Məhkəmə qərarları › İş №2-2(107)-9/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-9/2021

22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-9/2021 22.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı QSC BOKT-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC X5 Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “4125,35 manat əsas borc, 301,38 manat faiz borcu olmaqla cəmi 4426,73 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-421/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-421/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4125,35 manat əsas borc, 301,38 manat faiz borcu olmaqla cəmi 4426,73 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin müştərək qaydada tutularaq İddiaçı QSC X5 Təşkilatına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı QSC X5 Təşkilatının Şəki filialı (iddiaçı) ilə fermer Cavabdeh2 (cavabdeh) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış TM-057/19 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə tütün məhsulu əkib becərməsi üçün illik 10 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit vəsaiti verməyi, sonuncu isə kredit məbləğini faizi ilə birlikdə xx.xx.2019-cu il tarixədək olan müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə “Borcalan”ın (cavabdehin) əkib becərərək əldə edəcəyi yaşıl tütün yarpaqlarını qəbul etməli olan X6 və Emalı Məntəqəsi “Tədarükçü” qismində, sonuncunun tədarük edəcəyi məhsulu alıb dəyərini “Borcalan”a ödəməli olan “xxxx” MMC isə “Alıcı” qismində iştirak etmişlər. Eyni zamanda, xx.xx.2019-cu il tarixdə İddiaçı QSC BOKT-nin Şəki filialı ilə Cavabdeh1 arasında borcalan Cavabdeh2 TM-057/19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsini öz üzərinə götürməsi barədə ZT-057/19 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 11677 manat pul vəsaiti vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 4426,73 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit öhdəliyini yerinə yetirmədiyindən onun 4125,35 manat məbləğində əsas borcu qalmış və 301,38 manat məbləğində faiz borcu yaranmışdır (cəmi borc 4426,73 manat məbləğində). Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, onların ünvanına xx.xx.2020-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Məhkəmə tərəfindən bu materialların məzmununa istinad edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-421/2020 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən işin faktiki halları və onun faktiki vəziyyəti nəzərə alınmamışdır. Belə ki, 2019-cu il mövsümündə “Yaşıl tütünün alqı-satqısı”na dair “X3” MMC ilə aralarında bağlanmış müqavilə üzrə o, müvafiq keyfiyyətdə və miqdarda yaşıl tütün yetişdirib şirkətə təhvil verməyi, “xxxx” MMC isə müvafiq maliyyələşməni (kredit zəmanəti çərçivəsində), aqrotexniki tövsiyələri və məhsulun alınmasını təmin etməyi öhdəsinə götürmüşdür. Lakin fermerlərə, eləcə də ona “xxxx” MMC tərəfindən keyfiyyətsiz toxum paylanışı səbəbindən əksər şitilliklərdə 40-50 faiz bitiş alınmışdır. Təkrar əkin üçün verilmiş toxum da keyfiyyətsiz olduğundan şitil çatışmazlığı yaranmış və şitillərin sahələrə köçürülməsi 1 ay müddətində gecikdirilmişdir. Ona görə də lazımi aqrotexniki tədbirlər aparılmasına baxmayaraq, tütün sahəsində inkişafın zəif olması, sahədə çiçək açma və sort müxtəlifliyi müşahidə olunmuşdur. Bütün bu səbəblərdən tütün əkini ilə bağlı götürdüyü kreditin ödənilməsi sahəsində ciddi problemlər yaranmışdır. Hazırda yaranmış kredit borcu bilavasitə şirkətin təqsirkar olması səbəbindəndir. Hətta, bununla bağlı Qax Rayon İcra Hakimiyyətinə kollektiv müraciət olunmuş, İcra Hakimiyyəti tərəfindən Qax DAİM mütəxəssislərinin, “xxxx” MMC-nin və X6 və Emalı Məntəqəsinin rəhbər və mütəxəssislərinin, həmçinin onların işirakları ilə müraciət araşdırılmış, müzakirə zamanı şirkətin nümayəndəri toxumla bağlı yaranmış problemi etiraf etmişlər. Buna görə də hesab edir ki, kredit öhdəliyini yerinə yetirə bilməməsinin ondan asılı olmaması səbəbindən apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2- 2(117)-421/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC BOKT-nın nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-421/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-421/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli TM-057/19 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə tütün istehsalı üçün illik 10 faiz dərəcəsi ilə əsas və faiz borclarının xx.xx.2019-cu ilədək tam ödənilməsi şərtilə 15000 manat kredit verməyi, borcalan borcverəndən kredit şəklində alacağı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə “Tədarükçü”yə (X6 və Emalı Məntəqəsinə) təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu “Alıcı” (“xxxx” MMC) isə məhsulun dəyərini borcalana ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı (borcverən) kredit müqaviləsi üzrə borcalana ümumilikdə 11677 manat pul vəsaiti vermiş, cavabdeh (borcalan) isə öhdəliyini yerinə yetirmədiyindən onun 4125,35 manat məbləğində əsas borcu qalmış və 301,38 manat məbləğində faiz borcu yaranmışdır (cəmi borc 4426,73 manat məbləğində). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4125,35 manat əsas borc, 301,38 manat faiz borcu olmaqla cəmi 4426,73 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı QSC X5 Təşkilatına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449-cu mаddəsinə əsаsən, kreditоrun bоrcludаn fаizlərin ödənilməsini tələb etmək hüququ vаrdır. Mülki Məcəllənin 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsasən, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Həmin Məcəllənin 472.2-ci mаddəsinə görə, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Hazırkı mübahisədə iddiaçı müqavilə şərtlərinə riayət edərək kredit məbləğini cavabdehə versə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun əsas kredit məbləği üzrə 4125,35 manat, faizlər üzrə 301,38 manat borcu yaranmışdır. Cavabdeh məhkəməyə verdiyi izahatında və apellyasiya şikayətində borcunun yaranma səbəbi kimi fermerlərə, o cümlədən ona “xxxx” MMC tərəfindən keyfiyyətsiz toxum verilməsini və bununla əlaqədar əksər şitilliklərdə 40-50 faiz bitiş alınmasını, təkrar əkin üçün verilmiş toxum da keyfiyyətsiz olduğundan şitil çatışmazlığının yaranmasını və şitillərin sahələrə köçürülməsinin 1 ay gecikdirilməsini, ona görə də lazımi aqrotexniki tədbirlər aparılmasına baxmayaraq tütün sahələrində bitiş və məhsuldarlığın zəif olmasını, nəticədə gözlənilən məhsul və gəlirin əldə edilməsinin mümkün olmamasını, bütün bu hallara görə tütün əkini ilə bağlı götürdüyü kredit vəsaitini qaytara bilməməsini və iddiaçı qarşısında kredit borcunun yaranmasını göstərmişdir. Cavabdeh həmçinin onun qalan kredit borcunun, eləcə də bütövlükdə ona dəymiş zərərin “xxxx” MMC tərəfindən ödənilməli olduğunu, kredit borcu ilə bağlı ona qarşı irəli sürülmüş tələbi qəbul etmədiyini bildirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bağlanmış müqavilənin şərtlərinin ona münasibətdə müqavilənin digər iştirakçıları (“Alıcı” və ya “Tədarükçü”) tərəfindən pozulduğunu və bunun nəticəsində zərər (maddi ziyan) çəkdiyini hesab etdiyi halda həmin iştirakçılara qarşı məhkəmədə müvafiq tələblər irəli sürə bilər. Lakin hazırkı işdə iddiaçı sözügedən müqavilə üzrə “Borcverən”dir və bu işin icraatı çərçivəsində cavabdehin (Cavabdeh2) başqalarına, yəni müqavilənin digər (iddiaçıdan savayı) iştirakçılarına qarşı tələblərinə baxıla bilməz. Belə ki, MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi iddia tələbləri üzrə qətnamə çıxarır... Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin zərər çəkməsinə, o cümlədən kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsinə səbəb olmuş hallar iddiaçının həmin müqavilə üzrə öhdəliklərini pozması, yaxud qarşı tərəfin müqavilə öhdəliklərini yerinə yetirməsinə mane olan hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Digər tərəfdən, kredit müqaviləsində cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsi ona münasibətdə müqavilənin digər iştirakçılarının öz öhdəliklərini yerinə yetirməsindən asılı edilməmişdir. “Alıcı” (“xxxx” MMC) tərəfindən cavabdehə lazımi keyfiyyətdə tütün toxumunun verilməməsi səbəbindən gözlənilən məhsuldarlığın və gəlirin əldə edilməməsi sonuncunu tütün əkini ilə bağlı götürdüyü kredit üzrə qalan borcu ödəmək vəzifəsindən azad etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, аpellyаsiyа şikayəti təmin edilmədən, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-421/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 421/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar