Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-95/2025 04.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ilk, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, icra obyektinin subicarəyə verilməsi, əqdin etibarsızlığı, müvafiq razılığının alınmamasına görə etibarsızlıq, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh MMC-nin direktoru X10 və nümayəndə və vəkili Nümayəndə3 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “TET İnternational Development” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Cavabdeh MMC (investor) ilə "xxxx" ASC (tərəfdaş) arasında 2020-ci il 28 oktyabr tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, tərəfdaş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özünə məxsus Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən tütün emal zavodunun ərazisini və tikililəri təqdim edir, investor bu ərazidə rekonstruksiya və bərpa işlərini aparıb, avadanlıqlarla təchiz edib, istehsal sahəsi qurur. İnvestor bütün bu işləri öz hesabına aparır və investisiya fəaliyyətinin nəticəsi olaraq quru tütün yarpağının satış dövriyyəsindən tərəfdaşa il ərzində 2.5% mənfəət ödəyir. Eyni tərəflər arasında 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli əlavədə göstərilmiş hissəsini müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulmuşdur: - 2.4-cü bənd: Obyektin təqribi sahəsi 8.333,33 kv.m təşkil edir və onun sərhədləri əlavədə öz əksini tapmışdır. - 3.2-ci bənd: Tərəflər arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli 001/20JV nömrəli birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndi nəzərə alınmaqla hazırkı müqavilə 10 il müddətində qüvvədədir. Birgə fəaliyyət müqaviləsinə vaxtından əvvəl xitam verilərsə birgə fəaliyyət müqaviləsinə xitam verilən tarixdən hazırkı müqavilə öz qüvvəsini itirir. - 4.1-ci bənd: icarə haqqı hər kv.m üçün 1 manat olmaqla 8.333,33 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə İddiaçı ASC (icarəçi) arasında bağlanmış “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 2022-ci il 18 avqust tarixli 3333 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1i ünvanındakı əmlak kompleksinin yerləşdiyi 60.186,4 kv.m torpaq sahəsini 2 il müddətinə illik icarə haqqı 9.000 manat, aylıq icarə haqqı məbləği 750 manat olmaqla icarəçinin müvəqqəti icarəsinə vermişdir. Həmin müqavilənin 2.2-ci bəndinin 3-cü abzasına əsasən, icarəçi icarəyə verənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə verə, icarə hüquqlarını girov qoya bilər. 2023-cü il 10 fevral tarixində "xxxx" ASC-nin sədri, sədr müavini, baş mühasibi, Cavabdeh MMC-nin direktoru (Fuad İmanov) və baş mühasibinin (Kamran Hazmanov) iştirakı ilə icarə və faktiki istifadəyə verilmiş ərazilər internet proqramı olan Google Earth vasitəsilə və faktiki olaraq əllə ölçülmüş, ölçmə zamanı icarəyə verilən ərazinin müqavilədə qeyd edildiyi kimi 8.333,33 kv.m deyil, faktiki 58.048 kv.m olması, həmin ərazidən məişət tullantıları atılan birgə istifadədə olan ərazi daxil edilməsə icarəçinin icarəyə verənə məxsus 54.143 kv.m ərazidən istehsalat məqsədləri üçün faktiki istifadə etməsi, lakin təkcə 8.333,33 kv.m ərazinin icarə haqqını ödəməsi müəyyən edilərək icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında akt tərtib edilmiş və akt iştirak edən bütün şəxslərin imzaları ilə təsdiq edilmişdir. "xxxx" ASC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2023-cü il 10 fevral tarixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, 2020-ci il 1 noyabr tarixli müqavilənin bir neçə bəndində, o cümlədən 2.4 və 4.1-ci bəndlərində dəyişiklik edilərək, müəyyən edilmişdir ki, obyektin sahəsi 54.000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. İcarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54.000 manat təşkil edir. Əlavəni Cavabdeh MMC-nin adından direktoru qismində Fuad İmanov imzalamış və əlavəyə MMC-nin möhürü vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat "xxxx" ASC (bundan sonra – “iddiaçı”) X12” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi əsasında fevral ayı üçün 26.714 manat, mart ayı üçün 45.667 manat, aprel ayı üçün 45.667 manat, may ayı üçün 45.667 manat, iyun ayı üçün 45.667 manat, iyul ayı üçün 45.667 manat, avqust ayı üçün 45.667 manat olmaqla, ümumilikdə 300.716 manat pulun, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh aralarında icarə müqaviləsinin bağlandığı tarixdən 2023-cü il 10 fevral tarixinədək istifadəsində olan 8333,33 kv.m ərazini genişləndirərək, 54.000 kv.m-ə çatdırmışdır. Bu səbəbdən həmin tarixdə tərəflər müvafiq olaraq icarə məbləğinin artırılması barədə razılığa gəlmiş, müqaviləyə 1 nömrəli əlavə formasında öz iradə ifadələrini rəsmiləşdirmiş və öz imza, möhürləri ilə təsdiq etmişlər. Həmin əlavəyə əsasən, icarə haqqı torpağın ölçüsünə uyğun olaraq 54.000 manat müəyyən edilmiş, lakin cavabdeh 2023-cü il 10 fevral tarixindən bu günədək aylıq 54.000 manat olan icarə haqqını ödəməkdən boyun qaçırmış və bunun əvəzində ümumi icarə haqqının kiçik bir hissəsi olan 8.333,33 manat məbləğində icarə haqqı ödəmiş, bununla da müqavilə öhdəliklərini (şərtlərini) kobud surətdə pozmuşdur. Hazırda tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və həmin tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Yaponiya investorlarının birgə təsisçisi olan “TET İnternational Development” MMC (bundan sonra - “üçüncü şəxs MMC”) ölkənin tütünçülük təsərrüfatına investisiya yatırımı ilə əlaqədar dövlət və özəl sektorun inkişafı istiqamətində iddiaçının təklifi və təşəbbüsü əsasında yerli sektorun inkişafı ilə əlaqədar 2020-ci il 28 oktyabr tarixində birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Birgə fəaliyyət çərçivəsində 2 il 3 ay icarə münasibətləri stabil olaraq davam etdirilmiş, iddiaçı tərəfindən qarşılıqlı etibardan, idarəçilikdə qarşı tərəfə verilən imkanlardan sui-istifadə edilərək, guya istehsal və rentabelliyi artırmaq adı altında qohumluq və s. şəxsi münasibətlərdə olan Fuad İmanov adlı şəxs cavabdeh MMC-nin rəhbərliyinə direktor vəzifəsinə gətirilmiş, iddiaçı ASC-nin sədr müavini olan İsmayıl Orucovun qardaşı Novruz Orucov üçüncü şəxs MMC-də yüksək vəzifəyə gətirilmiş və həmin şəxslərin qohumluq əlaqəsində olan Kamran Hazmanov cavabdeh MMC-nin baş mühasibi təyin edilməklə, xarici investorlara və cavabdeh MMC-nin mülkiyyət hüquqlarına qəsd məqsədilə böyük qruplaşma təşkil edilmişdir. Qabaqcadan müəyyən edilmiş plana əsasən məqsəd investorların əmlakını əldən çıxarmaq, investisiya nəticəsində qurulmuş təsərrüfatı mənimsəmək, investorları borclandırmaq, bu məqsədlə də onları ərazidən çıxarmaq olmuşdur. Bu planı icra etmək məqsədilə qeyd edilən qruplaşma öz aralarında Fuad İmanovun səlahiyyətlərindən istifadə edərək, icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə imzalayaraq icarə haqqını 8333,33 manatdan 54.000 manata qaldırmaqla maddi və iqtisadi durumu qəti şəkildə pisləndirən, eləcə də müqavilədə icarəyə götürənin hüquqlarını və maraqlarını müdafiə edən bəndləri ləğv etmək və dəyişdirməklə icarəyə götürənin vəziyyətini əhəmiyyətli şəkildə pişləşdirən müqavilə əlavəsi imzalamış, bu sənədi əsaslandırmaq məqsədilə də həmin tərkibdə həmin tarixli akt tərtib edərək investorlardan xəbərsiz, əsas maliyyəçini xəbərdar etmədən saxta sənədlər tərtib etmişlər. Sənədlər tərtib edildikdən sonra 2023-cü il 13 fevral tarixində saxtakarlıq yolu ilə edilmiş izləri itirmək məqsədilə direktor Fuad İmanov və baş mühasibi Kamran Hazmanov öz xahişləri ilə ərizə yazaraq idarəçilikdən kənarlaşdırılmalarını xahiş etmişlər. Direktor qismində Fuad İmanov baş mühasibin ərizəsini təsdiqləmiş, özü də ərizəsi əsasında işdən çıxmışdır. Həmin şəxslər işdən azad olunduqdan sonra cəmiyyətə pretenziya və həmin pretenziyaya əlavə olaraq 2023-cü il 10 fevral tarixində tərtib edilmiş akt və müqavilə əlavəsi daxil olmuşdur. Sözügedən akt və müqaviləyə məzmunundan da göründüyü kimi qarşı tərəfin müqavilə üzrə olan hüquqlarını təkzib etdiyindən, yalnız icarəçinin mənafelərini ifadə etdiyindən xüsusi məqsədlərlə, şərtlə bağlanılmış əqddir. Bundan başqa Fuad İmanovun rəhbərlik etdiyi dövr üzrə cəmiyyət rəsmi məlumatlar və 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən 1.245.554,86 manat zərər etmişdir. 2021-ci ilin də rəsmi mənbələrinə əsaslandıqda 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən cəmiyyət 1.000.000 manatadək ziyan etmişdir. Bölgə üzrə məşğulluq baxımından cəmiyyət 300-dən çox işçini işlə təmin edir. Belə ağır şərtlərlə fəaliyyət göstərən təşkilatın xərclərini birdən-birə 100.000 manatdan 600.000 manatadək qaldırmaq kimi hərəkətlərin hansı niyyətlərə xidmət etməsi aydın deyildir. İddiaçı ilkin olaraq hansı əraziləri və obyekti icarəyə verdiyini, sonradan hansı ərazilərin icarədardan xəbərsiz tutulduğunu rəsmi sənədlər üzərindən sübuta yetirə bilməmişdir. Üçüncü şəxs MMC ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında 2023-cü il 10 fevral tarixli akt və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunsuz yolla hazırlanmışdır, həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Cavabdeh MMC-nin əvvəlki direktoru Fuad İmanovun işlədiyi dövrdə, yəni 2023-cü il tarixində vergi xidmətinə müəssisənin 850.000 manat zərərdə olması barədə hesabat verilmişdir. Belə olan halda, 54.000 manat aylıq icarə haqqı tələb edilməsi müəssisənin bilərəkdən iflas etməsinə yönələn hərəkətlərdir. Bu qanunsuz hərəkətlərinə görə Zaqatala rayon Prokurorluğuna şikayət verilmiş və həmin şəxslər barəsində araşdırma aparılmışdır. İddiaçı ilə bağlanmış 2021-ci il 29 oktyabr 985 saylı və 2022-ci il 18 avqust, 3333 saylı torpağın icarəyə verilməsi müqavilələrinin 5.2 və 6.1.2-ci bəndlərinə əsasən, torpağın başqa fiziki və hüquqi şəxslərə verilməsi yalnız icarəyə verənin, yəni Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - “ƏMDX” və ya “Xidmət”) yazılı razılığı ilə mümkündür. Belə olan halda, Xidmətin yazılı razılığı olmadan icarə müqaviləsi, icarə müqaviləsinə 1 nömrəli əlavə və akt imzalanması qadağandır. Bundan başqa, həmin müqavilələrdən görünür ki, dövlət torpağı illik 9884 manat və 9000 manat qarşılığında icarəyə götürüldüyü halda, iddiaçı tərəfindən Xidmətin razılığı olmadan illik 648.000 manat qarşılığında cavabdehə icarəyə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddəti 10 olduğu halda, Xidmətlə iddiaçı arasında dövlət torpağının icarəyə verilməsi barədə müqavilələr 2 il müddətində bağlanmışdır. Üçüncü şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmçinin bildirmişdir ki, cavabdeh MMC-nin keçmiş direktoru olan Fuad İmanovun nizamnamədən kənar fəaliyyətləri olmuşdur. Nizamnamənin 9.2-ci bəndində göstərilir ki, direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır və xüsusi əhəmiyyətli sənədlər istisna olmaqla, rəsmi sənədləri imzalayır. Hazırkı məsələnin xüsusi əhəmiyyətli hal olduğunu bildirirlər. Fuad İmanov icarə haqqının artırılması barədə həmin müəssisənin təsisçisi olan MMC-yə heç bir məlumat verməmişdir. Bundan əlavə Fuad İmanovun rəhbər olduğu dövrdə müəssisə zərərlə işlədiyindən və bir sıra müəssisədaxili kobud pozuntular olduğundan, təsisçilər onun barəsində 2023-cü il 1 fevral tarixində 1 aylıq vəzifədən kənarlaşdırılması barədə qərar qəbul etmişdir. İdarə heyətinin qərarı Fuad İmanova təqdim edilmişdir. O, möhürü təhvil verməkdən imtina etmiş və bildirmişdir ki, onun adından başqa hərəkətlər edə bilərlər. Bu səbəbdən də möhürü işdən çıxardıqdan sonra təhvil verəcəyini bildirmişdir. X14 Hazmanov müəssisəni zərərə salmaq üçün bu aktı imzalayıblar. Təsisçi tərəfindən cavabdeh MMC-yə 6.000.000 dollar məbləğində vəsait yatırılmış, lakin 3 il ərzində bir manat da olsa, mənfəət əldə etməmişdir Şəki Kommersiya Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 nömrəli qətnaməsi (hakim: R.Məcidov) ilə, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Məhkəmənin mövqeyi ilk iddiaya münasibətdə ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunvericiliyin tələbinə zidd olmamaqla, habelə müqavilə iştirakçıları olan hüquqi şəxslərin rəhbərləri tərəfindən müvafiq qaydada həm imza, həm möhürlə təsdiqlənməklə etibarlı əqdlərdir. İcarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəticədə cavabdeh tərəfindən 8333,33 kv.m deyil, 54.000 kv.m ərazidən istifadə olunması müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasında icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Yuxarıda qeyd olunduğu kimi, icarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan tələbdə göstərilən məbləğlərdə icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Bu səbəbdən də mübahisələndirilən ölçmə aktı və müqaviləyə 1 nömrəli əlavə icarə müqaviləsini tərkib hissəsi kimi, yəni əqd kimi qiymətləndirilir və həmin əqdlərin etibarsızılığı üçün qanuni əsas mövcud deyildir. Məhkəmə qarşılıqlı iddianın mübahisə predmeti olan əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlilinə münasibətdə göstərmişdir ki, əvvəla, əlavə və akta imza etmiş cəmiyyətin direktoru Fuad İmanovun səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən, Fuad İmanov cavabdeh MMC-nin rəhbəri olmaqla qanunvericiliklə və cəmiyyətin nizamnaməsindən irəli gələn səlahiyyətlərindən istifadə edərək direktor kimi müqaviləyə əlavə və akt imzalamışdır. Əgər cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirdiyi kimi, Fuad İmanovun səlahiyyətlərindən müddətli uzaqlaşdırılması ilə bağlı təsisçinin qərarı olmuş olsaydı və həqiqətən də onun vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verdiyi 2023-cü il 10 fevral tarixində müəyyən edillmiş olsaydı, bu zaman direktorun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması barədə qərar qəbul edildikdən sonra müəssisənin möhürü direktorda saxlanılmamalı idi. Halbuki mübahisə predmeti olan 1 nömrəli əlavə direktorun imzası, habelə cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Vəzifəsindən müvəqqəti uzaqlaşdırılmış direktor möhürü təhvil vermədiyi halda, direktoru vəzifəsindən uzaqlaşdırmış təsisçinin direktordan möhürü almaq səlahiyyəti olmuşdur ki, təsisçinin bu səlahiyyətlərindən istifadə etməsi, habelə direktorun möhürü təhvil verməməsi nəticəsində etməli olduğu hərəkətlərlə (möhürün təhvili ilə bağlı hüquq mühafizə orqanlarına, məhkəməyə müraciəti və s.) bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, müəssisənin direktoru 2023-cü il 10 fevral tarixində müqaviləyə 1 nömrəli əlavə və aktı imzalamaq üçün səlahiyyətli şəxs olmuşdur. Əlavə və aktdan cəmiyyətin təsisçisinin məlumatının olub-olmaması ilə bağlı isə qeyd olunmuşdur ki, əvvəla, təsisçinin məlumatının olmaması ilə bağlı iş materiallarında sübut yoxdur. Bundan başqa cəmiyyətin direktoruna cəmiyyətin adından əqd bağlamaq səlahiyyəti verilmiş və direktor həmin səlahiyyətlərindən istifadə edərək əqd imzalamışdır ki, cavabdeh müstəqil hüquqi şəxs olmaqla özü üçün öhdəliklər götürə və hüquqlarından müstəqil istifadə etmək hüququna malikdir. Direktorun bağladığı əqdlər və hərəkətlərlə bağlı təsisçiyə məlumat verməli olması və bu məlumatı verməməsi həmin əqdin etibarsızlığına əsas olan səbəb deyildir, direktorun vəzifəsini düzgün icra etməməsinin nəticəsidir. Həmçinin, direktorun vəzifəsini düzgün yerinə yetirməməsi nəticəsində cəmiyyətin zərərlə işləməsi və 54.000 manat icarə haqqını ödəyə bilməməsi 54.000 manat icarə haqqının ödənilməsi öhdəliyini yaradan müqaviləyə əlavənin etibarsız hesab olunmasına səbəb deyildir. Belə ki, icarə haqqı tərəflərin azad iradə ifadələri ilə müəyyənləşdirilən meyardır ki, əgər iddiaçı cəmiyyət həmin məbləğdə icarə haqqını ödəyə bilməyəcəkdisə, bu zaman müqaviləyə 1 nömrəli əlavə imzalanmasından imtina etməli, 54000 kv.m deyil, icarə müqaviləsində qeyd olunduğu kimi 8333,33 kv.m ərazidən istifadə etməklə həmin ərazinin icarə haqqını ödəməli idi. Məhkəmə həmçinin qeyd etmişdir ki, üçüncü şəxs MMC tərəfindən təqdim edilmiş 2023-cü il 1 fevral tarixli 01 nömrəli təsisçi qərarı sübut kimi qəbul edilmir. Belə ki, üçüncü şəxs məhkəmənin 2023-cü il 11 iyul tarixli protokol qərarına əsasən işin hazırlıq mərhələsində məhkəmə icraatına cəlb edilmiş, 2023-cü il 21 iyul tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, iş üçün əhəmiyyətli sübutlar təqdim edəcəyini bildirməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilməklə məhkəmə iclası təxirə salınmışdır. 2023-cü il 26 iyul tarixdə keçirilən hazırlıq iclasında da üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, tərəflərin vəsatətlərinin, sübutlarının olubolmaması dəqiqləşdirildikdən sonra iş məhkəmə baxışına hazır hesab edilməklə baxış iclası təyin edilmişdir. Göründüyü kimi, vəsatətlərinin, sübutlarının və sənədlərinin təqdim edilməsi üçün bütün tərəflərin, eyni zamanda üçüncü şəxsin də kifayət qədər vaxtı olmuş, həmin sübut iş məhkəmə baxışına təyin edildikdən sonra yaranmamaqla həmin vaxtdan əvvəl də mövcud olmuş lakin üçüncü şəxs həmin sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddianın hüquqi əsasını əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması təşkil etdiyindən, əgər qarşılıqlı iddianın verdiyi tarixdə həqiqətən təsisçinin qərarı mövcud olsaydı, bu sübut istər cavabdeh, istərsə də üçüncü şəxs MMC tərəfindən vaxtında məhkəməyə təqdim edilərdi. Eyni zamanda, qeyd olunan qərar məhkəməyə vaxtında təqdim edilmiş olsaydı belə, həmin qərar müstəqil şəkildə sübut kimi qəbul edilməyərək məhkəmə tərəfindən müvafiq əlavə araşdırma aparılardı (qərarların qeydiyyat kitabına baxış və s.). Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 43.1 324.1, 331.1, 331.2, 337.1, 337.3, 337.4, 421.1, 700.1, 700.2. 710.1, 710.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya baxışında üçüncü şəxs ƏMDX-nin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında 2020-ci il 1 noyabr tarixində icarə müqaviləsi bağlanarkən Xidmətin nümayəndəsi də iştirak etmiş, müqaviləyə 1 nömrəli əlavədən məlumatlı olmuşdur. İddiaçı torpaq sahəsini Xidmətin razılığı ilə subicarəyə vermişdir, bu barədə yazılı razılığın olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Xidmətin 2023-cü il 8 dekabr tarixli 3-21-3/2- 18282/2023 nömrəli məktubunda isə göstərilmişdir ki, iddiaçının bütün əmlakları 2014-cü il 13 dekabr tarixində tam şəkildə özəlləşdirilmiş və mülkiyyətində olan ünvan 1i ünvanında Tütün fermentləmə zavodunun yerləşdiyi 53.596,0 kv.m torpaq sahəsinə dair 2021-ci il 29 oktyabr tarixli 985 nömrəli, Yuxarı Tala kənd Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60.486,40 kv.m torpaq sahəsinə dair 2022-ci il 18 avqust tarixli 3333 nömrəli icarə müqavilələri bağlanılmışdır. İddiaçının icarəsində olduğu torpaq sahəsinin ikinci əldən cavabdehə icarəyə verilməsi haqqında müraciəti Xidmətə daxil olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-2(107)-86/2023 nömrəli qətnaməsi ilə, apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd olunmuş, qarşılıqlı iddia isə təmin olunmuşdur (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər V.Məlikov və G.Cavadova). Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, işin materialları ilə müəyyən olunur ki, iddiaçı 2014-cü il 13 dekabr tarixində tam şəkildə özəlləşdirdiyi ünvan 1ində Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60.486,40 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsinin sərəncamçısı (vəkil edilmiş dövlət orqanı) ƏMDX-dir. Xidmət sözügedən torpaq sahəsini iddiaçının icarəsinə 2022-ci il 18 avqust tarixində 2 il müddətinə vermişdir. İddiaçı 2020-ci ildə dövlət mülkiyyətində olan torpaq sahəsini özünün icarəsində olmadığı halda, heç bir qanuni əsas olmadan cavabdehin subicarəsinə vermişdir. Halbuki, qanunun tələbi və ƏMDX ilə sonradan bağlanmış icarə müqaviləsinin şərtinə görə, iddiaçı özünün qanuni icarəsində olan torpaq sahəsini yalnız icarəyə verənin yazılı razılığına görə subicarəyə verə bilərdi. İndiki halda bu hal baş verməmiş, iddiaçı bu barədə nə 2020-ci ildə, nə də 2023-cü ildə əmlakın sərəncamçısına müraciət etməmişdir. Belə olan halda 2020-ci ildə iddiaçının torpaq sahəsini başqa şəxsin subicarəsinə verməyə və sonradan həmin müqaviləyə dəyişikliklər etməyə səlahiyyəti olmamışdır. Bu o deməkdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi etibarsızdır, bu səbəbdən həmin müqavilənin şərtlərinin dəyişdirilməsi barədə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və 2023-cü il 10 fevral tarixli akt da etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və iddiaçını təmsil edən nümayəndənin izahatına istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll olunmasını istisna edir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 241.1, 241.2, 242.2, 324.1, 331.1, 331.2, 337.1, 337.3, 337.4, 421.1, 700.1, 700.2, 710.1, 710.3, 712.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarlarına və MPM-in 4, 9, 14.2, 77.1, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyasında birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 17 may 2024-cü il tarixli, 2-2(102)-242/2024 saylı qərarı ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim - K.Abiyeva, hakimlər - B.Qəribov və M.Əhmədova). Məhkəmə qeyd etmişdir ki, icarə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ƏMDX iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, nümayəndəsi apellyasiya baxışında verdiyi izahatında Xidmətin həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi barədə məlumatlı olduğunu, bu müqavilənin bağlanmasına etirazının olmadığı bildirmiş, Xidmət tərəfindən məhkəməyə ünvanlanmış məktubda da onların həmin əqdi mübahisələndirmələri barədə hər hansı mövqe irəli sürülməmişdir. Göründüyü kimi, əmlakın mülkiyyətçisi hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi barədə məlumatı olmuş, lakin onun etibarsızlığına dair hər hansı formada (yazılı və ya şifahi) etirazını bildirməmiş, prosessual imkanı olduğu halda bununla bağlı müstəqil tələb də irəli sürməmişdir. Belə olan halda, məhkəmənin hazırkı vəziyyətdə xidməti vəzifələrinə görə nəzərə ala bilməyəcəyi hala istinad edərək, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli müqaviləni (əqdi) etibarsız hesab etməsi qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd olmuşdur. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müəyyən hissəsi ilə bağlı olsa da, qeyriyaşayış sahəsinin yerləşdiyi, həmin sahədən təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan torpaq sahəsi də, vahid daşınmaz əşya kimi icarə müqaviləsinin predmeti olmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə ilk və qarşılıqlı iddia tələblərinin predmetini təşkil edən məsələlərə (icarə müqaviləsinə 1 nömrəli əlavənin etibarsızlığı və həmin əlavə əsasında icarə haqqı tələbi) münasibətdə vurğulamışdır ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə ilk iddia tələbinin əsaslandığı icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin etibarsızlığı barədə qarşılıqlı iddiaya münasibət bildirilməlidir. Qarşılıqlı iddia ərizəsinin əsaslandırmasından görünür ki, cavabdeh mübahisələndirilən əlavənin tərtib edildiyi vaxt cəmiyyətin direktoru olmuş şəxsin (Fuad İmanovun) iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, onlarla əlbir olaraq cəmiyyətin adından onun vəziyyətini pisləşdirən razılaşma imzaladığını, bu razılaşmanın cəmiyyətin mənafeyinə xidmət etmədiyini bildirərək, icarə müqaviləsinə əlavənin etibarsızlığını tələb edir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı təmin edərkən işin hallarının tam və hərtərəfli araşdırılması prinsipini pozmuş, qarşılıqlı iddia ərizəsində irəli sürülmüş dəlillər üzrə iddia tələbinin qanuni əsasının tapılması və dispozisiya şərtlərinin yoxlanılması istiqamətində heç bir araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Başqa sözlə, məhkəmənin gəldiyi nəticədən, mübahisələndirilən əqdin MM-nin əqdlərin etibarsızlığını tənzimləyən hansı normasına əsasən etibarsız olması müəyyən deyildir. Halbuki hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların, həmin qanuni əsasın dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir. Həmçinin «.....hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 2019cu il 18 mart tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı, ilkin iddianın qarşılıqlı iddia tələbindən asılılığı nəzərə alınmalı, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərin, MM-nin etibarsız əqdlərlə bağlı konkret hansı normasının dispozisiya şərtlərinə uyğunluğu müəyyən edilməklə hər iki iddia tələbinə hüquqi qiymət verilməlidir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 135.4, 337.1, 357, 358-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 3 mart tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının birinci bəndinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 1 avqust 2024-ci il tarixli, 2-2(107)-80/2024 nömrəli qətnaməsi ilə, cavabdeh və üçüncü şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – N.Quliyev, hakimlər – Ə.Məcidov, M.Əsədli). Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətlərində qeyd olunan hallara, yəni mübahisələndirilən əlavənin tərtib edildiyi vaxt cəmiyyətin direktoru olmuş Fuad İmanovun iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, onlarla əlbir olaraq cəmiyyətin adından onun vəziyyətini pisləşdirən razılaşma imzalamasına, bu razılaşmanın cəmiyyətin mənafeyinə xidmət etmədiyindən icarə müqaviləsinə əlavənin etibarsız hesab olunmasına münasibətdə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirməklə prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçı qeyd etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə baxışı zamanı da, mübahisələndirilən əlavənin bağlandığı zaman həmin əlavənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından hər hansı birinin mövcud olması aşkar edilməmişdir. Əksinə olaraq müəyyən edilmişdir ki, mübahisələndirilən əlavə səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması şərti ilə bağlanmışdır. Belə ki, qeyd olunan əlavədə kirayəyə verən qismində iddiaçının idarə heyətinin sədri O.Məmmədov, kirayəçi qismində isə cavabdehin direktoru F.İmanov iştirak etmiş, tərəflər mübahisələndirilən əlavənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş, qeyd olunan əlavə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqaviləsi ilə eyni formada tərtib edilərək tərəflərin möhürü ilə təsdiq edilmiş və iddiaçı kirayəyə verən kimi üzərinə düşən öhdəliyi yerinə yetirərək əlavədə qeyd olunmuş ərazini icarəçiyə təhvil vermiş, bununla bağlı tərəflər arasında akt tərtib olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətlərində qeyd olunan digər dəlilə, yəni iddiaçının torpağın subicarəyə verilməsi barədə müqavilə bağlamağa səlahiyyətinin olmamasına münasibətdə qeyd etmişdir ki, mülki hüququn bəyənmə sonradan verilən razılıq institutunu nəzərdə tutan MM-in 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamına) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. MM-in 355.2ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 3 mart tarixli qərarı). Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin nümayəndəsi torpaq sahəsinin ikinci əldən cavabdehə icarəyə verilməsi haqqında müraciətin Xidmətə daxil olmadığını bildirsə də, bununla bağlı hər hansı etiraz bildirməmiş, əksinə birinci apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən əlavə bağlanarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əqdin bağlanmasına yazılı razılığın verilməsi müəyyən edilməsə də, əqdi mübahisələndirməmələri kimi konkludent hərəkətləri və rəftarları onlar tərəfindən əqdin bəyənilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, üçüncü şəxs MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin əvvəlki direktoru F.İmanov MMC-nin nizamnaməsində göstərilən vəzifə səlahiyyətlərindən kənarlaşaraq təsisçilərə və investorlara rəsmi məlumat verməyərək, Nizamnamənin 9.2.3.3-cü bəndinin tələblərini pozaraq qanunsuz hərəkətlər edərək, tərəflər arasında bağlanmış 2020-ci il 1 noyabr tarixli İcarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən 1 saylı əlavə 2020-ci il tarixdə tərtib olunduğu halda 2023-cü il 10 fevral tarixli Əlavə 1 və AKT hazırlayaraq MMC-nin ziyanla işləməsini bildiyi halda, bilərəkdən icarə haqqını 54.000 manata qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı bildirmişdir ki, bəhs edilən Nizamnamənin 9.2.3.3-cü bəndinə əsasən direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır (xüsusi əhəmiyyətli əqdlər istisna olmaqla), rəsmi sənədləri imzalayır. Göründüyü kimi cavabdehin əvvəlki direktoru Fuad İmanov MMC-nin nizamnaməsində göstərilən vəzifə səlahiyyətlərini yerinə yetirmiş, 2023cü il 10 fevral tarixli Əlavə 1 və AKT-ı imzalama səlahiyyətinə sahib olmuşdur. Üçüncü şəxs bunun əksini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən əlavə ilə icarə haqqının qiyməti qaldırılmamış, icarəyə verilmiş ərazinin ölçülərində dəyişiklik edilərək icarə haqqının qiyməti eynilə hər kv.m üçün 1 manat saxlanılmışdır. Üçüncü şəxs MMC şikayətində daha sonra qeyd etmişdir ki, “Fuad İmanov 2023-cü il 13 fevral tarixində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və 2023-cü il 23 fevral tarixində əmək müqaviləsinə xitam verilmişdir. O, 2023-cü il 10 fevral tarixində Əlavə 1 və AKT hazırlayaraq işdən çıxmasını bilmiş və bilərəkdən MMC-nin müflis olmasını istəyərək bu qanunsuz hərəkətləri etmiş və vergi orqanına məlumat verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı bildirmişdir ki, icarə müqaviləsinə 1 nömrəli əlavənin və aktın tərtib edilmə vaxtı 2023-cü 10 fevral tarixidir. Üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlilinə görə Fuad İmanov 2023-cü il 13 fevral tarixində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və 2023-cü il 23 fevral tarixində onunla əmək müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə 2024-cü il 29 iyul tarixində məhkəməyə göndərilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Fuad İmanovun əmək müqaviləsinə 2024-cü il 27 fevral tarixində xitam verilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın tərtib edilməsindən sonra baş vermiş, Fuad İmanov həmin vaxt cavabdehin direktoru olmuşdur. Ona görə də qeyd edilən dəlil icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın etibarsız hesab edilməsinə əsas ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı hüquqi şəxsin təsisçisi onun təsisçisi olduğu hüquqi şəxsin direktoru tərəfindən ona ziyan vurulduğunu güman edirsə qeyd olunan halları təsdiq edəcək sübutları iddia ərəzəsinə əlavə etməklə həmin ziyanın direktordan tutularaq ona ödənilməsi ilə bağlı ayrıca iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilər. Bundan başqa, məhkəmə kollegiyası üçüncü şəxs MMC-nin apellyasiya şikayətində qeyd etdiyi digər hala, yəni təsisçinin 2023-cü il 1 fevral tarixli, 01 saylı qərarına əsasən cavabdehin direktoru F.İmanovun 2023-cü il 1 fevral tarixindən əməkhaqqısı saxlanılmaqla, vəzifəsindən sui-istifadə halları üzrǝ şübhəli olan məqamların araşdırılması ilə əlaqədar vəzifəsindən kənarlaşdırıldığını və buna görə də, F.İmanovun mübahisələndirilən əlavəni və aktı imzalamağa səlahiyyətinin olmamasına münasibətdə qeyd etmişdir ki, F.İmanov 2023-cü il 1 fevral tarixindən səlahiyyətlərindən uzaqlaşdırılmış olsaydı müəssisənin möhürü ondan alınmalı və direktorun vəzifədən uzaqlaşdırılması ilə bağlı vergi orqanlarına məlumat verilməli idi. Eyni zamanda qeyd olunan təsisçi qərarının F.İmanova təqdim olunması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Buna görə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən təsisçi qərarını qarşılıqlı iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul etməməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1, 324.5, 337.1, 337.2, 339.1, 357, 358.1, 358.2, 404.1, 404.2, 421.1, 423.1, 442, 448.1, 448.2, 700.1, 700.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 60, 81-ci maddələrinə, MPM-in 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. e) Kassasiya instansiyasında ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasnın xx.xx.2025ci il tarixli, 2-2(102)-78/2025 nömrəli qərarı ilə, Cavabdeh və üçüncü şəxs “TET İnternational Development” MMC tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin ediərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli 2-2(107)-80/2024 nömrəli qətnaməsi ləğv edimiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmılşdır (məruzəçi hakim – R.Qurbanov, hakimlər – E.Şamayev və B.Məmmədli). Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 may tarixli, 2- 2(102)-242/2024 saylı qərarında qeyd olunmuşdur ki, işin yeni apellyasiya baxışı zamanı, ilk iddianın qarşılıqlı iddia tələbindən asılılığı nəzərə alınmalı, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərin, MM-nin etibarsız əqdlərlə bağlı konkret hansı normasının dispozisiya şərtlərinə uyğunluğu müəyyən edilməklə hər iki iddia tələbinə hüquqi qiymət verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin göstərişləri tam icra etməmiş və bununla da, MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən faktlara əsasən, 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin mübahisələndirilməsi əsasları aşağıdakılardan ibarət olmuşdur: 1) həmin əlavə cavabdeh MMC-yə münasibətdə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır; 2) həmin əlavənin imzalanması üçün cavabdeh MMC-nin təsisçisinin razılığı alınmamış və bununla bağlı təsisçinin qərarı olmamışdır; 3) həmin əlavə tərtib edildiyi vaxt MMC-nin direktoru olmuş şəxs iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, onlarla əlbir olaraq MMC-nin adından onun vəziyyətini pisləşdirən və mənafeyinə xidmət etməyən razılaşma imzalamışdır. Qeyd edilən faktlara əsasən qarşılıqlı iddia tələblərinin qanuni əsasını MM-in 339.1 və 350-ci maddələri təşkil edir. Belə ki, MM-in 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. MM-in 350-ci maddəsinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə həmin maddələrin dispozisiya şərtlərini müəyyən etməklə işdə olan sübutlar və cavabdehin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmamış və yalnız qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmə tərəfindən cavabdehin istinad etdiyi hallar, yəni müqaviləyə əlavənin bağlanması üşün təsisçinin razılığının tələb olunması, müqaviləyə əlavəni imzalamış direktorun əks tərəfin rəhbər şəxsləri ilə qohumluq əlaqələrində olması və buna görə mübahisələndirilən əlavənin MM-in 49-1-ci maddəsinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslə bağlanmış əqd olması, mübahisələndirilən əlavə imzalandıqdan iki gün sonra həmin əlavəni imzalamış direktorun işdən çıxması barədə ərizə verməsi və əlavəni imzalamış direktorun əks tərəflə pis niyyətlə razılığa gəlməsi ilə bağlı hallar üzrə hüquqi dəyərləndirmə aparılmamışdır. Halbuki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi qətnamədə sübutetmə predmetini müəyyən etməklə iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməli olduğunu, nə kimi halların müəyyən edildiyini və nə kimi halların müəyyən edilmədiyini, tərəflərin istinad etdiyi dəlilləri, sübutları və qanunları rədd etmək üçün gətirdiyi dəlilləri göstərməlidir. Apellyasiya instansiyası məhkəməsi isə yalnız mübahisələndirilən əlavəni imzalamış şəxsin səlahiyyətli olmaması ilə bağlı cavabdehin istinad etdiyi halları rədd etmək üçün gətirdiyi dəlilləri göstərmiş, cavabdehin istinad etdiyi digər hallar üzrə gəldiyi nəticəni tam və dolğun əsaslandırmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi yalnız müqavilənin forma və məzmununa dair tələblərə istinad etməklə qeyd etmişdir ki, mübahisələndirilən əlavə səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması şərti ilə bağlanmışdır. Belə ki, qeyd olunan əlavədə kirayəyə verən qismində iddiaçının idarə heyətinin sədri O.Məmmədov, kirayəçi qismində isə cavabdehin direktoru F.İmanov iştirak etmiş, tərəflər mübahisələndirilən əlavənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş, qeyd olunan əlavə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqaviləsi ilə eyni formada tərtib edilərək tərəflərin möhürü ilə təsdiq edilmiş və iddiaçı kirayəyə verən kimi üzərinə düşən öhdəliyi yerinə yetirərək əlavədə qeyd olunmuş ərazini icarəçiyə təhvil vermiş, bununla bağlı tərəflər arasında akt tərtib olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə isə məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli və B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarlar). Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan şəkildə hüquqi dəyərləndirmə aparmamışdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe və qarşılıqlı iddiada istinad olunan hallara əsasən mübahisənin həlli zamanı mübahisələndirilən müqaviləyə əlavənin bağlanması motivləri və məqsədi, bunun hansı zərurətdən irəli gəlməsi və bununla bağlı danışıqların olub-olmaması, tərəflər arasında 2020-ci il 1 noyabr tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilən torpaq sahəsinin ölçüsündə dəyişikliklərin olub-olmaması, müqaviləyə əlavənin cavabdeh MMC-nin mənafeyinə uyğun olub-olmaması, müqaviləyə əlavə imzalandıqdan iki gün sonra cavabdeh MMC-nin direktorununun işdən çıxmaq barədə ərizə verməsi ilə bağlı, habelə cavabdeh MMC-nin nizamnaməsi və MM-in tələbləri baxımından MMC-nin direktorunun belə növ əqd baxlamaq səlahiyyətinə malik olub-olmaması ilə bağlı hallar üzrə hüquqi dəyərləndirmə aparılmalı idi. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10 fevral 2023-cü il tarixli AKT-ın və 1 nömrəli Əlavənin hazırlanması göründüyü kimi birgə fəaliyyət müqaviləsinə və icarə müqaviləsinə zidd hazırlanmışdır. Çünki, 1 nömrəli Əlavə icarə haqının qaldırılmasına səbəb ola bilməzdir ki, bu müqavilə qüvvəsində olduğu halda 1 saylı Əlavə ilə yeni icarə haqqı hesablanması mümkün deyildir. Həmin 1 saylı Əlavə birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi olmamışdır. 1 nömrəli Əlavə 01 noyabr 2020-ci il tarixli müqavilədə göstərilmişdir ki, 2023-cü ildə həmin 1 nömrəli Əlavənin təqdim edilməsi etibarsızdır. Həm 2020-ci il tarixli 1 nömrəli Əlavənin, həm də 2023-cü il tarixli 1 nömrəli Əlavənin təqdim edilməsi qanunsuzluqdur. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə olunmuş sənədlərdə, icarə müqavilələrindən görünür ki, 54.000 illik 16.000 manat götürülmüş icarə torpağı qanunsuz olaraq illik 648.000 manat subicarə hüququ olmadan verilməsi qanuna ziddir. 10 fevral 2023-ci il tarixli AKT-ı və 1 nömrəli Əlavə qanunsuz yolla hazırlandığından, yəni həmin 1 nömrəli Əlavə 2020-ci il tarixdə tərtib edilərək texniki sənəd olaraq istifadə olunan əraziyyə aiiddir. Belə olan halda 2021 və 2022-ci il tarixdə torpağın icarə müqaviləsi 2 illik olduğu halda, 10 illik icarə müqaviləsinə ziddir ki, qətnamədə göstərilən halların iş materiallarında olan sübutlara uyğun gəlməmişdir. Qətnamədə Azərbaycan Respublikasının mülki qanunvericiliyin tələbləri əsaslandırılmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “TET İnternational Development” MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərflər arasında olan müqavilə dəyişdirilməmiş və müqaviəyə dair əlavə saziş bağlanmamışdır. Dövlət vergi orqanında təqdim edilən müqavilə və reyestrdə qeydiyyata alınmış müqavilə 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsidir ki, tərəflərin hüquq münasibətlərini və icarə haqqını dəyəri həmin müqavilə ilə tənzimlənir. Həmçinin qeyd edilən 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndini nəzərə alaraq, hazırki müqavilə 10 il müddətinə qüvvədədir. İcarə haqqının artırılması barədə 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsinin əsas anlayışlar bölməsinin ikinci bəndinə əsasən müqaviləyə edilən əlavə dəyişiklik tərəflər arasında razılaşma protokolları tərtib edilməlidir ki, bu barədə investora məlumat verilməli idi. Lakin, icarə haqqının artırılması barədə həmin protokol tərtib edilməmişdir. Tərəflər arasında mövcud olan 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi dəyişdirilməmiş və dəyişdirilməsi barədə rəsmi məlumat daxil olmamışdır. İcarə haqqının artırılması əlavə sahədən istifadəyə görə göstərilmişdirsə, 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsində göstərilmiş razılaşma protokolları əsasında aparılmalı idi. 10 fevral 2023-cü il tarixli AKT və 1 nömrəli Əlavə birgə fəaliyyət müqaviləsinə və icarə müqaviləsinə zidd hazırlanmışdır. Çünki, 1 nömrəli Əlavə icarə haqının qaldırılmasına səbəb ola bilməzdir ki, bu müqavilə qüvvəsində olduğu halda 1 nömrəli Əlavə ilə yeni icarə haqqı hesablanması mümkün deyildir. Həmin 1 nömrəli Əlavə birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi olmamışdır. 1 nömrəli Əlavə 01 noyabr 2020-ci il tarixli müqavilədə göstərilmişdir ki, 2023-cü ildə həmin 1 saylı Əlavə təqdim edilməsi etibarsızdır. Həm 2020ci il tarixli 1 nömrəli Əlavə, həm də 2023-cü il tarixli 1 nömrəli Əlavənin təqdim edilməsi qanunsuzluqdur. İcarə müqaviləsi tərəflərin birgə fəaliyyət müqaviləsinə əsasən bağlanılmışdır. Birgə fəaliyyət müqaviləsinin bəndlərində 1 nömrəli Əlavə göstərilməmiş və 01 noyabr 2020-ci i tarixli icarə müqaviləsində 1 nömrəli Əlavə istifadə olunan ərazinin texniki göstəricilərini müəyyən edilməsi kimi göstərilmişdir. İddiaçının əvvəlki direktor Fuad Musayevlə birgə tərtib etdiyi 10 fevral 2023-cü il tarixli 1 nömrəli Əlavə Birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi ola bilməz və icarə haqqı artırılması üçün əsas deyildir. Çünki, tərfəflərin öhdəlikləri 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsi və 01 noyabr 2020- ci i tarixli icarə müqaviləsi ilə qəbul edilmişdir. Həmin müqavilərə əsasən icarə haqqı razılaşdırılmış və vergi orqanına təqdim edilmişdir. İddiaçı torpağın icarəyə verilməsi barədə müqavilə bağlaya bilməzdir ki, bunun səbəbi torpağın subicarəyə verilməsi bparədə razılıq olmamışdır. Bu səbəbdən də həmin 10 fevral 2023-cü il tarixli AKT və 1 nömrəli Əlavə etibarsızdır. Həmin müqavilələrə əsasən icarə haqqı münasibətləri 1 nömrəli Əlavə ilə deyil müqavilələrdə şərtləndirilmiş öhdəliklər göstərilmişdir. Məhkəmə qətnamə qəbul edərəkən müqavilə münasibətlərinə əhəmiyyət verməmiş heç bir hüquqi əsası olmayan 1 nömrəli Əlavəyə istinad etmişdir ki, bu da əqd sayıla bilməz. Çünki, əhəsmiyyətsiz və etibarsız əqddir ki, tərəflər arasında hüquq münasibətlərini müqavilələr ilə tənzimlənir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin direktoru X10 və nümayəndə və vəkil Nümayəndə3 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətlərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 49-1.1. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: 49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; 49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; 49-1.1.3. bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları); 49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs; 49-1.1.5. bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər; 49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs; 49-1.1.7. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs; 49-1.1.8. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri; 49-1.1.9. “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq, banklara, bank olmayan kredit təşkilatlarına və investisiya fondlarına aidiyyəti olan digər şəxslər. 49-1.2. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. 49-1.3. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya banklara münasibətdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49- 1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. 49-1.4. Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. 87.10. Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
350. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin.
Аzərbаycаn Respublikаsı Torpaq Məcəlləsi 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51.2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 51.5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. 51.6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. 51.7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. 60.1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. 60.2. Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, yaxud xarici hüquqi şəxs olduqda isə o, müvafiq torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. 60.3. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir. 81.Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır:torpaqdan təyinatı üzrə istifadə etmək; qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək; torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək; torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq; torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq; bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək; qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək.
“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 7.3. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. 8.5. İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin. 9.1. Əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. 9.3. Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. 9.5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. 9.6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. 9.7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 15.1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayətləri təmin edilərək qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarıılaraq ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə əqdin etibarsızlığı və icarə haqqının ödənilməməsi ilə əlaqədardır. Belə ki, "xxxx" ASC cavabdeh X12” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi əsasında fevral ayı üçün 26.714 manat, mart ayı üçün 45.667 manat, aprel ayı üçün 45.667 manat, may ayı üçün 45.667 manat, iyun ayı üçün 45.667 manat, iyul ayı üçün 45.667 manat, avqust ayı üçün 45.667 manat olmaqla, ümumilikdə 300.716 manat pulun, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və həmin tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Apellyatorlar isə birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirmişlər. Ümumiyyətlə apellyatorlar ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edirlər. Məhəkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd edən zaman əsaslandırması ondan ibarət olmuşdur ki, “....icarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəticədə cavabdeh tərəfindən 8333,33 kv.m deyil, 54000 kv.m ərazidən istifadə etməsi müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasında icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. İcarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan həmin icarə müqaviləsi əsasında fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla ümumilikdə 300716 manat borc cavabdehdən tutularaq iddiaçı cəmiyyətə ödənilməlidir. Eyni zamanda fevral ayı üçün icarə haqqı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 8333,33 manat icarə haqqına əsasən 2678,57 manat (8333,33 manat / 28 gün x 9 gün) və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 54000 manat icarə haqqına əsasən 36642,85 manat (54000 manat / 28 gün x 19 gün) müəyyən edilmişdir. Bundan həmin ay üçün ödənilmiş 8333,33 manat çıxıldıqda (2678,57 + 36642,85 = 39321,42 – 8333,33 = 30988,09) fevral ayı üçün icra haqqı 30988,09 manat təşkil edir. Lakin iddiaçı 2023-cü ilin fevral ayı üçün 26714 manat tələb etdiyindən və məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından fevral ayı üçün borc iddiaçının tələbi üzrə 26714 manat məbləğində cavabdehdən tutulmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edilmişdir ki, “....müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hazırkı iş üzrə tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli Əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərəflər arasında imzalanmış nüqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Müqavilənin həmin bəndində tərəflər obyektin faktiki olaraq təhvil verildikdən sonra yekun ölçmə işlərinın aparılacağı və zəruri olarsa icarə haqqı səthinin yekun real sahəsinə müvafiq olaraq uyğunlaşdırılacağı barədə razılığa gəlmişlər və mülki qanunveicilik də müqavilənin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, ilk iddiaçı müqavilə üzrə icarə haqqını tələb etsə də, cavabdeh tərəf icarə müqaviləsinə əlavə olaraq bağlanmış əqdin etibarsız olduğunu bildirir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllə 324.4.). Müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (Mülki Məcəllə 337.1). Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə 389.1). Əqdin arzu olunan hüquqi nəticəni yaratması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarsızlığı, əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: - əqdin subyektiv tərkibinə aid edilən şərt; - əqdin məzmununa aid edilən şərt; - əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; - əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Kollegiya qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337-ci maddəsində etibarsızlıq hallarının iki növü göstərilmişdir, bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur (Mülki Məcəllənin 337.2). İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). İradə ifadəsinin zədələnmiş olduğu hallarda əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Əhəmiyyətsiz əqd isə, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllə 337.3). Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Yəni, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Məhkəmə kollegiyası qeyd edir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Məhkəmələr isə yalnız tərəflər arasında etibarsızlığ və ya onun nəticələri ilə bağlı mübahisə olduqda əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq edərək hüquqi mübahisəni həll edir. Kollegiya eyni zamanda da qeyd edir ki, məhkəmələr əqdin etibarsızlığını irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Yəni, əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 iyun tarixli, 02/2022 saylı qərardadında da qeyd edilmişdir ki, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılan zaman əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallarını dəqiq müəyyən etməli, etibarsızlığa əsas verən hallar sübuta yetirilməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanun normasını, eləcə də etibarsızlığın növünü təsbit etməlidir. Məhkəmə kollegiyası bildirir ki, etibarsızlıq halını yaradan səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Hazırki işdən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə mübahisə edilən əqdlərə aiddir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC (investor) ilə "xxxx" ASC (tərəfdaş) arasında 28 oktyabr 2020-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, tərəfdaş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özünə məxsus Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən tütün emal zavodunun ərazisini və tikililəri təqdim edir, investor bu ərazidə rekonstruksiya və bərpa işlərini aparıb, avadanlıqlarla təchiz edib, istehsal sahəsi qurur. İnvestor bütün bu işləri öz hesabına aparır və investisiya fəaliyyətinin nəticəsi olaraq quru tütün yarpağının satış dövriyyəsindən tərəfdaşa il ərzində 2.5% mənfəət ödəyir. Eyni tərəflər arasında 1 noyabr 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli əlavədə göstərilmiş hissəsini müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə görə, obyektin təqribi sahəsi 8.333,33 kv.m təşkil edir və onun sərhədləri əlavədə öz əksini tapmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə görə, tərəflər arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli 001/20JV nömrəli birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndi nəzərə alınmaqla hazırkı müqavilə 10 il müddətində qüvvədədir. Birgə fəaliyyət müqaviləsinə vaxtından əvvəl xitam verilərsə birgə fəaliyyət müqaviləsinə xitam verilən tarixdən hazırkı müqavilə öz qüvvəsini itirir. Həmin müqavilənin 4.1-ci bəndinə görə, icarə haqqı hər kv.m üçün 1 manat olmaqla 8.333,33 manat təşkil edir. Göründüyü kimi, 1 noyabr 2020-ci il tarixdə tərəflər arasında uzunmüddətli (10 illik) icarə müqaviləsi bağlanmış və həmin müqavilə ilə icarəyə verilmiş obyektin sahəsi və icarə haqqı razılaşdırılmışdır. Bundan sonra, 10 fevral 2023-cü il tarixində "xxxx" ASC-nin sədri, sədr müavini, baş mühasibi, Cavabdeh MMC-nin direktoru (Fuad İmanov) və baş mühasibinin (Kamran Hazmanov) iştirakı ilə icarə və faktiki istifadəyə verilmiş ərazilər internet proqramı olan Google Earth vasitəsilə və faktiki olaraq əllə ölçülmüş, ölçmə zamanı icarəyə verilən ərazinin müqavilədə qeyd edildiyi kimi 8.333,33 kv.m deyil, faktiki 58.048 kv.m olması, həmin ərazidən məişət tullantıları atılan birgə istifadədə olan ərazi daxil edilməsə icarəçinin icarəyə verənə məxsus 54.143 kv.m ərazidən istehsalat məqsədləri üçün faktiki istifadə etməsi, lakin təkcə 8.333,33 kv.m ərazinin icarə haqqını ödəməsi müəyyən edilərək icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında akt tərtib edilmiş və akt iştirak edən bütün şəxslərin imzaları ilə təsdiq edilmişdir. Yuxarıda qeyd edilən akt tərtib edildikdən sonra, tərəflər arasında bağlanmış 1 noyabr 2020-ci il tarixli icarə müqaviləsinə əlavə imzalanmışdır. Belə ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 10 fevral 2023-cü il tarixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, 1 noyabr 2020-ci il tarixli müqavilənin bir neçə bəndində, o cümlədən 2.4 və 4.1-ci bəndlərində dəyişiklik edilərək, müəyyən edilmişdir ki, obyektin sahəsi 54.000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. İcarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54.000 manat təşkil edir. Əlavəni Cavabdeh MMC-nin adından direktoru qismində Fuad İmanov imzalamış və əlavəyə MMC-nin möhürü vurulmuşdur. İşdən daha sonra müəyyən edilir ki, qarşılıqlı iddiada 10 fevral 2023-cü il tarixli 1 nömrəli əlavənin mübahisələndirilməsi əsasları aşağıdakılardan ibarət olmuşdur:
1. Əlavə cavabdeh MMC-yə münasibətdə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır;
2. Əlavənin imzalanması üçün cavabdeh MMC-nin təsisçisinin razılığı alınmamış və bununla bağlı təsisçinin qərarı olmamışdır;
3. Əlavə tərtib edildiyi vaxt MMC-nin direktoru olmuş şəxs iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, onlarla əlbir olaraq MMC-nin adından onun vəziyyətini pisləşdirən və mənafeyinə xidmət etməyən razılaşma imzalamışdır. Kollegiya bildirir ki, qeyd edilən faktlara əsasən qarşılıqlı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 339.1 və 350-ci maddələri təşkil edir. Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 350-ci maddəsinə görə, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə kollegiyası bildirir ki, etibarsızlıq halını yaradan səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Hazırki işdən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış əqd mübahisə edilən əqdlərə aiddir. Belə ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanılan əqd etibarsızdır. Kollegiya bildirir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi dedikdə, təmsil olunan şəxsə zərər vurmaq niyyəti ilə bağlanmış əqd başa düşülür. Belə ki, bir tərəfin nümayəndəsinin (və ya təmsil edilən şəxsi təmsil etmək səlahiyyəti olan şəxsin) digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər nümayəndəlik (təmsil etmək) münasibətlərindən əmələ gəlir. Kollegiya daha sonra bildirir ki, yuxarıda qeyd edilmiş münasibətlərdən yalnız müəyyən şərtlər olduqda əqd etibarsız ola bilər. Belə ki, təmsil olunana zərər vurmaq üçün təmsil edən ilə qarşı tərəf arasında pis niyyət barədə razılaşma olmalıdır. Bu məqsəd onların qəsdən əlbir olmalarını ifadə edir. İkincisi isə, qəsdən əlbir olma təmsil olunan üçün arzuolunmaz, mənfi nəticəyə səbəb olmalıdır. Bu nəticə təmsil olunanın əmlakının azalmasında, onun əmlakına zərər vurulmasında və s. formalarda ifadə oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, bir qayda olaraq pis niyyətlə razılaşma fayda götürmək məqsədi güdür. Ancaq qeyd edilən məqsədin olub-olmamasının və ya fayda götürülməsinin əhəmiyyəti yoxdur. Bu qəbildən olan əqdləri etibarslz saymaq üçün vacib məqam, tərəflərin təmsil olunana qarşı pis niyyətlə razılığa gəlmələridir. Kollegiya bir məqamıda qeyd edir ki, bu növ əqdlərdə zərərçəkmiş tərəfin iradə ifadəsi ya təhrif edilmişdir, yada ümumiyyıtlə zərər çəkmiş şəxsin iradəsinə uyğun deyildir. İşin müəyyən edilmiş hallarından görünür ki, 1 noyabr 2020-ci il tarixdə tərəflər arasında uzunmüddətli (10 illik) icarə müqaviləsi bağlanmış və həmin müqavilə ilə icarə haqqı 8333 manat olaraq razılaşdırılmışdır. Buna baxmayaraq, 10 fevral 2023-cü il tarixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, 1 noyabr 2020-ci il tarixli müqavilənin bir neçə bəndində dəyişiklik edilərək, icarə haqqı 54.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, 10 fevral 2023-cü il tarixli Əlavə ilə əvvəlki icarə müqaviləsində müəyyən edilmiş icarə haqqı faktiki olaraq dəfələrlə (təxminən beş dəfədən çox) artırılmışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavəni və xx.xx.2023-cü il tarixli Akt (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) hazırki iş üzrə cavabdeh tərəfindən imzalamış hər iki şəxs, yəni həm Cavabdeh MMC-nin direktoru (Fuad İmanov) və həm də baş mühasibi (Kamran Hazmanov) xx.xx.2023-cü il tarixdən işdən azad edilmələri barədə könüllü ərizə vermişlər. İşdən də müəyyən edildiyi kimi, hər iki vəzifəli şəxs də fevral ayı ərzində öz ərizələri ilə işdən azad edilmişlər. Belə olan halda isə haqlı sual yaranır ki, necə olabilərki işdən çıxmaq niyyətində olan müəssisənin ən yüksək iki vəzifəli şəxsi işdən çıxmağa 3 (üç) gün qalmış müəsisəni ağır öhdəliklər altında qoyan və əvvəlki icarə haqqından dəfələrlə (təxminən 5 dəfədən çox) çox olan müqaviləyə və akta imza etmişlər. Əgər doğrudanda mübahisələndirilən əqd imzalanan zaman Cavabdeh MMC-nin direktorunun (Fuad İmanov) və baş mühasibinin (Kamran Hazmanov) qarşı tərəflə pis niyyətlə razılıqları olmamışsa, onlar işdən çıxmağa 3 (üç) gün qalmış heç bir halda şərtləri cavabdeh müəssisə üçün qat-qat ağır olan belə bir müqaviləni imzalamazdılar. Belə ki, həmin şəxslər fikirləşməliydilərki əgər bağladıqları bu əlavə işə müəssisəyə zərər dəysə, müəssisə dəymiş zərərin əvəzini onlardan tələb edə bilərdi. Kollegiya bildirir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsinin əsas sübutlarından biridə X6 və Vergi orqanlarından alınmış cavablar olmuşdur. Belə ki, cavabdeh tərəfin müdafiəçisi xx.xx.2024-cü il tarixdə Fuad İmanovun və Kamran Hazmanovun işləyib-işləməmələri barədə X4 sorğu verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xitmətinin 08 avqust 2024-cü il tarixli, 3-17-5/2-52740/2024 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, müraciətdə qeyd edilən şəxslərin adına xx.xx.2023-cü il tarixdən hazıradək "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin daxil edildiyi və hazırda qüvvədə olduqları müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-19/2-M-xxxx/2024 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, "xxxx" MMC-nin təsisçisi X9 və X5r. Rəhbəri isə X11r. Göründüyü kimi, Cavabdeh MMC-nin direktoru Fuad İmanovun və həmin müəssisənin baş mühasibi Kamran Hazmanov xx.xx.2023-cü il tarixdən, yəni Cavabdeh MMC-də direktor və baş mühasib vəzifələrində işlədikləri dövrdə iddiaçı "xxxx" ASC-nin rəhbəri olmuş X3 təsis etdiyi "xxxx" MMC-də işləməyə başlamışdır. Orda işləməyə başladıqdan 10 gün sonra isə cavabdeh müəssisə üçün çox ağır şərtlərdə müqaviləyə əlavə bağlamışlar. Əlavə imzalandıqdan 3 gün sonra isə hər iki şəxs cavabdeh müəssisədən işdən çıxmaları barədə ərizə vermişlər. Kollegiya hesab edir ki, yalnız bu fakt özü-özlüyündə belə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavəni və xx.xx.2023-cü il tarixli Aktı (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) imzalayan şəxslərin pis niyyətlə razılığa gəlmələrinin bariz nümunəsidir. Belə ki, Fuad İmanov və Kamran Hazmanov iddiaçı "xxxx" ASC-nin rəhbəri olmuş X3 təsis etdiyi "xxxx" MMC-də işləməyə başladıqdan qısa müddət (təxminən 10 gün) sonra mübahisələndirilən Əlavə və Akt imzalanmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavə və xx.xx.2023-cü il tarixli Akt imzalanmışdır. Bundan başqa güman edilir ki, bu qədər ağır şərtlərlə imzalanan müqavilə barədə cavabdeh müəssisənin investorunada məlumat verilməli idi. Hərçənd müqaviləyə əlavənən imzalanması barədə danışıqların aparılması və ya onların belə ağır şərtli yeni borcun altına girmələri ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Mülki Məcəllənin 339.1-ci maddəsinin (bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd) dispozitiv şərtinin ödənməsi üçün nümayəndə qismində çıxış edənin müqaviləni təmsil olunanın iradəsinin əleyhinə bağlamış olduğu müəyyən edilməlidir. Hazırki işdə isə təmsil olunanın (cavabdehin) yeni müqavilə bağlanması və ya müqavilə şərtlərinin öz zərərlərinə dəfələrlə ağırlaşdırılması ilə bağlı iradə ifadəsinin olması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlməməsi belə şərtlərdəndir. Ona görə də həmin şərtlərin pozulması nəticəsində bağlanmış əqdin etibarsızlığı qanunda nəzərdə tutulmuşdur. Bundan başqa qarşlıqlı iddianın təmin edilməsi üçün şərtlərdən biri də ondan ibarətdir ki, əqdi bağlayan qarşı tərəf də vicdanlı olmasın. Hazırki işdən isə əqdi bağlayan qarşı tərəfin təmsil olunanın özünə və ya investorlarına (müqavilə şərtlərinin təmsil olunan üçün dəfələrlə ağırlaşdırılacağı ilə bağlı) məlumat verməsi müəyyən edilməmişdir. Kollegiya vicdanlılıq məsələsi ilə bağlı bir məqamıda qeyd edir ki, Fuad İmanov və Kamran Hazmanov başqa bir müəssisədə deyil, məhz iddiaçı "xxxx" ASC-nin rəhbəri olmuş X3 təsis etdiyi "xxxx" MMC-də işləməyə başladıqlarından iddiaçı tərəf məlumatsız olduğuna istinad edə bilməzdi. Belə olan halda isə, göstərilən şərtlər ödənildiyi halda qarşlıqlı iddianın təmin edilməsi üçün əsas yaranır. Kollegiya əqdin bağlamasında təmsil olunanın heç bir niyyəti və ya iradə ifadəsi olmaması ilə bağlı qeyd edir ki, hər hansı əqdin, o cümlədən hazırki iş üzrə əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Etibarlılıq üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Yəni, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə 404.2). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli qərarlar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Göründüyü kimi, qanunvericiliyə əsasən tərəflərin iradə ifadəsi əqdin bağlanılmasının zəruri şərtidir. Yəni, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Bu kontekstdə apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, təmsil olunanın mübahisəli əqdin bağlanmasında hər hansı niyyəti və iradə ifadəsi olmamışdır. Kollegiya xüsusilə qeyd edir ki, yuxarıda sadalnan qaydaların məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən səlahiyyəti olmadan, yaxud verilmiş səlahiyyəti aşaraq, habelə qarşı tərəflə razılığa gələrək müqavilə bağladıqda təmsil olunanın deyil, təmsilçinin və ya qarşı tərəfin (və ya hər ikisinin) mənafeyi qanuna zidd şəkildə təmin edilmiş olur. Belə olan halda isə təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Halbuki, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirməsi, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməsidir. Təmsilçi, təmsil etdiyi şəxsin adından onun mənafeyi üçün hərəkət etməlidir. Kollegiya qeyd edir ki, şəxsin müəssisənin idarəetmə orqanının rəhbəri olması yuxarıda qeyd olunan halların araşdırılmasını istisna etmir. Əks mövqe məsələyə formal yanaşılmasına, nəticə etibarilə təmsil olunanın haqlı mənafelərinin məhkəmədə təmin olunmamasına gətirib çıxara bilər. Odur ki, təmsil səlahiyyətinin yoxluğuna və ya bundan pis niyyətlə istifadə edilməsinə görə əqdin etibarsızlığı barədə məsələ hər bir işin konkret hallarından asılı olaraq həll edilməlidir. Beləliklə, işdən mübahisəli əqdi imzalayan Cavabdeh MMC-nin direktorunun (Fuad İmanovun) və baş mühasibinin (Kamran Hazmanovun) qarşı tərəflə pis niyyətlə razılığa gəlmələri müəyyən edilir. Eyni zamanda, həmin əlbir olma təmsilçi üçün arzuolunmaz mənfi nəticələrə səbəb olmuşdur və yekunda təmsilçi üçün ağır şərtlərlə müqavilə yenilənmişdir. Kollegiya daha sonra qeyd edir ki, iş materialları ilə mübahisəli əqd imzalanan zaman Cavabdeh MMC-nin direktoru və baş mühasibi olmuş şəxslərin mənfəət əldə etmələri də öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xitmətinin 08 avqust 2024-cü il tarixli, 3-17-5/2-52740/2024 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, müraciətdə qeyd edilən şəxslərin adına xx.xx.2023cü il tarixdən hazıradək "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin daxil edildiyi və hazırda qüvvədə olduqları müəyyən edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavəni və Aktı (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) imzalayan Fuad İmanov və Kamran Hazmanov iddiaçı "xxxx" ASC-nin rəhbəri olmuş X3 təsis etdiyi "xxxx" MMC-də işləməyə başlamaqla faktiki mənfəət əldə etmələri müəyyən edilir. Kollegiya bir halıda qeyd edir ki, hətta mənfəət əldə etmə öz təsdiqini tapmasada, mühüm məqam tərəflərin təmsil olunana qarşı pis niyyətlə razılığa gəlmələri olmuşdur. İş materiallarından isə, tərəflərin təmsil olunana qarşı pis niyyətlə razılığa gəlmələri öz təsdiqini tapmışdır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Məlum olduğu kimi, bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma (vacib əhəmiyyətli yanılma) halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddətləri - isə bir qayda olaraq, tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə, maddə 375.2). İddia müddəti dayandırıla (Mülki Məcəllə, maddə 379), kəsilə (Mülki Məcəllə, maddə 380) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllə, maddə 382) bilər. Hazırki işdən isə görünür ki, əqdi mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş müddət də keçməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əlavənin imzalanması üçün cavabdeh MMC-nin ümumi yığıncağının və ya təsisçisinin razılığının alınmaması, həmçinin təsisçinin qərarı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh MMC-nin Nizamnaməsində qeyd edilmişdir ki, Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir: 9.2.3.3. Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır (xüsusi əhəmiyyətli əqdlər istisna olmaqla), rəsmi sənədləri imzalayır. Azərbaycan Respublikası Mülki Məcəllə 87.10-cu maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məlumatdan (mənfəət vergisinin bəyannaməsi və ona əlavələrdən) və Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış sənədlərdən isə görünür ki, cavabdeh müəssisənin xalis aktivlərinin dəyərinin dəyəri dörd milyon manatdan artıq olmuşdur. Yəni, bağlanmış əqd xüsusi əhəmiyyətli əqd hesab edilə bilməz. Lakin, iş materiallarından görünür ki, Cavabdeh MMC 2022-ci ili zərərlə başa vurmuşdur. İşdəndə eyni zamanda müəyyən edilir ki, bağlanılması niyyəti olan əqdə görə icarə haqqının dəfələrlə artırılmaq istənildiyi görülsədə, cavabdeh müəssisəyə bu barədə bildirişin verilib-verilməməsi, eyni zamanda təsisçinin bundan məlumatı olub-olmaması müəyyən edilmir. Yəni, təsisçinin və ya ümumi yığıncağın bu və ya digər yolla hər-hansı iradə ifadəsinin bildirilməsi müəyyən edilməmişdir. Bundan başqa, Cavabdeh MMC-nin Nizamnaməsinin 9.2.3.7-ci bəndinə əsasən, icra orqanı cəmiyyətin fəaliyyəti ilə əlaqədar səlahiyyətinə aid olan məsələlər barəsində qərarlar qəbul edir və həmin qərarlar əmrlə yazılı surətdə rəsmiləşdirilir. Göründüyü kimi Akt-ın və Əlavə 1-in Cavabdeh MMC-nin adından sənəd kimi təsdiqlənməsi barədə qərar qəbul edilməmiş və əmrlə rəsmiləşdirilməmişdir. Eyni zamanda, Dövlət vergi orqanında təqdim edilən müqavilə və reyestrdə qeydiyyata alınmış müqavilə 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsidir ki, tərəflərin hüquq münasibətlərini və icarə haqqını dəyəri həmin müqavilə ilə tənzimlənmişdir. Məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsündə dəyişikliyin olub-olmaması ilə bağlı məsələyə də münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəf xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra istifadələrində olan sahədə dəyişiklik olmadığını bildirmişdir. İddiaçı tərəfin nümayəndəsi və vəkili isə izahatında ilkin icarə müqaviləsi bağlandıqdan sonra müəyyən vaxtlarda cavabdehin istifadəsində olan ərazilərin ölçüsünün artdığını lakin, bunun rəsmi baş vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfin xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsündə dəyişiklik olunduğunu bildirdiyi halda həmin halı sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə qoyula bilməz. İddiaÇİ tərəf isə, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsündə müəyyən vaxtlarda dəyişikliyin olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə yükü ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya hesab edir ki, 1 noyabr 2020-ci il tarixdə tərəflər arasında uzunmüddətli (10 illik) icarə müqaviləsi bağlanmış və həmin müqavilə ilə icarəyə verilmiş obyektin sahəsi və icarə haqqı razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi elə həmin müqavilə bağlandıqdan sonra olan ölçüdə yəni, 54.000 kv.m olmuşdur. Belə olan halda isə, torpaq sahəsinin ölçüsünün faktiki olaraq 8.333,33 kv.m yox 54.000 kv.m əhəmiyyət daşımamalıdır. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehin hazırda istifadəsində olan ölçüdə ərazi cavabdehə təhvil verilmişdir. Yəni, iddiaçı tərəf müqavilədə hansı ölçünün yazılmasından asılı olmayaraq cavabdehin faktiki istifadəsində olan ərazinin cavabdehin istifadə etməsinə etiraz etməmişdir. Odur ki, yuxarıda sadalanan hallara əsasən iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək olmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Fuad İmanovun əqdi bağlayan zaman işdən uzaqlaşdırılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “TET İnternational Development” MMC-nin xx.xx.2023-cü il tarixli 01 nömrəli təsisçi qərarı olsa belə Fuad İmanovun həmin qərardan məlumatlı olması və ya həmin qərarla tanış olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfdə həmin halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əqdi bağlayan tərəflərin qohumluq münasibətində olmaları ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, apellyatorlar mübahisəli əqdi imzalayanların qohumluq əlaqələrinin olmasını bildirsələrdə bu hal iş materialları tam olaraq sübut olunmur. Lakin maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xitmətinin 08 avqust 2024-cü il tarixli, 3-17- 5/2-52740/2024 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, müraciətdə qeyd edilən şəxslərin adına xx.xx.2023-cü il tarixdən hazıradək "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin daxil edildiyi və hazırda qüvvədə olduqları müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-19/2-M-xxxx/2024 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, "xxxx" MMC-nin təsisçisi X9 və X5r. Rəhbəri isə X11r. Göründüyü kimi, Cavabdeh MMC-nin direktoru Fuad İmanovun və həmin müəssisənin baş mühasibi Kamran Hazmanov xx.xx.2023-cü il tarixdən, yəni Cavabdeh MMC-də direktor və baş mühasib işlədikləri dövrdə iddiaçı "xxxx" ASC-nin rəhbəri olmuş X3 təsis etdiyi "xxxx" MMC-də işləməyə başlamışdır. Orda işləməyə başladıqdan 10 gün sonra isə cavabdeh müəssisə üçün çox ağır şərtlərdə müqaviləyə əlavə bağlamışlar. Yəni, əqdi bağlayan tərəflər arasında yaxın qohumluq münasibət olmasa da, işçi və işverən (tabeçilik) münasibəti olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlərdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia və qarşılıqlı iddia tələblərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları və apellyatorların ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “TET İnternational Development” MMC-nin apellyasiya şikayətləri təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun cavabdehdən tutulmasına” dair ilk iddia tələbi təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavə və xx.xx.2023-cü il tarixli Akt (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) etibarsız hesab edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfə aid edilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.