Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-8/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC X5 Təşkilatının Cavabdeh qarşı ”8396,10 manat əsas borc və 356,83 manat faiz borcu olmaqla cəmi 8752,93 manat borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-325/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasıya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim V.K.Qasımov) xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-325/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8396,10 manat əsas borc və 356,83 manat faiz borcu olmaqla cəmi 8752,93 manat (səkkiz min yeddi yüz əlli iki manat doxsan üç qəpik) borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı "İddiaçı" QSC BOKT Cavabdeh qarşı "8396,10 manat əsas borc, 356,83 manat faiz borcu, cəmi 8752,93 manat borcun tutulması" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında tütün istehsalı üçün 9 ay müddətinə illik 10 faizlə 15000 manat kredit verilməsinə dair xx.xx.2018-ci il tarixli 440TM/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə şərtlərinə riayət edərək cavabdehə kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, əsas borcun 6603,90 manat hissəsini və hesablanmış 360 manat faizləri iddiaçıya ödəmiş, qalan məbləği isə ödəməmişdir. Cavabdehin 8396,10 manat əsas borcu və 356,83 manat faiz borcu qalmışdır. İddiaçının nümayəndəsi X2 birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı etiraf etməmiş və izahat verərək bildirmişdir ki, o, iddiaçıdan aldığı kredit vasitəsilə bol tütün məhsulu yetişdirmiş, lakin Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədov məhsulu vaxtında qəbul etmədiyinə görə məhsul qalıb zay olmuşdur. Tütünün bir hissəsi sahədə tələf olmuş, bir hissəsini isə Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədov aşağı kateqoriya ilə götürmüşdür. Cavabdeh birinci instansiya məhkəməsinə yazılı vəsatət verərək, Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədovun hazırkı iş üzrə üçüncü şəxs, yaxud da cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. O, vəsatəti belə əsaslandırmışdır ki, iddiaçıya onun borcunun yaranmasının səbəbkarı məhz həmin şəxsdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-325/2019 nömrəli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apelyasiya şikayətində Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-325/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, borcun yaranmasına səbəbkar olan Balakən rayon tütün qəbulu məntəqəsinin rəhbəri Şadnus Məmmədovun iş üzrə cavabdeh və yaxud üçüncü şəxs qismində cəlb edilməsini və yaranmış borcun Şadnus Məmmədovdan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi sözügedən qətnamədə müqavilə üzrə tərəflərin öhdəliklərinə toxunmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və yaranmış borcun Şadnus Məmmədovdan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC BOKT-nın nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apelyasıya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-325/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 440TM/18 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə tütün istehsalı üçün illik 10 faizlə əsas və faiz borclarını xx.xx.2018-ci ilədək tam ödənilmək şərtilə 15000 manat kredit verir. Borcalan borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə “xxxx”yə təhvil verməyi, xxxx məhsulu qəbul etməyi, xxxxnün tabe olduğu “Alıcı” isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürür. İddiaçı və cavabdehdən savayı, “Alıcı” qismində “xxxx” MMC və “xxxx” qismində həmin MMC-nin X3 və Emalı Məntəqəsi də sözügedən müqavilənin iştirakçısıdırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8396,10 manat əsas borc və 356,83 manat faiz borcu olmaqla cəmi 8752,93 manat borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC BOKT-ya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə isə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Hazırkı mübahisədə iddiaçı müqavilə şərtlərinə riayət edərək kredit məbləğini cavabdehə versə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun əsas kredit məbləği üzrə 8396,10 manat, faizlər üzrə 356,83 manat borcu yaranmışdır. Cavabdeh məhkəməyə verdiyi izahatda, yazılı vəsatətdə və apelyasiya şikayətində borcunun yaranmasının səbəbi kimi yetişdirdiyi tütün məhsulunun Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədov tərəfindən vaxtında qəbul edilməməsini, bunun nəticəsində məhsulun bir hissəsinin sahədə tələf olmasını, bir hissəsinin isə Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədov tərəfindən aşağı kateqoriya ilə götürülməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsində deyilir ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Lakin Cavabdeh məhkəmə baxışı zamanı bildirmişdir ki, o, Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədov tərəfindən tütün məhsulunun vaxtında qəbul edilməməsi ilə bağlı iddiaçıya məlumat verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh öhdəliyin pozulmasına görə məsuliyyətdən azad oluna bilməz. Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədovun iş üzrə üçüncü şəxs, yaxud da cavabdeh qismində cəlb olunması barədə cavabdehin vəsatəti ilə əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 57.1-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin digər şəxslə əvəz edilməsi üçün ilk növbədə tələb yönəldilmiş cavabdehin tələbə cavab verməli olmadığı müəyyən edilməlidir. Digər tərəfdən, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün iddiaçının razılığı tələb olunur. Lakin Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etməməsində Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədovun təqsiri ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı onun tələbinə cavab verməli olan müqavilə iştirakçısı kimi məhz Cavabdehtanıyır, bağlanmış kredit müqaviləsinin şərtləri iddiaçının kredit verdiyi pul vəsaitini həmin müqavilənin digər iştirakçılarından və ya onlardan da tələb etməsinə əsas vermir. Müqaviləyə görə onun digər iştirakçılarının (Alıcı və xxxxnün) kreditin qaytarılması ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlikləri yoxdur. Ona görə də iddiaçı Cavabdeh başqa cavabdehlə əvəz edilməsinə razı deyildir. Balakən rayon tütün qəbulu məntəqəsinin direktoru Şadnus Məmmədovun üçüncü şəxs kimi cəlb olunması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çıxarılan qətnamənin onun hüquq və vəzifələrinə təsir edə bilməsi müəyyən edilmir. Ona görə də onun üçüncü şəxs kimi cəlb olunmasına zərurət yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 440TM/18 nömrəli kredit müqaviləsinin 2.2.2-ci bəndinin “g” yarımbəndinə əsasən, “Borcalan” (cavabdeh) “Borcverən”dən (iddiaçıdan) aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək, əks təqdirdə ona ayrılmış subsidiyadan borcun ödənilməsinə yönəldilməsini təmin etmək; “k” yarımbəndinə əsasən, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal “Borcverən”ə məlumat vermək öhdəliyi daşıyır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tütün istehsalı və (və ya) kreditin ödənişi ilə bağlı problemlərin yarana biləcəyi və ya yaranması barədə iddiaçıya vaxtında (dərhal) məlumat verməmiş, nə də aldığı kreditin faizi ilə birlikdə tam həcmdə və vaxtında ödənilməsini təmin etməmiş, bununla müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh bağlanmış müqavilənin şərtlərinin ona münasibətdə müqavilənin digər iştirakçıları (Alıcı və xxxx) tərəfindən pozulduğunu və bunun nəticəsində zərər (maddi ziyan) çəkdiyini hesab etdiyi halda həmin iştirakçılara qarşı məhkəmədə müvafiq tələblər irəli sürə bilər. Lakin hazırkı işdə iddiaçı sözügedən müqavilə üzrə “Borcverən”dir ("İddiaçı" QSC BOKT) və bu işin icraatı çərçivəsində cavabdehin (Cavabdeh) başqalarına, yəni müqavilənin digər (iddiaçıdan savayı) iştirakçılarına qarşı tələblərinə baxıla bilməz. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi iddia tələbləri üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpelyаsiyа şikayəti təmin edilmədən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)- 325/2019nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)- 325/2019nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.
Məhkəmə qərarları › İş №2-2(107)-8/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-8/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver