxx" MMCnin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, iddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2(117)–218/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2(117)–218/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar