Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-93/2024 28.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğvi, kredit borcu və onun hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcu, ipoteka predmetinə yönəldilmə, əmlakın açıq hərracda satılması) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-2(117)-657/2024 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsinə əsasən Yevlax rayonunda heyvandarlığın inkişafı məqsədilə illik 6 % olmaqla, 40 ay müddətinə 47000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh2 məxsus Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 677,56 kv.m, 649.04 kv.m əsas, 28,52 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin dəyəri 49000 manat razılaşdırılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka predmeti Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ipoteka predmeti olan qeyd edilən əmlak tam mülkiyyət hüququ əsasında ipoteka qoyana (Cavabdeh2) məxsusdur. Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 677.56 kv.m əmlak kompleksi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 40 ay müddət üçün ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 29192,53 manat əsas, 3904,46 manat faiz, 6784,08 manat dəbbə borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı MuğanBank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 001/M saylı kredit müqaviləsi üzrə kreditin istifadə müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və həmin gün üçün cəmi borcu 39881.07 (otuz doqquz min səkkiz yüz səksən bir manat yeddi qəpik), o cümlədən 29.192.53 (iyirmi doqquz min bir yüz doxsan iki manat əlli üç qəpik) kredit borcu, 3904.46 (üç min doqquz yüz dörd manat qırx altı qəpik) faiz borcu, 6784.08 (altı min yeddi yüz səksən dörd manat səkkiz qəpik) dəbbə borcu, bildiriş qeydiyyatı üçün 135 (bir yüz otuz beş) manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 211 (iki yüz on bir) manat dövlət rüsumunun tutulması, Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-yə 40227.07 (qırx min iki yüz iyirmi yeddi manat yeddi qəpik) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MuğanBank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 ilə arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 001/M saylı kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana Yevlax rayonunda heyvandarlığın inkişafı məqsədilə illik 6 % olmaqla 47000 manat məbləğində 40 ay müddətinə kredit verməyi, Borc alan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq Yevlax rayonu Tanrıqulular kəndində icarəsində olan 0,56 ha torpaq sahəsində yerləşən 677,56 kv.m, 649.04 kv.m əsas, 28,52 kv.m köməkçi sahədən ibarət əmlak komplesi təşkil edir. xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh2 məxsus Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 677,56 kv.m, 649.04 kv.m əsas, 28,52 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin dəyəri 49000 manat razılaşdırılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka predmeti Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ipoteka predmeti olan qeyd edilən əmlak tam mülkiyyət hüququ əsasında ipoteka qoyana (Cavabdeh2) məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 677.56 kv.m əmlak kompleksi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 40 ay müddət üçün ipoteka ilə yüklü edilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2022-ci il tarixli M/11-4576 nömrəli ipoteka predmetinətutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iş Yevlax rayon məhkəməsində olarkən cavabdehin borcunu hissə-hissə ödəyəcəyi ilə bağlı bankla razılaşmışlar, lakin sonradan bank razılaşmamışdır. Bu iş üzrə əsas borclu Cavabdeh2 olmamış, ipoteka predmeti olan əmlak ona məxsus olduğundan cavabdeh borcu ödəməkdə maraqlıdır. Cavabdeh2 əlavə ödənişləri olduğunu və qəbzlərin əsillərini məhkəməyə təqdim edə biləcəklərini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəməd iştirak etməmiş ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 29192,53 manat əsas, 3904,46 manat faiz, 6784,08 manat dəbbə borcu qalmışdır. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, sonuncu tərəfindən ümumilikdə 10606 manat ödəniş edilmişdir. İddiaçının isə təqdim etdiyi maliyyə arayışı xx.xx.2022-ci il tarixə olan dövrü əhatə edir ki, göründüyü kimi cavabdeh tərəfindən həmin dövrdən sonra 10606 manat ödəniş edilmişdir. İddiaçı həmin ödənişləri nəzərə almadan 29192.53 manat borcun tutulmasını tələb etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/230 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixədək banka olan əsas borc üzrə 29560,32 manat, faiz borcu 315,31 manat müəyyən olunmuşdur. Həmçinin rəydə qeyd olunmuşdur ki, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamadığından hazırki təqdiqatla borlcuya cərimə hesablanmamışdır. İddiaçı isə 3904,46 manat faiz borcu tələb edir ki, məhkəmə hesab edir ki. İddiaçının tələb etdiyi faiz borcu ilə bağlı ekspert rəyində müəyyən edilən faiz məbləği kəskin məbləğ fərqi vardır. "Legal hüquq və ekspert” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks müəssisəsinin hazırki real bazar dəyəri 130000 manat, likvid dəyəri 111000 manat təşkil etmişdir. Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-2(117)-657/2024 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 001/M saylı kredit müqaviləsinə əsasən 18586,53 manat məbləğində əsas borc, 315,31 manat faiz borcu, 500 manat cərimə borcu, 102,65 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65,67 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinə yönəldilməsi, Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinin ilkin satış üçün likvid dəyəri 111000 (yüz on bir min) manat müəyyən ediməsi, Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesbına Cavabdeh1 bu qətnamə ilə tutulan borcu ödənilməsi, Yevlax rayonu, Tanrıqullar kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks kimi müəssisəni satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, araşdırma zamanı müəyyən edildiyi kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana Yevlax rayonunda heyvandarlığın inkişafı məqsədilə illik 6 % olmaqla 47000 manat məbləğində kredit verməyi, Borc alan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq Yevlax rayonu Tanrıqulular kəndində icarəsində olan 0,56 ha torpaq sahəsində yerləşən 677,56 kv.m, 649.04 kv.m əsas, 28,52 kv.m köməkçi sahədən ibarət əmlak komplesi təşkil edir. 5.6-cı bəndinə əsasən müqavilə üzrə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilnədikdə və ya lazımınca icra edilmədikdə borc alan borc verənə verilmiş kreditin 12%-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürür. 8.1-ci bəndinə əsasən bu müqavilə 40 ay müddətinə bağlanır və göstərilən müddət bitənə qədər borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə qaytarmalıdır. Məhkəmə hesab etmişdir ki, 29192,53 manat əsas borc və 3904,46 manat faiz borcunun tutulmasına münasibətdə iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, sonuncu tərəfindən ümumilikdə 10606 manat ödəniş edilmişdir. İddiaçının isə təqdim etdiyi maliyyə arayışı xx.xx.2022-ci il tarixə olan dövrü əhatə edir ki, göründüyü kimi cavabdeh tərəfindən həmin dövrdən sonra 10606 manat ödəniş edilmişdir. İddiaçı həmin ödənişləri nəzərə almadan 29192.53 manat borcun tutulmasını tələb etmişdir ki, bunda da haqlı deyildir. 3904,46 manat faiz borcuna münasibətdə qeyd edilməlidir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/230 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixədək banka olan faiz borcu 315,31 manat müəyyən olunmuşdur. İddiaçı isə 3904,46 manat faiz borcu tələb edir ki, məhkəmə hesab edir ki. İddiaçının tələb etdiyi fazi borcu ilə bağlı ekspert rəyində müəyyən edilən faiz məbləği kəskin məbləğ fərqi vardır. Bununla bağı iddiaçı qeyd edilən faiz borcuna dair əsaslandırılmış sübutlarını məhkəməyə təqdim etməmiş, nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Ekspert rəyi müvafiq əsaslandırma aparmaqla və ödənişlər nəzərə alınmaqla təfsilatı ilə araşdırma aparmaq verildiyindən məhkəmə ekspert rəyində müəyyən edilmiş məbləği daha mötəbər hesab edir. Ona görə də məhkəmə ekspert rəyi ilə razılaşır və həmin rəydə müəyyən edilən faiz borcunun daha əsaslı və qanuni olmasını qəbul edir. Bu səbəbdən Cavabdeh1 tərəfindən sonradan edilmiş ödənişlər nəzərə alındıqda qalıq əsas borc 18586,53 manat təşkil etdiyindən və ekspert rəyi ilə müəyyən olunmuş faiz məbləği olan 315,31 manat əsas götürüldüyündən məhkəmə hesab edir ki, tələb 18586,53 manat məbləğdə əsas borcun və 315,31 manat faiz borcunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. 6784,08 manat dəbbə pulunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 500 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks müəssisəsinə yönəldilməsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin 5.3.1-ci bəndində qeyd olunur ki, bu müqavilə ilə təmin ediləm öhdəlik icra edilmədikdə, yaxud onun uicrası gecikdirildikdə, ipoteka predmetinə tutma yönəltməklə həmin əmlak hesabına tələblərinin və bununla bağlı çəkilmiş bütün xərclərini faktiki təminat məqamında malik olduğu həcmdə ödənilməsini tələb etmək ipoteka saxlayan iddiaçının hüququdur. Araşdırma zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda satılması və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə olanların həmin əmlakdan çıxarılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı “Legal hüquq və ekspert” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 677.56 kv.m sahəsi olan əmlak kompleks müəssisəsinin hazırki likvid dəyəri 111000 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, “Legal hüquq və ekspert” MMC tərəfindən 677.56 kv.m sahəsi olan əmlak kompleks müəssisəsinin qiymətləndirilməsi barədə hesabata əsasən fərdi yaşayış evinin ilkin satış dəyəri 111000 manat müəyyən edilməklə həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalı, əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh və onunla birlikdə olanların həmin əmlakdan çıxarılması vasitəsilə həmin əmlak boşaldılmalı və əmlakın satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iddiaçının iddia tələbində xx.xx.2019-cu il tarixli 001/M nömrəli Kredit müqaviləsinin ləğv edilməsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/M nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana Yevlax rayonunda heyvandarlığın inkişafı məqsədilə illik 6 % olmaqla 47000 manat məbləğində krediti 40 ay müddətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi hazırkı vaxta qeyd edilən kredit müqaviləsinin müddəti bitdiyindən, təxminən 5 ildən çox vaxt keçdiyindən qüvvədən düşmüş müqavilənin yenidən ləğv edilməsi məntiqli və qanuni deyilidr. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 119.1, 153.1, 153.2.1, 261.0 və 261.0.1-ci maddələrinə, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəbbə pulu kredit müqaviləsininn qüvvədə olduğu müddət ərzində əsas borc üzrə öhdəliyin tam icra edildiyi tarixə kimi hesablanır və dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Qeyd olunanlara əsasən cavabdeh əsas borcu bugünkü tarixə kimi qaytarmadığından həmin tarixə kimi əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə faizlərini də ödəməlidir. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/230 nömrəli ekspert rəyi ilə razı olmadıqlarını, ekspert hesablama aparan zaman hesabdan çıxarış məlumatlarını nəzərə almışdır. Bankın iddiası, təqdim etdiyi hesabdan çıxarış məlumatları və maliyyə arayışı ilə ekspert rəyində kifayət qədər ciddi fərq olmasına baxmayaraq məhkəmə bunu nəzərə almamış və təkrar ekspertizanın keçirilməsini ehtiyac bilməmişdir. Ekspertiza rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə kredit borcu üzrə ödənilmiş 10606 manatın bütövlükdə hamısını əsas hesabdan silmişdir. Halbuki tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 5.3-cü bəndində qeyd edilmişdir ki, qaytarılmış məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinin silinməsinə yönəldilir. Göründüyü kimi məhkəmə əsas borcun silinməsi və faiz borcunu müqavilə müddətinin sonuna olan məbləğdə nərə almaqla düzgün nəticəyə gəlməmişdir. Həmçinin göründüyü kimi məhkəmə işə hərtərəfli və tam baxmamış, tələsik qətnamə qəbul edərək işə düzgün qiymət verməmişdir. Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işin onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. İştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1. İpoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka muqaviləsi uzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka muqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş muddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini ödənilmiş məblğin borcdan silinməsi ardıcıllığı, faiz borcu, cərimə və müqavilənin ləğv edilməməsi hissəsini mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın tam təmin edilməsini tələb edir. Məhkəmə kollegiyası ilkin olaraq birinci instansiya məhkəməsinin cavabdehin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin ödənilmiş məbləğin borcdan silinməsi ardıcıllığı və faiz borcu hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. Belə ki, iddia tələbinə əsasən iddiaçı cavabdehdən 29192.53 manat əsas, 3904.46 manat faiz borcun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/230 nömrəli rəyinin nəticə hissəsindən isə görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixədək banka olan borcu əsas borc üzrə 29560,32 manat, faiz borcu isə 315,31 manat müəyyən olunmuşdur. Həmçinin rəydə qeyd olunmuşdur ki, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamadığından hazırki təqdiqatla borlcuya cərimə hesablanmamışdır. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən kredit borcu üzrə 2024-cü il ərzində (ekspertiza rəyi alındıqdan sonra) ümumilikdə 10606 manat ödəniş edilmişdir. İddiaçının isə təqdim etdiyi maliyyə arayışı xx.xx.2022-ci il tarixə olan dövrü əhatə edir. Göründüyü kimi, cavabdeh tərəfindən həmin dövrdən sonra 10606 manat ödəniş edilmiş, iddiaçı isə həmin ödənişləri nəzərə almadan borcun tutulmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ümumilikdə ödənilmiş 10606 manat məbləğin hamısını əsas borcdan çıxmaqda haqlı olmamışdır. Belə ki, müqaviləyə əsasən borc verən borc alandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Mülki Məcəllənin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Yuxarıda qeyd edilmiş normadan görünür ki, əgər borclu əsas öhdəlikdən başqa faizləri də ödəməlidirsə onda, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası məqsədi ilə ödənilmiş pul əvvəlcə faizlərin hesabına, sonda isə əsas borcun hesabına daxil edilməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.3-cü bəndinə görə də qaytarılmış məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. İş üzrə qətnamədən isə görünür ki, birinci instansiya məhkəməsi ümumilikdə ödənilmiş 10606 manat məbləğin hamısını əsas borcdan çıxmışdır. O da nəzərə alınmalıdır ki, borc üzrə alınmış məbləğin ilkin olaraq faizlərə ödənilməsi borclunun üzərinə qanun norması və özünün razılıq verdiyi müqavilə şərti ilə öhdəlik qoyulmuşdur. Odur ki, birinci instansiyası məhkəməsinin yuxarıda göstərilən qaydaları nəzərə almadan, işin halları ilə aidiyyəti qanun normalarının (və müqavilənin) dispozisiya şərtləri arasındakı uyğunluğa dair hüquqi dəyərləndirmə aparmadan borc üzrə alınmış məbləğin ilkin olaraq əsas borca ödənilməsi barədə mövqeyi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə ödənilmiş 10606 manat məbləğdən qanunvericiliyə (və müqaviləyə) uyğun olaraq ilkin olaraq ekspertin rəyi ilə müəyyən edilmiş 315,31 manat faiz borcunun ödənilməsinə yönəlməlidir (10606-315.31=10290.69). Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kollegiya ekspertin vəzigələrini öz üzərinə götürmür lakin, yuxarıda aparılmış hesablama hüquqi qiymətləndirmə olduğundan kollegiya hesablamanı özü edir. Kollegiya eyni zamanda qeyd edir ki, ekspert rəyi müvafiq əsaslandırma aparmaqla, ödənişlər nəzərə alınmaqla və təfsilatı ilə araşdırma aparmaqla verildiyindən məhkəmə ekspert rəyində müəyyən edilmiş məbləği daha mötəbər hesab edir. Ona görə də, məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşır, həmin rəydə müəyyən edilən faiz borcunun daha qanuni və əsaslı olmasını qəbul edir, apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsassız hesab edir və təkrar ekspertiza keçirilməsini də məqsədəmüvafiq hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ödəmə ilkin olaraq faiz borcuna yönəldikdən və faiz borcu ödənilmiş məbləğdən çıxıldıqdan sonra faiz borcu üzrə artıq tutulmalı borc qalmır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/230 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixədək banka olan əsas borcu 29560,32 manat təşkil etmişdir. İddia tələbinə əsasən isə iddiaçı cavabdehdən 29192.53 manat əsas borcun ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi əsas borcun məbləği müvafiq ekspert rəyində müəyyən edilmiş məbləğdən azdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, əsas borca münasibətdə məhkəmə kollegiyası ekspert rəyini nəzərə almır və hesab edir ki cavabdehdən tələb edilən əsas borc məbləği 29192.53 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə ödənilmiş 10606 manat məbləğdən qanunvericiliyə uyğun olaraq ilkin olaraq faiz borcuna yönəldikdən sonra yerdə qalan məbləğ yəni, 10290.69 manat pul, iddia ərizəsi ilə tələb edilən 29192.53 manat olan əsas borcun ödənilməsinə yönəlməlidir (291xx.xx-10290.69=18901.84). Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, faiz borcu ümumi ödənilmiş məbləğdən çıxıldıqdan sonra tam əhatə edildiyindən, Cavabdeh1 ancaq 18901.84 manat əsas borc tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə qətnamənin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsini tələb etdiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, işdən müəyyən edilir ki, iddiaçının tələbi müqavilənin ləğv edilməsi, borcun ona geri qaytarılması barədədir. Birinci instansiya məhkəməsi iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsini rədd etmişdir. Daha sonra isə, iddiaçı tərəf, əleyhinə yaranmış hüquqi vəziyyətə görə məhkəmə aktından şikayət vermişdir. Məhkəmə kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə tələb hüququ müqavilə əsasında yaranmışdır. Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı, müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdeh isə buna heç bir münasibət bildirməmişdir. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşibgerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhz məhkəmənin vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda müəyyən ziddiyyətin meydana gəlməsi istisna edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilənin ləğv edilməsi tələbinin rədd edilməsi və bu məsələyə münasibətdə göstərilən ziddiyyətli yanaşmanın sərgilənməsi Mülki Məcəllənin 421-ci və digər aidiyyəti normalarının, eləcə də onların şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqelərin düzgün tətbiq edilməməsindən irəli gəlir. Sözügedən Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Bununla belə, həmin Qərarda mübahisə halında müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaq imkanı və məhkəmənin belə iddiaya baxmaq səlahiyyəti istisna edilməmişdir. Ona görə ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir və tərəflərdən hər hansı birinin mənafeyi baxımından təsbit ehtiyacı yaranan halda “müqavilənin ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalıdır Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti müqavilənin ləğvi hissəsində əsaslı olduğundan, tərəflər arasında bağlanmış müqavilə də ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimənin azaldılması hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə borcuna münasibətdə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Yuxarıdan qeyd edilən maddələrdən müəyyən edilir ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 6784.08 manat məbləğində cərimə (dəbbə pulu) ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq hesab etmişdir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Bundan başqa işdən müəyyən edilir ki, cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulu artmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cərimənin miqdаrının bu qədər yüksək оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesаb etmişdir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılması məqsədəuyğun hesab oluna bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-2(117)-657/2024 nömrəli qətnaməsi qismən yəni, əsas borc, faiz borcu və müqavilənin ləğv edilməsinə aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/M saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 001/M saylı kredit müqaviləsinə əsasən 18901.84 manat əsas borc tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi əsas borc və faiz borcuna münasibətdə qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.