Məhkəmə qərarları › İş №2-2(107)-90/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-90/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-90/2023 12.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdovа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış ******* manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İşə əlavə edilmiş xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12 saylı kredit müqaviləsinə əsasən, kreditor "xxxx" İKB ASC dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə ******* manat pulu 36 ay müddətinə illik 15%-lə borclu Cavabdeh ASC-nin sədri X5 verməyi, borclu isə müəyyən edilmiş qaydada əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür.

2. İşə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə 2.934.383 manat əsas borc, xx.xx.2013-cü il tarixədək hesablanmış 407.560,79 manat faiz borcunun, cəmi 3.341.973,79 manat pulun tutulması, tutmanın Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-nə məxsus olan 87,5862%-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-nə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380.520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761.040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə 3.820.000 manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X4 ödənilməsi qət edilmişdir.

3. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)- 708/2014 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi Cavabdeh ASC-yə məxsus avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir və həmin avadanlıqların ilkin satış qiyməti 281.427 manat müəyyən edilmişdir.

4. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)- 708/2014 nömrəli qətnaməsi icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin böyük icra məmuru Sərdarov Məmmədin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-708/2014 nömrəli icra sənədi üzrə icraata başlanmışdır.

5. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2015-ci il tarixdə “Tələbin könüllü icrası barədə” bildiriş verilmişdir.

6. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə “Borclunun əmlakın üzərinə həbs qoyulması və siyahıya alınması barədə” protokol tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır.

7. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə Nümayəndə2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə verdiyi izahatında Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-nə məxsus olan 87,5862%-İ hissəsində səhmləri Bakı şəhərində yerləşən Milli Depozit Mərkəzində yerləşdiyindən icra sənədinin həmin hissədə aidiyyəti üzrə göndərilməsi xahiş edilmiş, qalan hissədə isə öhdəliyin tərəfindən təmin edildiyini bildirmişdir.

8. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə Cavabdeh ASC-nin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, dövlət büdcəsinə 2015-ci ilin yanvar ayından 50 min manatdan çox borc ödənilmişdir. Həmçinin, ödənilməmiş vergi borcları mövcuddur. Həmin borclar tam ödənilməyənədək Nikoyl İKB banka olan borcun ödənilməsi mümkün deyildir.

9. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi xx.xx.2015-ci il tarixdə "xxxx" X4 təklif göndərərək üzərinə həbs qoyulmuş Cavabdeh ASC-yə məxsus ilkin satış qiyməti 761040 manat olan 380520 ədəd səhmi və ilkin satış qiyməti 281427 manat olan 77 ədəd daşınar əmlakın alınmasını təklif etmişdir.

10. İşə əlavə edilmiş "xxxx"MMC tərəfindən ümumi qiyməti 281427 manat məbləğində 77 adda daşınar əmlakların hərrac vasitəsilə satılması ilə bağlı xx.xx.2016-ci il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a hərraclar təyin edilmiş, nəhayət xx.xx.2016-cı il tarixdə satış həyata keçirilmişdir.

11. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən keçirilən “Hərracın yekunları barədə” xx.xx.2016-ci il tarixli 25/01-1 nömrəli Protokoldan görünür ki, sifariş məktubunda və icra vərəqəsində qeyd edilən əmlakların 196.998,90 manat məbləğində hissəsi alıcı X3 adlı şəxsə satılmışdır.

12. İşə əlavə edilmiş RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 hektar torpaq sahəsində yerləşən 5866,7 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh ASC-nin tam mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

13. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli Çıxarışla Mingəçevir şəhəri Heydər Əliyev prospekti,65 ünvanında yerləşən 14,5418 hektar torpaq sahəsində olan 6184,3 kv.m qeydi-yaşayış sahəsi Cavabdeh ASC-nin xüsusi mülkiyyətindədir.

14. İşə əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 8(006)-917/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərardadı ilə

15. İşə əlavə edilmiş Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır (Həmin qərardad iş materiallarına əlavə edilmişdir).

16. İşə əlavə edilmiş DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur.

17. İşə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatda qeyd edilmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin qiyməti 650.000 manat müəyyən edilmişdir.

18. İşə əlavə edilmiş "xxxx" Bank xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, qətnamə icraya yönəldikdən sonra Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862 %-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. Bundan əlavə, Cavabdeh ASC-yə məxsus əsas 83 adda, 86 ədəddən ibarət avadanlıqlar, maşın və mexanizmlər hərrac vasitəsi ilə 182.927 manata satılmışdır. Həmin məktubda "xxxx" İKB ASC bildirir ki, borclu Cavabdeh ASC-nin səhmlərinin artıq 87,5862 % həcmində olan hissəsinin səhmdarı olması nəzərə alınarsa icra səndi üzrə "xxxx" İKB ASC həm tələbkar, həm də borclu (Azərkabel ASC-yə münasibətdə) qismində çıxış edir ki, bu da qanunvericiliyin tələbinə ziddir. Bu səbəbdən "xxxx" İKB ASC Mİngəçevir İcra şöbəsindən Cavabdeh ASCyə münasibətdə icra tədbirlərinin dayandırılmasını, icra sənədinin "xxxx" MMC hərrac mərkəzindən geri qaytarılmasını, icra sənədi üzrədigər borclulara münasibətdə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir.

19. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, icra müddəti ərzində tələbkar “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur.

20. İşə əlavə edilmiş Yelo Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış və ödəniş sənədlərindən müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə CavabdehASC tərəfindən xx.xx.2014-cü il tarixdə 7333,90 (yeddi min üç yüz otuz üç manat doxsan qəpik) manat, xx.xx.2015-ci il tarixdə 761040 (yeddi yüz altmış bir min qırx) manat məbləğində və xx.xx.2016-cı il tarixdə 182927 (bir yüz səksən iki min doqquz yüz iyirmi yeddi) manat, cəmi 951300,90 (doqquz yüz əlli bir min üç yüz manat doxsan qəpik) manat məbləğində ödənişlər edilmiş, 2 390 672,89 manat borc qalmışdır.

21. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən tərəflər arasında bağlanan müqavilə üzrə borclu tərəfindən cəmi 951300 manat məbləğində ödəniş etmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixə ödənilməyən borca münasibətdə illik beş faizlə hesablanan faiz borcu 1.070.851,35 manat məbləğində müəyyən olunur.

22. İşə əlavə edilmiş Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin çıxarışlardan görünür ki; - "xxxx" İKB ASC-nin xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Qanuni təmsilçisi X6r. - Cavabdeh ASC-nin təsisçiləri 87,5862 % hissə ilə əvvəlki adı “Topaz İnvestments Limited” QSC , hazırkı isə "xxxx" MMC və reyestrdə göstərilən digər şəxslərdir. xx.xx.2022-ci il tarixə Müşahidə şurasının üzvləri isə X13, X11 və Nümayəndə1dur. - "xxxx" MMC-nin tək təsisçisi və rəhbəri X10r.

23. İşə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-yə məxsus olan 87,5862 %-i, yəni, 380520 ədəd adi adlı sənədsiz səhmlər xx.xx.2015-ci il tarixdə 761040 manat dəyərində "xxxx" İKB ASCnin balansına keçmişdir. xx.xx.2017-ci il tarixli səhmlərin alqı-satqı müqaviləsinə əsasən, bankın balansında olan 380.520 ədəd adi adlı sənədsiz səhmlər 761.040 manata “Topaz İnvestments Limited” QSC-yə satılmışdır.

24. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli “Səhmlərin alqı-satqı müqaviləsi”nə əsasən satıcı "xxxx" İKB ASC 380520 ədəd adi adlı səhmləri hər biri 2 manat olmaqla 761.040 manata “Topaz İnvestments Limited” QSC-yə satdı.

25. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 175/2023 saylı qətnaməsində əldən çıxmış fayda hesablanarkən cavabdehin pul öhdəliyinin icra edilməməsində təqsirli pozuntusunun olması səbəbi ilə əldən çıxmış fayda MM-nin 447.5-ci maddəsinə əsasən hesablanmışdır. Bu barədə tələb təmin edilmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış ******* manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, 2012-ci il tarixli məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən borcun ödənilməsi qət edilmişdir. Qətnamədən sonra müəyyən ödənişlər edilmişdir. Lakin, borc tam ödənilməmişdir. Kredit borcunun ödənilməsi üçün girov qoyulmuş əmlaklar satışa qoyulmuş, 2016-ci ildə cavabdehdə olan səhmlər və daşınar əmlakları satılmışdır. Əmlakların satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyinə görə Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən ödənilməyən pul məbləğinə illik 5 faiz olmaqla hesablanmış zərər məbləğini istəyirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, müəssisənin vergiyə borcu olduğundan bankdan kredit götürüblər. Müəssisənin 16 ha torpaq sahəsi və həmin torpaq sahəsində qeyri-yaşayış tikililələri vardır. Həmin torpaqların və binaların sahibi Yelo bankdır. Hazırda da iddiaçı bank cavabdehin idarəedicisidir. Belə ki, iddiaçı Bankın hər hansı bir qərarı olmadan cavabdeh heç bir hərəkət edə bilməz. Qeyd edilən torpağın bir hissəsini satmaqla borc tam formada ödənilmiş olar. Vaxtı ilə iddiaçı təşkilat özü müvafiq qərarının icrasını cavabdehin torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə yönəldilməməsini tələb etmişdir. Torpağı bir hissəsi satılsa banka olan borclarını ödəyə bilərlər. Onda olan məlumata görə "xxxx" MMC bankın törəmə müəssisəsidir. Hazırda o cavabdeh hüquqi şəxsin direktoru olaraq bütün qərarları Yelo Bankın göstərişi ilə qəbul edir. Bankın iddiası əsassızdır, Ona görə də təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

29. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.

30. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.074.376 manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1, 386.1, 425.1, 430.1, 442, 443.1, 443.7, 443.9, 443.10, 445.1, 445.4, 445.5, 445.6, 445.7 və 445.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

32. İddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikаyəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

33. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar olmuş, əlavə olaraq göstərilmişdir ki, cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməmiş, nəticədə bank məhkəməyə müraciət etmiş və yekunda qanuni qüvvədə olan məhkəməsi qətnaməsi icra olunması üçün icra qurumuna göndərilmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə verilən günədək cavabdeh borcu qaytarmadığından artıq bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Birinci instansiya məhkəməsi sözügedən normaya istinad edərək iddianı rədd etməklə maddi hüququ normasının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə qeyd olunan norma ilə bağlı bildirmişdir ki, cavabdeh tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı maneəçilik törədilməmiş, ödənilməmiş borc məbləğindən hər hansı gəlirin götürülməsi halları və ya qanunsuz saxlanılma kimi təqsirli hallar müəyyən edilməmişdir. Hesab edirlər ki, Məcəllənin 449-cu maddəsinin bu işə tətbiqi düzgün deyil ona görə ki, həm həmin normadan, həm də ki, məhkəmənin özünün istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarından açıq şəkildə görünür ki, qeyd olunan maddənin dispozisiyası tamam fərqli münasibətlərdən bəhs edir. Məhz normadan göründüyü kimi borclu pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmışdırsa, bu zaman 449-cu maddə tətbiq olunmalı idi. İddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil etməsinə baxmayaraq, məhkəmə səhvən 449-cu maddəsinin tələblərindən çıxış edərək o qənaətə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamışdır. Hazırkı iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində faizin ödənilməsidir. Hazırkı işdə birinci instansiya məhkəməsinin nəyə görə İddiaçı ASC-nin Cavabdeh ASC-nin idarəçisi olduğu qənaətinə gəlməsini heç bir mötəbər sübutlarla əsaslandırmamış, yalnız cavabdehnin nümayəndəsinin izahatına istinad edərək bu nəticəyə gəlməsi düzgün olmamışdır. Hesab edirlər ki, Cavabdeh ASC ilə bağlı məhkəmənin özünün vergi orqanına müraciəti əsasında tam cavab almış, açıq şəkildə İddiaçı ASC-nin həmin cəmiyyətlə heç bir hüquqi bağlılığının olmadığı təsdiqini tapmışdır. Yox əgər məhkəmə İddiaçı ASC tərəfindən Mingəçevir İcra Şöbəsinə yazılmış xx.xx.2017-ci il tarixli 02-336 nömrəli məktuba istinad edərək bu qənaətə gəlmişdirsə, yenə də bu məktub məhkəmənin belə qənaətə gəlməsi üçün əsas deyildir. Qeyd olunan normaya əsasən cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvü fiziki şəxs olmalıdır. Direktorlar şurasının (müşahidə şurasının) üzvlüyünə, nizamnamədə başqa hal nəzərdə tutulmamışdırsa, cəmiyyətin səhmdarı olmayan şəxs də seçilə bilər. Cəmiyyətin icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) direktorlar şurasına (müşahidə şurasına) üzv seçilə bilməz. Göründüyü kimi səhmdar cəmiyyətinin müşahidə şurasının üzvlərinin kimlər ola bilməsi, həmçinin bu üzvə kimin təyin oluna bilməməsi açıq şəkildə göstərilmişdir. Məhkəmənin İddiaçı ASC-nin əməkdaşı olan Nümayəndə1 eyni zamanda həm də Cavabdeh ASC-nin müşahidə şurasının üzvü olmasını önə çəksə də, nəzərə almaq lazımdır ki, Nümayəndə1 belə vəzifə tutmasında heç bir məhdudiyyət olmamışdır. Qanunvericilikdən göründüyü kimi səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Hazırkı işdən göründüyü kimi Cavabdeh ASC-nin səhmlərinin 87,5862 faizi "xxxx" MMC-yə, qalanları isə digər şəxslərin mülkiyyətindədir. Mülki Məcəllənin 106-1.3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin əsas hüquqlarından biri də cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilməkdir. Göründüyü kimi cəmiyyətin idarəedicisi bir başa səhmin mülkiyyətçisinin səlahiyyətindədir, səhm sahibi özü cəmiyyəti qanuna uyğun şəkildə idarə etməkdə sərbəstdir. Birinci instansiya məhkəməsi Cavabdeh ASC-nin idarəedicisinin İddiaçı ASC olmasını göstərsə də, anlamaq olmur ki, İddiaçı ASC borclu Cavabdeh ASC-nin səhmlərinin 87,5862 faizi əldə etdikdən təxminən 3 ay sonra bir başqa cəmiyyətə, hətta həmin cəmiyyət də yekunda "xxxx" MMC-yə satmışdır. Bu qeyd olunanlar ona əsas verir ki, İddiaçı ASC hazırkı dövrdə borclu Cavabdeh ASC-nin səhm sahibi olmamış, ümumiyyətlə bu cəmiyyətin idarəçiliyində söz sahibi deyildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilərək Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

35. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

36. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavbadehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

37. Apellyasiya baxışı zamanı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

38. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdeh v\ üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

39. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Mülki Məcəllə

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir.

45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

47. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

49. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

50. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.

51. Maddə 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.

52. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

53. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

54. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

55. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

56. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

57. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

58. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

Mülki Prosessual Məcəllə:

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

65. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

66. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

67. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

68. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin “iddia müddətinin tətbiqi barədə” ərizəsi ilə bağlı göstərmişdir ki, hazırkı iddia tələbi üzrə əldən çıxmış fayda qismində tələb edilən pul məbləği Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada tutulması qət edilmiş vəsaitin ödənilməməsi ilə bağlıdır. Həmin qətnamə qeyd edilən hissədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-708/2014 saylı qətnaməsi ilə qismən dəyişdirilsə də qüvvədə qalmış və icraya yönəldilmişdir.

71. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə əsasən, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi, məhkəmə qərarı ilə əmələ gələn tələb üzrə iddia müddəti 30 il müəyyən olunmuşdur. Odur ki, hazırkı iddia tələbi üzrə iddia müddəti keçməmişdir.

72. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, hazırkı tələb məhkəmə qərarına əsasən əmələ gələn tələb deyil, öhdəlikdən irəli gələn pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində faizin ödənilməsi barədə tələbdir.

73. Ona görə də hazırkı mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 551.1-ci maddəsi tətbiq edilməlidir ki, həmin normanın tələbinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi PlenumununAzərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixliQərarında göstərilmişdir ki, “...Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir”. ...

75. Qeyd edilənlərə əsasən, cavabdehin hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülməsi barədə bəyanı əsassızdır.

76. Müəyyən edilmişdir ki, iddiaçı olan hazırkı İddiaçı ASC hüquqi varisi olduğu bank "xxxx" İKB ASC tərəfindən xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12 saylı kredit müqaviləsinə əsasən, ******* manat pulu 36 ay müddətinə illik 15%-lə Cavabdeh ASC-nin sədri X5 verməyi, borclu isə müəyyən edilmiş qaydada əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən, kreditor "xxxx" İKB tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə 2.934.383 manat əsas borc, xx.xx.2013-cü il tarixədək hesablanmış 407.560,79 manat faiz borcunun tutulması, tutmanın Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-nə məxsus olan 87,5862%-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-nə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə 3.820.000 manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-708/2014 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsi Cavabdeh ASC-yə məxsus avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir və həmin avadanlıqların ilkin satış qiyməti 281.427 manat müəyyən edilmişdir.

77. Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar görülən işlər iş materiallarında öz əksini tapmışdır. Qətnamə icraya yönəldikdən sonra Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862 %-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. Bundan əlavə, Cavabdeh ASC-yə məxsus əsas 83 adda, 86 ədəddən ibarət avadanlıqlar, maşın və mexanizmlər hərrac vasitəsi ilə 182.927 manata satılmışdır. xx.xx.2015-ci il tarixdə 761.040 manat dəyərində səhm "xxxx" İKB ASC-nin balansına keçmiş, xx.xx.2017-ci il tarixdə səhmlərin alqı-satqı müqaviləsinə əsasən, bankın balansında olan 380520 ədəd adi adlı sənədsiz səhmlər hər biri 2 manat olmaqla 761040 manata “Topaz İnvestments Limited” QSC-yə satılmışdır.

78. Bundan əlavə, xx.xx.2015-ci il tarixdə “Borclunun əmlakın üzərinə həbs qoyulması və siyahıya alınması barədə” protokol tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2016-ci il tarizdə hərrac keçirilmiş və sifariş məktubunda və icra vərəqəsində qeyd edilən əmlakların 196998,90 manat məbləğində hissəsi alıcı X3 adlı şəxsə satılmışdır.

79. Həmçinin, cavabdehə məxsus daşınmaz əmlakla bağlı icra tədbirləri görülmüş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(006)-917/2016 saylı qərardadı ilə Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmış və həmin qeyri-yaşayış sahəsinin ilkin qiyməti 650 000 manat müəyyən edilmişdir ("xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatında əks olunmuşdur). DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunəsasən məhkəmə müəyyən etmişdir ki, Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən həmin qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur.

80. Lakin Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixdə müraciət olunaraq icra müddəti ərzində tələbkar “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin və torpağın açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Odur ki, həmin əmlakın satışı həyata keçirilməmiş və nəticədə cavabdehin borcunun bir hissəsi ödənilməmiş qalmışdır.

81. Son nəticədə müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə Cavabdeh ASC tərəfindən xx.xx.2014-cü il tarixdə 7333,90 (yeddi min üç yüz otuz üç manat doxsan qəpik) manat, xx.xx.2015-ci il tarixdə 761040 (yeddi yüz altmış bir min qırx) manat məbləğində və xx.xx.2016-cı il tarixdə 182.927 (bir yüz səksən iki min doqquz yüz iyirmi yeddi) manat, cəmi 951.300,90 (doqquz yüz əlli bir min üç yüz manat doxsan qəpik) manat məbləğində ödənişlər edilmiş, cavabdehin 2.390.672,89 manat borcu qalmışdır.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “...Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. - Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. - Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında qeyd edilmişdir ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. - Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. - Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. .... “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.

84. İddiaçı hazırkı iddiada ona ödənilməyən pul məbləğinə münasibətdə Mülki Məcəllənin 447.5-ci maddəsinin tələblərinə əsasən illik 5 faiz olmaqla cəmi 1.074.376 manat məbləğində vəsaitin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə bu məbləğin 1.070.851,35 manat olması müəyyən edilmişdir.

85. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Hazırkı iddia tələbi üzrə isə cavabdeh tərəfindən borcun gecikdirilməsi halları mövcud deyildir, ona məxsus olan və üzərinə həbs qoyulmuş daşınmaz əmlakın satılacağı halında borcunun ödənilməsi mümkündür.

86. Məhkəmə kollegiyası yuxarıda nəzərdən keçirilən işin faktiki halları və həmin hallara tətbiq ediləcək qanunvericilik normalarının məzmunundan müəyyən edir ki, hazırkı tələbin əsaslandığı məhkəmə qərarının icrası istiqamətində kifayət qədər tədbirlər görülmüşdür. Bu tədbirlərin aparılması zamanı tərtib edilmiş sənədlərdə cavabdehin nümayəndəsinin də imzası vardır və cavabdeh tərəfindən tədbirlərin həyata keçirilməsinə maneçilik yaradan hallar olmamışdır. Əksinə, öhdəliyinin icrası istiqamətində cavabdeh tərəfindən lazımi addımlar atılmış, icranın gecikdirilməsinə şərait yaradacaq halların aradan qaldırılması üçün müraciətlər edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə cavabdehin hüquqi şəxsin rəhbəri Nümayəndə2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə verdiyi izahatı da bunu sübut edir. Əvvəllər olduğu kimi, hazırda da cavabdeh müvafiq məhkəmə qətnaməsi əsasında tutulan məbləğin ödənilməsi ilə bağlı əsas idarəedici səhm səsinə malik və müvafiq yaratdığı hüquqi şəxs ilə təmsil edilən İddiaçı ASC tərəfindən qəbul ediləcək müvafiq qərar əsasında icra edilməsinin mümkünlüyünü bildirir.

87. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit öhdəliyi daşıyan şəxs təqsirli davranışları olduğu halda o əlavə məsuliyyətə cəlb edilə bilər, yəni, onun qəsd və ehtiyatsızlığı mövcud olmalı və ya icraya mane edən hərəkətlər etməklə vicdanlılıq nümayiş etdirməməlidir. Əgər ödhdəliyi icra etməyən şəxsin təqsirli davranışı yoxdursa, qərarın icrasında vicdanlılıq nümayiş etdirmişsə, icradan boyun qaçırma, vəsaitin ödənilməsini qəsdən gecikdirmə və digər hərəkətləri mövcud deyildirsə, cavabdehin üzərinə qeyd edilən hallara görə əlavə öhdəlik qoyula bilməz.

88. Belə ki, icra müddəti ərzində tələbkar, yəni hazırkı iddiaçının tələbi ilə qalan pul vəsaitinin ödənilməsi ilə bağlı icra şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş təxminən 1.7 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı müvafiq tədbirlərin dayandırılması müvafiq qətnamənin tam icra edilməməsinə səbəb olmuş, yəni “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanı üzrə torpağın açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Bundan sonra icra tədbirləri dayandırılmış və qalan borcun ödənilməsinin təmin edilməsi mümkün olmamışdır.

89. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ...qeyd edilən müvafiq məhkəmə qətnaməsi əsasında tutulmuş vəsaitin hazırkı vaxta kimi ödənilməməsində cavabdehin təqsirli davranışları yox, icra hərəkətlərinin dayandırılması ilə bağlı Mingəçevir İcra Şöbəsinə yazdığı xx.xx.2017-ci il tarixli 02-336 nömrəli məktubla iddiaçının davranışları mövcuddur. Əks təqdirdə qeyd edilən borc müvafiq icra hərəkətləri nəticəsində hazırkı vaxta kimi icra oluna bilərdi. Bundan əlavə, Cavabdeh ASC-nin idarəçisi olaraq İddiaçı ASC-nin sərəncamında olan Mingəçevir şəhərinin mərkəzində 16 hektar torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış binalarının mövcud olduğu təqdirdə iddiaçının hazırkı vaxta kimi gəlir əldə etməməsi və ya bu əmlaklardan istifadə etməməsi, həmçinin bütün bunlar nəticəsində ziyana düşməsi inandırıcı deyildir. Bu halda da cavabdehin təqsirli davranışı mövcud deyildir. Bu hallarla bağlı işə baxan məhkəmələrə sübutlar təqdim edilməmişdir.

90. Bütün bu hallardan görünür ki, cavabdeh tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı maneəçilik törədilməmiş, ödənilməmiş borc məbləğindən hər hansı gəlirin götürülməsi halları və ya qanunsuz saxlanılma kimi təqsirli hallar müəyyən edilməmişdir.

91. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsnin həmin qənaətini əsaslı sayır.

92. Həmçinin, məhkəmə kollegiyası işin araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh ASC-nin təsisçiləri “Topaz İnvestments Limited” QSC və "xxxx" MMC-dir (87,5862%) və Cavabdeh ASC-nin Müşahidə şurasının hazırkı üzvləri isə Nümayəndə1, X13, X7 və X8r.

93. Eyni zamanda, iddiaçı 87,5862 % faiz səhmini satdığını bildirsə də, İddiaçı ASCdə mühüm vəzifədə işləyən Nümayəndə1 Cavabdeh ASC-nin müşahidə şurasında təmsil olunması onu bir daha təsdiq edir ki, müvafiq hüquqi şəxslər vasitəsilə təmsil olunsa da, Cavabdeh ASC-nin idarəedicisi olmaqla bütün qərarların qəbul edilməsində İddiaçı ASC-nin hüququ vardır.

94. Mülki Məcəllənin 107-7.1. Bu Məcəllənin 107.3-cü maddəsi ilə nəzərdə tutulmuş halda cəmiyyətin direktorlar şurası (müşahidə şurası) yaradılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) öz səlahiyyətləri hüdudlarında ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçir.

95. Yuxarıda qeyd edilən müvafiq məhkəmə qətnaməsi əsasında qət edilmiş vəsaitin hazırkı vaxta kimi ödənilməməsində cavabdehin təqsirli davranışları yox, icra hərəkətlərinin dayandırılması ilə bağlı Mingəçevir İcra Şöbəsinə yazdığı xx.xx.2017-ci il tarixli 02-336 nömrəli məktubla iddiaçının davranışları mövcuddur. Əks təqdirdə, qeyd edilən borc müvafiq icra hərəkətləri nəticəsində hazırkı vaxta kimi icra oluna bilərdi. Bundan əlavə, Cavabdeh ASC-nin idarəçisi olaraq İddiaçı ASC-nin sərəncamında olan Mingəçevir şəhərinin mərkəzində 16 hektar torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış binalarının mövcud olduğu təqdirdə iddiaçının hazırkı vaxta kimi gəlir əldə etməməsi və ya bu əmlaklardan istifadə etməməsi, həmçinin bütün bunlar nəticəsində ziyana düşməsi inandırıcı deyildir. Bu halda da cavabdehin təqsirli davranışı mövcud deyildir. Bu hallarla bağlı işə baxan məhkəmələrə sübutlar təqdim edilməmişdir.

96. Məhkəmə kollegiyası yekun olaraq belə qənatə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını, daxili inamı əsas tutaraq mübahisənin hallarını araşdırıb hazırkı vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

97. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (60-63-cü bəndlər).

98. Hazırkı mübahisə üzrə iddiaçı tərəf iddiasını sübut etməklə bağlı vəzifələrini icra etməmiş, iddianın əsaslılığını sübuta yetirə bilməmişdir.

99. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

100. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

101. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

102. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

103. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)- 4/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar