Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-8/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - “xxxx” ASC “X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-299/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC “X4” MMC tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-299/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən Bahar kafesinə cavabdeh “xxxx” ASC “X4” MMC-nin hesabına su sayğacı quraşdırılması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 10 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC “X4” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən Bahar kafesinə içməli və istehsalat məqsədli suyun verilməsi, habelə tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə bağlı su təchizatı və kanalizasiya xidmətlərinə dair xx.xx.2012-ci il tarixdə 149 nömrəli müqavilə bağlanmıdır. Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin su təminatı dayandırılmış, yeni xətt çəkildikdən sonra sayğaç quraşdırlmayaraq qeyri-yaşayış sahəsinə suyun verilməsi bərpa edilməmişdir. İddiaçının bununla cavabdehə və “xxxx” ASC-nin yerli bölmələrinə müraciətləri isə nəticəsiz qalmışdır. İddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh kafeni su ilə təchiz etməyi, o isə suyun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq xx.xx.2019-cu ildə ona heç bir xəbərdarlıq edilmədən və yeni su xətti çəkilmədən suyun verilişi dayandırılmış, buna baxmayaraq həmin ilin noyabr və dekabr ayları üçün ayda 20 manat olmaqla borc hesablanmışdır. Dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq hazırkı vaxtadək kafeyə su xətti çəkilməmiş, sayğac quraşdırılmamışdır və ona əsassız olaraq 40 manat borc hesablanmışdır. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı bildirmişdir ki, Şəki şəhəri M.Füzuli adına bağın giriş hissəsində yerləşən mülkiyyətində olan Bahar kafesinə 2019-cu ilin noyabr ayından etibarən cavabdeh tərəfindən suyun verilişi dayandırılmışdır. Yeni su xətti çəkilsə də mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su sayğacının quraşdırılmasından sayğacın dəyərinin onun tərəfindən ödənilməli olduğunu bildirilərək imtina edilmişdir. Bundan başqa noyabr ayı ərzində göstərilməyən xidmətin müqabilində ona 40 manat qanunsuz borc hesablanmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh “xxxx” ASC “X4” MMC apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, , “xxxx” Açıq Səhmdar Cəmiyyəti və onun bütün struktur bölmələrində əhali kateqoriyasına aid olan abonentlərin (fiziki şəxslərin) su xətlərinə suölçən cihaz STKM-in vəsaiti hesabına, qeyri-əhali abonentlərinə (hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki şəxslərə) isə istehlakçının vəsaiti hesabına quraşdırılır. Çünki hüquqi şəxs kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin də əsas məqsədi fəaliyyəti əsasında gəlir qazanmaq, mənfəət əldə etməkdir. Bu səbəbdən hər iki kateqoriyaya aid olan abonentlərə eyni münasibət göstərilir, onlara göstərilən xidmətlər eyni normalar əsasında tənzimlənir. Burdan da aydın görmək olar ki, Sudan istifadə Qaydalarının 1 nömrəli əlavəsində “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan”, 2 nömrəli əlavəsində isə “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” Müqavilə formaları yerləşdirilmişdir. Yəni hüquqi şəxslər ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə abonent kimi eyni münasibətin göstərildiyi (göstərilməli olduğu) və onlar ilə STKM arasındakı münasibətlərin eyni hüquq normaları ilə tənzimləndiyi açıq şəkildə görünür. Sudan istifadə Qaydalarının 6.5-ci maddəsində qeyd edilən bənd kifayət qədər anlaşılan olmamaqla yanaşı, faktiki tətbiq edilən qaydanı özündə tam əks etdirə bilməmişdir. Bundan əlavə, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinin “b” bəndinə əsasən, su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən qoşulmanı, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılarsa onu su təchizatı sisteminə qoşmalıdır. Bu maddədən aydın olur ki, istehlakçının su təchizatı sisteminə qoşulması xərcləri yalnızca istehlakçı fiziki şəxs olduqda su təchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-299/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC “X4” MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2-2(117)- 299/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-299/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2-2(117)- 299/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında iddiaçıya məxsus Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən Bahar kafesinə içməli və istehsalat məqsədli suyun verilməsi, habelə tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə bağlı su təchizatı və kanalizasiya xidmətlərinə dair xx.xx.2012-ci il tarixdə 149 nömrəli müqavilə bağlanmış və Şəki şəhərinin icməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlərin görülməsinə qədar həmin müqavilə əsasında öhdəliklərini icra etmişlər. Yeni su xətti çəkildikdən sonra iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su sayğaçının quraşdırılması cavabdeh tərəfindən təmin edilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına su təchizatı sisteminə qoşmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6.1-ci bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsi) ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDKnın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsində göstərilmişdir ki, Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (yeməkxanalar tərəfindən xidmətlərin gösətrilməsi) vergi orqanında qeydiyyata alındığından və fiziki şəxs olan istehlakçıya münasibətdə suölçən cihazların (sayğacın) quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirildiyindən, iddia tələbi bu hissədə təmin edilməli və iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bahar kafesinə cavabdehin vəsaiti hesabına su sayğacı quraşdırılması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-299/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “xxxx” ASC “X4” MMC tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-299/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-8/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-8/2021
02.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver