Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-78/2021 18.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı və ya Zaminbank ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən 1282,07 manat əsas borc, 113,15 manat faiz borcu, 111,63 manat məbləğində cərimə və 185,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 1692,25 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-2(117)-270/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Şəki Kommersiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-2(117)-270/2021 nömrəli qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 1282,07 manat əsas borc və 22,73 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1282,07 manat əsas borc, 113,15 manat faiz borcu, 111,63 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 185,40 faiz borcu olmaqla cəmi 1692,25 manat məbləğin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onların xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli 2345 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 5000 manat kredit verilmiş, borcalan Altay Bərxudarov kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 22.04.2015-ci il tarixli 2345 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, sonunculara məhkəmə sənədləri Cavabdeh3 30.04.2021-ci il tarixdə, digər cavabdehlərə isə 29.04.2021-ci il tarixdə təqdim olunsa da, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişlər Birinci instansiya Məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı ləğv prosesində olan İddiaçı ASC аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə ilə razı deyillər və həmin qətnamə ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19 noyabr 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1(103)- 305/2019 saylı qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilərək Azərbaycan Respublikası prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə, ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dolları valyutasında verilmiş kreditlər üzrə yalnız 20 fevral və 21 dekabr 2015-ci il üzrə manatın ABŞ dollarına qarşı ucuzlaşması nəticəsində 10000 (on min) ABŞ dollarına qədər, bankın fiziki şəxslərinə aid borclar üzrə artmış məbləğin kompensasiya edilməsi ilə və milli valyutada isə 17000 (on yeddi min) manatadək başlanğıc tarixi 01.01.2012-ci il tarixdən 28.02.2019-cu il tarixədək dövrü əhatə edən, güzəşt şərtlərinin tətbiq edilməsinə, o cümlədən kreditlər üzrə restrukturizasiyadan əvvəl balansda dondurulmuş faizlərin ləğvedici tərəfindən bağışlanmasına; Ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dolları valyutasında olan kreditləri üzrə güzəştlərin yalnız 20 fevral və 21 dekabr 2015-ci ildə davalvasiya qərarları nəticəsində fiziki şəxslərin 10000 (on min) ABŞ dollarına qədər və milli valyutada isə 17000 (on yeddi min) manatadək hesablanmış bütün faiz borclarının silinməsinin tətbiq edilməsi ilə ləğvedici tərəfindən bağışlanmasına; Ləğv prosesində olan İddiaçı ASC-nin fiziki şəxslərə verdiyi 10000 (on min) ABŞ dolları məbləğində kreditlərin manata keçirilməsi zamanı xarici valyuta ilə verilmiş kreditin hesablanmış faiz və cərimələrin və müddətin sonunda dondurulmuş faiz və cərimələrin ləğvedici tərəfindən bağışlanmasına; Ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dolları valyutasında olan kreditləri üzrə kredit şərtlərinə restrukturizasiya edilən və xarici valyutada verilmiş kreditlərin valyutasının manata keçirilməsi ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bankla borcalanlar arasında bağlanmış müddəti bitmiş kredit müqavilələrinin öhdəlikləri çərçivəsində, lakin icra edilməmiş borclar üzrə yeni müqavilələrin bağlanmasına və ya müqavilə müddəti qüvvədə olan və öhdəliyi xarici valyutadan manata keçirilən milli valyutada isə 17000 (on yeddi min) manatadək kreditlər üzrə restrukturizasiya şərtləri tətbiq edilməklə əlavə razılaşmaların bağlanmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidenitinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 27.05.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Cavabdeh1 22 aprel 2015-ci il tarixli, 2345 saylı kredit müqaviləsi restrukturizasiya üçün Azərbaycan Respublikası Prezidenitinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsirinə düşməmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Azərbaycan Pespublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenitinin Fərmanının tələblərini nəzərə almayaraq Cavabdeh1 LPO İddiaçı ASC-yə 22.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunun tərkib hissələri olan 113,15 manat müddət sonuna hesablanan faiz, 111,63 manat cərimə, 185,40 kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ əsassız olaraq silinmişdir. Həmin fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı və vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 10-cu bəndində Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Hal-hazırda Əmanətlərin Sığortalanması Fonduna ləğv prosesində olan İddiaçı ASC-nin Azərbaycan Respublikası Prezidenitinin 28.02.2019-cu il tarixli fərmanının təsirinə düşən müştərilər telefon və poçt vasitəsilə borclarının restrukturizasiyasına dəvət edir, ərizələri qəbul edir və yeni müqavilələr bağlayır. Həmin müqavilələr fərmana uyğun olaraq yalnız əsas borc məbləği 5 il müddətinə 1% olmaqla restrukturizasiya olunur. Müqavilənin digər maddələri, o cümlədən təminat hissələri dəyişilmədən qalır. Həmin fərmanın heç bir maddələrində fərmanın təsirinə düşən müqavilələrin məhkəmələr tərəfindən restrukturizasiya olunmayan kredit müqavilələrinin faiz, cərimə və hesablanmış məbləğ borclarının silinməsi səlahiyyətləri verilməyib. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-2(117)-270/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmidir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Şəki Kommersiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-2(117)-270/2021 nömrəli qətnaməsinin zaminlərə münasibətdə təmin olnumayan hissəsindən deyil, yalnız kredit borcun 113,15 manat müddət sonuna hesablanan faiz, 111,63 manat cərimə, 185,40 kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğin tutulmasının rədd edilməsi hissəsindən şikayət vermiş, qətnamənin həmin hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən hissəsində yoxlanılmalı olduğunu hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və kollegiyanın iclasında tədqiq edilmiş: İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (Borcalan) arasında bağlanmış 22 aprel 2015-ci il tarixli, 2345 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə, 18 ay güzəşt müddəti, 18 ay əsas məbləğ və ona hesablanmış faizləri qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit vermişdir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faziləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC (Bank) ilə cavabdehlərlə ayrı-ayrılıqda Cavabdeh2 (Zamin) və Cavabdeh3 (Zamin) arasında bağlanmış 22 aprel 2015-ci il tarixli, 2345 nömrəli zaminlik müqaviləsindən görünür ki, Bankla Borcalan arasında bağlanmış 22 aprel 2015-ci il tarixli, 2345 Zaminlik müqaviləsi üzrə Cavabdeh3 Bankın qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borcala Bank qarşısında birgə məsuliyyət daşıyır. LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 mart 2021-ci il tarixə yaranmış tələb barədə məlumatdan görünür ki, Cavabdeh1 əsas borc üzrə 1282,07 manat, faiz borcu üzrə 113,15 manat, cərimə üzrə 111,63 manat və Azərbaycan Resublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablana illik faiz üzrə 185,40 manat olmaqla LPO İddiaçı ASC-yə cəmi 1692,25 manat borcu var. 02 mart 2021-ci il tarixli, **********180 nömrəli bildirişdən görünür ki, LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 1692,25 manat kredit borcun ödənilməsi üçün bildirişin onlara verilməsindən 03 təqvim günü müddətində vaxt verilmiş, əks təqdirdə Məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddia tələbinin 1282,07 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2) Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildiyi kimi, məhkəmə tərəfindən hesab edilmişdir ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2015-ci il tarixli 2345 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 5000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 3658,63 manat borcu qalmışdır. Bu səbəbdən həmin borc Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə kollegiyasının qənaətinə əsasən iddia tələbinin müqavilə müddəti üçün hesablanmış 113,15 manat faiz borcu, 111,63 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 185,40 faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə haqlı olaarq onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilir. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməzdi. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilməmişdir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar belə mövcud deyildir. İddiaçı hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları, qanunvericiliyin sadalanan müddəalarını və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 113,15 manat faiz borcu, 111,63 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 185,40 faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Şəki Kommersiya Məhkəməsi iddianı qismən təmin etməkdə ümumilikdə düzgün nəticəyə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2-2(117)-270/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-78/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-78/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver