Məhkəmə qərarları › İş №2-2(107)-71/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-71/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-71/2021 26.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-2(117)-279/2021 nömrəli qərardadından iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “14500 manat əsas borc, 3091,25 manat faiz, 1343,67 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 2103,48 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutumanın ipoteka predmeti olan Cavabdeh2 məxsus İsmayıllı rayonu Kürd Eldarbəyli kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlak kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim R.Məcidov) 22 iyun 2021-ci il tarixli, 2-2(117)- 279/2021 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Şəki Kommersiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-2(117)-279/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş qəbzdə şəxsin adı, soyadı, imzası və digər sübutun olmaması qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş MAPS arayışından görünür ki, cavabadeh Cavabdeh1 rəsmi ünvanı olan şəxsi yaşayış yeri - İsmayıllı rayonu, Girk kəndidir. Həmin ünvana qanunvericiliyin tələb etdiyi sənədlər göndərilmişdir. Ancaq cavabdehə ünvanda yaşamadığından sənədlər geri qaytarılmışdır. Sonradan aparılmış araşdarmalar nəticəsində digər cavabdeh - Cavabdeh2 əməkdaşlar tərəfindən qanunvericiliyin tələb etdiyi sənədlər təqdim edilmişdir və o digər cavadehə - Cavabdeh1 həmin sənədlərin çatdırılmasını öz öhdəsinə götürmüşdür. Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-2(117)-279/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, tam və obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisələndirilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılmasını onunla əsaslandırmışdır ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərardadın qəbul olnması zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 həmin ünvanda yaşamaması səbəbindən poçt göndərişlərinin çatdırılması mümkün olmamış, digər Cavabdeh2 isə rəsmi qaydada təqdim olunması sübut olunmur. Hətta həmin cavabdehə təqdim edilməsi müəyyən edilsə də belə, sonuncu tərəfindən Cavabdeh1 təqdim edilib-edilməməsini iş materialları ilə müəyyən etmək mümkün deyildir. İşin bu halını sübut etmək iddiaçı tərəfin vəzifəsi olsa da, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iş üzrə Cavabdeh2la telefon əlaqəsi saxlanılmış və sonuncu bank tərəfindən ona heç bir sənəd təqdim edilmədiyini, digər Cavabdeh1 isə həmin ünvanda yaşamadığını və ona heç bir sənəd təqdim etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göründüyü kimi birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-2(117)-279/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Sonda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır ki, iddiaçı mübahisəyə baxılmasında maraqlı olduğu təqdirdə qeyd edilən çatışmazlıqları aradan qaldırmaqla ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-2(117)-279/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar