Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-88/2021 17.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı- İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı 5524,56 manat ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-2(117)-533/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı MMC Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “5524,56 manat ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda elektron kabinet vasitəsilə iş üzrə iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək buraxılış ili 2013, dövlət qeydiyyat nişanı **-AA-***, markası SSANG YONG minik, buraxılış ili 2013, dövlət qeydiyyat nişanı **-AA-***, markası SSANG YONG minik, buraxılış ili 2012, dövlət qeydiyyat nişanı **-AA-***, markası SSANG YONG minik, buraxılış ili 2013, dövlət qeydiyyat nişanı **-AA-***, markası SSANG YONG minik, buraxılış ili 2019, dövlət qeydiyyat nişanı **-AN-***, markası X3 minik, buraxılış ili 2011, dövlət qeydiyyat nişanı **-AF-***, markası Mitsubishi Pajero minik, buraxılış ili 2009, dövlət qeydiyyat nişanı **-AU-***, markası Hundai Sonata minik, buraxılış ili 2009, dövlət qeydiyyat nişanı **-AC-***, markası Honda CRV minik, buraxılış ili 2000, dövlət qeydiyyat nişanı **-AV-***, markası Mercedes Benz 240 minik, buraxılış ili 2007, dövlət qeydiyyat nişanı **-AK-***, markası Kia Sportage minik avtomobillərinin üzərinə həbs qoyulması və avtomobillərin saxlanılaraq duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tаrixli, 2-2(117)-533/2021 saylı (hakim Rüfət Məcidov) qərardadı ilə iddiaçı «Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh «Kirs” firmasına qarşı 5524,56 manat ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə İddiaçı MMC-nin iddianın təmin tədbirinin görülməsinə dair ərizəsi təmin edilməmişdir. İddiaçı «Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Şəki Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tаrixli, 2-2(117)-533/2021 saylı qərardadından şikayət verərək bildirmişdir ki, aktlara cavabdehin əməkdaşlarının da imza etməsi həmin zərərin cavabdeh tərəfindən vurulduğunu sübut edir. Bundan əlavə cavabdeh dəymiş ziyanın bir hissəsini ödəmiş və ödəniş qəbzi işə əlavə edilmişdir. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-2(117)-533/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tаrixli, 2-2(117)-533/2021 saylı qərardadı ilə şikayət baxılması üçün kommersiya işi ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tаrixli, 2-2(117)-533/2021 saylı qərardadının ləğv edilməsini və iddianın təmin tədbirinin görülməsinə dair ərizənin təmin edilməsini xahiş etmişdir İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-2(117)-533/2021 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gələrkən belə hesab etmişdir ki, .... tədbir qətnamənin gələcəkdə icrasnı təmin etməyə yönələn tədbir olsa da hazırki vəziyyətdə cavabdehə məxsus əmlakların üzərinə həbsin qoyulması mümkün deyil. Belə ki, iddiaçının tələbinin əsaslı olub-olmaması məhkəmə baxışının predmetini təşkil edir və hazırkı vəziyyətdə iş materiallarında zərərin məhz cavabdeh tərəfindən vurulmasına dair əsaslı sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı saymır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianın təmin etmək tədbiri qismində müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbirləri görülə bilər. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi, iddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. iddianı təmin etmək barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. İddia ərizəsindən göründüyü kimi iddiaçı «Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh «Kirs” firmasındən 5524,56 manat ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh «Kirs” firmasının üzərinə həbs qoyulması lazım olan əmlaklarının konkret siyahısı müəyyən edilməklə iddia tələbi həcmində əmlakı üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. 158.4. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Həmin Məcəllənin 158.4-cü maddəsində isə təsbit edilmişdir ki, cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Göstərilən müddəaların tətbiqi baxımından kollegiya qeyd edir ki, pul tələblərinə dair işlərə baxılarkən məhkəmə konkret əmlakın üzərinə həbs qoymadan ümumən cavabdehə məxsus əmlakın üzərinə iddia tələbi həcmində həbs qoyulması məsələsini həll etməlidir. Çünki pul tələbləri üzrə əmlak üzərinə həbs qoyularkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsində təsbit olunmuş ardıcıllığa əməl edilməlidir. Həmin ardıcıllığa uyğun olaraq cavabdehə məxsus olan əmlakları aşkar etmək və onların üzərinə məhkəmə qərarına uyğun olaraq iddia tələbi həcmində həbs qoymaq isə “İcra haqqında” Qanuna uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilməli olan vəzifədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin başqa bir əmlakına həbs qoyulması cavabdehin mülkiyyətinə müdaxilə kimi qiymətləndirilər ki, bu da, yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 avqust 2014-cü il tarixli, 2-796 nömrəli icmal məktubunda qeyd edilmişdir ki, iddianı təmin etmək üçün tədbirlərin siyahısı Azərbaycan Respublikası MPM-nin 158-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilnlərə müvafiq olaraq avtomobillər ilə bağlı cavabdeh və digər şəxslərdə olan cavabdehə məxsus əmlak, o cümlədən avtomobillər üzərində həbs qoyulması, avtomobillərin özgəninkiləşdirilməsi, idarə edilməsi və avtomobillərlə bağlı digər hərəkətlərin görülməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmək barədə tədbirlər görülə bilər. Avtomobillərin özgəninkiləşdirilməsi, idarə edilməsi və avtomobillərlə bağlı digər hərəkətlərin görülməsinin cavabdeh və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmək tədbirləri barədə qərardadlar qəbul edərkən avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə həvalə edilməsi kimi göstərişlərin qərardadlara əlavə etməsi mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq deyildir. Belə ki, məhkəmələrin iddianın təmini ilə əlaqədar avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının Azərbaycan Respublikası DİN-nin BDYPİnə həvalə edilməsi avtomobillərin istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb olduğuna görə məqsədə müvafiq hesab edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tаrixli, 2-2(117)-533/2021 saylı qərardadı ləğv edilməli, iddiaçı «Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilməli, cavabdeh «Kirs” firmasına məxsus buraxılış ili 2013, dövlət qeydiyyat nişanı **-AA-***, markası SSANG YONG minik avtomobilinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikаyət qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tаrixli, 2-2(117)-533/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı «Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti qismən təmin edilsin. Cavabdeh «Kirs” firmasına məxsus buraxılış ili 2013, SSANG YONG markalı dövlət qeydiyyat nişanı **-AA-*** olan minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-88/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-88/2021
17.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver