Məhkəmə qərarları › İş №2-2(107)-92/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-92/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-92/2024 04.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı "icarə müqaviləsində nəzərdə tutulmuş əmlakın iddiaçıya təhvil verilməsi və əmlakın iddiaçıya təhvil verilmədiyi müddət üçün hesablanmış cərimənin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsindən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabadehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2-2(117)-619/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini iddiaçıya icarəyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən hər ay 1745 manat icarə haqqı ödənilməsi razılaşdırılmışdır. Müqaviləni iddiaçı tərəfdən nümayəndə qismində X6, cavabdeh tərəfindən isə onun nümayəndəsi X2 imzalamışdır. Həmin müqaviləyə əsasən Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini cavabdeh xx.xx.2023-cü il tarixinədək təhvil verməli idi, lakin obyekt təhvil verilməmişdir. Bu səbəbdən də hər gecikdirilmiş gün üçün cərimə hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.metr hissəsini (icarə obyektini) tərəflər arasında bağlanmış xx.xx.2023-cii il tarixli İcarə Müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçı “Oba Market" MMC-yə təhvil verilməsi; xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək həmin əmlak iddiaçıya təhvil verilmədiyindən, xx.xx.2024-cü il tarixədək hesablanmış cəriməni - 12848 (on iki min səkkiz yüz qırx səkkiz) manat, habelə məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmış və xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.metr hissəsini təhvil verməli idi. xx.xx.2023-cü il cü il tarixindən bu günədək həmin əmlak "İcarəçi”yə təhvil verilməmiş, müqavilənin 4.5-ci bəndini rəhbər tutaraq “İcarəçi” obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün icarə haqqını ödəməmişdir. Obyekt vaxtında təhvil verilmədiyindən müqavilənin həmin bəndinə əsasən cavabdeh hər gecikdirilən gün üçün iddiaçıya icarə haqqının 5 faizi məbləğində cərimə ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı cavabdehə xx.xx.2024-cii il tarixli Pretenziya göndərməklə, müqavilə öhdəliklərini icra etməyini, icarə obyektini “İcarəçi”yə təhvil verməyi, habelə cərimə və əldən çıxmış fayda tələblərini irəli sürəcəyini rəsmi şəkildə bildirsə də, cavabdeh tərəfindən bu günədək hər hansı addım atılmamışdır. Cavabdeh həmin Pretenziyanı xx.xx.2024-cii il tarixdə qəbul etsə də yenə də hər hansı tədbir görməmişdir. İcarə Müqaviləsinin 4.5-ci bəndinə əsasən xx.xx.2024-cii il tarixə qədər hesablanmış cəriməni - 12848 manat məbləğində pul vəsaitini (1745 azn x 5% = 88 azn; 146 gün x 88 azn = 12848 manat) iddiaçıya ödəməyi təklif etmişdir. Şəki Kommersiya Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-619/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müqaviləyə əsasən Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini cavabdeh xx.xx.2023-cü il tarixinədək təhvil verməli idi, lakin obyekt təhvil verilməmişdir. Bu səbəbdən də hər gecikdirilmiş gün üçün cərimə hesablanmışdır. Obyektin iddiaçıya təhvil verilməsini və cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddianı qəbul etmirlər, icarə obyekti müqavilə bağlandıqdan 10 gün sonra qəzalı vəziyyətə düşmüş, bununla bağlı müvafiq İnşat şirkəti cəb edilmiş, akt tərtib edilmiş, aidiyyəti dövlət orqanlarına məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsi yararsız vəziyyətdədir və istifadə üçün təhlükəlidir. Həmin aktı inşaat şirkətinin rəhbəri, mütəxəssis və Cavabdeh oğlu tərəfindən təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, obyektin icarəçiyə vaxtında təhvil verilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermiş, yəni şürurlu şəkildə obyektin təhvil verilməsini ləngitməmiş və oxşar hərəkətlər etməmişdir. Bundan başqa aralarında bağlanmış Müqavilənin 4.4-cü bəndinə əsasən icarəyə verən obyektin qüsurları haqqında İcarəçiyə təhvil-təslim zamanı məlumat vermədiyi və ya qüsurları gizlətdiyi halda qüsurlar Obyektin istifadəsi zamanı ortaya çıxdıqda X4 tələbi ilə qüsurları aradan qaldırmalıdır. Qüsurların aradan qaldırılması üçün obyekti icarəçi istifadə etmək imkanından məhrum edilərsə müddətin axımı dondurulmalıdır və həmin dondrulmuş vaxt əzrində icarə haqqı ödənilməməlidir. Müqavilənin 10-cu bəndinə əsasən Tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors-major halların yaranması ilə bağlı olduğu halda tərəflər məsuliyyət daşımır. Öhdəlikləri yerinə yetirmək imkanı olmayan tərəf bu barədə digər tərəfi məlumatlandırmalıdır. Məhkəmə qeyd edir ki, ilkin olaraq icarə obyektinin İcarəçi olan iddiaçıya cavabdeh tərəfindən təhvil verməməsi cavabdehin iradəsindən asılı olmayan halın baş verməsi yəni, həmin obyektin qəzalı vəziyyəti ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında tərəflərin nümayəndələri qeyd edilən icarə müqaviləsi predmeti olan obyektin söküldüyünü və yerində yeni obyekt inşa edildiyini bildirmişdir. Bu da bir daha sübut edir ki, qeyd edilən obyekt istifadə üçün yararlı olmamışdır. Cavabdeh tərəfin təqdim etdiyi sübut və irəli sürdüyü arqumentə münasibətdə iddiaçı tərəf hər hansı bir dəlil irəli sürməmişdir. Ona görə də, məhkəmə cavabdeh tərəfindən obyektin icarəyə vaxtında verilməməsini tərəflərin iradəsindən asılı olmayan hal olaraq qəbul edir və iddiaçı tərəfindən öhdəliyin cavabdeh tərəfindən pozulması və onun bu pozuntuda təqsirinin olması sübuta yetirilmir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmamış və obyektin istifadəyə verilməməsi yalnız cavabdehdən asılı olmayan səbəblər ilə bağlı olmuşdur. Öhdəliyi icra etməyən tərəf isə təqsirli hərəkətləri üçün məsuliyyət daşıdığından cavabdehin təqsirli hərəkəti müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən, hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmədiyindən və tələbində haqlı olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 442, 447.1, 447.7, 448.1, 448.2, 676.0, 676.0.1, 676.0.2, 676.0.3, 700.1, 700.2, 700.3 –cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin -2.1, 2.2, 8.1, 9.1, 47.1 - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh obyektin qəzalı vəziyyətdə olması ilə bağlı akt tərtib edilib və məhkəməyə təqdim edilib. Qətnamədə obyektin qəzalı olması ilə bağlı iddiaçıya cavabdeh tərəfindən məlumat verilməsinə dair rəsmi heç bir bildirişin verilməsi məhkəmə tərəfindən qeyd edilməsinə baxmayaraq məhkəmə cavabdehin özünün tərtib etdiyi həmin akta istinad edərək işdə olan digər mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. İddia tələbinin tam təmin edilməsi, Cavabdeh tərəfindən Yevlax şəh Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.metr hissəsini (icarə obyektini) tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə İddiaçı MMC- yə təhvil verilməsi, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək həmin əmlak iddiaçıya təhvil verilmədiyindən, xx.xx.2024-cü il tarixədək hesablanmış cəriməni - 12848 (on iki min səkkiz yüz qırx səkkiz) manat, habelə məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsini qeyd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, müqavilə 2023-cü ilin iyul ayında bağlanmışdır. Cavabdeh tərəf xx.xx.2023-cü il tarixədək həmin əmlakı müqavilə şərtinə uyğun olaraq təmir-bərpa işləri gördükdən sonra onlara verməli idi. Lakin, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və əmlakı onlara təhvil verməmişdir. Ümumiyyətlə binanın qəzalı olması ilə bağlı akt (qüsur aktı) tərtib edilən zaman onlara heç bir məlumat verilməmişdir. Hazırda isə icarə müqaviləsinin predmeti olan əmlak ümumiyyətlə mövcud deyildir. Belə ki, cavabdeh tərəf həmin binanı sökərək yerində yeni bina tikmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh tərəf hal-hazırda yeni tikilən binaya hüquqmüəyyənedici sənəd də əldə edə bilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasından iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabadehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mübahisəli əmlak qəzalı vəziyyətdə olduğu üçün cavabdeh həmin əmlakı icarəyə verməmişdir. Belə ki, qəzalı binada hansısa hadisə baş versəydi bu halda cavabdeh məsuliyyət daşıyacaqdır. Cavabdeh tərəf iddiaçıya təhvil vermək üçün binanı təmir etdirmək istəyən zaman binanın divarları uçmuşdur. Cavabdeh müqavilə bağlayan zaman binanın təmirsiz olduğunu bilirdi və məqsədi həmin binanı müəyyən təmir işləri apardıqdan sonra iddiaçıya təhvil vermək idi. Bundan başqa, binanın qəzalı olması ilə bağlı akt tərtib edilən iddiaçı tərəfə məlumat verilmişdir. Lakin, onlarda həmin məlumatın rəsmi qaydada verilməsi ilə bağlı heç bir sübut yoxdur. Əlavə olaraq bildirdi ki, yeni tikilməkdə olan binada tikintini başa çatdırmağa artıq cavabdehin imkanı qalmamışdır. Eyni zamanda, qəzalı binanın yerində tikilmiş yeni tikiliyə hələlik hüquqmüəyyənedici sənəd alınmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. 677.4. Kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.metr hissəsini (icarə obyektini) tərəflər arasında bağlanmış xx.xx.2023-cii il tarixli İcarə Müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçıya təhvil verilməsi və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək həmin əmlak iddiaçıya təhvil verilmədiyindən, xx.xx.2024-cü il tarixədək hesablanmış cərimənin - 12848 (on iki min səkkiz yüz qırx səkkiz) manat cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək şikayəti qismən əsaslı hesab edir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. (Mülki Məcəllə 700). Mülki qanunvericiliyə əsasən, icarə müqavilə ilə bağlı fəslin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Mülki Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İcarə müqaviləsi elə bir müqavilədir ki, həmin müqavilə ilə əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Nəticədə icarəyə verilmiş əşya müxtəlif hüquqi titullar əsasında eyni zamanda iki subyektə məxsus olur. Müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçinin icarə predmeti üzərində istifadə hüququ yaranır. Predmetin mülkiyyətçisi kimi yenə də icarəyə verən qalır yəni, onun icarəyə verilən əşya üzərində mülkiyyət hüququ saxlanılır. Mülkiyyətçi icarə əsasında onu özgəninkiləşdirmədən başqa şəxsin istifadəsinə verir və bununla o, haqq əldə edir. Ümumiyyətlə, icarə müqaviləsinin əmlak kirayəsi müqaviləsindən ən başlıca fərqi ondadır ki, kirayə müqaviləsi üzrə kirayəçi kirayəyə verilmiş əşyalardan ancaq istifadə hüququnu əldə edirsə, icarə müqaviləsi üzrə icarəçi isə icarəyə götürdüyü əşyadan və ya hüquqdan istifadə ilə yanaşı, əşyanın bəhərindən də istifadə etmək və əşyanın istifadəsindən gəlir götürmək hüququna da malikdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsaslandırması ondan ibarət olmuşdur ki, obyektin icarəçiyə vaxtında təhvil verilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermiş, yəni şüurlu şəkildə obyektin təhvil verilməsini ləngitməmiş və oxşar hərəkətlər etməmişdir. xx.xx.2023-cü il tarixli akta əsasən Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsi yararsız vəziyyətdədir və istifadə üçün təhlükəlidir. Obyektin təhvil verməməsi həmin obyektin qəzalı vəziyyəti ilə əlaqədar olmuşdur. Qəzalı vəziyyətdə olduğu bilərəkdən gizlədilməklə icarəyə verən tərəfindən qeyd edilən obyekt icarəçiyə təhvil verilsəydi, nəticədə İcarəçiyə dəymiş ziyana görə icarəyə verən məsuliyyət daşımalı olacaqdı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsinin 1.1, 4.5-ci bəndlərinə əsasən, Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.metr hissəsi xx.xx.2023-cü il tarixinədək “İcarəyə verən” olan cavabdeh tərəfindən “İcarəçi” olan iddiaçıya təhvil verilməli idi. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 15 il müddətinə qüvvədədir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən hər ay 1745 manat icarə haqqı ödənilməsi razılaşdırılmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən obyekti tərəflər arasında imzalanan təhvil-təslim aktı əsasənda icarəçiyə təqdim etməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən obyekt istismar və təyinatı üzrə istifadə üçün minimal standartlara və tələblərə uyğun olmadıqda icarəçi obyekti təhvil almamamq hüququna sahibdir. Müqavilənin 4.4-cü bəndinə əsasən İcarəyə verən qüsurlar haqqında İcarəçiyə təhvil-təslim zamanı məlumat vermədiyi və ya qüsurları gizlətdiyi halda qüsurlar Obyektin istifadəsi zamanı ortaya çıxdıqda X4 tələbi ilə qüsurları aradan qaldırmalıdır. Qüsurların aradan qaldırılması üçün Obyekti İcarəçi istifadə etmək imkanından məhrum edilərsə Müddətin axımı dondurulmalıdır və həmin dondrulmuş vaxt əzrində icarə haqqı ödənilməməlidir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq obyekti təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə icarəçinin istifadəsinə vermək icarəyə verənin öhdəliyidir. Müqavilənin şərtlərindən aydın görünür ki, icarəyə verən Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini minimal standartlara və tələblərə uyğun olaraq xx.xx.2023-cü il tarixədək icarəçiyə verməy, icarəçi isə icarəyə götürdüyü əmlaka görə icarə haqqı ödəməyi öz üzərinə öhdəlik olaraq götürmüşdür. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış və icarə müqaviləsinin predmeti olan əmlak isə xx.xx.2023-cü il tarixədək təhvil verilməli idi. Göründüyü kimi, əgər müqavilə predmeti olan əmlak doğrudan da icarəyə yararsız vəziyyətdə idisə belə bir sual yaranırki bəs nə üçün cavabdeh həmin müqaviləni bağlamış və üzərinə əmlakın təhvil verilməsi öhdəliyi götürmüşdür. Bundan başqa, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi, müqaviləsinin predmeti olan əmlak yuxarıda qeyd edilən tarixədək müqavilə şərtlərinə uyğun olaraq təmir edilərək iddiaçıya verilməli idi. Məhkəmə iclasında cavabadehin nümayəndəsi və vəkili Vəkil da bildirmişdir ki, cavabdeh müqavilə bağlayan zaman binanın təmirsiz olduğunu bilirdi və məqsədi həmin binanı müəyyən təmir işləri apardıqdan sonra iddiaçıya təhvil vermək idi. Lakin, cavabdeh tərəf iddiaçıya təhvil vermək üçün binanı təmir etdirmək istəyən zaman binanın divarları uçmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh əmlakı təmir (bərpa) etdirdikdən sonra iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Bu hal icarəyə götürülən əmlakın xx.xx.2023-cü il tarixədək təhvil verilmə öhdəliyi, həm də müqavilənin 5.1.1-ci bəndi ilə öz təsdiqini tapır. Belə ki, Müqavilənin 5.1.1-ci bəndinə görə, müqavilənin şərtlərinə uyğun olaraq obyekti təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə icarəçinin istifadəsinə vermək icarəyə verənin öhdəliyidir. Beləliklə işin hallarından və müqavilə şərtlərindən müəyyən edilir ki, icarəyə verən icarə müqaviləsinin predmeti olan əmlakı xx.xx.2023-cü il tarixədək istifadə edilməyə yararlı vəziyyətdə (istismar və təyinatı üzrə istifadə üçün minimal standartlara və tələblərə uyğun) icarəçiyə verməli idi. Lakin, yuxarıda qeyd edilənlərə baxmayaraq icarəyə verən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı tələbini rədd edən zaman qarşısı alınmaz (“fors-major”) halların olduğunu bildirmişdir. Həmin halla bağlı da qətnamədə müqavilənin 10-cu bəndinə istinad edilmişdir. Müqavilənin 10-cu bəndinə görə, tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors-major halların yaranması ilə bağlı olduğu halda tərəflər məsuliyyət daşımır. Öhdəlikləri yerinə yetirmək imkanı olmayan tərəf bu barədə digər tərəfi məlumatlandırmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə həmin hissədə də razılaşmayaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixli akta görə, Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsi yararsız vəziyyətdədir və istifadə üçün təhlükəlidir. Bina uzun müddət təmir olunmadığından binanın daş örtüyü yararsız vəziyyətə düşmüşdür. 1999-cu ildə baş vermiş zəlzələnin təsirindən binada əmələ gəlmiş çatlar zaman keçdikcə binadan istifadəni təhlükəli etmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatda bildirmişdir ki, iddianı qəbul etmirlər, icarə obyekti müqavilə bağlandıqdan 10 gün sonra qəzalı vəziyyətə düşmüş, bununla bağlı müvafiq inşaat şirkəti cəb edilərək akt tərtib edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi də öz əsaslandırmasında qeyd etmişdir ki, obyektin icarəçiyə vaxtında təhvil verilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermiş, yəni şüurlu şəkildə obyektin təhvil verilməsini ləngitməmiş və oxşar hərəkətlər etməmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli aktda binanın uzun müddət təmir edilmədiyindən və zəlzələdən istifadəyə yararsız olduğu qeyd ediləsə də, cavabdeh tərəf icarə müqaviləsinin predmeti olan əmlakın müqavilə bağlandıqdan 10 gün sonra qəzalı vəziyyətə düşdüyünü bildirməklə müqavilə ilə üzərlərinə düşən öhdəlikləri icra etməkdən yayınmışlar. Belə ki, aktda qeyd edildiyi kimi bina artıq uzun müddət baxımsızlıqdan istifadəyə yararsız olmuşsa və cavabdeh tərəf də bunu bilərəkdən icarə müqaviləsi bağlamışsa, artıq yuxarıda da deyildiyi kimi cavabdeh istifadəyə yararlı əmlakı təmir-bərpa edərək icarəyə vermək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kollegiya tərəfindən mübahisə predmeti olan əmlaka yerində baxış keçirilmiş və əmlakın ümumiyyətlə mövcud olmadığı (söküldüyü) və yerində yeni və hündürmərtəbəli, müasir bina tikilməkdə olduğu aşkar edilmişdir. Göründüyü kimi, cavabdehin öhdəliyini icra etməməsinin əsl səbəbi, binanın qəzalı vəziyyətdə olması və ya hansısa fors major hallarla bağlı deyil, əslində mübahisəli binanın sökülərək yerində yeni və daha müasir binanın tikilməsidir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Bundan başqa, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində tərəf binanın qəzalı vəziyyətdə olması və ona mütəxəssisin iştirakı ilə baxış keçirilməsi barədə iddiaçıya məlumat verildiyini bildirsə də, iş materiallarında obyektin qəzalı olması ilə bağlı iddiaçıya cavabdeh tərəfindən məlumat verilməsinə dair rəsmi bildirişin verilməsi ilə bağlı heç bir mötəbər sübut yoxdur. Belə ki, məhkəmə iclasında cavabadehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, binanın qəzalı olması ilə bağlı akt tərtib edilən iddiaçı tərəfə məlumat verilmişdir. Lakin, onlarda həmin məlumatın rəsmi qaydada verilməsi ilə bağlı heç bir sübut yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə isə izahat verərək bildirmişdir ki, müqavilə 2023-cü ilin iyul ayında bağlanmışdır. Cavabdeh tərəf xx.xx.2023cü il tarixədək həmin əmlakı müqavilə şərtinə uyğun olaraq təmir-bərpa işləri gördükdən sonra onlara verməli idi. Binanın qəzalı olması ilə bağlı akt (qüsur aktı) tərtib edilən zaman onlara heç bir məlumat verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi isə işin hallarına və tərəflərin arasında yaranmış münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, Mülki Məcəllənin 676.0-cı maddəsinə əsasən, bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Beləliklə, kirayə verən müqavilə şərtləri və qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədikdə bu onun üçün müəyyən hüquqi nəticələrə səbəb olur. Belə halda qanunverici kirayəçinin mənafelərini müdafiə etmək üçün müəyyən hüququ müdafiə vasitələri müəyyən etmişdir. Mülki Məcəllənin 677.1-ci maddəsində göstərilmişdir ki, əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. Yuxarıda qeyd edilən maddələrdən göründüyü kimi, əgər kirayəyə verən müəyyən edilmiş müddət ərzində müqavilənin predmeti olan əşyanı kirayəçiyə təhvil verməsə yəni, kirayəyə verən uyğunsuzluğu aradan qaldırılmasını gecikdirərsə onda, kirayəçi öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, qanunvericiliyə əsasən kirayə verəm əşyanı müqavilədə nəzərdə tutulan müddətdə icarəçinin istifadəsinə verməlidir. Hazırki işdən isə görünür ki, müqavilə ilə müəyyən edilmiş müddət ərzində icarəçiyə təhvil verilməmişdir. Müqavilənin 4.5-ci bəndinə görə, icarəyə verən obyekti bu müqavilənin 4-cü hissəsində nəzərdə tutulmuş şərtlərə uyğun xx.xx.2023-cü il tarixədək icarəçiyə təhvil verməlidir. Hər gecikdirilən gün üçün icarəyə verən icarəçiyə icarə haqqının 5%-i məbləğində cərimə ödəyəcək. Obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün icarə haqqı ödənilməyəcək. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtində gecikdirmə olduğu halda cərimə ödənilməsi ilə bağlı razılaşmışlar. İş materiallarına əlavə edilmiş Pretenziya məktundan görünür ki, icarə Müqaviləsinin 13.2-ci bəndinə əsasən yaranmış mübahisəni danışıqlar yolu ilə həll edilməsi üçün iddiaçı xx.xx.2024-cü il tarixli Pretenziyanı cavabdehə təqdim edərək, icarə obyektini İcarə Müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçıya təhvil verməyi, habelə xx.xx.2023-cü il tarixindən bu günədək həmin əmlak iddiaçıya təhvil verilmədiyindən, İcarə Müqaviləsinin 4.5-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixə qədər hesablanmış cəriməni – 12848 manat məbləğində pul vəsaitini (1745 azn × 5% = 88 azn; 146 gün × 88 azn = 12848 manat) iddiaçıya ödəməyi təklif etmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini yuxarıda göstərilənlərə əsasən əsaslı hesab edərək qeyd edir ki, sadalanan əsaslara görə cavabdehdən iddiaçının xeyrinə 12848 manat cərimə haqqı tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin icarəyə götürülmüş obyektin təhvil verilməsi hissəsinə münasibət bildirərkən qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin qanuni və obyektiv həll edilməsi məqsədi ilə kollegiya tərəfindən mübahisəli binaya yerində baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanan zaman icarə müqaviləsinin predmeti olmuş əmlak hal-hazırda mövcud deyildir. Belə ki, icarə müqaviləsi bağlanan zaman müqavilə predmeti olan bina sökülərək yerində tamamilə yeni və başqa ölçülərdə olan bina tikilməkdədir. Eyni zamanda baxış zamanı müəyyən edildi ki, müqavilə predmeti olan əmlakın yerində tikilən binanın tikintisi tam olaraq başa çatmamışdır. Bu halı baxışda iştirak edən həm iddiaçının, həmdə cavabdehin nümayəndələri özləri də təsdiq etmişlər. Göründüyü kimi, icarə müqaviləsinin predmeti olmuş əmlak sökülmüşdür və halhazırda mövcud deyildir. Belə ki, icarə müqaviləsinin predmeti olmuş əmlakın yerində hal-hazırda hündürmərtəbəli və tamamilə yeni və başqa formada müasir bina tikilir. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır. Məhkəmə iclasında cavabadehin nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirmişdir ki, yeni tikilməkdə olan binada tikintini başa çatdırmağa artıq cavabdehin imkanı da qalmamışdır. Qəzalı binanın yerində tikilmiş yeni tikiliyə isə hələlik hüquqmüəyyənedici sənəd alınmamışdır. Eyni zamanda, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə da izahat verərək bildirmişdir ki, cavabdeh tərəf hal-hazırda yeni tikilən binaya hüquqmüəyyənedici sənəd əldə edə bilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilənin predmeti olmuş əmlak artıq sökülmüş və hal-hazırda mövcud olmadığından onun təhvil verilməsindən də söhbət gedə bilməz. Bundan başqa kollegiya qeyd edir ki, Mülki Məcəllənin 677.1-ci maddəsində göstərilmişdir ki, əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini də tətbiq etmək hüququ verir: 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. Yuxarıda qeyd edilən maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, əgər kirayəyə verən müəyyən edilmiş müddət ərzində müqavilənin predmeti olan əşyanı kirayəçiyə təhvil verməsə onda, kirayəçi öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. Bundan başqa, kirayəçi mülki qanunvericiliyə əsasən müqavilə predmeti olan əmlakı müəyyən edilmiş müddət ərzində almırsa buzaman xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə də bilər. Belə ki, Mülki Məcəllənin 677.1.4-cü maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının müəyyən edilmiş müddət ərzində müqavilənin predmeti olan əşyanı almadığına görə xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv etmək hüququ da vardır. Beləliklə, qanunvericiliyə əsasən, əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə və onun müvafiq səlahiyyət verdiyi şəxsə məxsusdur. Həmçinin icarəyə verilən əmlak onu icarəyə verənə məxsus olmalıdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, müqavilənin predmeti olan əmlakın özü hal-hazırda sökülmüş, yeni tikilməkdə olan binada tikinti başa çatmamış eyni zamanda, müqaviləsinin predmeti olan binanın yerində inşası davam edən yeni binanın hal-hazırda hüquqmüəyyənedici sənədi də mövcud deyildir. Odur ki, müqavilənin predmeti olmuş əmlak artıq mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qiymət verilən hissədə təmin edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edən zaman mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə qətnaməni fors-major halların baş verdiyinə istinad edərək əsaslandırmış və həmin əsaslada iddianı rədd etmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iş üzrə qətnamə tamamilə ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı "Oba Market”MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2-2(117)-619/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12848 (on iki min səkkiz yüz qırx səkkiz) manat cərimə və ödənilmiş 129 manat dövlət rüsumu alınaraq iddiaçı "Oba Market”MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar