Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2-2(108)-65/2025 16.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 oğluna qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə-fakturalar üzrə borcun ödənilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X9 (sədrlik edən və məruzəçi), X11 və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və cavabdeh X4 iştirakları ilə Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 oğluna qarşı “vergi qaimə faktura üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-*/**** saylı 2025-ci il # ####### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı MMC (satıcı) və X4 (alıcı) arasında ****** saylı ##.##.2019-cu il tarixli alqısatqı müqaviləsi bağlanmış və tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq və qeyri-ərzaq məhsullarını (bundan sonra malları) alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürürlər. 1.2. Malın miqdarı, keyfiyyəti, çeşidi və qiyməti tərəflər arasında razılaşdırılaraq müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi hesab edilən qiymət razılaşdırılması protokolu ilə müəyyən olunur. 1.3. Satıcı malı müqaviləyə uyğun olaraq alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil verməyi öhdəsinə götürür. 4.1. Müqavilə üzrə ödənişlər nağd və köçürmə yolu ilə həyata keçirilir. 4.2. Malların dəyəri köçürmə yolu ilə malların təhvil - təslimi aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməlidir. 4.3. Malın qiyməti və qiymətlərin qüvvədə olma müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlər cədvəli ilə (prayz-list) müəyyən olunur. Hər bir qiymət dəyişikliyi barədə 5 gün əvvəldən məlumat verilməlidir. 4.4. Malın satış qiyməti ümumi razılaşma əsasında müəyyənləşdirilir va qiymətlərin razılaşdırılması protokolunda qeyd olunur. Malın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir. 6.1. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müddət bitdiyi zaman tərəflər 30 gün ərzində bir-birini bu müqavilənin ləğvi haqqında yazılı şəkildə məlumatlandırmadıqda, hazırkı müqavilə avtomatik surətdə növbəti müddətə uzadılır. Bu müqavilənin qüvvədə olma müddəti başa çatanda tərəflərin əlaqədar hesablaşma apardığı mala görə ödənişlərə, o cümlədən müvafiq zərərlərə aid şərtləri öz qüvvəsini itirmir. Tərəflərdən hər biri digər tərəfi 30 gün qabaqcadan yazılı formada (səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmiş məktubda) xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir. Bu halda tərəflərin qarşılıqlı öhdəlikləri tam olaraq yerinə yetirilməlidir. 7.1. Malın adı, miqdarı və qiyməti qaimə-fakturada göstərilir. 7.2. Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə, razılıq əldə olmadıqda isə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq həll olunur. 7.3. Tərəflərdən hər biri digər tərəfi 15 gün öncə yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
2. Satıcının tələbinə görə alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.
3. Tərəflər arasında sonuncu alqı-satqı malların təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən ##.##.2022-ci il tarixdə olmuşdur. Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı MMC (bundan sonra “iddiaçı”) 2024-cü il ## ### tarixdə cavabdeh X4 (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 99.718,34 manatın, 120 manat dövlət rüsumunun, mübahisənin həlli üçün mediatora ödənilən 400 manat dövlət rüsumunun, borc məbləğinə hesablanmış 269,15 manat faizin, cəmi 100.507,49 manat pulun alınlb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ona məxsus ərzaq və qeyri-ərzaq məhsullarını vergi qaimə-faktura əsasında satır, alıcı isə həmin malları alır.
6. Müqaviləyə əsasən satıcı satılan malları alıcının sifarişi əsasında öz nəqliyyat vasıtəsilə alıcıya çatdırsa da, alıcı - cavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
7. Iddiaçı ##.##.2017-ci ildən - ##.##.2022-ci ilədək vergi hesab fakturasına əsasən cavabdehə ümumilikdə 1.003.430,36 manat məbləğində, geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmiş, cavabdeh həmin məbləğdən ümumilikdə 903.712,02 manat ödəmiş və nəticədə 99.718.34 manat borcu qalmışdır.
8. Bir necə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçının hesabına ödəniş etməmiş, üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək iddiaçıya maddi ziyan vurmuşdur.
9. Alqı-satqı müqaviləsinin 4.1 və 4.2-ci bədlərinə əsasən malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslim aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməsi qeyd edilmişdir.
10. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.1, 425.1, 433.1, 442, 443.1, 448.1 və 567-ci maddələrinə istinad etmişdir.
11. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-*/**** saylı 2025-ci il # ####### tarixli qətnaməsi ilə iddiaçının tələbinin əsassız olduğundan rədd edilməsi, iddia rədd olunduğundan iddiaçı tərəfindən ödənilmiş 391 manat dövlət rüsumunun 389,96 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, artıq ödənilmiş 1,04 manat dövlət rüsumunun iddiaçıya qaytarılması, iddia rədd olunduğundan ## ###### 2024-cü il tarixli, **** nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 manat və ## #### 2025-ci il tarixli, *** nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 manat ekspertiza xərclərinin iddiaçıdan alınaraq Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzi Bankın Naxçıvan MR Idarəsindəki hesabına ödənilməsi qət edilmişdir (hakim Elşən Salmanov).
12. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.
13. Iddia ərizəsində qeyd olunanlar, iş materiallarında olan sənədlər, tərəflərin izahatları, səs yazıları, həmçinin iş üzrə təyin olunmuş ekspert rəyləri nəzərə alınmaqla iddia tələbinin əsassız olduğu məlum olur.
14. Iş üzrə təyin olunmuş məhkəmə-mühasibat ekspertizalarının nəticəsi olaraq məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
15. Məhkəmə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, *** nömrəli rəyinin nəticəsi ilə razılaşmışdır. Həmin ekspert rəyi ilə # ###### 2019-cu il tarixli, ****** saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə # ###### 2019-cu il tarixdən sonra verilən malların dəyəri malların qaytarılması ilə bağlı qaimə fakturalar da nəzərə alındıqda 522.975,72 manat təşkil edir, cavabdeh tərəfindən həmin alqı-satqı müqaviləsi üzrə iddiaşının hesabına ödənilmiş 496.799,58 manat və cavabdeh tərəfindən X3 ödənilmiş 25.676,26 manat və X1 ödənilmiş 5.010,00 manat məbləğlərin iddiaçıya ödənilməsi məhkəmə tərəfindən qəbul edildiyi halda isə 527.485,84 manat təşkil edər, cavabdehin alqı-satqı müqaviləsinin bağlandığı tarixdən yəni, # ###### 2019-cu il tarixdən münasibətlərin sonunadək həmin alqı-satqı müqaviləsi üzrə iddiaçının hesabına ödənilmiş 496.799,58 manat məbləğ nəzərə alındıqda qalıq borcu 26.176,14 manat olar ki, cavabdeh tərəfindən X3 ödənilmiş 25.676,26 manat və X1 ödənilmiş 5.010,00 manat məbləğlərin iddiaçıya ödənilməsi məhkəmə tərəfindən qəbul edildiyi halda isə cavabdehin 4.510,12 manat artıq ödəməsi müəyyən edilir.
16. Məhkəmə qeyd etmişdir ki, ## ###### 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Fərid Hacıyevin onların maliyyəçisi olduğunu, iddiaçının hazırda da maliyyəçisi olduğunu bildirmiş və məhkəməyə təqdim etdiyi səs yazılarında iddiaçının nümayəndəsi Nümayəndə ilə cavabdehin telefon danışıqları zamanı iddiaçının nümayəndəsi Nümayəndə "Fərid ordadır, işləyir”, ”Fəridi bilirəm, hal-hazırda onun adını çox yerdə işlədirlər”, "Adil müəllim heç nəyə etiraz eləmədi, ola bilsin ki, onun xəbəri olmayıbdır” ifadələrini işlətməsi, cavabdehdən "sənin verdiyinlə məbləğ nə qədər azalır?” deyə soruşması, cavabdehin həmin suala "mənim verdiyimlə gəlib düşür mənfiyə” cavabını verməsi, iddiaçının nümayəndəsinin "geri qaytarmaları (vozvrat) saymasaq nə qədərə düşür?” deyə soruşması və cavabdehin həmin suala "geri qaytarmaları (vozvrat) saymasaq səkkiz minə düşür deməsi”, bundan sonra iddiaçının nümayəndəsinin "nə var, odur da qardaş, kimsə boynundan ata bilməz ki” ifadəsini işlətməsi, həmçinin iddiaçının nümayəndəsinin "sənədləri vermisən, mənfiyə (minusofkaya) çıxırıq, qurtardı getdi, neynirsən başını ağrıdırsan, yəqin ki, bu mənfidən (minusofkadan) sonra mən başa salacam ki, bundan apellyasiya şikayəti verməyə dəymir, ona görə ki, sənədlər əsasında burda mənfidir (minusdur)” ifadələrini işlətməsi, bir daha təsdiq edir ki, cavabdeh tərəfindən adına 5010,00 manat ödənilmiş Fərid Hacıyev iddiaçı tərəfin işçidir və iddiaçı tərəf həmin şəxsin adına cavabdeh tərəfindən pulun ödənilməsi ilə, eyni zamanda cavabdehin borcunun mənfiyə düşməsi ilə razılaşır.
17. Cavabdehin məhkəməyə təqdim etdiyi səs yazılarında iddiaçının nümayəndəsi Nümayəndə ilə cavabdehin telefon danışıqları zamanı iddiaçının nümayəndəsinin "adamı da mən tapdım, o adam işdən çıxıb, sürücü işləyib deyəsən” deməsi, cavabdehin "mən də danışdım da Cəlalla, Fərhad müəllimin şoferi olub deməsi”, iddiaçının nümayəndəsinin bunu təsdiq edərək "ay sağol” deməsi, iddiaçının nümayəndəsinin "mən Fəridlə danışdım, Fərid dedi ki, mən Yaşarla əlaqə saxlayacam ki, niyə bu pulları vurmuyublar? Toğrul göndərib, niyə vurmuyublar bu pulları? Mən də Fəridə dedim ki, mənfiyə (minusa) çıxırıq biz, Toğrurlun göndərdiyi sənədlər var” deməsi də bir daha göstərir ki, iddiaçı tərəf ekspert rəyi ilə razılaşıb, cavabdehin borcu ilə bağlı artıq ödəmələrin olduğunu qəbul etmişdir.
18. Əlavə olaraq məhkəmə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi elektron qaiməfakturalarla bağlı bildirmişdir ki, elektron qaimə-fakturalar öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
19. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
20. Məhkəmə, cavabdehin vəkili və nümayəndəsinin ##.##.2025-ci il tarixdə "müddətin tətbiqi barədə” ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti barədə müddəların tələbi tətbiq edilməklə iddianın rədd edilməsi tələbi ilə bağlı bildirmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi # ###### 2019-cu il tarixdə bağlanmış və 2022-ci ilin müxtəllif aylarında tərəflər arasında malların təhvil-qəbulu həyata keçirilmiş, malların qaytarılması barədə elektron qaimə-fakturalar göndərilmişdir. Yəni tərəflər arasındakı münasibətlər 2022-ci ildə də davam etmişdir ki, 2022-ci ildən sonra 3 il müddətində iddiaçı tərəf iddia qaldıra bilər ki, hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə ## ### 2024-cü ildə daxil olmuşdur.
21. Həmçinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6-cı bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müddət bitdiyi zaman tərəflər 30 gün ərzində bir-birini bu müqavilənin ləğvi haqqında yazılı şəkildə məlumatlandırmadıqda hazırkı müqavilə avtomatik surətdə növbəti müddətə uzadılır. Bu da o deməkdir ki, tərəflər müqaviləni ləğv etməklə bağlı bir-birini yazılı qaydada xəbərdar etmədiyi təqdirdə onlar arasında münasibətlərin davam etdiyi müddətcə müqavilənin də müddəti uzadılmış hesab edilir.
22. Hazırkı işdə iddia tələbi üzrə iddianın qiyməti cəmi 99.987,49 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 389,96 manat olaraq müəyyən edilir. Iddia rədd olunmalı olduğundan 389,96 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Iddiaçı iddia ərizəsində 120 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iddia ərizəsinə əlavə etdiyi dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən məlum olur ki, iddiaçı tərəfindən 391 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən artıq ödənilmiş 1,04 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
24. Məhkəmə ödənilmiş mediasiya xərcinə münasibətdə bildirmişdir ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. Lakin ##.##.2023-cü il tarixdə qanunvericilikdə dəyişiklik edildiyindən və Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsi, “ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur” məzmununda olduğundan, iddiaçı ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və həmin vaxt mediasiya prosesi könüllü xarakter aldığından məhkəmə iddianın mediasiya xərcinə aid hissəsinə toxunmur.
25. Məhkəmə-mühasibat və əlavə məhkəmə-mühasibat ekspertizaları üzrə ekspertiza xərcləri olan 160 (100+60) manat iddia rədd olunduğundan iddiaçıdan alınıb Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzi Bankın Naxçıvan MR Idarəsindəki hesabına ödənilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Mülki Məcəllənin 6.2, 14.1, 14.2-14.2.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 377.1, 385.1, 386.1, 442, 567, 568.1 və 568.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki- Prosessual Məcəllə) 4.6, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 107, 108.1-108.1.1, 108.2, 112.1- 112.1.1, 115.0-115.0.1, 119.1, 217.5, 218.1 və 220.4-cü, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 4.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin “Yvon Fransaya qarşı” iş üzrə 2003-cü il ## ##### tarixli (&37), “X10rşı” iş üzrə 2010-cu il ## ###### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
27. Iddiaçı apellyasiya şikayəti verərək e-*-*(***)-*/**** saylı 2025-ci il # ####### tarixli qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
28. Işin halları üzrə - Iddianın rədd olunması əsası kimi mübahisələndirilən qətnamənin 21-ci vərəqinin 11-ci abzasında məhkəmə qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir”. Lakin məhkəmə təminatın yüksəkliyinin nədən ibarət olmasını qeyd etmir. Mübahisələndirilən qətnamənin 21-ci vərəqinin 14-cü abzasında məhkəmə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, *** nömrəli rəyinin nəticəsi ilə razılaşdığını bildirir. Məhkəmənin bu ekspert rəyinə istinad etməsi və məhkəmə aktının əsası kimi qeyd etməsi tamamilə əsassızdır və iddiaçının hüquqlarını kobud şəkildə pozmaqla nəticələnmişdir.
29. Məhkəmənin gəldiyi nəticənin formalaşması əsası kimi iddianın əsasını elektron qaimələr təşkil etsə də, ekspertiza rəyinə əsasən cavabdehin borcunun olmaması və cavabdehlə iddiçının nümayəndəsi və maliyəçisi arasında olan telefon danışığının audio yazısı iddianın rədd olunması üçün kifayət etdiyi qənaətinə gəlinmişdir. Əgər məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş səs yazısına istinad edirsə, həmin yazılarda iddiaçının nümayəndəsinin hansı etirafedici sözlərinin iddianın rədd olunmasına əsas olmasına dair mövqeyini bildirməli idi. Mübahisələndirilən qətnamədə qeyd olunan danışıqdan iddianın əsassız olmasına dair heç bir sözə rast gəlinmir.
30. “Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimə-fakturalarla bağlı bildirir ki, elektron qaimə-fakturalar öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Məhkəmə hesab edir ki, elektron qaimələrin mövcudluğu iddianın əsasını təşkil edə bilməz. Yalnız digər sübutlarla əlaqəli şəkildə qiymətləndirlməlidir.
31. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verən məhkəmə iddia müddətinin buraxılmadığı qənaətinə gəlmişdir. Apellyator hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi cavabdehin tələbin əsaslı olması ilə razılaşmasıdır, lakin iddia müddətinin ötürülməsini əsas gətirərək rədd olunmasını xahiş etmişdir.
32. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü maddəsi və Məhkəmə ekspertizası fəaliyyəti haqqında AR Qanununun 12-ci maddəsi üzrə - Ilk olaraq tədqiq olunan materialların yararsız və ya kifayət qədər olmaması qeyd olunur. Bildirilir ki, hazırkı tədqiqatla ekspert qarşısında qoyulmuş sualların cavablandırlması üçün müqavilə üzrə verilmiş malların təhvil-qəbul aktı və elektron qaimə-fakturalarla eynilik təşkil edərək nəzərə alınıb hesablanması və verilmiş mallar üzrə ödənişlərin ##.##.2019-cu il tarixli, ****** saylı alqı-satqı müqaviləsi üzrə ödənilib-ödənilmədiyini müəyyən etmək zəruridir. Lakin iş materiallarında olan ##.##.2019-cu il tarixli, ****** saylı alqı-satqı müqaviləsi üzrə həmin malların verilməsini təsdiq edən, təhvil-qəbul aktları ilə eynilik təşkil edən e-qaimələr iş materiallarında tam mövcud deyildir. Həmçinin təqdim edilmiş hesabdan çıxarışlarda və xəzinə mədaxil orderlərində öz əksini tapan ödənişlərin konkret olaraq ##.##.2019-cu il tarixli, ****** saylı alqı-satqı müqaviləsi üzrə ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmadığından ekspert qarşısında qoyulmuş suallar üzrə hesablama aparılmadı. Belə ki, e-qaimələr (tam şəkildə) və ödənilmiş ##.##.2019-cu il tarixli, ****** saylı alqı-satqı müqaviləsi üzrə konkret təyinatı göstərilməklə iş materiallarına əlavə edildikdən sonra tədqiqat aparıla bilər.
33. Lakin nədənsə ekspert həmin sənədlərin tələb olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmir. Həmçinin məhkəmə də həmin sənədlərin tələb olunaraq işə əlavə edilməsini təmin etmir. Işin obyektiv araşdırılması bunu tələb etdiyi halda məhkəmə yalnız cavabdehin maraqlarına uyğun olan ekspert rəyi ilə kifayətlənmişdir.
34. Mülki Prosessual Məcəllənin 63-cü maddəsi üzrə - Işin obyektiv araşdırılaraq rəy verilməsi əvəzinə ekspert ekspertizanın aparılmasından imtina edərək iş üzrə materialları icrasız geri qaytarmışdır. Baxmayaraq ki , məhkəmə öz növbəsində tələb olunan sənədləri tərəflərdən tələb edib, ekspertə göndərə bilərdi. Göründüyü kimi, qanunvericiliklə nəzərdə tutulan hərəkətlər nə ekspert, nə də ki, məhkəmə tərəfindən həyata keçirilməmişdir.
35. Mülki Prosessual Məcəllənin 76.1 və 76.3-cü maddələri üzrə - Iddiaçı tərəfindən təqdim olunan sübutlara qiymət verilməyərək, cavabdeh tərəfindən təqdim olunmuş səs yazısı əsaslı sübut kimi dəyərləndirilmişdir.
36. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş səs yazısına istinadən iddianın rədd olunması qənaətinə gəlir. Lakin məhkəmə necə müəyyən etmişdir ki, həqiqətən təqdim olunmuş səs yazısı istinad olunan şəxsə aiddir. Əgər bu barədə həmin şəxsin mövqeyi öyrənilməyibsə və ya bununla bağlı müvafiuq ekspertiza təyin olunmadan, məhkəmənin belə bir nəticəyə gəlməsi qətnamənin qanuniliyini şübhə altına alır.
37. Bundan başqa, məhkəmə sübutlara qiymət verilməsi məqsədi ilə nə səbəbdən iddiaçının təqdim etdiyi elektron qaimələrə hüquqi qiymət vermədən, işə əlavə etmədən ekspertizaya göndərmir. Əgər ekspert işi geri qaytarırsa, məhkəmə nə səbəbdən geri qaytarılmaya əsas olmuş səbəbin aradan qaldırılmasını tərəflərə təklif etmir.
38. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - Birinci instansiya məhkəməsinin iki ekspert rəyindən yalnız cavabdehin maraqlarına uyğun olan rəyə istinad etməsi, 3-cü dəfə təyin olunmuş ekspertizanın rəy verməsi üçün tələb olunan addımları atmaması mübahisələndirilən qətnamənin yalnız cavabdehin təqdim etdiyi sübutlara istinad olunaraq qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
40. Işə baxılmanın vaxtı və yeri haqqında hər dəfə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndələri heç bir məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndələrinin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
41. Cavabdeh apellyasiya baxışında verdiyi izahatında göstərmişdir ki, apellyasiya şikayətini qəbul etmir.
42. O, iddiaçının satış nümayəndəsi kimi fəaliyyət göstərmiş, şirkətin mallarını qəbul edib satmış, satışdan əldə olunan vəsaiti şirkətə ödəmiş, nisyə verilmiş mallar üzrə yaranmış borclar barədə isə şirkətin əməkdaşlarını məlumatlandırmışdır. Malların və ödənişlərin uçotu şirkətin kompüter sistemində aparılmışdır.
43. 2019-cu ildə vergi orqanının tələbləri ilə onunla müqavilə bağlanılmış, lakin faktiki münasibətlər dəyişməmiş, o, şirkətin işçisi kimi fəaliyyətini davam etdirmiş və satılan malların dəyərindən müəyyən faiz almışdır. Həmin dövrdə malların təhvil-təslimi ilə bağlı bəzi sənədləri onun verdiyi etibarnamə əsasında X2 imzalamışdır. Elmanın etibarnaməsi ##.##.2019-cu ildən ##.##.2020-ci ilədək qüvvədə olmuşdur. Elmanın həmin müddətdə imzaladığı təhvil-təslim aktlarını qəbul edir, sonrakı dövrdə isə Elmanın imzası olmayan və ya imzanın ona məxsusluğunu qəbul etmədiyi sənədləri qəbul etmir.
44. Şirkətin maliyyə işlərini X1, sonradan Yaşar adlı şəxs həyata keçirmiş, X3 isə şirkətlə əlaqəli digər işlərdə çalışmışdır. Malların alınması və ödənişlərin aparılması ilə bağlı şirkətin əməkdaşları ilə birbaşa əlaqə saxlamış, bəzən malların dəyərini şirkətin bank hesabına deyil, həmin şəxslərə nağd və ya barat köçürməsi yolu ilə vermişdir. Həmin şəxslər isə aldıqları vəsaiti şirkətə təqdim etdiklərini bildirmişlər. Fəridə 5.010 manatdan artıq, Cəlala isə 25.676,25 manat ödəniş etmiş, bu ödənişləri təsdiq edən qəbzlər onun tərəfindən məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə olunmuşdur.
45. O ödənişləri üç formada - bank vasitəsilə, barat köçürməsi ilə və nağd qaydada həyata keçirmişdir. Kapital Bank və Naxçıvan Bank vasitəsilə etdiyi ödənişlərə dair çıxarış və qəbzləri də məhkəməyə təqdim etmişdir. Nağd ödənişlər zamanı isə hər dəfə ayrıca qəbz alınmamış, şirkətin əməkdaşlarının bildirdiyinə əsasən vəsait şirkət tərəfindən qəbul edilmişdir. Şirkətin əməkdaşları ödənişlərin hansı borca aid olduğunu özlərinin apardıqları uçot əsasında müəyyən etmişlər və cavabdehə də qalan borc barədə məlumat vermişlər.
46. Mallar Bakıdan yük avtomobilləri ilə Naxçıvana göndərilmiş, mallarla birlikdə müxtəlif qaimə, faktura və digər sənədlər təqdim olunmuşdur. Malların sifarişi və elektron qaimələrin hazırlanması əsasən şirkətin əməkdaşları tərəfindən həyata keçirilmiş, cavabdeh isə hansı malların göndərilməsini telefon vasitəsilə razılaşdırmışdır. Təhvil-təslim aktları iddiaçının Bakıdakı anbarında imzalanmış, sənədlər şirkətdə saxlanılmışdır.
47. O, 1022 elektron qaimənin mövcud olması barədə iddia ilə razılaşmır, faktiki olaraq təxminən 62-63 qaimənin olduğunu hesab edir. 2019-2021-ci illər üzrə qaimələri ayırmışdır, bəzi qaimə və fakturalar eyni nömrə ilə təkrar təqdim edilmişdir, bəzi sənədlərdə isə onun və ya etibarnaməli şəxsin imzası yoxdur, həmin sənədlər üzrə malları o almamışdır.
48. Konkret olaraq ##.##.2019-cu il tarixli 16.523,75 manatlıq və s. təhvil-təslim sənədlərində nə özünün, nə də Elmanın imzası yoxdur, həmin tarixlərə aid digər sənədlər üzrə də imzaların mövcudluğunu və ya həqiqiliyini qəbul etmir. Eyni zamanda, 2021-ci ildə onun adına 4 elektron qaimə olduğu halda ekspert rəyində 7 elektron qaimə nəzərə alınmışdır, ekspert tərəfindən borcun hesablanması zamanı konkret olaraq hansı qaimə və təhvil-təslim aktlarının əsas götürüldüyü aydın deyil. Sonradan sistemə daxil edilmiş bəzi elektron qaimələrdən məlumatı olmamışdır.
49. Ekspertiza zamanı mübahisəli sənədlərin onun iştirakı ilə araşdırılmasını tələb edərək ekspertizaya özü getmiş və bir sıra fakturaları təqdim etmiş, lakin qarşı tərəf həmin prosesdə iştirak etməmişdir.
50. Iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının bir hissəsində olan imzalar ona və ya Elmana məxsus deyil, belə sənədlərin necə tərtib edilməsindən məlumatı yoxdur və bu sənədlər əsasında onun üzərinə borc hesablanmasını qəbul etmir. Bununla yanaşı, 2019-cu ilin fevralından 2020-ci ilin fevralınadək Elmanın etibarnamə əsasında şəxsən imzaladığı təhviltəslim aktları üzrə alınmış malları, həmin dövrdən sonra da Elmanın faktiki imzaladığı sənədləri qəbul edir, lakin onun imzası olmayan sənədləri qəbul etmir.
51. O, 2019-2021-ci illərdə şirkətə malların dəyərini ödəmişdir və bu ödənişlərin iddiaçı tərəfindən tələb edilən məbləğdən artıq olduğunu hesab edir. Bəzi dövrlərdə şirkətə həftəlik 5.000-15.000 manat, bəzi hallarda isə 20.000-30.000 manat məbləğində ödənişlər etmiş, əvvəlki aydan qalan borcları da nəzərə alınmaqla ödənişlərini davam etdirmişdir. Bəzən borc 40.000-45.000 manata çatmış, sonradan həyata keçirilən ödənişlərlə azaldığı barədə şirkətin maliyyə əməkdaşları tərəfindən ona məlumat verilmişdir.
52. Şirkətə təxminən 21.000 manat dəyərində mal qaytarmışdır və bu qaytarmaları müvafiq sənədlərlə təsdiq olunur. Malların qaytarılması da hesablaşmalar zamanı nəzərə alınmalıdır.
53. O hesab edir ki, iddiaçının göstərdiyi təxminən 1 milyon manat məbləğində mal dövriyyəsi və buna uyğun borc real deyil, faktiki satış və ödənişlər həmin məbləğlə uyğun gəlmir. Şirkətin əməkdaşları malların uçotunu və maliyyə hesablaşmalarını kompüter sistemi vasitəsilə özləri aparmış, cavabdeh isə həmin sistemə çıxışı olmadığından hər bir qaimə üzrə yaranan borcun və ödənişin hansı sənədə aid edildiyini ayrıca izləyə bilməmişdir.
54. 2021-ci ilin fevral ayından şirkətlə münasibətləri faktiki olaraq kəsilmiş və həmin vaxt şirkətə borcu qalmamışdır. Buna baxmayaraq, sonradan mediasiya təşkilatından iddia ilə bağlı bildiriş almışdır. 2022-ci ildə isə şirkətin nümayəndələri yenidən onunla əlaqə saxlayaraq nümayəndələrinin olmadığını və birlikdə işləməyi təklif etmişlər. O hesab edir ki, əgər həmin dövrdə onun şirkətə borcu mövcud olmuşdusa, şirkət nümayəndələrinin onunla yenidən əməkdaşlıq təklif etməsi bu vəziyyətlə uzlaşmır.
55. Ona şirkətdən faiz ödənilmiş, həmin faizlər sonradan təxminən 20.000-23.000 manat təşkil etmiş və bu vəsait ona ödənilməmişdir. Həmin məbləğin ödənilməsini tələb etdikdən sonra şirkətlə münasibətlərində mübahisələr yaranmışdır. Bu baxımdan, şirkətin ona qarşı irəli sürdüyü borc tələbinin əsassız olduğunu hesab edir.
56. Şirkətin əməkdaşları tərəfindən verilmiş məlumatlara əsasən onun etdiyi ödənişlər şirkətə çatdırılmışdır. Bu barədə Fərid, Cəlal və Yaşar adlı şəxslərlə telefon danışıqları olmuş, xüsusilə Yaşar şirkətdən ayrılana qədər onun faizlərinin qaldığını bildirmişdir. Həmin səs yazısı əvvəl mövcud olmuş, lakin sonradan silinmiş və bu barədə Fəridə də məlumat vermişdir.
57. Şahidləri olmuşdur, həmin şəxslər ödənişlərin şirkətin əməkdaşlarına verilməsini təsdiq edə bilərlər, lakin birinci instansiya məhkəməsində onlar dindirilməmişdir. Əvvəl şirkətin maliyyə rəhbəri olan Yaşar onun etdiyi ödənişlər barədə məlumatlı olmuşdur.
58. Həmçinin qeyd edir ki, ona heç bir mal verilmədiyi halda iddiaçı tərəfindən malların təqdim olunması barədə elektron qaimə-fakturalar göndərilmiş, vergi orqanı vasitəsi ilə tərəfindən malların qaytarılması barədə ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli (3 ədəd) elektron qaimə fakturalar tərtib olunaraq iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən ona həmin qaimə-fakturaların səhvən vurulduğu bildirilmişdir.
59. Onun 2021-ci ildən şirkətlə faktiki münasibətləri başa çatmış, həmin tarixədək olan hesablaşmalar üzrə şirkətə borcu qalmamış, malların dəyəri üzrə ödənişlər bank, barat və nağd qaydada həyata keçirilmişdir. Təqdim etdiyi qəbz, bank çıxarışları, təhvil-təslim aktları və digər sənədlərin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.
60. Cavabdeh elektron kabinet vasitəsilə göndərilmiş yazılı izahatında göstərmişdir ki, iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibat ekspertizasının ##.##.2025-ci il tarixli rəyində açıq şəkildə göstərilmişdir ki, ##.##.2019-cu il tarixli ****** saylı alqı-satqı müqaviləsi üzrə iddiaçının hesabına ödənilmiş məbləğlər nəzərə alındıqda, qalıq borc ya cüzi məbləğ təşkil edir, ya da cavabdeh tərəfindən artıq ödəmələrə yol verilmişdir. Lakin iddiaçı hələ də borcun məhz hansı qaimələr üzrə yarandığını dəqiqləşdirməmiş, təqdim etdiyi ##.##.2023-cü il tarixli arayışda da qalıq borcunun yaranma mənbəyini əsaslandıra bilməmişdir.
61. Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, hər bir tərəf isə öz tələbinin əsasını sübut etməlidir. Mülki Məcəllənin 386.1 və 375.2-ci maddələrinə uyğun olaraq, müqavilə üzrə öhdəliyin icrasını və qalıq borcun mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
62. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunmuş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını birbaşa təsdiq etmir. Həmin sənədlər müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qətnaməsi güman olunan nəticələrə deyil, mötəbər sübutların məcmusuna əsaslanmalıdır.
63. Iddiaçının "cavabdeh müddətin tətbiqinə dair ərizə verməklə tələbin əsaslı olması ilə razılaşmışdır" iddiası tamamilə hüququn məntiqinə ziddir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, iddia müddəti mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir və onun keçməsi iddiadan imtina edilməsi üçün birbaşa əsasdır. 2019-2020-ci illər və daha əvvəlki dövrlər üzrə öhdəliklərə münasibətdə iddia müddəti ötmüşdür və iddiaçının həmin hissədə məhkəmə qaydasında tələb hüququ itirilmişdir.
64. Iddiaçı məhkəmə iclasları zamanı iddia tələbini dəqiqləşdirmək üçün kifayət qədər imkana malik olmasına baxmayaraq, tələbinin əsassız olduğunu bildiyindən hər hansı dəqiqləşdirmə aparmamışdır.
65. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.
66. Apellyasiya baxışında komission məhkəmə-mühasibat və əlavə məhkəməmühasibat ekspertizaları təyin olunmuş və təqdim olunmuş ekspert rəyləri iş materiallarına əlavə edilmişdir (bax §85, 87).
67. Cavabdeh **/*** nömrəli ## ##### 2026-cı il tarixli ekspert rəyinə etirazında göstərmişdir ki, ##.##.2025-ci il tarixli *** nömrəli rəy ilə ##.##.2026-cı il tarixli ekspert rəyi ciddi ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsində sonuncu ekspertiza zamanı ekspert ##.##.2025-ci il tarixli məktubunda ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə elektron qaimələrin tam olmadığını, ödənişlərin təyinatını müəyyən etməyin mümkün olmadığını bildirərək tədqiqat aparmaqdan imtina etmişdir. Apellyasiya mərhələsində isə iddiaçı tərəfindən bu çatışmazlıqların hansı formada aradan qaldırıldığı rəyin tədqiqat hissəsindən görünmür. Apellyasiya baxışının hədləri
68. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını iddia tələbinə münasibətdə tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq
69. Mülki Məcəllə; Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
70. Mülki Prosessual Məcəllə; Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. Işə baxılması ilə əlaqədar məsrəflər 115.0. Işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 185. Işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. Işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; ... Maddə 406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, cavabdehin izahatı və ekspert rəyləri ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
72. Hazırkı iş üzrə mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanmış ****** saylı ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehdən tələb olunan 99.718,34 manat, 120 manat dövlət rüsumunun, mübahisənin həlli üçün mediatora ödənilən 400 manat dövlət rüsumunun, borc məbləğinə hesablanmış 269,15 manat faizin, cəmi 100.507,49 manat pulun alınıb iddiaçının xeyrinə tutulması ilə bağlıdır.
73. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış göstərilən alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş tələblərə əməl olunmaqla bağlanmış etibarlı əqd olmaqla həmin müqavilənin etibarsızlığına dəlalət edən hər hansı hal müəyyən edilməmişdir.
74. Alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, bu müqavilə həmin müqavilədə iştirak edən tərəflərin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır.
75. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilir. Yəni qanunvericiliyin tələbinə görə, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı məhkəmələr ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməlidirlər.
76. Hazırkı halda müqavilədə tərəflər satıcının ərzaq və qeyri-ərzaq məhsullarını alıcıya satması, alıcının isə malı qəbul edib dəyərini ödəməsi, malların təhvil - təslim aktı imzalandıqdan sonra ödənişlərin nağd və köçürmə yolu ilə 15 gün ərzində həyata keçirilməli olması barədə razılığa gəlmişlər. Cavabdehin izahatından isə məlum olur ki, o ödənişləri üç formada: bank vasitəsilə, barat köçürməsi ilə və nağd qaydada həyata keçirmişdir.
77. Iddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 567 və 600.1-ci maddələri təşkil edir.
78. Müqavilənin istinad olunan 1.1, 1.2, 1.3, 4.1, 4.2, 4.3, 4.4, 6.1, 7.1, 7.2 və 7.3-cü bəndləri işin hallarında göstərilmişdir (bax §1).
79. Iddiaçının tələbi cavabdehdən “vergi qaimə faktura üzrə borcun qaytarılması”ndan ibarətdir.
80. Elektron qaimə-faktura elektron formada hazırlanan və malları tədim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin qaimə-faktura vergi ödəyicisi tərəfindən birtərəfli qaydada hazırlanıb təsdiq edildikdə, portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
81. Elektron qaimə-fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübut əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarında göstərilmişdir ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Kollegiya hesab edir ki, hazırkı kommersiya mübahisəsinə dair iş məhz Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı qeyd olunan hüquqi mövqeyə əsasən həll edilməlidir.
82. Iddiaçının cavabdehin elektron kabinetinə göndərilmiş hər bir “malların təqdim edilməsi barədə elektron qaimə-faktura”sı müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq malların təhvil - təslim aktı (öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu) ilə təsdiq olunmalıdır.
83. Ona görə də ilk növbədə apellyasiya şikayətinin bu qətnamənin 32-34-cü və 37-38-ci bəndlərində göstərilən dəlilləri nəzərə alınmaqla iddiaçıdan birinci instansiya məhkəməsində təyin olunmuş məhkəmə-mühasibat ekspertizaları üzrə verilmiş ekspert rəylərində göstərilən elektron qaimə-fakturaların hər birinin tam və ayrılıqda, eləcə də təhvil-təslim aktlarının məhkəməyə göndərilməsi 2026-cı il ## ###### tarixli məktubla xahiş olunsa da, qeyd olunan ekspert rəylərində göstərilən ##.##.2019, ##.##.2019, ##.##.2019, ##.##.2019, ##.##.2029, ##.##.2019, ##.##.2019, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2021, ##.##.2021, ##.##.2021 və ##.##.2021-ci il tarixli elektron qaimə-fakturalar kollegiyaya göndərilməmişdir. Birinci instansiya məhkəməsində isə 13 ədəd malların təqdim edilməsi barədə elektron qaimə-faktura təqdim olunmuşdur.
84. Həmçinin məhkəmə iclaslarında iddiaçının səlahiyyətli nümayəndəsinin iştirak etməməsi nəzərə alınaraq, iddiaçıya ##.##.2026-cı il tarixli məktubla müraciət edilməklə hər bir elektron qaimə-fakturaya uyğun olan malların təhvil-qəbul aktına müvafiq olaraq ayrı-ayrılıqda cavabdeh tərəfindən iddiaçıya hansı tarixlərdə, nə qədər pul ödənilməsi, hər bir elektron qaimə-fakturaya görə ayrı-ayrılıqda və ümumilikdə nə qədər borcun qalması barədə məlumatın kollegiyaya göndərilməsi təklif edilsə də, iddiaçı tərəfindən həmin məlumat verilməmişdir.
85. Iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək üçün apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ##.##.2026-cı il tarixli qərardadla komission məhkəmə-mühasibat ekspertizası təyin olunmuş və **/*** nömrəli 2026-cı il ## ##### tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ##.##.2019-cu il tarixli, ****** saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə 0# ###### 2019-cu il tarixdən sonra verilən malların dəyəri malların qaytarılması ilə bağlı qaimə fakturalar da nəzərə alınmaqla 643.809,11 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsi üzrə ümumilikdə 552.034,84 manat ödəniş edilmiş, alqı-satqı müqaviləsi üzrə qalıq borc ƏDV daxil olmaqla 91.774,27 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manatdır.
86. Həmin ekspert rəyinə cavabdeh tərəfindən yazılı etiraz olunması, işə obyektiv baxılması, qanuni və əsaslı aktın qəbul olunması məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı və apellyasiya baxışında verilmiş ekspert rəyləri arasındakı ziddiyyətlərin aradan qaldırılması, ekspert rəyinin kifayət qədər aydın və tam olmasının təmin edilməsi üçün ##.##.2026-cı il tarixli qərardadla əlavə məhkəməmühasibat ekspertizası təyin edilmişdir.
87. **/**** nömrəli ##.##.2026-cı il tarixli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış e-qaimələr üzrə (iş materiallarında olan elektron qaimə-fakturalar, vergi orqanının təqdim etdiyi “vergi ödəyicisi tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat" və digər sənədlər nəzərə alınmaqla) aparılmış tədqiqatla müəyyən edildi ki, ##.##.2019-cu il tarixli, ****** saylı alqısatqı müqaviləsi üzrə cavabdehə ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək təqdim olunduğu göstərilən malların dəyəri ümumilikdə 655.061,40 manat (ƏDV daxil) təşkil edir. Bundan başqa, ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək təqdim edilmiş iş materiallarında olan "malların təhvil-qəbul aktları"na (47 ədəd) əsasən alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim olunduğu göstərilən malların dəyəri 582.808,10 manat (ƏDV daxil) təşkil edir. Həmçinin ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək cavabdeh tərəfindən iş materiallarında olan sənədlərə (bank hesab çıxarışlarına, xəzinə mədaxil orderlərinə, ödəniş tapşırıqlarına və s.) əsasən qeyd olunan alqı-satqı müqaviləsi üzrə "xxxx" ASC-nin hesabdan çıxarışlarında (496.799,58 manat) və "xxxx" ASC-nin xəzinə mədaxil orderlərində göstərilənlər (55235,26 manat) nəzərə alınmaqla müəyyən edildi ki, 552.034,84 manat (ƏDV daxil) məbləğində ödənişlər edilmiş və "malların qaytarılması barədə elektron qaimə-fakturalar” üzrə ümumilikdə 11.252,29 manat (ƏDV daxil) məbləğində mallar geri qaytarılmışdır. Belə olduğu halda, alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim olunduğu göstərilən (ayrılıqda göstərilməklə həm e-qaimələr üzrə, həm də malların təhvil-qəbul aktlarına əsasən) malların dəyərindən aparılmış ödənişlər və geri qaytarılmış mallar çıxıldıqdan sonra qalan borc məbləğləri aşağıdakı kimi müəyyən edildi, o cümlədən: elektron qaiməfakturalar üzrə: 655.061,40 - 552.034,84 - 11.252,29 = 91774,27 manat; 47 ədəd malların təhvilqəbul aktları üzrə: 582.808,10 - 552.034,84 = 30.773,26 manat. Yekun olaraq bildirilir ki, tədqiqata təqdim edilmiş iş materiallarından göründüyü kimi, 0# ###### 2019-cu il tarixli, ****** saylı alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləği iş materiallarında olan elektron qaimə-fakturalar, vergi orqanının təqdim etdiyi "vergi ödəyicisi tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat" və digər sənədlər nəzərə alınmaqla ƏDV daxil 91.774,27 manat, təqdim edilmiş iş materiallarında olan "malların təhvilqəbul aktları" (47 ədəd) nəzərə alınmaqla isə ƏDV daxil 30.773,26 manat təşkil edir.
88. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə müvafiq olaraq ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qıymətləndirilir. Kollegiya **/**** nömrəli ##.##.2026-cı il tarixli ekspert rəyini aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün sübut növü kimi qəbul etmişdir. Həmin rəyə elektron kabinetində yerləşdirilməsinə baxmayaraq iddiçı tərəfdən münasibət bildirilməmişdir.
89. Göründüyü kimi, ekspertlər qoyulmuş suallara müvafiq olaraq elektron qaiməfakturalar və təhvil-təslim aktları üzrə cavabdehə verildiyi göstərilən malların dəyərini və cavabdeh tərəfindən edilən ödənişləri ayrı-ayrılıqda hesablamaqla yekun olaraq cavabdehin elektron qaimə-fakturalar üzrə borcunun 91.774,27 manat, 47 ədəd malların təhvil-qəbul aktları üzrə isə 30.773,26 manat olması nəticəsinə gəlmişlər.
90. Lakin elektron qaimə-fakturalar və təhvil-təslim aktlarını qarşılıqlı şəkildə ümumi olaraq təhlil etdikdə aydın olur ki, iddiaçı tərəfindən elektron qaimə-fakturalar üzrə cavabdehə 655.061,40 manat dəyərində mal verildiyi göstərilsə də, əslində təhvil-təslim aktlarına əsasən cavabdehə 552.034,84 manat dəyərində mal verildiyi müəyyən olunmuşdur. Təhvil-təslim aktları üzrə borc hesablanarkən isə yalnız cavabdeh tərəfindən edilmiş ödəniş həmin aktlar üzrə ümumi məbləğdən çıxılmışdır.
91. Cavabdehin ümumi borcu hesablanarkən isə aydın olur ki, iddiaçı tərəfindən cavabdehə heç bir mal verilmədiyi halda “malların təqdim edilməsi barədə elektron qaiməfakturalar” göndərilmiş, cavabdeh tərəfindən isə 11.252,29 manat dəyərində malın ona verilmədiyini təsdiq edən 3 ədəd “malların qaytarılması barədə elektron qaimə-faktura” iddiaçıya təqdim olunmuşdur. Bu işin mübahisə olunmayan halıdır. Deməli, bu halda ümumi olaraq cavabdehin iddiaçıya borcu həm ödənişlər, həm də qaytarılma nəzərə alınmaqla 582.808,10 - 552.034,84 - 11.252,29 = 19.520,97 manat təşkil edir.
92. Lakin təqdim olunmuş təhvil-təslim aktlarından görünür ki, ĞRĞ 458223 seriya nömrəli ##.##.2019-cu il tarixli təhvil-təslim aktında 16.523,75 manat dəyərində malın ##.##.2019-cu il tarixdə cavabdehə verildiyi göstərilsə də, həmin akt təhvil alan tərəfindən imzalanmamışdır (IV cild, i/v. 181, həmin akt apellyasiya icraatı zamanı təqdim edilmişdir).
93. Həmçinin TI 225788 seriya nömrəli ##.##.2021-ci il tarixli aktda 2242,4 manat, TI 225789 seriya nömrəli ##.##.2021-ci il tarixli aktda 2199,0 manat, TI 294807 seriya nömrəli ##.##.2021-ci il tarixli aktda 4692,89 manat və TI 299146 seriya nömrəli ##.##.2021-ci il tarixli aktda 4330,43 manat dəyərində malların cavabdehə verldiyi göstərilsə də, həmin aktlarda heç bir imza yoxdur. Yəni nə təhvil verən, nə də təhvil alan tərəfindən imzalanmamışdır. Qeyd olunan malların ümumi dəyəri 29.988,47 manat təşkil edir.
94. Cavabdeh izahatlarında yalnız özü və səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış təhvil-təslim aktlarında göstərilən malları aldığını və həmin aktları qəbul etdiyini, imzalanmamış aktların isə ona məlum olmayan səbəbdən iddiaçı tərəfindən tərtib olunduğunu qeyd edərək həmin aktları qəbul etmədiyini və göstərilən malları almadığını bildirmişdir.
95. Müqavilə şərtlərinə görə isə iddia tələbinə müvafiq olaraq elektron qaiməfakturalarda göstərilən dəyərdə malın alıcıya (cavabdehə) təqdim edilməsi üzrə sübutetmə yükü Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür.
96. Beləliklə, iş materiallarında olan, iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalar, təhvil-təslim aktları, ödəniş sənədləri və sonuncu ekspert rəyi birgə, qarşılıqlı şəkildə ümumi olaraq qiymətləndirdikdə məlum olur ki, cavabdehin iddiaçıya borcunun olması deyil, əksinə artıq ödəniş etməsi (582.808,10 - 552.034,84 - 11.252,29 - 29.988,47) müəyyən olunur.
97. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında formalaşdırdığı və məhkəmə təcrübəsində geniş tətbiq olunan hüquqi mövqeyə əsasən, “Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun "da mihi factum, dabo tibi ius” ("mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.
98. Iddiaçı isə apellyasiya baxışında nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş (birinci instansiya məhkəməsində isə yalnız bir dəfə iştirak etmişdir), sorğular göndərilməsinə baxmayaraq lazımi sübutları kollegiyaya təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin; 9.3-cü maddəsinə görə, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
99. Kollegiya tərəfindən iddiaçının apellyasiya şikayətinin digər dəlilləri, cavabdehin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri digər fikirləri onların subyektiv mülahizələri kimi dəyərləndirilir.
100. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 385-ci maddəsində (məhkəmə aktının apellyasiya qaydasındsa ləğv olunması üçün əsaslar) göstərilən hallar müəyyən olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
101. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki: - iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-*/**** saylı 2025-ci il # ####### tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalı, - iddia təmin edilmədiyindən Mülki Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələrinə müvafiq olaraq; - apellyasiya baxışı zamanı 2026-cı il # #### tarixli qərardadla təyin edilmiş komission məhkəmə-mühasibat ekspertizasına görə aparılmış tədqiqatın dəyəri olan 300 manat və 2026-cı il ## #### tarixli qərardadla təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertizasına görə aparılmış tədqiqatın dəyəri olan 150 manat iddiaçıdan tutularaq - büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XIIS) hesabı: X16 (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, hesab AZ34CTRE00000000000002088501) hesabına ödənilməli, - apellyasiya şikayəti verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticəvi hissə
102. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.1, 392, 393, 402.1, 405.0- 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-*/**** saylı 2025-ci il # ####### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Iş üzrə komission məhkəmə-mühasibat ekspertizası təyin olunması ilə bağlı aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat və əlavə məhkəmə-mühasibat ekspertizası təyin olunması ilə bağlı aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat iddiaçı İddiaçı MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.