Məhkəmə qərarları › İş №2-2(107)-99/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-99/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-99/2025 10.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qаrşı (açar sözlər: dəymiş zərərin ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X11 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “13800 manat məbləğində dəymiş zərərin ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 132 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-2(117)-29/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 18 və 19 nömrəli arayışlardan məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayon Yuxarı Tala kəndində yaşayırlar.

2. İş materiallarında olan AQTİ-nin X3 xx.xx.2022-ci il tarixli №xxxxxxx/LAB04- 22001-T-001 nömrəli Sınaq protokoluna əsasən tələf olmuş heyvanın patoloji materialında Paeruginosa və P.multocida (Pasterelyoz) infeksiyası törədicisi aşkar edilmişdir.

3. İş materiallarında olan AQTİ-nin Kompleks Laboratoriyasının xx.xx.2022-ci il tarixli, №xxxxxxx/LABO5-220O2-T-002 nömrəli Sınaq protokoluna əsasən təsərrüfatdan götürülmüş arpa yemi nümunəsində Clostridium periferıngens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir.

4. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(107)-274/2022 saylı qərarından görünür ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X6 Regional Bölməsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(033)- 196/2022 saylı qərarı ləğv edilmiş, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilməsi barədə səlahiyyətli orqan Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsi tərəfindən qəbul edilmiş MN xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi üzrə şikayətinin təmin edilməməsi qərara alınmışdır.

5. İş materiallarında olan Zaqatala Mal bazarı tərəfindən verilmiş arayışdan görünür ki, Zaqatala rayon Əliabad qəsəbə həftəlik Mal bazarında 2022-ci ilin mart ayında 1 baş ana qoyunun qiyməti 200-230 manat arasında dəyişilir. Quzunun qiyməti 140-160 manat arasında dəyişilir. 2023-cü ilin mart ayında 1 baş ana qoyunun qiyməti 270-300 manat arasında dəyişir. Bir baş Quzunun qiyməti 220-250 manat arasında dəyişilir.

6. İş materiallarında olan Azərbaycan Respublikası X10 X7 tərəfindən Cavabdeh1 ünvanlanmış 17 iyul 2023cü il tarixli məktubdan görünür ki, 2022-ci ilin 14 mart tarixində vətəndaş İddiaçı Azərbaycan Respublikasının X10nin 1003 “Çağrı Mərkəzi”nə Yuxarı Tala kəndində fəaliyyət göstərən mağazadan aldığı arpanı qəbul etdikdən sonra şəxsi təsərrüfatına məxsus 40 baş xırdabuynuzlu heyvanın tələf olmasıyla bağlı daxil olmuş şikayətinə aidiyyəti üzrə Agentliyin Şəki (hal hazırda X7) regional bölməsində baxılmışdır. Müraciətdə qeyd olunan məsələnin yerində araşdırılması və mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün Şəki regional bölməsinin əməkdaşları tərəfindən Zaqatala rayonu Çökək kənd sakini vətəndaş İddiaçı məxsus təsərrüfatda tələf olmuş heyvanın patoloji materialı və vətəndaşın aldığı arpa yemindən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsiziliyi İnstitutunun müvafiq laboratoriyalarına müayinə olunması üçün göndərilmişdir. AQTİ-nin X3 xx.xx.2022-ci il tarixli №2 falhmu/LAB04-22001-T-001 nömrəli Sınaq protokoluna əsasən tələf olmuş heyvanın patoloji materialında P.aeruginosa, və P.multocida (Pasterelyoz) infeksiyası törədicisi, həmçinin arpa yemi nümunəsində isə AQTİ-nin X2 xx.xx.2022-ci il tarixli №xxxxxxx/LAB05-22002-T-002 nömrəli Sınaq protokoluna əsasən Clostridium periferingens Enterotoksemiya) infeksiya törədicisi və Kifmaya göbələyi aşkar edilmişdir. Qeyd edilmiş faktla əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2022-ci il tarixli KY221730573 nömrəli Çıxarışa və X17 bölməsinin yoxlamanın aparılması haqqında xx.xx.2022-ci il tarixli ŞRB-124 nömrəli Qərarına əsasən Cavabdeh2 məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən yemlərin satış mağazasında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunması, o cümlədən bu sahədə insanların həyat və sağlamlığının qorunmasının təmin edilməsi məqsədi ilə yoxlama həyata keçirilmişdir. 19 aprel 2022-ci il tarixli yoxlama zamanı Cavabdeh2 məxsus Yemlərin satış mağazasında məhsulun saxlanması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə 19 aprel 2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmiş, qeyd edilmiş arpa yemindən AQTİ-nin müvafiq laboratoriyasında müayinə olunması üçün nümunə götürülmüşdür. 19 aprel 2022-ci il tarixli plandankənar yoxlama zamanı götürülmüş məhsul nümunəsində AQTİ-nin X2 xx.xx.2022-ci il tarixli xxxxxxx/LAB05-22001-T-001 nömrəli sınaq protokoluna əsasən şikayətçi tərəfin məhsulunda aşkar edilmiş nəticələrin eynisi yəni Clostridium periferingens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir. Plandankənar yoxlama zamanı götürülmüş məhsul nümunəsində aşkar edilmiş uyğunsuzluğa əsasən Cavabdeh2 istehlakçı hüquqlarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi ilə 25 may 2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq Zaqatala rayonu Çökək kənd sakini vətəndaş İddiaçı məxsus təsərrüfatda arpa yemi nümunəsində aşkar edilmiş nəticələrin (Clostridium periferingens (Enterotoksemiya) infeksiya törədicisi və Kif- maya göbələyi) heyvanlarda tələfata səbəb ola biləcəyi istisna edilmədiyi kimi, tələf olmuş heyvanın patoloji materialında P.aeruginosa, və P.multocida (Pasterelyoz) infeksiyası törədicisinin aşkarlanması halı təsərrüfatda epizootolji vəziyyətin qeyri sabit olduğu və təsərrüfatda tələfata səbəb ola biləcək xəstəlik olduğu aşkar edilmişdir.

7. İş materiallarında olan Azərbaycan Respublikası X10 Azərbaycan X9 X19 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, xırdabuynuzlu heyvan ölümü ilə bağlı həyata keçirilən mikrobioloji laboratoriya müayinələri nəticəsində arpa yeminin tərkibində Clostridium perfringens və kif - maya göbələyi, heyvan patoloji materialında isə Pastrella multocida və Pseudomonas aeruginosa aşkar edilmişdir. Nəzərə almaq lazımdır ki, laborator heyvanları üzərində həyata keçirilən toksikoloji müayinələr xırdabuynuzlu heyvanların ölümünə səbəb olması iddia olunan arpa yeminin toksiki xüsusiyyətlərə malik olmadığını göstərmişdir. Belə ki, sınaq nəticəsində laboratoriya heyvanları arasında letallıq aşkar olunmamışdır. Patoloji materialın müayinələri nəticəsində aşkar edilən Pastrella multocida xırdabuynuzlu heyvanlarda Pasterelyoz xəstəliyinin törədicisi kimi tanınır. Törədicinin virulentliyi və orqanizmə daxilolma yolundan asılı olaraq xəstəliyin gedişatı müxtəlif (ildırımvari, iti, yarımiti və xroniki) ola bilər. Xəstəlik dövründə orqanizmə sirayət etmiş digər ikincili infeksiyalar xəstəliyin ağır keçməsində rol oynayır. Xəstəliyə qarşı zəruri profilaktiki və müalicəvi tədbirlər görülmədiyi təqdirdə xəstə heyvanların qısa müddətdə tələf olması mümkündür. Baş vermiş heyvan ölümünün etioloji amillərinin müəyyənləşdirilməsində laborator müayinə nəticələri ilə yanaşı, heyvanların ölümqabağı kliniki müşahidə nəticələri, eyni zamanda tələf olmuş heyvanların orqanizmində baş vermiş patoloji-anatomik dəyişikliklərin kompleks şəkildə nəzərə alınması mühüm əhəmiyyət kəsb etdiyi halda, məktubda bu barədə məlumatlar verilməmişdir. Yalnız sözügedən heyvanlar barədə zəruri kliniki-diaqnostik və baytarlıq-ekspertiza məlumatları təqdim olunduğu təqdirdə, baş vermiş heyvan ölümünün etiologiyası barədə qənaətə gəlmək mümkündür.

8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2024-cü il tarixli, 3-16-16/2-4/1566 saylı rəyindən görünür ki, Cl.perfringens və kif-maya göbələkləri ilə sirayətlənmiş yemlərin heyvanların yemləndirilməsində istifadəsi yolverilməzdir. Əks təqdirdə heyvan sağlamlığı ilə bağlı problemlərin, o cümlədən xəstəliklərin və toksikozların baş verməsi üçün şərait yarana bilər. Cl.perfringens və kif-maya göbələkləri ilə sirayətlənmiş yem ilə qidalanmanın heyvan ölümü ilə nəticələnməsi ehtimal olunduğu halda, heyvan ölümünün baş verməsi müxtəlif amillərdən (o cümlədən yemin mikrobioloji sirayətlənmə həddi, qəbul edilən yemin miqdarı, heyvanın fizioloi vəziyyəti, heyvan orqanizminin immun statusu və s.) asılı olaraq, qeyri-müəyyən müddətlərdə qeydə alına bilər. Cl.perfringens və kif-maya göbələkləri, həmçinin P.aeruginosa və P.multocida mənşə etibarilə müxtəlif taksonomik mikroorqanizm qruplarına mənsub olduğundan, yemlərin tərkibində aşkar edilən bir mikrorqanizm növünün (Cl.perfringens və ya kif-maya göbələkləri) heyvanlarda digər mikroorqanizm növünün (P.aeruginosa və ya P.multocida) aşkar edilməsinə səbəb olması mümkün hesab olunmur. II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 13800 (on üç min səkkiz yüz) manat dəymiş zərərin ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 132 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonununda fermerlik fəaliyyəti ilə məşğul olur. Fəaliyyətinin əsas istiqaməti xırdabuynuzlu heyvanların bəslənməsi, çoxaldılması və satışı ilə məşğul olur. Saxladığı heyvanların bəslənilməsi üçün yem təlabatını ödəmək üçün 08 mart 2022-ci il tarixdə Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 adına rəsmiləşdirilmiş heyvan yemlərinin satışı mağazasından Cavabdeh1 1800 kq arpa məhsulu almışdır. Məhsulu alan zaman arpanın rənginin dəyişdiyini müşahidə etmiş, arpanın rənginin xoşuna gəlmədiyini bildirmiş, Cavabdeh1 isə öz növbəsində onu əmin etmişdir ki, arpa sağlamdır və onun sağlamlığının cavabdehliyini daşıyır. Arpa yeminin sağlamlığına cavabdeh tərəfindən əmin edildikdən sonra iddiaçı həmin yemin dəyərini ödəmiş və Aydın Yusibov adlı şəxsə məxsus Qazel markalı avtomobillə lazımı yerə aparmışdır. Bundan sonra həmin yemlə quzulu qoyun sürüsü binə çobanı Məhərrəm Mahmudov adlı şəxs tərəfindən yemlənmişdir. Yemləmənin ertəsi gün sürüdə olan heyvanlardan 70 başı tam, 20 başı isə qismən iflic olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar dərhal Azərbaycan Respublikası X5ynar xəttinə məlumat verilmiş, agentliyin rayon şöbəsi tərəfindən komissiya yaradılmış və hadisə yerinə ezam edilmişdir. Komissiya üzvləri gələnə qədər 60 baş qoyun quzuları ilə birgə ölmüşdür. Komissiya tərəfindən qoyunların arpa yemindən zəhərlənərək ölməsi faktı təsdiq edilmişdir. Bundan sonra o, istifadə edilməyən arpa məhsulunu geri qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, faktın təsdiqindən sonra X10 tərəfindən cavabdeh inzibati qaydada cərimələnmişdir. Cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi ödənilmədiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

11. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 15, 16, 59, 60, 62 və 71-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13, 35.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1096.2 və 1097.1-ci maddələri göstərilmişdir.

12. Zaqatala Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(033)-14/2024 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1025/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(033)14/2024 saylı qətnaməsi ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

14. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-1453/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh1 malın keyfiyyətinə cavabdeh olduğunu bildirmişdir. Bundan sonra o yemi Qazel markalı avtomobillə lazımı yerə apararaq heyvanların yemlənməsi üçün təsərrüfatda çoban işləyən Məhərrəm Mahmudov adlı şəxsə vermişdir. Heyvanlar Cavabdeh1 alınan arpa yemi ilə yemləndikdən bir gün sonra 70 baş qoyun tam, 20 baş qoyun isə qismən iflic vəziyyətinə düşmüşdür. X1ynar xəttinə məlumat vermiş, agentliyin yerli şöbəsindən komissiya təsərrüfata ezam olunaraq həm arpa məhsulundan, həm də heyvan cəsədlərindən patoloji nümunələr götürərək laboarator müayinəyə göndərilmişdir. Özü ali təhsilli zootexnik və baytar olduğundan əmindir ki, bu qədər heyvanın eyni vaxta tələf olması yalnız zəhərlənmə nəticəsində ola bilər. Cavabdeh1 onu əmin edərək arpa yeminin təmiz olmasına inandırmasından, sonradan isə sözünə əməl etməməsindən, özünün və ailəsinin mənəvi iztirab çəkməsinə görə cavabdehdən narazı olduğunu bildirdi. Lakin bunlara baxmayaraq məhkəmənin təşəbbüsü ilə barışıq əldə olunmasına çalışıldığını müsbət qiymətləndirir, daima barışığa hazır olduğunu, cavabdehin barışıqdan yayındığını əsas gətirərək iddiasının təqribən səkkizdoqquz min manat hissədə təmin olunmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddiaçıyla eyni məzmundə izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirimişdir ki, İddiaçı əvvəldən tanıyır, ona satdığı arpa məhsulunda heç bir xəstəlik olmamışdır. Əgər arpada hər hansı problem olsaydı digər şəxslərin də təsərrüfatlarında oxşar hadisələr olmalı idi. Belə ki, İddiaçı qaytardığı arpanı başqa şəxlərə də satmışdır. O, həmin vaxt iddiaçının geri qaytardığı məhsuldan əlavə on iki ton əlavə arpa satmışdır. İddiaçıdan başqa arpanın keyfiyyətsiz olması barədə heç kim şikayətçi olmamışdır. İddiaçının heyvanlarında xəstəlik olduğu üçün onlar tələf olmuşdur.

18. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 19 mart 2025-ci il tarixli məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirimişdir ki, həqiqətən iddiaçı 08 mart 2022-ci il tarixdə arpa məhsulunu almamışdan əvvəl ona məhsulun keyfiyyətsiz olması barədə irad bildirib lakin, o məhsulun keyfiyyətinə cavabdeh olması barədə iddiaçını əmin etmişdir. Cavabdeh uzun müddət heyvan yemləri satışı ilə məşğul olduğunu, nə İddiaçı, nə də bir başqasına ziyanlıq gəlməsini arzu etmədiyini bildirdi. Məhkəmə iclasında iddiaçıdan üzr istəyərək onunla əl verib görüşərək barışığa hazır olduğunu bildirdi. Sonuncu məhkəmə iclasına Cavabdeh1 teleqram göndərərək iclasın başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etsə də, məhkəmə onun vəsatətini iş üzrə qanunla nəzərdə tutulmuş sonuncu məhkəmə baxışı olduğundan təmin etməmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində iştirak edən Azərbaycan Respublikası Qida X6-X16nin nümayəndəsi X15 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vətəndaş İddiaçı Azərbaycan Respublikası Qida Təhlükəzliyi Agentliyinin 1003 “çağrı mərkəzi”nə zəng edərək Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mağazadan aldığı arpanı verdikdən sonra fərdi təsərrüfatında 40 baş xırdabuynuzlu heyvanın tələf olması ilə bağlı şikayət etmişdir. X17 bölməsinin əməkdaşları tərəfindən tələf olmuş heyvanların patoloji materialı və vətəndaşın aldığı arpa yemindən nümunə götürülərək Azərbaycan X9nun müvafiq laboratoriyasına müayinə olunması üçün göndərilmişdir. AQTİ-nin X3 xx.xx.2022-ci il tarixli №xxxxxxx/LAB04-22001-T-001 nömrəli Sınaq protokoluna əsasən tələf olmuş heyvanın patoloji materialında Paeruginosa və P.multocida (Pasterelyoz) infeksiyası törədicisi, həmçinin arpa yemi nümunəsində isə AQTİ-nin Kompleks Laboratoriyasının xx.xx.2022-ci il tarixli, №xxxxxxx/LABO5-220O2-T- 002 nömrəli Sınaq protokoluna əsasən Clostridium periferıngens (Enterotoksemiya) infeksiya törədicisi və Kif-maya göbələyi aşkar edilmişdir. Nümunə üçün götürülmüş arpa yemində olan infeksiya törədici və kif-maya göbələyi heyvanların ölümünə səbəb ola bilər. Məhkəmənin heyvanların tələf olması üçün həmin yemdən nə qədər yeməsi lazımdır və yemdə olan zərərvericilər dərhal heyvanların kütləvi tələf olmasına səbəb ola bilərmi sualına cavab olaraq mütəxəssis bildirmişdir ki, yemin həcminin heyvanların tələf olması üçün o qədər də əhəmiyyəti yoxdur. Ola bilər ki, həmin yemdən qidalanan heyvana bioloji sağlamlığından asılı olaraq qida dərhal və ya tədricən təsir etsin. İddiaçının heyvanlarında baş vermiş kütləvi təlafata qəbul etdikləri yemlə bərabər onların özündə olan xəstəlik də təsir göstərmişdir. Belə ki, heyvanlarda olan infeksiya törədicisi ilə yem də olan infeksiya törədiciləri birləşərək təsərrüfatda qısa zaman ərzində kütləvi təlafata səbəb olmuşdur.

20. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 01 aprel 2025-ci il tarixli, 2-2(117)-29/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 vurulmuş ziyanın əvəzi kimi 4600 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 43,80 manat hissəsi, cəmi 4643,80 (dörd min altı yüz qırx üç manat səksən qəpik) pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

21. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdən müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehdən arpa yemini aldığı zaman malın keyfiyyətsiz olması ilə bağlı şübhələrini bildirsə də cavabdeh malın keyfiyyətli olmasına iddiaçını inandırmış, hər hansı problemin yaranacağı təqdirdə əvəzini ödəyəcəyini vəd vermiş, sonradan vədinə əməl etməmişdir. Bunun nəticəsində də iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutlmuş ümimi qaydada hazırkı idda ilə tələb edir.

22. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddaçı həqiqətən cavabdehin qanuna zidd hərəkətləri nəticəsində kifayət qədər ziyana düşmüş və bu ziyanın ödənilməsini cavabdehdən tam tələb etməyə haqlıdır. Belə ki, iddiaçı tələbini həm Mahir Qardoşova həm də Cavabdeh2 qarşı irəli sürsə də məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, tərəflərin izahatları ilə cavabdehlər ər-arvad olduğundan və mübahisə predmeti olmuş yemin satıldığı mağaza rəsmi olaraq Gülzar Qaşovaya məxsus olsa da Cavabdeh1 digər cavabdehin səlahiyyətli nümayəndəsi (əri) kimi çıxış edir.

23. Məhkəmə araşdırılmış sübutlara və mütəxəssis qismində cəlb edilmiş AQTA-nın X7nin əməkdaşının izahatına qiymət verərək müəyyən etmişdir ki, iddiaçının təsərrüfatında onun iddia ərizəsində göstərdiyi kimi 60 baş deyil, 40 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Buna görə də iddiaçının real zərərinin məbləğini iş materialllarında olan Zaqatala Mal bazarı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən 1 baş qoyun üçün 230 manatdan hesablayaraq iddiaçıya dəymiş real zərərin məbləği (40x230=9200) 9200 manat olduğunu müəyyən etmişdir.

24. Məhkəmə Mülki Məcəllənin 458-ci maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, hazırkı vəziyyətdə iddiaçıya vurulmuş zərərin həcminin böyük olmasında cavabdehdən alınmış yemdə olan heyvanların ölmünə səbəb olan xəstəliyin olması olsa da, eyni zamanda, iddiaçının təsərrüfatında və ölmüş heyvanların qalıqlarında aşkar edilmiş xəstəliklərin də qeyd edilən ziyanın baş verməsində rol oynaması ilə bağlı ortada olan sübutları məhkəmə əhəmiyyətsiz dəlil kimi kənara qoyula bilməz. Ona görə də əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsü müvafiq surətdə azaldılmalıdır.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 447.7, 448.1, 448.2, 448.3, 458.1, 458.2, 448.4, 567, 568.1, 568.2, 587.2, 587.2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 121.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır

26. Qətnаmədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi 60 baş qoyun quzuların məhz 60 baş olması barədə məhkəməyə heç bir mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, hal-hazırda texnologiya dövrüdür, əgər 60 baş qoyun quzu tələf olan zaman iddiaçı və ya yoxlama aparan orqan tərəfindən ölmüş heyvanların videoçəkilişləri və ya ən azından fotolarının şəkilləri məhkəməyə sübut kimi təqdim edilməsi üçün çəkilə bilərdi. Belə ki, əvvəllər işə Zaqatala Rayon Məhkəməsində baxılarkən iddiaçıdan guyaki tələf olmuş heyvanların ən azından fotoları tələb edilmiş, iddiaçı növbəti məhkəmə iclasına fotoları təqdim edəcəyinə söz versə də, bundan yayınmışdır. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən sözügedən qoyun-quzunun hansı səbəbdən tələf olması ilə bağlı ekspert rəyi və ya digər mötəbər sübutlar mövcud deyil. Həmçinin iddiaçının guya ki tələf olmuş heyvanlarına özbaşına qoyduğu qiymət həqiqətə uyğun deyil. Məhkəmə qətnaməsində komissiya tərəfindən qoyunların arpa yemindən zəhərlənərək ölməsi faktı təsdiq edilmişdir kimi qeyd edildiyini görmək olur. Halbuki iş materiallarına göz gəzdirsək, bu faktın təsdiq edilmədiyini müşahidə etmək olar. Şəki Kommersiya Məhkəməsi Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, Şəki Kommersiya Məhkəməsi iddiaçının ümumiyətlə iddia vermək hüququnun olmadığı halda cavabdeh tərəfindən maddi ziyanın ödənilməsini təmin etmişdir. Halbuki cavabdehə dəymiş maddi ziyana münasibətdə heç bir addım atmamışdır. İş üzrə Cavabdeh2 iddiaçı X12 qarşısında mülki hüquq münasibətlərindən irəli gələn heç bir öhdəliyi yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-2(117)-29/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmаmışdır.

29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

32. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

33. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

34. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. - İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

38. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

39. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

40. Maddə 458.2. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.

41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

43. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

44. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

45. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyiöhdəsinə götürür.

46. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradanqaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. (...).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Maddə 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

58. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər

VI. Apellyasiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-2(117)-29/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

61. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

62. Müəyyən edilmişdir ki, Cavabdeh1 həqiqətən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən arvadı Cavabdeh2 məxsus heyvan yemləri mağazasında satıcılıq fəaliyyəti ilə məşğul olur. İddiaçı 8 mart 2022-ci il tarixdə həqiqətən Cavabdeh2 məxsus mağazadan onun əri Cavabdeh1 1800 kq arpa yemi almış və bunun nəticəsində tərəflər arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra həmin yemlə quzulu qoyun sürüsü binə çobanı Məhərrəm Mahmudov adlı şəxs tərəfindən yemlənmişdir. Yemləmənin ertəsi gün sürüdə olan heyvanlardan 70 başı tam, 20 başı isə qismən iflic olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar dərhal Azərbaycan Respublikası X5ynar xəttinə məlumat verilmiş, agentliyin rayon şöbəsi tərəfindən komissiya yaradılmış və hadisə yerinə ezam edilmişdir. Komissiya üzvləri gələnə qədər 40 baş qoyun quzuları ilə birgə ölmüşdür. Komissiya tərəfindən qoyunların arpa yemindən zəhərlənərək ölməsi faktı təsdiq edilmişdir. Bundan sonra iddiaçı istifadə edilməyən arpa məhsulunu geri qaytarmışdır. Faktın təsdiqindən sonra cavabdeh X10 tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin inzibati xəta haqqında qərar qanuni qüvvəsini almışdır. Cavabdeh dəymiş zərərin əvəzi ödəmədiyindən iddiaçı məhkəmədə iddia qaldırmış, Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

63. Eyni zamanda hazırkı işdə iddiaçının iddia etdiyi zərər məbləği 13800 (on üç min səkkiz yüz) manat - təsərrüfatında baş vermiş təlafat zamanı 60 baş ana qoyunun ölməsi nəticəsində əmələ gəlməsindən ibarətdir. Lakin, birinci instansiya məhkəməsinin araşdırılması zamanı mütəxəssis qismində cəlb edilmiş AQTA-nın X7nin əməkdaşının izahatından dəqiq məlum olmuşdur ki, iddiaçının təsərrüfatında onun iddia ərizəsində göstərdiyi kimi 60 baş deyil, 40 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının real zərərinin məbləğini iş materialllarında olan Zaqatala Mal bazarı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən 1 baş qoyun üçün 230 manatdan hesablayaraq müəyyən etmişdir ki, iddiaçıya dəymiş real zərərin məbləği (40x230=9200) 9200 manatdır.

64. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki; a) Cavabdeh1 həqiqətən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən arvadı Cavabdeh2 məxsus heyvan yemləri mağazasında satıcılıq fəaliyyəti ilə məşğul olur. b) İddiaçı 8 mart 2022-ci il tarixdə həqiqətən Cavabdeh2 məxsus mağazadan onun əri Cavabdeh1 1800 kq arpa yemi almış və bunun nəticəsində tərəflər arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdır. c) İddiaçı Mülki Məcəllənin 587-ci maddəsində nəzərdə tutulmuş lazımi keyfiyyətdə olmayan əşyanın verilməsinin nəticələrini aradan qaldırmaq üçün, aldığı arpa yeminin qalığını həmin məcəllənin 587.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq alğı-satqı müqaviləsinin icrasından imtina etmiş və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmişdir.

65. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, iddaçı həqiqətən cavabdehin qanuna zidd hərəkətləri nəticəsində kifayət qədər ziyana düşmüş və bu ziyanın ödənilməsini cavabdehdən tam tələb etməyə haqlıdır. Belə ki, iddiaçı tələbini həm Mahir Qardoşova həm də Cavabdeh2 qarşı irəli sürsə də məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, tərəflərin izahatları ilə cavabdehlər ər-arvad olduğundan və mübahisə predmeti olmuş yemin satıldığı mağaza rəsmi olaraq Gülzar Qaşovaya məxsus olsa da Cavabdeh1 digər cavabdehin səlahiyyətli nümayəndəsi (əri) kimi çıxış edir.

66. İş materiallarına əlavə edilmiş AQTİ-nin Kompleks Laboratoriyasının xx.xx.2022ci il tarixli, №xxxxxxx/LABO5-220O2-T-002 nömrəli Sınaq protokolundan, AQTA-nın Şəki Regional bölməsinin 3 may 2022-ci il tarixli MN №0903834 nömrəli qərarı və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(107)-274/2022 nömrəli qərarından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2024cü il tarixli, 3-16-16/2-4/1566 nömrəli rəyindən də məlum olduğu kimi cavabdehin satdığı arpa yemi keyfiyyətsiz olmuş və onun heyvanların yemlənməsində istifadə edilməsi yolverilməzdir.

67. Birinci instansiya məhkəməsi cavabdehin həmin yemin iddiaçı tərəfindən qaytarılmış hissəsini başqa şəxslərə satmasını və heç kimin şikayətçi olmamasını əsas gətirdiyi məsələyə münasibət bildirərək haqlı olaraq qeyd etmişdir ki, cavabdehin bu əsası özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh iddiaçının qaytardığı həmin yemi kimlərə satdığını sübut edən dəlil məhkəməyə təqdim edə bilməmişdir.

68. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab edir.

69. İddiaçının iddia etdiyi dəymiş zərərin cavabdehin dediyi kimi onun təsərrüfatında olmuş xəstəliklə əlaqəli olması da əsaslı dəlil deyildir. İş materialları ilə tam təsdiqini tapır ki, cavabdehin fəaliyyət göstərdiyi heyvan yemlərinin satışı mağazasında malların saxlanması qanunlarla və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab vermir və nəticədə onun satmış olduğu arpa yemində heyvanların ölümünə səbəb ola biləcək infeksiya törədiciləri aşkar edilmişdir.

70. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddiaərizəsində göstərdiyi kimi Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsinə görə satıcı (hazırkı işdə cavabdeh) əşyanı alıcının mülkiyyətinə vermiş, alıcı (hazırkı işdə iddiaçı) isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmişdir. İddiaçı malı aldıqdan sonra onun keyfiyyətsiz olması qənaətinə gəlmiş, və MM-in 587.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin icrasından imtina etmiş və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmiş və buna nail olmuşdur.

71. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərərflər arasında arasında xx.xx.2022-ci il tarixdən müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehdən arpa yemini aldığı zaman malın keyfiyyətsiz olması ilə bağlı şübhələrini bildirsə də, cavabdeh malın keyfiyyətli olmasına iddiaçını inandırmış, hər hansı problemin yaranacağı təqdirdə əvəzini ödəyəcəyini vəd vermiş, sonradan vədinə əməl etməmişdir.

72. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.

73. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, iddiaçının təsərrüfatında iddia ərizəsində göstərdiyi kimi 60 baş deyil, 40 baş xırdabuynuzlu heyvan tələf olmuşdur və iddiaçıya dəymiş real zərərin məbləği (40x230=9200) 9200 manatdır.

74. İş materiallarına əlavə edilmiş AQTİ-nin Kompleks Laboratoriyasının xx.xx.2022ci il tarixli, №xxxxxxx/LABO5-220O2-T-002 nömrəli Sınaq protokolundan, AQTA-nın Şəki Regional bölməsinin 3 may 2022-ci il tarixli MN №0903834 nömrəli qərarı və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)-274/2022 nömrəli qərarından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 4/1566 nömrəli, 05 mart 2024-cü il tarixli rəyindən də məlum olur ki, cavabdehin satdığı arpa yemi keyfiyyətsiz olmuş və onun heyvanların yemlənməsində istifadə edilməsi yolverilməzdir.

75. Birinci instansiya haqlı olaraq qeyd etmişdir ki, cavabdehin yemin iddiaçı tərəfindən qaytarılmış hissəsini başqa şəxslərə satmasını və heç kimin şikayətçi olmaması barədə bəyanı özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh iddiaçının qaytardığı həmin yemi kimlərə satdığını sübut edən dəlil təqdim edə bilməmişdir.

76. Kollegiya apellyasiya şikayətinin qoyun-quzunun hansı səbəbdən tələf olması ilə bağlı ekspert rəyi və ya digər mötəbər sübutlar mövcud olmaması ilə bağlı dəlini əsassız sayaraq qeyd edir ki, iş materiallarında olan ekspert rəyi, AQTİ-nin Kompleks Laboratoriyasının xx.xx.2022-ci il tarixli, №xxxxxxx/LABO5-220O2-T-002 nömrəli Sınaq protokolu ilə cavabdeh tərəfindən iddiaçıya satılan arpa yeminin keyfiyyətsiz olmaqla heyvanların yemləndiyi təqdirdə öldürücü xarakterə malik olduğu müəyyən edilmişdir. Eyni zamanda cavabdeh İnzibati Xətalar Məcəlləsinin 447.5-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilmişdir.

77. Kollegiya vurğulayır ki, cavabdehin barəsində olan qanuni qüvvəsini almış inzibati xəta haqqında qərar hazırkı iş üçün preduyisial xarakter daşımasa da, keyfiyyətsiz arpa yemi nəticəsində iddiaçının xırdabuynuzlu heyvanların tələf olması və cavabdehin həmin hadisəyə aidiyyətinin olması anlamına gəlir.

78. Apellyasiya şikayətinin dəlillərindən biri də Cavabdeh2 iddiaçı X12 qarşısında mülki hüquq münasibətlərindən irəli gələn heç bir öhdəliyinin olmaması barədədir. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, tərəflər arasında 1800 kq arpa yeminin alqısatqısının olması, həmin yemlə yemləndirilmiş qoyunların tələf olmasından sonra iddiaçı tərəfindən qalan yemin keyfiyyətsiz və yararsız olduğuna görə geri qaytarılması işin mübahisəsiz hallarıdır. Cavabdeh tərəindən satılmış keyfiyyətsiz arpa yemi nəticəsində iddiaçının qoyunlarının tələf olması nəticəsində sonuncuya ziyan dəydiyindən onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşıdığı müəyyən edilmişdir.

79. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər

80. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

81. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

82. Lakin, kollegiya tərəflərin barışığa meyilli olduğunu və tərəflər arasında barışığın cavabdehin yekun məhkəmə iclasına gəlməməsi səbəbindən baş tutmamasını, eyni zamanda iddiaçının da təsərrüfatında infeksiya törədicisinin aşkar edildiyini əsas gətirərək zərərin bölüşdürülməsi prinsipinin daha ədalətli nəticə olduğu barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

83. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyinə görə kollegiya həmin məsələyə münasibət bildirmir. Çünki tərəfin məhkəmə qətnaməsindən şikayət verməməsi onun həmin qətnamədən razı qalması anlamına gəlir.

84. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

85. Ona görə də, cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-2(117)-29/2025 saylı qətnaməsi isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

86. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh2 verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-2(117)-29/2025 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar