Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-72/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə Şəki Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(117)-269/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “8956,81 manat əsas borc, 766,60 manat faiz borcu, 725,07 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1305,72 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınmas üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tutularaq ödənilməsi və əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim R.Məcidov) 27 may 2021-ci il tarixli, e-2- 2(117)-269/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 8956,81 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləği Cavabdeh3 mülkiyyətində olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 28000 manat məbləğində müəyyən edilməsi, həmin əmlak açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh2 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh2 tutularaq "xxxx" MMCnin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.03.2015-ci il tarixli 2318 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 23.12.2014- cü il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Yevlax rayonu, Yuxarı Qarxun kəndində, 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,38 kv.m. yaşayış, 179,99 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Yevlax rayonu, Yuxarı Qarxun kəndində, 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,38 kv.m. yaşayış, 179,99 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh3 arasında 13.03.2015-ci il tarixli 2318/İ saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh4 və Cavabdeh1 ilə Bank arasında 06 mart 2015-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.3cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 22.01.2021-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 11.754,20 (on bir min yeddi yüz əlli dörd manat 20 qəpik) manat təşkil edir. Bundan 8956,81 (səkkiz min doqquz yüz əlli altı manat, 81 qəpik) manat əsas, 766,60 (yeddi yüz altmış altı manat, 60 qəpik) manat faiz, 725,07 (yeddi yüz iyirmi beş manat 07 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1305,72 (min üç yüz beş manat, 72 qəpik) manat faiz borcu təşkil edir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(117)- 269/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 27 may 2021 -ci il tarixli, e-2-2(117)-269/2021 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur. Aşağıda qeyd olunanlarla Şəki Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(117)-269/2021 saylı qətnaməsinin təmin edilməyən hissədə qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Şəki Kommersiya Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən qətnamə təmin edilməyən hissədə ləğv edilməlidir və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(117)-269/2021 saylı qətnaməsi ilə təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ hissəsində nəticənin ləğv edilməsini və iddiaçının iddia tələbinin bu hissədə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olsalara da maddi imkanları yaxşı deyil. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlıanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlıanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan müqavilə müddəti üçün faiz borcu, cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış faiz borcu hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.03.2015-ci il tarixli 2318 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndindən görünür ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 13.03.2015-ci il tarixli 2318/i nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh3 mülkiyyətində olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. 06.03.2015-ci il tarixli 2318 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 və Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 28000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır İş materialları ilə müəyyən edilri ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.03.2015-ci il tarixli 2318 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə 36 ay müddətinə 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 8956,81 manat borcu qalmış və cavabdeh həmin məbləğində borcunun olmasını məhkəmə iclasında etiraf etmişdir. Bu səbəbdən həmin borc Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan “kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələrlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq cavabdeh iddiaçıdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanının hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərk məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 766,60 manat faiz borcu, 725,07 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1305,72 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan bu mövqeyi ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə görə, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə olunmuşdur. Göründüyü kimi, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilməsi imkanı nəzərdə tutulmuşdur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmələr qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Kollegiya hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. İşdən görünür ki, iddiaçı Fərmanın tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin müqavilə müddəti üçün hesablanmış 766,60 manat faiz borcu, 725,07 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1305,72 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə təmin etməməkdə haqlı olmamışdır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(117)-269/2021 nömrəli qətnaməsi mübahisələndirilən- iddianın təmin edilməyən faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(117)-269/2021 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Hakim Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-2(107)-72/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-72/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver