Məhkəmə qərarları › İş №2-2(107)-7/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-7/2023

17.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-7/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi X4 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK-nın qanuni təmsilçisi X5 Bakı şəhər, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X44 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X5 şəriki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X26 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh C blokunun tikintisini 2019-cu ilin axırına başa çatdırmağı, 2.4-cü bəndinə əsasən digər blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmağı, 2.5-ci bəndinə əsasən D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X4 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X4 adına rəsmiləşdirməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 (iki milyon) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1.850.310,80 manat vergi borcunun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən 82.700 manat pulun X20 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 95.760 manat pul X22 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 76.530 manat pul X21 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri ünvan 2 ünvanda yerləşən yüksək mərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri Xətai rayonu Xocalı pr. 32 ünvanda yerləşən yüksək mərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi X6 verilməli, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 170.000 manat pul X1 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş auditor X15 ‘X63’ MTK-nın qanuni təmsilcisi və təsisçisi Türkiyə Respublikasının vətəndaşı X7, ‘X63’ MTKnın təsisçiləri X47, X34 və X7 şəriki ‘İnter’ MMC-nin təsisçisi və qanuni təmçilcisi X26 iştirakları ilə 28 avqust 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncmına əsasən ‘Hom-Paş Prestij’ MTK-nın qanuni təmsilçisi X7 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli( 2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən ‘İnter’ MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X44 tərəfindən tikilməkdə olan digər bloklardaki sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X8 şəriki, ‘İnter’ MMC-nin təsisçisi və qanuni təmsilçisi X26 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış, audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarət olmuşdur. Müqaviləyə əsasən ‘Hom-Paş Prestij’ MTK öhdəlikləri tam şəkildə yerinə yetirmiş, lakin ‘İnter’ MMC müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2.4 və 2.5-ci bəndinə əsasən ‘İnter’ MMC-nin təsisçisi və qanuni təmsilçisi X44 blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmağı, D blokda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X7 adına rəşmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin bugünədək D bloku tikilməmiş, hətta tikintisinə belə başlanmamışdır. Artıq öhdəliyin icra edilməli vaxtından 1 ildən artıq müddət ötmüşdür. Həmin ərazidə mənzillərin 1 kv.m qiyməti 1600 manat ilə 2200 manat arasındadır. Həmin müqavilənin 2.6-ci bəndinə əsasən Hom-Paş Prestij MTKnın Bakı şəhəri Xətai rayonu, Xocalı pr. 32 ünvanında inşa etdiyi A2 blok xaric digər binalarla bağlı olan bütün öhdəliklərin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorların icra olunması öhdəliyini “İnter’ MMC-nin təsisçisi və qanuni təmçilcisi X44 üzərinə götürmüş, lakin bugünədək icra etməmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ‘Hom-Paş Prestij’ MTK-nın qanuni təmsilçisi X16 həmin ərazidə bina tikmək məqsədi ilə özünün, X17, Əfrasim adlı şəxsin, X27 adına rəsmiləşdirilmiş bütün sahələrə dair şəhadətnamələri və digər hüquqverici sənədləri Qabil Əliyevin adına keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək həmin ərazidə bina tikməmişdir. Bina tikilib mənzillər iddiaçıya təhvil verilmədiyi üçün iddiaçı üçüncü şəxslərə (X28, X29, X45, X10, X30, X31, X23 və digər şəxslərə ) qarşı olan öhdəliklərini və borclarını yerinə yetirə bilmir. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirilmişdir ki, iddiaçı ilə aralarında xx.xx.2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçının qanuni təmsilçisi Hikmət Yiğitdölün xahişi ilə onun tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsini Cavabdeh MMC tərəfindən hal-hazırda tikintisi yekunlaşmış 1 bloklu binada mənzil verməklə qarşılayacağını öhdəlik kimi götürmüşdür. Həmçinin, İddiaçı MTK-nın qanuni təmsilçisi Hikmet Yigitdöl də qeyd olunan müqaviləyə əsasən Cavabdeh MMC qarşısında bir sıra öhdəlikləri üzərinə götürmüşdür. Həmin öhdəliklərdən biri də ondan ibarətdir ki, İddiaçı MTK-nın qanuni təmsilçisi Hikmet X2 və X18 adına olan şəhadətnamələri və digər sənədləri cavabdehin qanuni təmsilçisinin adına keçirməli idi. Lakin hələ də adı çəkilən şəxslərin adına olan mənzillərin mülkiyyət hüququ onlarda qalmaqdadır. Cavabdeh MMC olaraq müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmişdir. İddiaçı müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən tikiləcək D blokunun 23 və 24-cü mərtəbəsində olan 1250 kv.m sahənin Hikmet Yigitdölün adına rəsmiləşdirmə öhdəliyinin yerinə yetirilməməsini, hətta blokun tikilməməsini bildirmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamına uyğun olaraq Cavabdeh MMC ona ayrılmış sahədə layihələndirilmiş, hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokun tikintisinə icazə verilməsi üçün AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Sonuncu orqan tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 26 avqust 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyriyaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən “D” blokunun tikintisi rəsmi olaraq, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. İddia tələbində qeyd edilən yaşayış sahələrinin dəyərinin müəyyən edilməsi ilə bağlı iş materiallarında olan mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurur. Belə ki, iddiaçı özü də bildirir ki, sözügedən “D” bloku tikilməmişdir. Belə olan halda, tikilməmiş yaşayış binasının 23-cü və 24-cü mərtəbələrinin yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin 1600 manat müəyyən edilməsi necə ola bilər?! Həmçinin cavabdeh etirazında bildirmişdir ki, 1250 kv.m-dən çıxmaqla 3-cü şəxslərə C blokdan mənzillər verilmişdir. Odur ki, iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin etiraz dəlillərinə münasibətdə bildirilmişdir ki, cavabdehin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3 blokun tikintisinə icazə vermədiyi üçün D blokun tikintisinin mümkün olmaması ilə bağlı etiraz dəlili əsassızdır. Belə ki, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC 2 blok tikməyi öhdəsinə götürmüşdür. Sonrakı tarixlərdə Cavabdeh MMC tərəfindən 3 blokun və ya 5 blokun tikintisinə müraciət edilməsi və müvafiq dövlət orqanları tərəfindən razılıq alınmamasının İddiaçı MTK-ya aidiyyatı yoxdur, çünki müqavilədən açıq-aşkar görünür ki, 2 blokun tikintisi göstərilmişdir. Həmçinin, iş materiallarında olan mütəxəssis rəyinin mötəbər olmaması ilə bağlı etiraz dəlilinə münasibətdə qeyd edilmişdir ki, Cavabdeh MMC sözügedən mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən qeyd olunan ərazidə kifayət qədər araşdırma aparılmış və buna uyğun rəy hazırlanmışdır. İddiaçı qiyməti 1 kv.m üçün 1600 manat ilə hesablayaraq 2.000.000 (iki milyon) manat pulun ödənilməsini tələb etmişdir ki, halbuki hal-hazırda cavabdeh MMC tikintisini apardığı 2 blokda alıcılara təklif etdiyi qiymət 1700 manat ilə 2500 manat arasındadır. Həmçinin, cavabdehin iddia ərizəsinə etiraz olaraq Hikmet Yigitdöl müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, X27 və X18 adına olan çıxarışları MMC-nin adına rəsmiləşdirməməsi ilə bağlı etiraz dəlilinə münasibət bildirərək iddiaçı qeyd etmişdir ki, İddiaçı MTK bütün öhdəliklərini yerinə yetirmişdir. Əgər iddiaçı öz öhdəliklərini yerinə yetirməmişdirsə, belə olan halda MMC tərəfindən nə üçün MTK-ya qarşı iddia ərizəsi verilməmişdir?! Həmçinin cavabdeh bildirmişdir ki, 1250 kv.m-dən çıxmaqla 3-cü şəxslərə C blokdan mənzillər verilmişdir. Halbuki bununla əlaqədar olaraq sübut təqdim edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-454/2022 nömrəli iş üzrə qəbul etdiyi 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “ İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1.850.310,80 manat vergi borcunun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 82.700 manat pul X20 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 95.760 manat pul X22 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 76.530 manat pul X21 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri ünvan 3 ünvanda yerləşən yüksək mərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri Xətai rayonu Xocalı pr. 32 ünvanda yerləşən yüksək mərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi X6 verilməli, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 170000 manat pul X1 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin e-2-2(117)-454/2022 nömrəli iş üzrə qəbul etdiyi 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 (iki milyon) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, ödənilməmiş 400 manat dövlət rüsumunun Cavabdeh MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X4 adına rəsmiləşdirməmişdir. Belə ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X14 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən sözügedən ərazidə 2019-cu ildən sonra tikinti işləri aparılmamış və yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ-06/22 nömrəli icazəsi əsasında A-5 yaşayış binasının tikilməsi məqsədi ilə həmin ərazidə torpaq-qazma işləri aparılır. Göründüyü kimi cavabdeh 2020-ci ilin sonuna qədər tikib və həmin tikintidən iddiaçı tərəfin mülkiyyətinə verməyi öhdəsinə götürdüyü yaşayış binasını tikməmiş və nəticədə öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd etmişdir ki, yaşayış binasının hansı səbəbdən tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh üzərinə götürdüyü öhdəliyin yerinə yetirə bilməməsi ilə bağlı qeydşərt nəzərdə tutlmamış, hər hansı obyektiv və subyektiv səbəblər barədə fors-major hal müqavilədə nəzərdə tutulmamış və cavabdeh müqavilə üzrə qəti şəkildə yerinə yetirəcəyi barədə öhdəliyi üzərinə götürmüşdür. Öhdəliyin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalıdır ki, cavabdeh ötən müddət ərzində öhdəliyini icra edə bilməməsinin səbəbləri və ona əlavə vaxtın verilməsi ilə iddiaçıya müraciətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyindən iddiaçı 1250 kv.m sahənin hazırki dəyərini ondan tələb edilməkdə haqlıdır. Belə ki, cavabdeh öhdəliyini icra edib yaşayış binasının 1250 kv.m hissəsini iddiaçının mülkiyyətinə vermiş olsaydı iddiaçının əldə edəcəyi əmlakın dəyəri hazırki vaxtla qiymətləndirilmiş olacaqdı. Məhkəmə mübahisəli ərazidə 1 kv.m dəyəri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02-49/22 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən, D binasının 23-24-cü mərtəbələrindəki, ümumi sahəsi 1250 kv.metr olan, təmirsiz yaşayış sahələrinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri aşağıdakı kimi hesablanmışdır: 1800 (min səkkiz yüz) manat / 1 kv.m x 1250 kv.metr = 2.250.000 manat təşkil edir. Məhkəmə iddiaçı tərəfindən ərazidə olan yaşayış evlərinin 1 kv.m hissəsi ilə bağlı müəyyən etdiyi qiymətlə razılaşmışdır. Belə ki, mütəxəssis araşdırmasında müəyyən olunur ki, qiymətin müəyyən edilməsi zamanı mütəxəssis internet resurslarında olan elanlar vasitəsi ilə həm Xocalı prospektində olan qiymətləri, həm qonşu Orucov küçəsində olan qiymətləri müqayisəli şəkildə təhlil etmiş və yekun olaraq 1 kv.m dəyərini xx.xx.2022-ci il tarixə 1800 manat həddində müəyyən etmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qeyd olunan müqavilə həmin ərəfədə imzalanmışdır ki, iş üzrə iddiaçı "xxxx" MTKnın direktoru olan Hikmət Yigitdöl tərəfindən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikilən hündürmərtəbəli binalarda olan mənzillər ayrı-ayrı şəxslərə təkrar satılmış və zərərçəkmişlərə küllü miqdarda zərər vurulmuşdur. Qeyd olunanlar barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılan zaman təqsirləndirilən şəxs "xxxx" MTK-nını direktoru olan Hikmət Yigitdöl ilə bizim aramızda xx.xx.2018-cı il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Hikmət Yigitdölün xahişi ilə tərəfimizdən, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi təmin olunmuşdur. Həmin müqaviləyə əsasən, "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsini, "xxxx" MMC, hal-hazırda tərəfimizdən tikintisi yekunlaşmış 1 bloklu binada mənzil verməklə qarşılayacağını üzərinə öhdəlik kimi götürmüşdür. Həmçinin "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl də qeyd olunan müqaviləyə əsasən "xxxx" MMC qarşısında bir sıra öhdəlikləri üzərinə götürmüşdür. Həmin öhdəliklərdən biri də ondan ibarətdir ki, "X63" MTK-nın direktoru Hikmət Yigitdöl, X27 və Əfrasim adlı şəxsin adına olan şəhadətnamələri və digər qanunverici sənədlərin mənim adıma keçirilməli idi. Lakin hələ də X27 və X18 adına olan mənzillərin mülkiyyət hüququ onlarda qalmaqdadır. Buna baxmayaraq iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd olunan öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, həmin şəxslərin adına olan şəhadətnamləri və çıxarışı etiraza əlavə edirəm. Həmçinin "xxxx" MMC olaraq, yuxarıda göstərilən müqavilə üzrə üzərimizə düşən öhdəliyi tam olaraq yerinə yetirmişik. Buna görə də, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təqsirləndirilən şəxs, "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl barəsində olan cinayət iş üzrə yekun ittiham aktı tərtib olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmü ilə "xxxx" MTKnın qanuni təmsilçisi Hikmət Yigitdöl barəsində həbslə bağlı olmayan şərti cəza təyin edilmişdir. Həmin hökmdə həmçinin, cinayət işi üzrə zərərçəkmiş şəxslərə, "xxxx" MMC tərəfindən tikilən 1 bloklu binada mənzillərin verilməsi qeyd olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan "birgə fəaliyyət haqqında" olan müqavilənin bağlanılmasında məqsəd, onlarla vətəndaşın evsiz-eşiysiz qalmasının qarşısını almaq olmuşdur. Bizi bu işə vadar edən məqsəd, sadəcə həmin ünvanda yeni tikinti tikdiyimiz üçün yaranan narazılıqların bizə sirayət etməsinin və əlavə qanqaraçılıq yaranmasının qarşısını almaq olmuşdur. Həmçinin "xxxx" MTK-nın rəhbəri Hikmət Yigitdölün cinayət işin araşdıran istintaq orqanının da xahişi bu işdə böyük rol oynamışdır. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xahişi ilə biz zərərçəkmiş vətandaşlara köməklik etmişik. Belə ki, cinayət işinin materiallarına nəzər saldıqda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 22 iyul 2018-ci il tarixli "mütəxəssis təyin olunmasına dair" olan qərarını da görəcəksiniz. Həmin qərardan da görünr ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi birbaşa bizim ziyanı ödəməyimizdə marağı olmuş və belə desək ki, onların xahişi ilə biz bu işə imza atmışıq. Həmçinin həmin müqavilədə, təqsirləndirilən şəxs, "xxxx" MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı Prospekti 32 ünvanında tikilən A 1 bloklu hündürmərtəbəli bina və A 1 bloklu bina ilə A 2 bloklu bina arasında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasının hüquqları bizə keçmişdir. Hal-hazırda da həmin binalara təsərrüffat xidmətlərinin təşkili, kommunal xidmətlərin təşkili və binaların bütün lazımı kommunal xidmətlər göstərməsi üçün saxlanılması, bizim tərəfimizdən həyata keçirilir. İddiaçı, həmçinin aramızda olan müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən tikiləcək D blokunun 23 və 24 -cü mərtəbəsində olan 1250 kv.m sahənin Hikmət Yigitdölün adına rəsmiləşdirmə öhdəliyinin yerinə yetirilməməsi hətta həmin blokun tikilməməsini bildirmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərancamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərancamının 1-ci bəndi ilə "xxxx" MTK-na ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bundan sonra tərəfimizdən bizə ayrılmış sahədə lahiyələndirilmiş hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokun tikintisinə icazə verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmişdir. Sonuncu orqan tərəfindən bizə ünvanlanmış 26 avqust 2019-cu il tarixli, 13/10- 4809 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən "D" blokunını tikintisi rəsmi olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. Belə ki, bizə bunun səbəbi olaraq bildirilmişdir ki, layihələndirilən ərazidə yaşayış sıxlığı əmsalı yüksək olduğuna görə bu mümkün deyil. İddiaçı iddia tələbində qeyd olunan yaşayış sahələrinin dəyərinin ödənilməsini xahiş edərək, ümumilikdə 2.000.000 (iki miliyon) manat pulun bizdən tutulmasın xahiş edir. Buna dair mütəxəsiss rəyi iş materiallarına əlavə edilsə də, həmin rəyin nə qədər mötəbər olması şübhə doğurur. Belə ki, iddiaçı özü də iddia tələbində bildirir ki, sözügedən "D" bloku tikilməmişdir. Necə ola bilər ki, tikilməmiş yaşayış binasının 23 və 24-cü mərtəbəsinin yaşayış sahəsinin 1 kv.m-nin qiymət 1.600 (min altı yüz) manat olsun? Məhkəmə bu barədə müvafiq ekspertiza təyin etməli iş üzrə mötəbər rəyin verilməsindən ötrü mülki işi AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərməlidir. Əsas məsələ ondan ibarətdir ki, "X63" MTK-nını adından irəli sürülən iddia tələbi Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozularaq məhkəməyə təqdim olunmuşdur. Belə ki, iddia ərizəsini MTK-nın səlahiyyətli şəxsi qismində imzalayan və "X63" MTK-nı məhkəmədə təmsil edən nümayəndəyə və vəkilə verilmiş etibarnamə tamamilə etibarsızdır. Belə ki, məhkəməyə təqdim olunan iddia tələbində, iddiaçı "X63" MTK-nın səlahiyyətli nümayəndəsi qismində özünü təqdim edən şəxs olan Hikmət Yigitdöl barəsində olan və qanuni qüvvəsini xx.xx.2022-ci il tarixdə almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmüdə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətində dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunması cəzası təyin olunmuşdur. Hal-hazırda da həmin qərarın icrası Bakı şəhəri Nərimanov Rayon Probasiya Xidmətində nəzarət qaydasında icraatdadır. Həmçinin iddia tələbini üzrə iddiaçı tərəfindən tərəfimizdən mübahisə predmeti üzrə olan aramızda bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində bizdən müəyyən məbləğ tələb olunsa da həmin məbləğin nədə ifadə olunması və nə kimi mülki hüquqi ziyan olması iddia tələbində aydın göstərilməmişdir. Etirazımızın əsası ondan ibarətdir ki, iddiaçı qeyd olunan öhdəliyin yerinə yetirilməməsi ilə bağlı müəyyən məbləğ tələb edir, amma aramızda olan 28 avqust 2018-ci il tarixli müqavilə mübahisələndirilmir. Həmin müqavilə qüvvədədir. Əgər iddiaçının tələbi təmin olunarsa onda aramızda olan müqavilə üzrə olan öhdəliyimiz necə olacaq? Həmçinin iddiaçının iddia tələbi kimi qeyd etdiyi "nəzərdə tutulan tikilidə olan 1250 kv.m səhə" tikildikdən sonra, əslində "xxxx" MTK-ya deyil, fiziki şəxs olan Hikmət Yigitdölə verilməli idi. Belə olan halda məhkəmə fiziki şəxs olaraq Hikmət Yigitdölü qeyd olunan işə cəlb etməli idi. X43 "özünə çatası" hal-hazırki iş üzrə mübahisə predmeti olan "1250 kv.m sahədən" olan payı ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirmişdir. Belə ki, "xxxx" MMC ilə X11 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, "Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra X9 adına verilmiş müqavilədə göstərilən "D" blokundan olan 1250 kv.m sahədən çıxmaq şərti ilə "C" blokunun 4-cü mərtəbəsində yerləşən 76 kv.m təşkil edən qeyri yaşayış sahəsi" ona satılmışdır. Həmçinin xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci li tarixili "xxxx" MMC ilə X29 ilə bağnanmış müqavilələrdə, 01 mart 2019-cu il tarixdə "xxxx" MMC ilə X32 ilə bağlanmış müqavilədə, 01 mart 2019-cu il tarixli "xxxx" MMC ilə X35 arasında bağlanmış müqavilədə, 04 fevral 2019-cu il tarixli müqavilədə qeyd olunan sahələrin hamısı iddia tələbində qeyd olunan "1250 kv.m sahə" dən çıxmaqla təqdim olunan müqavilədə olan fiziki şəxslərə verilmişdir. Belə ki həmin müqavilələrə nəzərə yetirdikdə görmək olar ki, həmin müqavilələr həmçinin Hikmət Yigitdöl tərəfindən imzalanmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və iddiaçının qanuni təmsilçisi X19 iddia ərizəsinin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlardan müəyyən edilir ki, İddiaçı MTK və Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK-nın qanuni təmsilçisi X5 Bakı şəhər, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin ayrı-ayrı şəxslərə təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X44 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, müqavilə tərəfləri olan MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X5 şəriki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X26 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh C blokunun tikintisini 2019-cu ilin sonuna başa çatdırmağı, 2.4-cü bəndinə əsasən digər blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmağı, 2.5-ci bəndinə əsasən D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X4 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X4 adına rəsmiləşdirməmişdir. Cavabdeh tərəf blokların tikintisini başa çatdırmadığını mübahisələndirmir. O, bildirir ki, həmin blokların tikintisinə ümumiyyətlə başlanmamışdır, tikinti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. Məhkəmə hesab edir ki, yaşayış binasının hansı səbəbdən (o cümlədən də, cavabdehin istinad etdiyi əsasla) tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, xx.xx.2018-ci il tarixli müqavilənin tərəfi olan cavabdeh, tikinti sahəsində uzun müddət fəaliyyət göstərən bir hüquqi şəxsdir və o bu sahədə risklərin (tikintiyə icazənin verilməiməsi ehtimalı və s.) mövcud olmasını bilir və ya bilməli idi. Cavabdeh bu riskləri nəzərə alaraq iddiaçı ilə qarşılıqlı müqavilə şərtlərini müəyyən edə bilərdi. Lakin tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyin yerinə yetirə bilməməsi ilə bağlı qeydşərt, hər hansı obyektiv və subyektiv səbəblər ilə bağlı fors-major hallar nəzərdə tutulmamışdır. Müqavilə şərtləri tərəflər arasında könüllülük əsasında, qarşılıqlı razılaşma yolu ilə, hər iki tərəfin iradə ifadəsini bildirməklə müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, müqavilə öhdəliyin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə, həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalı idi. Lakin cavabdeh keçən müddət ərzində üzərinə götürdüyü öhdəlikləri icra edə bilməməsinin sənbəbələri və ona əlavə vaxtın verilməsi ilə iddiaçıya müraciət etməmişdir. Cavabdehin bu kimi müraciətinin olması iş materiaları ilə təsdiq olunmur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etmədiyinə görə, iddiaçı 1250 kv.m sahənin hazırki dəyərini cavabdehdən tələb edilməkdə haqlı olmuşdur. Çünki bu vəziyyətdə cavabdeh, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehlik daşıyır. Məhkəmə, 1250 kv.m sahənin dəyəri ilə bağlı bildirir ki, cavabdeh öhdəliyini icra edib yaşayış binasının 1250 kv.m hissəsini iddiaçının mülkiyyətinə vermiş olsaydı iddiaçının əldə edəcəyi əmlakın dəyəri hazırki vaxtla qiymətləndirilmiş olacaqdı. Bunlardan başqa işdə olan "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli 02-49/22 nömrəli mütəxəssis rəyindən görünürt ki, həmin rəylə müəyyən edilmişdir ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən, D binasının 23-24-cü mərtəbələrindəki, ümumi sahəsi 1250 kv.metr olan, təmirsiz yaşayış sahələrinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri aşağıdakı kimi hesablanmışdır: 1800 (min səkkiz yüz) manat/1 kv.m x 1250 kv.metr = 2.250.000 manat təşkil edir. Məhkəmə həmin rəylə müəyyən edilmiş qiymətlə razılaşır və qeyd edir ki, mütəxəssis tərəfindən qiymətin müəyyən edilməsi zamanı internet resurslarında olan elanlar vasitəsi ilə həm Xocalı prospektində olan qiymətlər, həm qonşu Orucov küçəsində olan qiymətlər müqayisəli şəkildə təhlil olunmuş və yekun olaraq sahənin 1 kv.m dəyəri xx.xx.2022-ci il tarixə 1.800 manat həddində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh mütəxəssis rəyində müəyyən edilmiş qiymətin reallığı əks etdirmədiyini bildirsə də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutları (məsələn: başqa mütəxəssisin verdiyi hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə verilmiş mütəxəssis rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli sahənin 1 kv.m dəyərinin müəyyənləşdirilməsində səhvə yol verməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qiymətləndirici tərəfindən verilmiş rəyi və MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq, əmlakın 1 kv.m dəyərini iddia ərizəsində qeyd edildiyi kimi 1.600 manat məbləğində müəyyən etmişdir. Bunlardan başqa, cavabdeh apellyasiya şikayətində göstərir ki, iddiaçının hazırki iddianı irəli surmək hüququ olmamış, iddiaçını təmsil etmək üçün etibarnamə və sair sənədlər buna səlahiyyəti olmayan şəxs X19 tərəfindən verilmişdir. X3 qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən müddətdə vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsasızdır, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır və onun qanuni təmsilçlsinin hüquqi şəxsin adından etbarnamə və sair sənədlər tərtib etmək hüququ olmuşdur. Belə ki, mübahisə predmeti olan xx.xx.2018-ci il tarixli müqavilə məhz iddiaçı "xxxx" MTK və Cavabdeh MMC arasında bağlanmışdır. İddiaçının müqavilə tərəfi olaraq öhdəliklərin icrasını tələb etmək hüququ mövcuddur. Bundan başqa X19 hazırda iddiaçının qanuni təmsilçisidir və hüquqi şəxsin adından hərəkət etmək hüququna malikdir. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hükmü ilə X12 digər cəzlarla yanaşı əlavə cəza kimi 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-23/2022 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi iddiaçı hüquqi şəxsin rəhbəri X4 yalnız dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququ məhdudlaşdırılmışdır ki, sonuncunun MMC-nin rəhbəri vəzifəsini tutmaq hüququ məhdudlaşdırılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X19 rəhbəri qanuni təmsilçisi olduğu hüquqi şəxsin adından etbarnamə verə və iddia irəli sürmək üçün hərəkətlər edə bilər. Bunlardan başqa, cavabdeh bildirir ki, iddiaçı öhdəliklərini yerinə yetirməmiş, lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, qeyd olunan halın cavabdeh tərəfindən üzərinə götürdüyü müqavilə öhdəliklərinin yerinə yetirilməsinə maneə olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, cavabdehin, müqavilə öhdəliklərinin yerinə yetirilməsini iddiaçıdan tələb etmək hüququ vardır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə əsaslıdır. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili də ondan ibarətdir ki, Hikmət Yigitdölə təhvil verilməli olan "1250 kv.m sahədən" olan pay ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirmiş, bununla bağlı müqavilələrdə Hikmət Yigitdölün imzaları mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır və təmin edilməməlidir. Çünki "1250 kv.m sahədən" olan payın ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlı apellyasiya şikayətində qeyd olunan müqavilələrə nəzər saldıqda müəyyən edilir ki, həmin müqavilələr üzrə payçılara ayrılan mənzillər də məhz D blokunda tikiləcək mənzillərin hesabına verilməli idi. Həmin mənzillərin tikilib payçılara təhvil verilməsi isə iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə həm qeyd olunan dəlillə, həm də apellyasiya şikayətində qeyd olunan digər dəlillərlə bağlı sübutların təqdim edilməsi üçün cavabdehə lazımi şərait yaratmış, bununla bağlı məhkəmə iclası təxirə salınmışdır. Lakin cavabdeh öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar