Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-87/2025 01.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, apellyasiya şikayətini vermiş Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 24 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh fərdi sahibkar Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 02 avqust 2024cü il tarixli, xx-xx/2024 saylı “İcarə” müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, əsas məbləği ƏDV xaric 12000 manat, ƏDV-si 2160 manat olmaqla, ümumi məbləği 14160 manat borcun, xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 2407,2 manat dəbbə pulunun və ödənilmiş 146,18 manat məbləğində dövlət rüsumunun cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən İddiaçı MMC və icarəçi fərdi sahibkar Cavabdeh (VÖEN **********) arasında “İcarəyə verənə” məxsus texniki avadanlıqların icarəyə verilməsinə dair 02 avqust 2024-cü il tarixli xx-xx/2024 saylı “İcarə” müqaviləsi bağlanılmışdır. İcarə haqqı, icarəyə verilən avadanlıqların siyahısı və icarə müddəti 02 avqust 2024-cü il tarixli xx-xx/2024 saylı “İcarə” müqaviləsinin ayrılmaz hissəsi hesab edilən X1 əsasən müəyyən edilmişdir. Qeyd edilən müqavilənin 1 saylı X1 əsasən “İcarəyə verən” “İcarəçi”yə 2 texnikanı icarəyə verir. İcrayə götürülmüş bir texnikanın 1 aylıq icarə məbləği ƏDV xaric 12000 manat və 2160 manat ƏDV olmaqla, cəmi ƏDV daxil olmaqla 14160 manat məbləği təşkil edib. Qeyd edilən məbləğə uyğun “İcarəyə verən” tərəfindən “İcarəçi”yə xx.xx.2024-cü il tarixli MT2409 seriyalı, 10143231 nömrəli elektron qaimə faktura və təhvil-təslim aktı göndərilmişdir. Halhazırda ödənilməmiş icarə haqqından borc məbləği ƏDV daxil olmaqla 14160 manat təşkil edir. Müqavilənin 2.9-cu bəndinə əsasən “İcarəçi” ödənişi gecikdirdiyi təqdirdə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində “İcarəyə verənə” peniya ödəyir. xx.xx.2024-cü il tarixinə “İcarəçi”nin dəbbə pulu borcu 2407,2 manat təşkil edir. Bu isə cavabdehin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı kimi məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da, buna nail ola bilməmişdir. Belə ki, yenə də hnps://www.e-taxes.gov.az/ sayında şəxsi kabinet vasitəsilə onlayn kargüzarlıqdan cavabdehə pretenziya məktubu göndərilmiş, lakin xx.xx.2024-cü il tarixindən cavabdeh iddiaçının məktubuna cavab verməmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - 1). İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında aşağıda sadalanan şərtlərlə 02 avqust 2024-cü ildə bağlanmış xx-xx/2024 nömrəli İcarə Müqaviləsi: 1.1. Bu Müqaviləyə və onun ayrılmaz hissəsi sayılan X3 əsasən, İcarəyəverən ona məxsus texnikaları İcarəçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində İcarəçi İcarəyəverənə xidmət haqqı ödəyir; 2.1. İcarəyə verən bu Müqavilənin şərtlərinə əsasən əmlakı İcarəçinin işlərinin icrası məqsədilə onun istifadəsinə verir; 2.2. İcarəyə verən icarə predmetini İcarəçinin obyektinə aparır, orada nizamlayır və işlək vəziyyətə salır. İcarə predmetini İcarəyə verənin işçiləri (mexanik və sürücülər) idarə etməlidir. Bununla əlaqədar onların iş rejimi İcarəyə verənlə bağlanmış əmək müqaviləsinə müvafiq olaraq müəyyən edilir; 2.4. Texnikanın obyektə çatdırılması, istismarı və icarəyə verənə qaytarılması vaxtında sərf edilən yanacaq icarəçinin vəsaiti hesabına təmin edilməlidir. 2.5. İcarəçi bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını hər ay üçün növbəti ayın 5-dən gec olmamaq şərtilə İcarəyə verənin hesabına köçürməlidir. Bu ödənişlərə müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əlavə ödənişlərdə daxildir; 2.9. İcarəçi ödənişi gecikdirərsə, gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində İcarəyə verənə penya ödəyir; 2.13. İcarə müddəti “texnika” icarəyə verənin qarajından çıxan gündən və icarəyə verənin qarajına qayıdanadək hesablanır; 2.14. İcarə müddəti 1 aydan az olarsa, icarə haqqı tam ayın icarəsi kimi hesablanır. İcarəçi tərəfindən icarəyə verənə ödənilir; 2.15. İcarə haqqı texnikaların icarəyə verənin Suraxanıdakı qarajından çıxan tarixdən həmin qaraja qayıdanadək hesablanır; 3.1. Bu Müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir; 3.2. Müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Bu müddət tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada uzadıla bilər. - 2). 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli İcarə Müqaviləsinə 1 nömrəli Əlavə olan 02 avqust 2024-cü il tarixli X5: Həmin Protokoldan görünür ki, 1 ay üçün (26 iş günü, 10 saat) bir ədəd “Buldozer Shantui SD 22” markalı 10AB824 nömrəli texnikanın qiyməti ƏDV xaric 12000 manat və 2160 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 14160 manat, bir ədəd “Kon Shantui SL 50” markalı 10AC429 nömrəli texnikanın qiyməti ƏDV xaric 6500 manat və 1170 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 7670 manat müəyyənləşdirilmişdir. Texnikaların mobilizasiyası “İcarəçi” tərəfindən, demobilizasiyası "İcarəyə verən“ tərəfindən yerinə yetirilir. - 3). İddiaçı MMC tərəfindən təqdim edilmiş “Dəbbə pulunun hesablanması qaydası”na dair arayış: Həmin Arayışdan görünür ki, tərəflər arasında bağlanmış 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli İcarə Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə ödənilməmiş icarə haqqı və bununla bağlı hər gecikdirilən gün üçün şirkət tərəfindən hesablanmış dəbbə pulu 17 gün gecikmə üçün 2407,2 manat hesablanmışdır. - 4). xx.xx.2024-cü il tarixli 10143231 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-faktura: Həmin sənəddən görünür ki, 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli İcarə Müqaviləsinə əsasən icarəyə verilmiş “Buldozer Shantui SD 22” markalı 10AB824 nömrəli texnika ilə əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh icarə haqqı 12000 manat və ƏDV məbləği 2160 manat olmaqla, ümumilikdə ƏDV daxil cəmi 14160 manat icarə haqqının ödənilməsi ilə əlaqədar elektron qaimə-faktura təqdim edilmişdir. - 5). 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli İcarə Müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC tərəfindən tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli 01 nömrəli ““Buldozer Shantui SD 22” markalı 10AB824 nömrəli texnikanın icarəsinin qəbulu” haqqında Akt. Lakin, həmin Akt icarəçi (sahibkar) Cavabdeh tərəfindən imzalanmamış və təsdiq edilməmişdir (iş vərəqi 15-16).
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 yanvar 2025-ci il tarixli e-2- 2(117)-37/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5538,5 manat məbləğində əsas borcun, 996,93 manat məbləğində ƏDV borcunun, gecikdirilmiş müddət üzrə 276,9 manat məbləğində dəbbə pulunun və 60,11 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədə birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə xx-xx/2024 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə və onun ayrılmaz hissəsi sayılan X3 əsasən, icarəyə verən ona məxsus texnikalarla icarəçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində icarəçi icarəyə verənə xidmət haqqı ödəyir. Məhkəmə ilkin olaraq Cavabdeh məhkəmə hazırlıq iclasında bildirdiyi “müqaviləyə onun qol çəkməməsi, aktdakı imzanın ona aid olmaması” ilə bağlı fikrinə münasibətdə qeyd edir ki, məhkəmə bu səbəbdən cavabdeh tərəfin imza nümunələrini almış, lakin daha sonra məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi, eyni zamanda həmin müqaviləyə əlavə olan 1 nömrəli X5 tərəflərin imzası ilə yanaşı, hər iki tərəfin möhürü ilə də təsdiqlənmişdir. Buna münasibətdə cavabdeh müqavilənin icra edilməsini, yəni texnikanın Fizuli rayonu ərazisində aparıldığını, bununla da müqavilənin bağlanması faktını dolayısı ilə qəbul etmiş və möhürün ona aid olmasını təsdiqləmişdir. Bu səbəbdən məhkəmə əlavə olaraq ekspertiza təyin edilməsini əsaslı hesab etməmişdir. Belə ki, qeyd edilən yazılı müqavilə qəbul edilməsə belə, tərəflər arasında bağlanmış əmlak kirayə müqaviləsinin icrası ilə bağlı tərəflər addımlar atmış, müəyyən vəzifələrini icra etmişlər. Bundan başqa, cavabdehin ona təhvil verilmiş texnikanın veriləndən işləməməsi, işçilərin texnikanın işləmədiyini bildirərək, çıxıb getmələri və bununla bağlı Şirkətə müraciət edərək usta göndərilməsini xahiş etməsi, lakin Şirkətin heç bir tədbir görməməsi ilə bağlı fikrinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi “Buldozer Shantui SD 22” markalı 10AB824 nömrəli nəqliyyat vasitəsinin buraxılış ilinin 2023-cü il, qeydiyyat tarixinin xx.xx.2024-cü il olması, eyni zamanda məhkəmə prosesində şahid qismində çıxış edən işçilərin izahatı - həmin texnikanın nasaz vəziyyətdə olması və işləməməsi halını təsdiq etməmişdir. Eyni zamanda, cavabdeh həmin texnikanın işləməməsini və bu barədə iddiaçı tərəfə müraciət etməsini sübut edən hər hansı sənədi də məhkəməyə təqdim etməmişdir. Belə ki, icarəçi qeyd edilən texnikanın kirayəsinə görə aylıq kirayə haqqı ödəmək vəzifəsinin olduğu halda, bununla bağlı rəsmi yazışmalar aparılması ilə bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, cavabdeh iddiaçıdan icarəyə götürdüyü texnikanı Fizuli rayonunun işğaldan azad edilmiş ərazisində istifadə etmək və “Zəfər bağları” ərazisinin inşası üçün müvafiq icazə əsasında müvafiq polis postlarından keçməklə həmin əraziyə getmiş, qeyd edilən əraziyə əmək fəaliyyəti məşğul olmaq üçün fiziki və hüquqi şəxslərin keçidi işğaldan azad edilmiş ərazilərdə idarəetmənin təşkili ilə bağlı verilmiş qanunvericilik aktları əsasında müvafiq qaydada təşkil edilmiş icazələr əsasında həyata keçirildiyi müəyyənləşdirilmişdir. Məhkəmə, iddia tələbinin “icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, 12000 manat əsas borc (ƏDV xaric), 2160 manat ƏDV borcu, olmaqla, ümumilikdə 14160 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, iddiaçı yalnız “Buldozer Shantui SD 22” markalı 10AB824 nömrəli texnikanın icarə haqqını tələb edir, digər texnikalarla bağlı iddia irəli sürməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsinə 1 nömrəli Əlavə olan X5ndan göründüyü kimi 1 ay üçün (26 iş günü, 10 saat) bir ədəd Buldozer Shantui SD 22 markalı 10AB824 nömrəli texnikanın icarə qiyməti ƏDV xaric 12000 manat, 2160 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 14160 manat razılaşdırılmışdır. Bu məbləğ xx.xx.2024-cü il tarixli 10143231 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturada da öz əksini tapmışdır. Bundan başqa şahidlər X4 və X2 məhkəmə iclasında verdiyi izahatlarından və icazə portalından çıxarışdan da göründüyü kimi hər iki işçi ümumilikdə 12 gün ərzində həmin ərazidə işləmişlər. Həmçinin, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən, icarə müddəti 1 aydan az olarsa, icarə haqqı tam ayın icarəsi kimi hesablanır. İcarəçi tərəfindən icarəyə verənə ödənilir. Lakin həmin icarə müqaviləsinin 2.2ci bəndində də qeyd edilmişdir ki, icarəyə verən icarə predmetini icarəçinin obyektinə aparır, orada nizamlayır və işlək vəziyyətə salır. İcarə predmetini icarəyə verənin işçiləri (mexanik və sürücülər) idarə etməlidir. İcarə müqaviləsinin bu bəndlərinə münasibətdə şahidlərin ifadəsi təhlil edildikdə görünür ki, Şirkətin göndərdiyi həmin işçilər işin çox olması, yemək, yaşayış şəraitinin onları qane etməməsi və digər səbəblərdən müqavilədə razılaşdırılmış müddətdə deyil, hər ikisi ayrılıqda 8 və 4 gün olmaqla, ümumilkdə 12 gün işlədikdən sonra həmin ərazidən çıxıb getmiş və işi tam şəkildə yerinə yetirməmişlər. Belə ki, icarə müqaviləsinin müvafiq bəndində icarə müddətinin “1 aydan az olduğu halda icarə haqqının tam hesablanması” nəzərdə tutulsa da, eyni zamanda, həmin müqavilədən göründüyü kimi icarə predmetini icarəyə verənin işçiləri (mexanik və sürücülər) idarə etməlidir. Göründüyü kimi, qeyd edilən ərazidə görülən işin müqavilədə razılaşdırılmış müddətdən az icra edilməsinin səbəbini birbaşa İcarəyəverənin işçilərinin həmin ərazidən gedərək, işi tam şəkildə yerinə yetirməmələri təşkil edir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar nəzərə alındıqda, İcarəçidən 1 ay üçün icarə haqqının tələb edilməsi ədalətli və ağlabatan deyil. Bu səbəbdən iddaçı iddia tələbinin icarəçi tərəfindən icarəyəverənin işçilərinin həmin ərazidə işlədiyi 12 gün müddət üçün icarə haqqı borcunun tələb edilməsi hissəsində haqlıdır. Bunlardan əlavə olaraq iş materiallarına əlavə edilmiş işçilər tərəfindən qeyd edilən ərazidə işin görülməsi vaxtını (günləri və saatarı) özündə əks etdirən cədvəldən görünür ki, X6 4 gün ərzində işləmiş, lakin həmin iş saatlarının yazıldığı müvafiq xanalardakı tarixlər portaldan əldə edilmiş çıxarışlardakı tarixlərlə üst-üstə düşmür. Bu hissəyə münasibətdə məhkəmə qeyd edir ki, həmin işçilərin işğaldan azad olunmuş ərazilərə keçid üçün icazə portalından qeydiyyatdan keçmədən işğaldan azad olunmuş ərazilərdə işləməsi halının mümkün olmaması, eyni zamanda tərəflərində həmin əraziyə gedərkən çıxarışlarını göstərək keçdiklərini təsdiqləmiş və bu halın əksini sübut edən hər hansısa başqa bir dəlil mövcud olmamışdır. Bu səbəbdən məhkəmə icazə portalından əldə edilmiş çıxarışlarda qeyd edilən tarixlər nəzərə alınmaqla işçilərin həmin ərazidə işlədikləri müddətin 12 gün olmasını əsas götürmüşdür. Bundan əlavə cavabdehin portalı vasitəsilə onun sürücülərinin keçidinə icazənin qəsdən alınmaması və ləngidilməsi halı iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, belə ki, şahidlər özləri ifadələrində bildirmişlər ki, onları cavabdeh hər gün maşını ilə apararaq polis postunu müvafiq icazə sənədləri yoxlanılaraq işğaldan azad edilmiş Fizuli rayonunun ərazisinə aparmış və işlərini gördükdən sonra qaytarmışdır. Eyni zamanda, bu icazələrin alınmamasında cavabdehin marağı ola bilməzdi, çünki o başqa hüquqi şəxslər qarşısında üzərinə götürdüyü öhdəlik var idi ki, hazırkı icarə müqaviləsini bağlamışdır. Əks təqdirdə, əvvəldən o müqaviləni bağalmazdı. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı da müvafiq sürücü və texniki heyətini icarəyə götürülmüş texnikanı işlətmək üçün cavabdehə təqdim edilməsi ilə bağlı öhdəliyini lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə tərəflərin müqavilə öhdəliklərini icra etmələri dərəcəsinə uyğun iddia tələbinin təmin edilməsini qanuni və ədalətli hesab edərək, hazırkı qətnaməni qəbul etmişdir. Belə ki, göründüyü kimi tərəflər Buldozer Shantui SD 22 markalı 10AB824 nömrəli texnikanın 26 iş günü üçün qiymətini ƏDV xaric 12000 manat, 2160 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 14160 manat razılaşdırmışlar. Həmin texnika 12 gün işlədildiyindən (12000/26 gün=461,54 manat günlük; 461,54 x 12= 5538,5 manat əsas borc), bu məbləğə münasib olaraq cavabdehdən 5538,5 manat məbləğində əsas borc, tərəflər müvafiq əlavə dəyər vergisinin də əsas borca münasibətdə əlavə olaraq cavabdehdən tutulması barədə razılığa gəldiyindən 996,93 manat məbləğində ƏDV borcu (5538,5 x 0,18% = 996,93) tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə əsasən öhdəliyin icra edilməməsi zamanı təqsiri olan şəxsin qarşı tərəfə ödədiyi məbləğ “peni” qeyd edilmişdir. Məhkəmə tərəflər arasında razılaşmanın mahiyyətinə uyğun olaraq tərəflərin bunu öhdəliyin təminat üsulu olaraq “penya” olaraq nəzərdə tutduğunu qəbul edir. İddia tələbinin “2407,2 manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə əsasən, icarəçi ödənişi gecikdirərsə, gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində icarəyə verənə penya ödəyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə işin hallarını, hər iki tərəfin öhdəliklərini lazımı qaydada icra etməməsini, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən əsas borcun 5 faizi həcmində, yəni 276,9 manat dəbbə pulunun tutulmasını iddiaçı tələb etməkdə haqlıdır. İddia qismən təmin edildiyindən, ödənilməli olan 146,18 manat dövlət rüsumunun 86,07 manatı İddiaçı MMC-dən, 60,11 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin hazırkı iş üzrə dövlət rüsumu iddiaçı tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, məhkəmə hesab edir ki, 60,11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 86,07 manat məbləğində rüsum isə iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 700.1, 700.2, 701.2, 701.2.1 və 701.2.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 81, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e-2-2(117)-37/2025 nömrəli Qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarəçi Cavabdeh ilə icarəyəverən İddiaçı MMC arasında 02 avqust 2024-cü il tarixində xx.xx.2024 saylı İcarə Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iki ədəd tikinti texnikası ona icarəyə verilməli idi. Lakin, faktiki olaraq yalnız bir texnika – Buldozer Shaunti SD 22 markalı, 10AB824 dövlət qeydiyyat nişanlı texnika icarəyə verilmişdir. İcarəçi Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq, iki texnikanın təhvil verilməli olduğunu iddiaçı tərəfin rəhbərliyi ilə əlaqə saxlayaraq bildirmişdir. Lakin İddiaçı MMC rəhbərliyi cavab olaraq, digər texnikanın nasaz vəziyyətdə olduğunu və bu səbəbdən təhvil verilə bilməyəcəyini bəyan etmişdir. Buldozer Shaunti SD 22 texnikanın təhvil verilməsi prosesi isə qarşı tərəfin nümayəndəsinin iştirakı olmadan həyata keçirilib. Bu, texnikanın saz vəziyyətdə olub-olmamasının yoxlanılmaması və bu məsələ üzrə hər hansı bir sənədin təsdiq edilməməsi ilə nəticələnmişdir. Təhvil verilmiş Buldozer Shaunti SD 22 markalı 10AB824 nömrəli texnika isə təhvil verildiyi andan etibarən işlək vəziyyətdə olmamışdır. Bu barədə Cavabdeh İddiaçı MMC-nin mexanik vəzifəsində çalışan Zeynal adlı şəxsə məlumat vermişdir. Mexanik isə Cavabdeh usta nömrəsi göndərərək, ustanın texnikanın təmir edəcəyini bildirmişdir. Lakin Cavabdeh ustaya dəfələrlə müraciət etməsinə baxmayaraq, usta gəlib texnikanı təmir etməmişdir. Bundan əlavə, Şəki Kommersiya Məhkəməsinin qətnaməsində əks olunub ki, İddiaçı MMC-nin əməkdaşları texnikanın saz vəziyyətdə olduğunu iddia etmiş, lakin yaşadıqları şəraitin onlar üçün uyğun olmadığı səbəbindən Cavabdeh ilə işləmək istəmədiklərini bildirmişlər. Bu ifadələr isə həqiqətə uyğun deyildirr. Bununla bağlı bildirilr ki, İddiaçı MMC tərəfindən operator kimi göndərilmiş ilk işçi X4 olmuşdur. O, işə başladıqdan sonra cəmi yarım gün işləyərək heç bir texniki tələbi yerinə yetirə bilməmişdir. Bunun səbəbi icarəyə verilmiş texnikanın torpağı hamarlamaq, yaymaq və digər işləri görmək üçün texniki imkanlarının olmaması olmuşdur. Bərxuda bu problemi dəfələrlə iddiaçının işçisi olan mexanik Zeynala bildirmiş və bir neçə gün ərzində ərazidə qalaraq ustanın gəlməsini gözləmişdir, lakin usta göndərilməmişdir. Cavabdeh bu barədə mexanik Zeynala müraciət edərək texnikanın işləmədiyini bildirmişdir. Buna cavab olaraq, İddiaçı MMC-nin mexaniki Zeynal bildirmişdir ki, Bərxuda operator kimi kifayət qədər təcrübəyə malik deyil və texnikanı idarə edə bilmir. Bu səbəbdən, Şirkət tərəfindən onun yerinə başqa bir təcrübəli işçi göndəriləcəyi bildirilmişdir. Cavabdeh ilə İddiaçı MMC-nin mexaniki Zeynalla arasındakı WhatsApp vasitəsilə aparılan yazışmalar və səs yazıları, texnikanın işləmədiyini, mexanikin texnikanın təmirini gecikdirdiyini və texnikanın işləməməsi səbəbindən Cavabdeh işlərinin görülə bilməməsi ilə bağlı müvafiq danışıqları əks etdirir. Sonra isə Şirkət tərəfindən ikinci operator – X6 göndərilmişdir. Lakin Zeybulla da cəmi bir saat işlədikdən sonra texnikanın nasaz vəziyyətdə olduğunu və onunla işləməyin mümkün olmadığını bildirmişdir. Bütün bu faktlar buldozerin GPS trekeri vasitəsilə yoxlanıla bilər. Həmin trekerdə avadanlığın harada və neçə saat işlək olub-olmaması barədə məlumatlar əks olunur. Məhkəmə iclasında şahid qismində çıxış edən şəxslər bildirirdilər ki, onlar qaldıqları şəraitdən narazı olduqları üçün işləməkdən imtina etmiş və iş yerini tərk etmişlər. Lakin onlarla eyni şəraitdə digər Şirkətlərin işçiləri də fəaliyyət göstərirdi və bu şəxslər şahid qismində cəlb edilərsə, şəraitin obyektiv olaraq normal olduğunu təsdiqləyə bilərlər. Cavabdeh yuxarıda qeyd olunan halları İddiaçı MMC-nin rəhbərliyinə bildirəndə, iddiaçı tərəf texnikanı geri götürəcəklərini və heç kimə borclu olmadıqlarını bəyan etmişdir. Lakin Cavabdeh hüquqi marağı ondan ibarətdir ki, ya texnika təmir edilsin, ya da saz vəziyyətdə olan başqa bir texnika ilə əvəz olunsun. Çünki, texnika ilk dəfə icarəyə verildikdə, Cavabdeh onun əraziyə çatdırılması üçün 2000 (iki min) manat məbləğində evakuasiya xərci çəkmişdir. Buna baxmayaraq, iddiaçı tərəf yalnız texnikanı geri götürməklə kifayətlənmiş və Cavabdeh vurulmuş maddi ziyan kompensasiya edilməmişdir. Cavabdeh Şəki Kommersiya Məhkəməsində keçirilmiş hazırlıq iclasında dəfələrlə şifahi vəsatət qaldıraraq buldozerin GPS trekerinin yoxlanılmasını tələb etmişdir. Çünki bu yoxlama nəticəsində texnikanın işləmədiyi, işçilərin sadəcə ərazidə qaldıqları və işləyə bilmədikləri faktı sübuta yetirilə bilərdi. Həmçinin, işçilərin ərazidə qalmaq xərcləri, texnika üçün yanacağın xərcləri bilavasitə iddiaçı tərəfindən qarşılanmışdır. Bundan əlavə, texnikanın icarə haqqı texnikanın faktiki işlədiyi günlər üçün ödənilməlidir. X12 Məhkəməsi müəyyən etməmişdir ki, Hənifayev Bərhuda 09 avqust 2024-cü il tarixində əraziyə gəlmiş, həmin gün ərazi ilə tanış olmuş, 10-11 avqust tarixlərində isə onun iş gördüyü iddia edilsə də, bu fəaliyyət heç bir faktiki nəticə verməmişdir. Beləliklə, Bərhuda ümumilikdə cəmi 2 gün fəaliyyət göstərmişdir. İsmayılov Zeybulla isə 17 avqust 2024-cü il tarixində əraziyə gəlmiş, lakin cəmi 1 saat işlədikdən sonra heç bir iş yerinə yetirməmişdir. Şəki Kommersiya Məhkəməsi qeyd olunan halları araşdırmamış, yalnız portal vasitəsi ilə işçilərə əvvəlcə verilmiş, lakin sonradan ləğv edilmiş icazəyə əsaslanaraq, onların ərazidə işlədiklərini qəbul etmişdir. Bununla belə, Şəki Kommersiya Məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Belə ki, buldozerin GPS trekerinin yoxlanılması ilə bağlı olaraq, Buldozer Shaunti SD 22 markalı, 10AB824 dövlət qeydiyyat nişanlı texnikanın motosaatlarının çıxarışı ilə əlaqədar cavabdeh tərəfindən irəli sürülən şifahi vəsatətlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Halbuki, işi tam və obyektiv şəkildə araşdırmaq üçün həmin buldozerin GPS trekerinin çıxarışlarının əldə edilməsi zəruri idi. Bundan əlavə, məhkəmə yalnız cavabdeh İddiaçı MMC-nin işçilərini şahid qismində dindirmişdir. Halbuki, eyni şəraitdə müxtəlif şirkətlərin işçiləri də fəaliyyət göstərmiş və onlar şahid qismində dindirilsəydilər, yuxarıda qeyd edilən faktları təsdiq edə bilərdilər. Məhkəmə işin halları üzrə araşdırma apararkən sübutlara, qanunlara, faktlara diqqət etməliidi. İddiaçı ilə İddiaçı MMC-nin mexaniki Zeynalla arasındakı WhatsApp yazışmaları və səs yazmalarının mövcudluğu, texnikanın işləməməsi və təmirin gecikməsi barədə sübutlar tədqiq edilməmişdir. Məhkəmə, bu yazışmaları nəzərə almalı və texnikanın vəziyyətinə dair ətraflı araşdırma aparmalı idi. Məhkəmə GPS məlumatlarının çıxarılmasını tələb etməməklə, işin obyektiv araşdırılmasını məhdudlaşdırmış və müqavilənin yerinə yetirilməməsiilə bağlı məsələləri düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən hazırlıq iclaslarında irəli sürülən şifahi vəsatətlərə hüquqi qiymət verməmişdir (apellyasiya şikayətində cavabdeh tərəfindən apellyasiyanın dəlilləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 676 və 677ci maddələri ilə əsaslandırılmışdır).
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclaslarına apellyasiya şikayətini vermiş Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 gəlmişlər. Lakin, məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclaslarında apellyasiya şikayəti vermiş Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e-2-2(117)- 37/2025 nömrəli Qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, İddiaçı MMC tərəfindən 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli icarə müqaviləsinə əsasən onun sahibkar olaraq işğaldan azad olunmuş ərazilərdə tikinti işlərinin aparılması ilə əlaqədar Füzuli rayonu ərazisinə 09 avqust 2024-cü ildə göndərilmiş icarə predmeti olan “Buldozer Shantui SD22” markalı **-AB-*** nömrəli texnika iddiaçının işçiləri tərəfindən işlədilməli və təyinatı üzrə istifadə edilməli olduğu halda, iddiaçı tərəfindən bu öhdəlik yerinə yetirilməmiş və iddiaçının göndərdiyi işçilər buldozerin bıçağının əyri olması və kondisionerin işləməməsi səbəbini göstərməklə, işləməkdən imtina etmişlər. O, bu nöqsanların aradan qaldırılması üçün iddiaçının bu işlər üzrə səlahiyyətli işçisi olan Zeynal adlı şəxslə dəfələrlə “votsap” vasitəsi ilə danışıqlar aparmasına baxmayaraq, iddiaçı tərəf bu nöqsanları aradan qaldırmamış və 21 avqust 2024-cü ildə isə onun etirazlarına baxmayaraq, həmin texnikanı geri aparmışlar. Bu isə onun mənafeyinə zidd olmuşdur. Çünki, müqavilə şərtlərinə uyğun olaraq həmin texnikanın Bakı şəhərindən Füzuli rayonuna gətirilməsi xərcini özü çəkərək, bunun üçün yük daşıma xidmətinə 2000 manat məbləğində pul ödəmiş və eyni zamanda texnikanın 500 litrlik yanacaq çənini yanacaqla doldurmuşdur. Buna baxmayaraq, o, həmin texnikadan bir gün də olsun təyinatı üzrə istifadə edə bilməmişdir. İddiaçı tərəfindən göndərilmiş hər iki opretor isə buldozeri işə salıb əraziyə getsələr də, təyinatı üzrə işləyə bilmədiklərini deyib, işləməkdən imtina etmişlər. Bütün bu hallara görə də, onun işi pozulmuş və maddi zərər görmüşdür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən 12 iş günü üçün ondan icarə haqqı tutulması tamamilə əsassızdır. Çünki, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmədiyinə görə, ondan icarə haqqı tutula bilməzdi. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi Nümayəndə2 da apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli Qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi . Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, 2024-cü ildə fərdi sahibkar Cavabdeh Xalləddin oğlunun yanında sahə rəisi işləmişdir. Füzuli rayonu ərazisinə gətirilmiş “Buldozer Shantui SD22” markalı **-AB-*** nömrəli texnika gəldikdən sonra Bərxuda adlı operator gəlmiş və 1-2 saat işlədikdən sonra texnikanın bıçağının işləməməsi səbəbindən işləməkdən imtina edib getmişdir. Bir neçə gün sonra isə Zeybulla gəlmiş və o, da 1 saata yaxın işlətdikdən sonra texnikanın kondisioneri işləmədiyini deyib, işləməkdən imtina edib getmişdir. Həmin vaxt ərazidə olan başqa texnikalarişləsə də, bu texnika təyinatı üzrə işlədilməmişdir. əmin texnika təxminən 10 gün qaldıqdan sonra sahibləri tərəfindən aparılmışdır. Bundan əlavə, apellyasiya icraatı zamanı apellyasiya şikayəti vermiş cavabdeh tərəf məhkəməyə 2024-cü ilin avqust ayına aid “Texnikaların günlük iş tabeli” adlanan sənədləri təqdim etmişdir. Həmin sənədlərdə olan qeydlərlə müəyyən olunur ki, həmin dövrdə Cavabdeh Füzuli rayonunun işğaldan azad olunmuş ərazidə apardığı tikinti işlərinə gündəlik 7-8 texnika cəlb olunmuş və həmin texnikalardan biri də iddiaçı MMC-nin göndərdiyi “Buldozer Shaunti SD 22” markalı, 10AB824 dövlət qeydiyyat nişanlı texnikadır. Həmin sənədlərdə digər texnikaların qeyd olunan günlərdə tam iş günü ərzində fəaliyyət göstərdiyi qeyd olunaraq, müvafiq qaydada imzalarla təsdiq edilsə də, “Buldozer Shaunti SD 22” markalı, 10AB824 dövlət qeydiyyat nişanlı texnikanın adının qeyd olunduğu qraflarda “bıçaq işləmir”, “kondisioner işləmir”, “operator evə getdi”, “işə çıxmayıb” və “işləmir” kimi qeydlər yazılmışdır. Eyni zamanda, apellyasiya icraatı zamanı apellyasiya şikayəti vermiş Cavabdeh məhkəməyə 2024-cü ilin avqust ayında İddiaçı MMC-nin icarəyə verilmiş texnikası üzrə məsul şəxs olan Zeynal adlı işçi ilə “votsap” əlaqəsini, yəni onunla bir-birinə “səs göndərməklə” baş tutmuş danışıqları əks etdirən səs yazılarını və bu əlaqənin “skrin” edilmiş şəkillərini məhkəməyə təqdim etmişdir. Həmin səs göndərməklə aparılan danışıqların məzmunu ilə müəyyən olunmuşdur ki, icarəçi Cavabdeh icarəyə götürdüyü “Buldozer Shaunti SD 22” markalı, 10AB824 nömrəli texnikanın tikinti ərazisinə gətirildiyi ilk gündən “bıçaq” hissəsində və “kondisioner” hissəsində mövcud olan qüsurlar və həmin qüsurlara görə İcarəyəverənin öz göndərdiyi operatorlarının (işçilərinin) qeyd olunan texnika ilə İcarəçinin işlərini görməkdən imtina etməsi barədə İddiaçı MMC-nin icarəyə verilmiş texnikası üzrə məsul şəxsinə dəfələrlə məlumat verərək, həmin qüsurların aradan qaldırılmasını və texnikanın işləməsini tələb etmiş, həmin şəxs isə bir neçə dəfə bu qüsurları aradan qaldırıb, texnikanın işləməsini təmin edəcəyini bildirsə də, bu vədini yerinə yetirməmiş və texnikanın gətirilməsindən təxminən 10 gün sonra İcarəçinin etirazına baxmayaraq, həmin texnikanı geri aparmışlar. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı apellyasiya şikayəti vermiş Cavabdeh vəsatəti əsasında və eyni zamanda, mübahisənin xüsusiyyətlərinə uyğun olaraq 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş “Buldozer Shantui SD22” markalı **-AB-*** qeydiyyat nişanlı texnikanın 09 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək olan dövrə aid “GPS-treker” məlumatlarının çıxarışlarının, yəni qeyd olunan həmin dövrdə texnikanın hərəkət trayektoriyası, istifadə müddətləri (saatlar) və coğrafi koordinatlar üzrə hesabatların İddiaçı MMC-dən məhkəməyə təqdim olunması tələb edilsə də, sonuncu qeyd olunanlarla əlaqədar heç bir sənəd təqdim etməmiş və ümumiyyətlə, bununla bağlı məhkəməyə hər hansı bir məlumat verməmişdir. 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e-2-2(117)-37/2025 nömrəli Qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1. əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır; 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.3. bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. 677.4. Kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, Cavabdeh apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh 5538,50 manat məbləğində əsas borc, 996,93 manat məbləğində ƏDV borcu, gecikdirilmiş müddət üzrə 276.9 manat məbləğində dəbbə pulu və 60,11 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin” hissəsində ləğv edilməli və həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və mübahisənin konkret halları ilə müəyyən edilmişdir ki, mövcud mübahisə tərəflər arasında icarə münasibətləri əsasında yaranmış mübahisədir və tərəflər arasında bağlanmış 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli İcarə müqaviləsinə əsasən iddiaçı (icarəyə verən) İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (icarəçi) Cavabdeh ƏDV daxil cəmi 14160 manat məbləğində icarə haqqı borcunun, 2407,2 manat məbləğində dəbbə pulunun və ödənilmiş 146,18 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsində aparılan araşdırmanın nəticəsi olaraq qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli qətnaməsi ilə həmin iddia qismən təmin edilərək, Cavabdeh 5538,5 manat məbləğində əsas borcun, 996,93 manat məbləğində ƏDV borcunun, gecikdirilmiş müddət üzrə 276,9 manat məbləğində dəbbə pulunun və 60,11 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli qətnaməsinə əsasən məlum iddia tələbinin bu cür, yəni qismən təmin edilməklə həll edilməsi ilə iddiaçı tərəf razılaşaraq, həmin qətnamədən şikayət verməsə də, cavabdeh tərəf bu nəticə ilə razılaşmayaraq hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e-2-2(117)-37/2025 nömrəli Qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir”. Qeyd olunanlara əsasən, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının yoxlanılması ilə əlaqədar qətnamənin apellyasiya şikayətində mübahisə edilən hissəsi üzrə araşdırma aparılmış və həmin araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında iki ədəd texnikanın icarəyə verilməsi üçün bir il müddətinə bağlanmış 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli İcarə müqaviləsinə əsasən bir ədəd “Buldozer Shantui SD22” markalı **-AB-*** qeydiyyat nişanlı texnika Bakı şəhərindən icarəyə verən İddiaçı MMC tərəfindən işğaldan azad olunmuş Fizuli rayonu ərazisində icarəçi Cavabdeh inşaat işlərinin aparıldığı yerə 09 avqust 2024-cü il tarixdə çatdırılmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyd olunan texnikanın tikinti işlərində istifadə edilməsi üçün İcarəyəverənin işçisi isə 10 avqust 2024-cü ildə həmin əraziyə gəlib işə başlasa da, həmin texnikanın bıçağının əyri olması və kondisionerin işləməməsi səbəbindən işi davam etdirməyərək, iş yerini tərk edib getmiş və bundan sonra İcarəçinin tələbi ilə İcarəyə verən tərəfindən ikinci işçi göndərilmişdir. Lakin, həmin işçi də qeyd olunan qüsurlar səbəbindən işini davam etdirməyərək, həmin iş yerini tərk edib getmiş və İcarəçinin texnikada olan qüsurların aradan qaldırılması üçün usta göndərilməsi tələbi isə təmin olunmamışdır. Bundan sonra isə 21 avqust 2024-cü il tarixdə İcarəyə verən həmin texnikanı İcarəçinin inşaat sahəsindən aparmışdır. İcarəyə verən İddiaçı MMC texnikanı apardıqdan sonra məlum müqavilənin bağlandığı 02 avqust 2024-cü il tarixindən bir ay keçdikdən sonra, yəni xx.xx.2024-cü ildə ümumilikdə ƏDV daxil cəmi 14160 manat məbləğində bir aylıq icarə haqqının ödənilməsi ilə əlaqədar İcarəçiyə elektron qaimə-faktura təqdim etmiş və həmin pul ödənilmədikdə isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə apardığı araşdırma nəticəsində məlum texnikanın cavabdehin (icarəçinin) inşaat sahəsində bir ay deyil, 12 gün olması qənaətinə gələrək, hazırkı iddianı qismən təmin edib, 12 gün üçün nəzərdə tutulan icarə haqqını tutmuşdur. Apellyasiya icraatı zamanı aparılan məhkəmə araşdırması zamanı icarə predmeti olan məlum texnikanın 12 gün İcarəçinin inşaat sahəsində olması mübahisə doğurmasa da, həmin texnikanın 12 gün ərzində İcarəçinin inşaat sahəsində təyinatı üzrə istifadə edilib-edilməməsi mübahisə doğurmuşdur. Belə ki, cavabdeh tərəf 12 gün ərzində inşaat sahəsində olan buldozerin yalnız iki dəfə və qısa müddət ərzundə, yəni tam iş günü deyil, bir-iki saat ərzində əvvəlcə İcarəyə verənin 1-ci dəfə göndərdiyi operator tərəfindən, sonra isə 2-ci dəfə göndərdiyi operator tərəfindən işə salınaraq əraziyə çıxılsa da, İcarəyəverənin öz işçilərinin demələrinə görə buldozerin təyinatı üzrə funksiyalarının yerinə yetirməsinin mümkünsüzlüyü səbəbindən iş davam etdirilməmiş və dayandırılmışdır. Qeyd etmək lazımdır ki, İcarəçi tərəfə təqdim olunarkən həmin texnikanın “təyinatı üzrə işə yararlı olması” barədə hər hansı bir sənəd, o cümlədən də təhvil-təslim aktı və s. tərtib edilməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış İcarə müqaviləsində İcarəyə verən üçün müəyyən edilmiş öhdəliklər iki hissədən ibarət olmuşdur. Yəni, birinci hissə öhdəlikləri üzrə icarəyə verən İddiaçı MMC tərəfindən “Buldozer Shantui SD22” markalı **-AB-*** qeydiyyat nişanlı texnika Bakı şəhərindən İcarəçinin işğaldan azad olunmuş Fizuli rayonu ərazisində yerləşən inşaat işləri ilə məşğul olduğu yerə aparılmalı, orada nizamlanmalı və işlək vəziyyətə salınmalı idi və eləcə də icarə müddətində icarə predmeti olan buldozeri İcarəyə verənin işçiləri (mexanik və sürücülər) idarə etməli idi (müqavilənin 2.2-ci bəndi). Lakin, iddiaçı “İcarəyə verən” olaraq, həmin öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, bununla bağlı iki nəfər işçisini ayrı-ayrı vaxtlarda həmin işlərin görülməsi üçün göndərsə də, cavabdehin (icarəçinin) inşaat işləri gördüyü yerdə həmin texnikadan təyinatı üzrə istifadə edilməsi mümkün olmamışdır. Çünki, məlum Müqavilənin tələblərinə görə İcarəçi icarə haqqını buldozerin ona göndərilməsi üçün deyil, İcarəyəverənin işçilərinin vasitəsi ilə həmin texnikadan təyinatı üzrə istifadəsi üçün ödəməli idi. Halbuki, işin hallarından görünür ki, bu mümkün olmamış, yəni İcarəçiyə göndərilmiş buldozerin qüsurları və onu idarə etmək üçün İcarəyəverən tərəfindən göndərilmiş işçilərin qeyd olunan qüsurlara görə işləməkdən imtina etmələri səbəbindən, İcarəçi həmin texnikadan təyinatı üzrə istifadə edə bilməmiş və İcarəyəverən məlum qüsurları aradan qaldırıb texnikanın təyinatı üzrə istifadə edilməsini təmin etmək əvəzinə, onu 21 avqust 2024-cü ildə geri aparmışdır. Qeyd etmək lazımdır ki, tərəflər arasında aparılan danışıqların məzmunu və həmin vaxt İcarəçiyə aid inşaat sahəsində başqa anoloji texnikalardan istifadə edilməsi ilə əlaqədar digər işçilərin işləməsi - bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən göndərilmiş texnikanın təyinatı üzrə istifadə edilməməsinin səbəbi iş şəraiti deyil, texnikanın özü və texnikanı işlətmək üçün göndərilən iddiaçıya aid işçilərin işə münasibəti ilə bağlı olmuşdur. Halbuki, məlum texnikanın Bakı şəhərindən Füzuli rayonu ərazisinə aparılması - İcarəçi olaraq cavabdehin vəsaiti hesabına icra olunduğuna görə, texnikanın qısa bir müddət sonra geri qaytarılması onun mənafeyinə uyğun olmamışdır. Bu təsvir olunanlar və işin konkret halları belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı “İcarəyə verən” olaraq tərəflər arasında bağlanmış 02 avqust 2024-cü il tarixli xx-xx/2024 nömrəli İcarə müqaviləsinin 2.2-ci bəndində nəzərdə tutulan “İcarəyə verən icarə predmetini İcarəçinin obyektinə aparır, orada nizamlayır və işlək vəziyyətə salır. İcarə predmetini İcarəyə verənin işçiləri (mexanik və sürücülər) idarə etməlidir” öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən də, cavabdeh “İcarəçi” olaraq, icarə predmetindən öz sahibkarlıq fəaliyyətində təyinatı üzrə istifadə edə bilməmişdir. Ona görə də, məlum texnika təxminən 12 gün ərzində cavabdehin inşaat sahəsində olsa da, onun bu müddət üçün iddiaçıya icarə haqqı ödəmək öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi 16 yanvar 2025-ci il tarixli e- 2-2(117)-37/2025 nömrəli qətnamə ilə iddia tələbini qismən təmin edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh “5538,50 manat məbləğində əsas borcu, 996,93 manat məbləğində ƏDV borcunu, gecikdirilmiş müddət üzrə 276,9 manat məbləğində dəbbə pulunu və 60,11 manat dövlət rüsumunu” tutmaqla düzgün nəticəyə gəlməmiş və bu nəticə - iş üzrə qanuni və əsaslı nəticə deyildir. Ona görə də, Cavabdeh (VÖEN **********) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh 5538,50 manat məbləğində əsas borc, 996,93 manat məbləğində ƏDV borcu, gecikdirilmiş müddət üzrə 276,9 manat məbləğində dəbbə pulu və 60,11 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə də iddia tələbi rədd olunmalıdır. Eyni zamanda, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh (VÖEN **********) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e-2-2(117)-37/2025 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh 5538,50 manat məbləğində əsas borc, 996,93 manat məbləğində ƏDV borcu, gecikdirilmiş müddət üzrə 276,9 manat məbləğində dəbbə pulu və 60,11 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə də iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.