Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-86/2024 09.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 06 iyun 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh1 (bundan sonra- cavabdeh) arasında 16 noyabr 2022-ci il tarixli, 36-MCR-1-610-22 nömrəli Kredit limitinin ayrılmasına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank cavabdehə 100.000 manat məbləğində kredit limti ayırmışdır. Bank ilə cavabdeh arasında 16 noyabr 2022-ci il tarixli, 36-MCR-1-610-22 nömrəli Kredit verilməsinə dair müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən cavabdehə aylıq 1,83 % dərəcəsi ilə, 36 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2 cavabdehin Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 5489,58 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 557,73 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 85,08 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5489,58 manat əsas borc, 557,73 manat faiz borcu, 42,54 manat cərimə borcu və ödənilmiş 80,90 manat dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-595/2024 nömrəli iş üzrə qəbul etdiyi 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5489,58 manat əsas borc, 557,73 manat faiz borcu, 42,54 manat cərimə borcu və 80,90 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Bank Cavabdeh1 biznes məqsədilə 36 ay müddətinə aylıq 1,83 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verməyi, borcalan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh (əsas borclu) kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə bank qarşısında ödənilməmiş 5489,58 manat əsas borcu, 557,73 manat faiz borcu və 42,54 manat cərimə borcu yaranmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan məhkəmə hesab etmişdir ki, 5489,58 manat əsas borc, 557.73 manat faiz borcu və xx.xx.2022-ci il tarixli 36-MCR-1-610-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmanın 7-ci bəndinə əsasən hesablanmış 42,54 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. İddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu tələb etdiyindən ödənilmiş 80,90 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 445.2, 448.1, 448.2, 470.1, 472.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işə baxarkən MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş, cavabdehə bildiriş göndərməmiş və cavabdehin hazırkı işin mövcud olmasından xəbəri olmamışdır. Buna görə də cavabdeh iş üzrə etirazını və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında cavabdehə məhkəmə bildirişinin göndərilməsini təsdiq edəcək xəbərnamə mövcud deyil. Əgər məhkəmə belə bir bidirişi göndəribsə belə poçt əməkdaşı tərəfindən cavabdehə təqdim edilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə cavabdehə münasibətdə qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə aylıq 1,83% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit razılaşması üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, üzrə cavabdehin Banka ödənilməmiş qalmış əsas kredit borcu 5489,58 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 557,73 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 85,08 manat təşkil edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsi aşkardır. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili odur ki, ona birinci instansiya məhkəməsinin məhkəmə bildirişi çatdırılmayıb və o, sübutlarını məhkəməyə təqdim edə bilməyib. İş materialları ilə müəyyən olunur ki, məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilib və bildiriş cavabdehin qardaşı Vəfa Məmmədli tərəfindən imza edilməklə qəbul edilib. Odur ki, cavabdehin bununla bağlı bildirdikləri əsassızdır. İddiaçı sübutları məhkəməyə təqdim edə bilmədiyini bildirsə də, həmin sübutların nədən ibarət olmasını, ümumiyyətlə isə qətnamə qəbul edilərkən mübahisə ilə bağlı hansı maddi hüquq normalarının pozulduğunu əsaslandırmamışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-86/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-86/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver