Məhkəmə qərarları › İş №2-2(107)-77/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-77/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-77/2024 03.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Kompleksi” MMC-nin Cavabdeh MMC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – X2 və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı - “X3 Kompleksi” MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “Cavabdehndən əsas borca görə 30000 manat, cərimə borcuna görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 189 manat olmaqla, ümumilikdə 33189 manat miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(117)-455/2024 saylı qətnaməsindən iddiaçı “X3 Kompleksi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı “X3 Kompleksi” MMC ilə Cavabdeh MMC (əvvəlki adı ilə "xxxx" MMC”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən borcverən “X3 Kompleksi” MMC 30000 manat məbləğində pulu borcalan Cavabdeh MMC-yə verməyi, sonuncu aldığı borcu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı bir və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə müqaviləni birtərəfli qaydada ləğv etməklə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək, 2.1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı bir və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ödənilməmiş qalan borc məbləğinin 10 %-i miqdarında cərimə tələb etmək borcverənin hüquqlarına və müqavilənin 2.4.3-cü maddəsinə əsasən borcalanaın vəzifələrinə aid edilmişdir.

2. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçı “X3 Kompleksi” MMC tərəfindən (VÖEN: **********) Cavabdeh MMC-nin (VÖEN: **********) bank hesabına 30000 manat pul köçürülmüşdür.

3. Borcverən müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, borcalan müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcunu ödəməyərək müqavilə öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 30000 manat borcu qalmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən əsas borca görə 30000 manat, cərimə borcuna görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 189 manat olmaqla, ümumilikdə 33189 manat miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehə dəfələrlə həmin pul vəsaitinin geri qaytarılması təklif edilsə də, lakin heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh həmin borcdan heç bir ödəniş etməmişdir. Bununla da Cavabdeh 30000 manat borcu vardır. Həmin borc müqaviləsinin 2.4.2-ci maddəsinə əsasən cavabdeh borcu vaxtında və tam həcmdə qaytarmazsa ödəmənin gecikdirildiyi hər gün üçün qalan borc məbləğinin 10%-i həddini aşmamaqla gündəlik 0.1% miqdarında cərimə ödəmə öhdəliyini öz üzərinə götürmüşdür. Bu cərimənin də məbləği 3000 manat təşkil edir. İş materialları və təqdim olunmuş sübutlarla da bir daha müəyyən edilir ki, cavabdeh bu günədək müxtəlif yalan vədlər və bəhanələr gətirərək ödəməli olduğu pul vəsaitini ödəməkdən yayınmışdır və hal-hazırda öz qanunsuz hərəkətini davam etdirir. Bununla da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə və iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdeh və iddiaçı arasında 18 mart 2020-ci il tarixində 3/B nömrəli Borc Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.2-ci maddəsinə əsasən, borc məbləği 7 aprel 2020-ci il tarixinədək verilir və həmin müddət başa çatanadək Borc verənə qaytarılır. İddiaçı 18 mart 2020-ci il tarixli, 3/B nömrəli Borc Müqaviləsinin mübahisələndirilməsi üzrə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bildirmişdir ki, “X3 Kompleksi” MMC-nin iddia tələbi Cavabdeh MMC-nin hazırkı təsisçisi olan xarici investorun Azərbaycan Respublikasının daxili və tərəfdar çıxdığı beynəlxalq qanunvericilik ilə müdafiə olunan maraq və hüquqlarına ziddir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin sonlarında elan edilmiş Cavabdeh MMC-dəki dövlətə məxsus payın satışı üzrə investisiya müsabiqəsi”nin nəticəsi olaraq hazırda Cavabdeh MMC-in təsis paylarının son benefisiarları xaric investordur. İnvestisiya müsabiqəsinin nəticəsi olaraq Əmlak Məsələləri Dövlət Xidməti ilə xarici investor arasında 27 dekabr 2021-ci il tarixli, İM-13 nömrəli Cavabdeh MMC-dəki dövlət payının investisiya müsabiqəsi vasitəsilə satışına dair alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilmiş bütün borc ödənişləri xarici investor tərəfindən yerinə yetirilmiş (əks halda, Cavabdehin təsisçisi olaraq qeydiyyata alınmazdı) və bunun nəticəsində xarici investorun Cavabdeh MMC-nin hər hansı borcunun qalmadığına dair etimadı yaranmışdır. Müqavilənin 4.8-ci bəndinə əsasən, alıcı müqavilədə qeyd edilən borclardan əlavə sonradan aşkar olunan Cavabdeh MMC-nin borclarına görə məsuliyyət daşımır. Göründüyü kimi, xarici investor investisiya müsabiqəsində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-nin borc öhdəlikləri barədə təqdim etdiyi məlumatlara etimad edərək müsabiqənin şərtlərini yerinə yetirmiş və investisiya layihəsini artıq şirkətin müsabiqədən əvvəlki dövr üzrə hər hansı borc öhdəliyinin qalmadığına əmin olaraq icra etməyə başlamışdır və hazırkı iddia tələbi onun Əmlak Məsələləri Dövlət Xidmətinə olan etimadına zidd olaraq investisiya hüquqlarını pozur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır.

8. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 may 2024-cü il tarixli, e-2-2(117)-455/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olsa da, iddiaçı tələb etmə müddətini ötürmüş və cavabdehin iddia müddətinin tətbiqinə dair müraciətinə əsasən iddia tələbi rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 376, 380.1, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: borc müqaviləsi, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...birinci instansiya məhkəməsinin istinad etdiyi hallardan da görünür ki, məhkəməqanunvericilik normalarına düzgün istinad etməmiş, istinad edilmiş qanunvericilik normaları düzgün təfsir edilməmiş və qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun şəkildə əsaslandırılmamışdır. Bundan əlavə iddia müddətinin keçməsi məhkəmə tərəfindən qeyd olunsa da, müddət axımını dayandıran halların mövcud olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Qanunvericilikdə müddət axımını dayandıran hallar müəyyən edilmişdir. Ötən müddət ərzində iddiaçının və ya cavabdeh tərəfin ilkin medaisiya sessiyasında iştirak etmək üçün müraciət edib-etməməsi, habelə digər hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bu da o qənaətə gəlməyə əsas verir ki, iş tam, obyektiv və hərtərəfli araşdırılmadan yekun məhkəmə aktı qəbul edilmişdir. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e- 2-2(117)-455/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz verilərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiyа Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(117)-455/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X3 Kompleksi” MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

19. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

23. Maddə 739. Borc müqaviləsi (köhnə redaksiyada) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Maddə 740. Borc müqaviləsinin forması (köhnə redaksiyada) - 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

25. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

26. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

27. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

29. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

30. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(117)-455/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən borcverən “X3 Kompleksi” MMC 30000 manat məbləğində pulu borcalan Cavabdeh MMC-yə verməyi, sonuncu aldığı borcu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 30000 manat pulu cavabdehə vermiş və bunu təsdiq edən bank hesabından çıxarışı məhkəməyə təqdim etmiş, cavabdeh isə borc müqaviləsi üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməyərək götürdüyü 30000 manat borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş 30000 manat əsas borcu qalmışdır. Bu səbəbdən iddiaçı 30000 manat borcun və 3000 manat cərimənin ödənilməsini mübahisələndirir.

47. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbləri ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmə cavabdehin ərizəsinə əsasən mübahisəyə iddia müddətini tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

48. Tərəflər arasında borc müqaviləsinin mövcudluğu və həmin müqavilə əsasında iddiaçının 30000 manat pulu cavabdehə verməsi, cavabdeh tərəfindən borcun qaytarılmaması işin mübahisə olunmayan hallarıdır.

49. İddia tələblərini rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borc müqaviləsinin müddətinin, yəni öhdəliyin icra vaxtının bitdiyi an ilə müəyyən edilir ki, borc müqaviləsi xx.xx.2020-ci il tarixədək bağlandığından və cavabdeh tərəfindən nə müqavilənin qüvvədə olduğu dövr ərzində, nə müqavilə müddəti bitdikdən sonra hər hansısa ödəniş edilmişdir. Borc müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti xx.xx.2020-ci il tarixdə başlanmış və xx.xx.2023-cü il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun müraciəti Şəki Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.

50. Göründüyü kimi, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmişdir.

51. Azərbaycan Respublikası Mülki Məcələnin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

52. Göründüyü kimi, qanunverici iddia müddətinin axımının kəsilməsini iki halla şərtləndirmişdir. Bunlardan birincisi müəyyən olunmuş qaydada məhkəməyə müraciət edilməsi və ikinci hal borclu şəxs tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlərin edilməsidir.

53. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və onun məhkəmə orqanlarına müraciəti iddia müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddia müddətinin axımının məhkəməyə müraciət edilməsi ilə bağlı kəsilməsi halı baş verməmişdir.

54. İddia müdətinin kəsilməsinin ikinci halı ilə bağlı (borclu şəxs tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlərin edilməsi) məhkəmə qeyd edir ki, borclu tərəfindən iddia müddəti ərzində etirafedici hərəkətlərin edilməsinə dair sübutların mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.

55. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia müddətinin keçməsi məhkəmə tərəfindən qeyd olunsa da, müddət axımını dayandıran halların mövcud olub-olmaması aydınlaşdırılmamışdır.

56. Kollegiya şikayətin həmin dəlili ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri təsdiq edən sənədlərin (sübutların) təqdim olunması barədə kollegiyanın yazılı təklifinə iddiaçı tərəfindən heç bir cavab verilməmişdir.

57. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir.

58. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).

59. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

60. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. ... məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı).

61. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində haqlı olsa da, qanunla müəyyən edilmiş iddia müddətinin ötürdürdüyündən mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.

62. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu səbəbdən əsas borcla yanaşı cərimə borcuna münasibətdə də iddia tələbi üçün müəyyən edilmiş müddət ötürülmüşdür. (32-ci bənd)

63. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

64. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

66. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(117)-455/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı “X3 Kompleksi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(117)- 455/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar