Məhkəmə qərarları › İş №2-2(107)-99/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-99/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-99/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, e-2-2(117)-487/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, e-2-2(117)-487/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5024,67 manat əsas borc, 734,16 manat faiz borcu olmaqla cəmi 5758,83 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh 5024,67 manat əsas borc, 734,16 manat faiz borcu olmaqla cəmi 5758,83 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsində maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Qax rayonunda bir çox fermerlərdə olduğu kimi ona da "xxxx" ASK MMC tərəfindən keyfiyyətsiz toxum paylanmış, ştilliklərdə 40-50 % bitiş alınmışdır. Təkrar əkin üçün verilmiş toxumlar da keyfiyyətsiz olmuş, ştil çatışmamazlığı yaranmış və ştillərin sahəyə köçürülməsi 1 ay gecikdirilmişdir. Bu səbəbdən lazımi aqrotexniki qulluq aparılmasına baxmayaraq tütün sahələrində inkişaf zəif olmuş, əksər sahələrdə çiçək açma və sort müxtəlifliyi müşahidə olunmuşdur. Hər iki müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, "xxxx" ASK MMC-nin təqsiri ucbatından keyfiyyətli məhsul əldə edə bilməmişdir. Ona görə də iddiaçı "xxxx" ASK MMC-yə qarşı iddia qaldırmalı idi. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Şəki Kommersiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, e-2-2(117)-487/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı tərəf heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, e-2-2(117)-487/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, 18.03.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında 31.12.2019cu il tarixədək olan müddətə TM-119/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 15000 manat pulu illik 10 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 15000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 5758,83 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, belə halların mövcud olması onun kredit təşkilatı qarşısında öhdəliklərinin yerinə yetirilməməsinə və ya azad edilməsinə əsas deyildir. Belə ki, kredit təşkilatı cavabdeh qarşısında öhdəliyini yerinə yetirərək cavabdehə pul vəsaitini vermiş və cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən kredit məbləğini faizi ilə birlikdə qaytarmaq vəzifəsi vardır. Tərəflər arasında bağalanmış müqavilənin digər iştirakçısının öhdəliklərini yerinə yetirməməsi, cavabdehin kredit təşkilatı qarşısında öhdəliyinin icrasından azad edilməsi üçün əsas deyildir və tərəflər arasında bağlanmış müqavilədə belə bir müqavilə şərti mövcud deyildir. Müqavilənin digər iştirakçısı olan "xxxx" ASK-nın müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində cavabdehə ziyan dəydiyi halda cavabdeh müqavilə öhdəliklərinə əməl etməyən müqavilə iştirakçısına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayətİ təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, e-2-2(117)-487/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, e-2-2(117)-487/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar