Məhkəmə qərarları › İş №2-2(107)-95/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-95/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-95/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “13849,25 manat əsas borc, 2412,33 manat faiz borcu, 1138,01 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2002,56 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınması üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)-377/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, Cavabdeh 13849.25 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh mülkiyyətində olan Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiymətinin 29500 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h– AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qərardadı ilə iddia tələbinin “əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan şikayət verilməmişdir. İşin halları: İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 06.04.2015-ci il tarixli 2328 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 13.04.2015-ci il tarixli 2328/i nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh mülkiyyətində olan Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 13849,25 manat əsas borc, 2412,33 manat faiz borcu, 1138,01 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2002,56 manat faiz borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh Ruslan İsmayılovdan tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 29500 manat müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqaviləsi, Bildiriş, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Ödəniş cədvəli, mütəxəsis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Faniş oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair” iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Faniş oğlu ilə İddiaçı ASC-nin arasında bağlanmış kredit müqaviləsi üzrə 13.849,25 manat məbləğində əsas borcun, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün istifadə olunan vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur. Aşağıda qeyd olunanlarla Şəki Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qətnaməsinin təmin edilməyən hissədə qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Şəki Kommersiya Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə təmin edilməyən hissədə ləğv edilməlidir və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından göründüyü kimi, ‘Zaminbank” ASC ilə Cavabdeh Faniş oğlu arasında imzalanmış 06.04.2015-ci il tarixli, 2328 saylı kredit müqaviləsinə Cavabdeh Faniş oğluna 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 14.500 AZN (on dörd min beş yüz manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehlə ipoteka müqaviləsi bağlanmışdır. Müştəri borcunu ödəmədiyi üçün tərəfimizən Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin iddia ərizəsi ilə Cavabdeh Faniş oğlundan 13.849,25 manat əsas, 2.412,33 manat müddət sonuna hesablanan faiz, 1.138,01 manat cərimə, 2.002,56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ kredit borcunun, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün istifadə olunan vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi xahiş olunurdu. Şəki Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qətnaməsinə əsasən Cavabdeh Faniş oğlundan 13.849,25 manat məbləğində əsas borcun, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün istifadə olunan vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsini və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qətnaməsi ilə faiz, cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc hissəsində gəlidyi nəticə ilə razı deyilik və hesab edirik ki, bu hissədə qətnamə ləğv olunmalıdır və iddia tələbimiz tam təmin edilməlidir. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı inzibati- İqtisadi məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. Bunlara baxmayaraq Şəki Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Faniş oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinə tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Faniş oğlundan ilə İddiaçı ASC-nin arasında bağlanmış kredit müqaviləsi üzrə 13.849,25 manat məbləğində əsas borcun, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün istifadə olunan vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir, Cavabdeh Faniş oğlunan 2.412,33 manat müddət sonuna hesablanan faiz, 1.138,01 manat cərimə, 2.002,56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tutulmasını təmin etməmişdir. Qeyd olunları nəzərə alaraq hesab edirik ki, bu hissədə məhkəmənin gəldiyi nəticə səhvdir və bu hissədə ləğv olunmalıdır, Cavabdeh Faniş oğlundan əlavə olaraq 2.412,33 manat müddət sonuna hesablanan faiz, 1.138,01 manat cərimə, 2.002,56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tutulmasını təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, e-2-2(117)- 377/2021 saylı qətnaməsi ilə təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ hissəsində nəticənin ləğv edilməsinin və iddiaçının iddia tələbinin bu hissədə tam təmin edilməsinə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayətindən görünür ki, o, Şəki Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qatnaməsinin ümumi iddia tələbinin təmin edilməmiş-yəni cərimə və faiz borcları hissəsində mübahisələndirir.. Odur ki, məhkəmə kollegiyası məhkəmə qətnaməsinə həmin hissədə hüquqi qiymət verməlidir. İddia tələbinin 13849,25 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 06.04.2015-ci il tarixli 2328 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 13849,25 manat borcu qalmışdır. Bu səbəbdən həmin borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 2412,33 manat faiz borcu, 1138,01 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2002,56 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Birinci instansiya məhkəməsi həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilir. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar belə mövcud deyildir. İddiaçı hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 2412,33 manat faiz borcu, 1138,01 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2002,56 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)-377/2021 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)- 377/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar