Məhkəmə qərarları › İş №2-2(107)-85/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-85/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-85/2021 01.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tаrixli, 2-2(117)-288/2021 nömrəli qətnaməsindən İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 5671,76 manat əsas borc, 507,33 manat faiz borcu, 468,67 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 824,97 manat faiz borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tаrixli, 2-2(117)-288/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 5671,76 manat əsas borcun, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 otaqlı 90 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 otaqlı 90 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiyməti 21000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin faktiki halları: İddiaçı ASC-nin Yevlax filialı ilə Cabir Məhərrəmov arasında bağlanmış 09.04.2015-ci il tarixli 2332 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 10000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 14.04.2015ci il tarixli 2332/i nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0417 ha torpaq sahəsində yerləşən 1 otaqlı 90 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh Cabir Məhərrəmov kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 5671,76 manat əsas borc, 507,33 manat faiz borcu, 468,67 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 824,97 manat faiz borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə faiz və cərimə borclarına aid hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri altına düşmür. Belə olduğu təqdirdə məhkəmələrin həmin fərmanda məhkəmələrə borc və faiz məbləğlərinin silinməsi səlahiyyəti də verilməyib. Birinci instansiya məhkəməsi 507,33 manat faiz borcu, 468,67 manat cərimə borcu, 824,97 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunu rədd etməklə qanunvericiliyin tələbini pozmuşdur. Ona görə də Şəki Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tаrixli, 2-2(117)-288/2021 nömrəli qətnаməsi qismən ləğv edilməli ləğv edilməli, və iddia 507,33 manat faiz borcu, 468,67 manat cərimə borcu, 824,97 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunun cavabdehlərdən tutulub iddiaçının xeyirinə ödənilməsi hissədə də təmin edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tаrixli, 2-2(117)- 288/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cabir Məhərrəmov arasında bağlanmış 09.04.2015-ci il tarixli 2332 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 10000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 5671,76 manat borcu qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Belə ki, bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Bu əsasla məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə və faiz borclarına aid hissədə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi , o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə " Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərman hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərk məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tаrixli, 2-2(117)-288/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tаrixli, 2-2(117)-288/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar