Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-97/2023 14.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh4, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh4 arasında bağlanmış 28 sentyabr 2020-ci il tarixli, 019L**********28 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100.000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Bank ilə cavabdeh-borcalan Cavabdeh4 arasında 29 sentyabr 2020-ci il tarixli, **********8534 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana aylıq 1,75 % dərəcəsi ilə, 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Azər Kazımov borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə ipoteka qoyanlar Azər Kazımov, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 arasında 28 sentyabr 2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanların paylı mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,067 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 134,20 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh4 xx.xx.2023-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 16.171,05 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 3331,12 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 10.479 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlər Cavabdeh4, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 019R********** saylı kredit razılaşması üzrə 16.171,05 kredit borcu, 3331,12 manat faiz borcu və 10.479 manat cərimə borcu olmaqla, ümumilikdə 29.981 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi, həmin cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank və Cavabdeh4 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli **********8534 nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 13.828,95 manat ödəmiş, onun 16.171,05 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 350 gün üçün hesablanmış faiz borcu 3331,2 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 350 gün üçün hеsablanmış cərimə 10.479 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Zaqatala rayonu, Yuxarı Tala kəndində xüsusi mülkiyyətdə olan 0,067 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh4 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyan Azər kazımovun arvadı İsmailova Elnura və digər qeydiyyatda olanlar Zaqatala rayonu, Yuxarı Tala kəndində xüsusi mülkiyyətdə olan 0,067 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. “Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, ƏEM/A97-656/23 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinin(0,067 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 35.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5840 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2020-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh4 xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 21.741,34 manat (əsas borc üzrə 16.155,45 manat və faiz borcu 5585,89 manat) qeyd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə icraata “cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0, 067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəltmə edildikdən və satıldıqdan 1 ay sonra həmin evdən istifadə hüquqlarının itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və fərdi yaşayış evinin alıcıya təhvil verilməsi” hissəsində xitam verilmişdir. Şəki Kommersiya Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) e-2- 2(117)-638/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 019R********** saylı kredit razılaşması üzrə 16.155,45 manat əsas borc, 3331,12 manat faiz borcu, 500 manat cərimə borcu və 133 manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, borc məbləğinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 35.000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh4 İddiaçı QSCyə olan borcunun ödənilməsinə yönəldilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5840 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyində xx.xx.2020-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə cavabdehin xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 21.741,34 manat (əsas borc üzrə 16.155,45 manat və faiz borcu 5585,89 manat) qeyd edilmişdir. İddiaçı isə tələbində cavabdehlərin 16.171,05 məbləğində əsas borc, 3331,12 faiz borcu və 10.479 manat cərimə borcunun ödənilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq, faiz borcu iddia ərizəsində tələb edilən məbləğin ekspert rəyində olan məbləğdən aşağı olduğundan məhkəmə cavabdehlərin faiz borcuna münasibətdə iddia tələbində tələb edilən məbləği, əsas borc isə borcu isə ekspert rəyində aşağı olduğundan həmin məbləği əsas tutur. Məhkəmənin müvafiq olaraq faiz borcuna münasibətdə iddia tələbindən kənara çıxmaq hüququnun olmadığını, həmçinin əsas borca münasibətdə ekspert rəyinin tələbə münasibətdə daha az müəyyən edilməsini nəzərə alır. Məhkəmənin hazırkı qənəatinin əksi olaraq tərəflər hər hansı bir sübut təqdim etməmiş və bu arqumenti aradan qaldıran hal müəyyən edilməmişdir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 500 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0, 067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı “Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 35.000 manat müəyyən edilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 449.1, 462.1, 462.3, 467, 470.1, 472.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3-ü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh5 apellyasiya şikayəti verərək həmin qətnamənin cərimə və faiz məbləği ilə bağlı hissədə tamamilə ləğv olunması, ipoteka predmetinin likvid dəyəri ilə bağlı yenidən qiymətləndirmə təyin olunması və qətnamənin qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Əmlakın likvid dəyəri həddindən artıq az göstərilmişdir. Qeyd olunan ünvanda ümumiyyətlə 35.000 manata ev yoxdur. Borcumuzu ödəyə bilmədiyimiz təqdirdə ev bankın balansına keçəcək və banka olan borc ödənildikdən sonra geridə qalmış məbləğdən icra və digər xərclər çıxıldıqdan sonra bizə qaytarılmalı məbləğə 1 otaqlı ev belə ala bilmərik. Bunun üçün iş üzrə yenidən əmlak qiymətləndirilməsi keçirilməli və evin yenidən likvid dəyəri müəyyən edilməlidir. Məhkəmənin cərimə məbləği ilə bağlı hissədə iddianı qismən, faiz məbləği ilə bağlı hissədə isə iddianı tam qəbul etməsi ilə bağlı razı deyiləm. Biz əsas məbləği ödəyə bilmədiyimiz təqdirdə, cərimə və faiz məbləğini necə ödəyək? Cərimə və faiz məbləği ilə bağlı hissədə iddia təmin edilməməli idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı Bank tərəfindən yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı Bank və digər cavabdehlər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdeh (zamin və ipoteka qoyan) Cavabdeh5 ilə yanaşı digər cavabdehlərə (zaminlər Cavabdeh2, Cavabdeh6, Azər Kazımov və borcalan Cavabdeh4) münasibətdə də təmin edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi yalnız mübahisələndirilən həcmdə və Cavabdeh5 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh5 kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini mübahisələndirmir. Cavabdeh hesab edir ki, faiz borcu və cərimə məbləği məhkəmə tərəfindən tamamilə silinməli idi. Cavabdeh5 apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bank ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və yuxarıda qeyd edilən kredit müqaviləsindən görünür ki, əsas borc üzrə ödəniş müqaviləyə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Məhkəmə hesab edir ki, Cavabdeh5 sözügedən kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə borcalan Cavabdeh4 Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuş, kredit müqaviləsi üzrə ödəniş planına imza etməklə müqavilənin bütün şərtlərini, o cümlədən də faiz borcunun və cərimənin hesab edilməsi halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh5 maddi vəziyyətinin ağır olması, onun Bank qarşısında götürmüş olduğu öhdəliklərin icrasından azad etmir. Çünki bununla bağlı tərəflər arasındakı kredit və ya zaminlik müqaviləsində hər hansı şərt nəzərdə tutulmamışdır. Belə olan halda müəyyən edilir ki, borcalan tərəfindən öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 10.479 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin borcalandan və zaminlərdən Bankın xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bu tələbi qismən təmin edərək, hesab etmişdir ki, Bankın xeyrinə tutulacaq cərimə borcu qismən – 500 manat həcmdə tutulmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini müəyyən edərkən borcalanla yanaşı kreditorun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır. Odur ki, birinci instansiya məhkəməsi Bankın xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini azaltmaqda haqlı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi əsas kredit borcunun və ona hesablanmış faiz borcunun müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyində faiz borcunun 5585,89 manat olduğu müəyyən olunmuşdur. İddia ərizəsində tələb edilən faiz borcu məbləğinin(3331,12 manat) ekspert rəyində olan məbləğdən aşağı olduğunu nəzərə alan məhkəmə faiz borcuna münasibətdə iddia tələbində tələb edilən məbləği əsas götürərək 3331,12 manat faiz borcunun tutulmasını qət etmişdir. Qeyd edilən bu hissədə də apellyasiya şikayətinin dəlili əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti kimi müəyyən etdiyi 35.000 manat həmin əmlakın real qiymətindən aşağıdır. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və “Əmlak Ekspert Mərkəzi” MMC-nin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, əmlakın ilkin satış (likvid) qiyməti 35.000 manatdır. Cavabdeh5 əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edə və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn, başqa qiymətləndiricinin rəyini) Məhkəməyə təqdim etməmişdir. Cavabdeh5 apellyasiya şikayətində bildirir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin düzgün müəyyən edilməsi məqsədilə əmlak yenidən qiymətləndirilməlidir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə tələb yeni sübutun təqdim edilməsi ilə bağlıdır və MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin Cavabdeh5 birinci instansiya məhkəməsində işə baxılan zaman iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir. Göstərilənləri və Cavabdeh5 müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutların təqdim edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilməməli, birinci instansiya məhkəməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ilə bağlı nəticəsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh5 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh5 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-97/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-97/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver