Məhkəmə qərarları › İş №2-2(108)-68/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-68/2025

16.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2-2(108)-68/2025 16.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: bir mənbədən satınalma metodu üzrə bağlanmış müqaviləyə əsasən pul tələbi Hakimlər - X11 (sədrlik edən və məruzəçi), X13 və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndələri nümayəndə1 və nümayəndə3, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi nümayəndə4 iştirakları ilə Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) şifahi icraat qaydasında baxılmışdır. Işin halları

1. Cavabdeh MMC (satınalan təşkilat) və İddiaçı MMC (təchizatçı) arasında bağlanmış ##.##.2024-cü il tarixli ** nömrəli “Supra 4002 qartəmizləyən texnikanın təmiri xidmətlərini satınalma müqaviləsi”nin (müqavilə razılaşmasının) müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; Təchizatçı Supra 4002 qartəmizləyən texnikasının təmiri xidmətlərinin satın alınmasını fəaliyyət cədvəli bölməsində (VI) müəyyənləşdirilmiş vergilər daxil 63.371,90 manat məbləğə və icra qrafiki bölməsində (VII) müəyyənləşdirilmiş 3 ay (##.##.2025-ci il) müddətində göstərməyi, satınalan təşkilat isə müqavilənin nəticələrini (xidmətləri) təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə təchizatçıya ödəməyi öhdəsinə götürür.

2. Əlavə 2. "xxxx” MMC-dən “X4” MMC-yə göndərilmiş ##.##.2024-cü il tarixli təklif məktubu (d) qiymət: Tələb olunan işləri bütün vergi və rüsumlar daxil olmaqla 63.371,90 manat məbləğdə yerinə yetirməyi təklif edirik. (f) icra təminatı: Bizim təklifimiz qəbul edildiyi təqdirdə şərtlər toplusunda qeyd edilən şərtlərdə icra təminatını təqdim edəcəyimizi öhdəmizə götürürük.

3. Təklifin akseptinə dair bildiriş (satınalan təşkilat tərəfindən təchizatçıya göndərilmişdir) ##.##.2024-cü il tarixdə Supra 4002 qartəmizləyən texnikanın təmiri xidmətlərinin satın alınması üçün keçirilən satınalmada "xxxx” MMC-nin təqdim etdiyi 63.371,90 AZN məbləğindəki ##.##.2024-cü il tarixli təklifiniz “X4” MMC tərəfindən qəbul olunur.

4. a) Fəaliyyət cədvəli (xidmətlər üçün): 1) yol-servis (1) - 1862 manat, 2) müayinə işçiliyi (1) - 2250 manat, 3) bir günlük əlavə servis dəyəri (1) - 937 manat, 4) supra mobile control (1) - 15026 manat, 5) hidravlik filtr (3) - 6895 manat, 6) second hidravlik filtr (3) - 6028 manat, 7) əsas yanacaq filtri (3) - 1295 manat, 8) yanacaq filtri (3) - 826 manat, 9) yağ filtri (3) - 826 manat, 10) hava filtri (3) - 3428 manat, 11) 10-40 partiküllü mühərrik yağı (108 litr) - 3063 manat, 12) hidravlik sistem yağı (360 litr) - 8509 manat, 13) differensial dişli yağ № ** (60 litr) - 964 manat, 14) tambur yağı (60 litr) - 1134 manat, 15) qırmızı antifriz (60 litr) - 662 manat, cəmi 53.705 manat, 18% ƏDV 9666,9 manat, yekun cəmi - 63.371,9 manat. Təqdim olunan mallar orijinal olmalı, Supra 4002 markalı texnikaya zərər verməməli və bu texnikada istifadə olunacaq ehtiyat hissələrə uyğun olmalıdır. Mallara və görülən işlərə 12 ay zəmanət verilməlidir. Müqavilə bağlandıqdan sonra qiymətlərdə artma və ya azalma olarsa, bağlanılan müqavilə dəyəri dəyişməz olaraq qalacaq. Mallar satınalan təşkilatın ünvanına təhvil veriləcək və bütün vergi, rüsum və digər xərclər təklif edilən qiymətə daxil olmalıdır. Mallarda qüsur aşkarlanarsa, satınalan təşkilat tərəfindən qəbul olunmayacaq və təchizatçı tərəfindən dərhal yenisi ilə əvəz olunacaq.

5. Müqavilənin ümumi şərtləri 1.1. Xidmətlər üzrə satınalma müqaviləsi Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 38.15-ci maddəsinə uyğun olaraq satınalan təşkilat tərəfindən xidmətlərin Qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına satın alınmasının təmin edilməsi üçün tərtib olunur. 7.1. Müqavilə məbləği 30.000 manatdan çox olduqda təchizatçı müqaviləni imzaladıqdan sonra 5 iş günü ərzində satınalan təşkilata müqavilə məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində və müqavilənin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 iş günü çox qüvvədə olan icra təminatını təqdim edir. ... 11.1. Təchizatçı xidmətlərin göstərilməsi üzrə müqvilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib xidmətləri satınalan təşkilata müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 12.1. Satınalan təşkilat müqavilə üzrə göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 13.1. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) müqavilənin xüsusi şərtlərinin 10-cu hissəsi ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə - fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 iş günündən gec olmayaraq aparılır. 13.3. Müqavilənin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldlrılması müddəti nəzərə alınmaqla) 15 iş günü ərzində satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ təchizatçıya ödənilir.

6. Müqavilənin xüsusi şərtləri 13.1. Ödəniş şərtləri: Müqavilə üzrə ödənişlər xidmətlər (görülmüş işlərin və xidmətlərin) sifarişçiyə təhvil-təslim aktına müvafiq olaraq təhvil verildikdən sonra icraçı tərəfindən təqdim olunacaq ödəniş sənədləri əsasında ödəniləcəkdir. Icraçı tərəfindən ödəniş üçün sənədlər (hesab faktura, qaimə, akt, bildiriş) təqdim edildikdən 15 bank günündən gec olmayaraq sifarişçi tərəfindən nağdsız qaydada ödəniləcəkdir.

7. ##.##.2024-cü il tarixli TNCAĞR-**** saylı ağır vasitə servis satış fakturasına əsasən, 12.591,85 manat dəyərində aşağıdakı mallar iddiaçının nümayəndəsi tərəfindən cavabdehin nümayəndəsinə təhvil verilmişdir: 1) 10W-40 motor (mühərrik) yağı (36 litr) - 972 manat, 2) ATF 220 (hidravlik sistem) yağı (120 lt) - 2700 manat, 3) Mobilgear ***XP*** (differensial dişli) yağ (20 litr) - 360 manat, 4) Antifriz (20 lt) - 206,40 manat, 5) Supra hava filtri (1) - 1142,67 manat, 6) Supra primary fuel filtr (1) - 431,67 manat, 7) Supra fuel filtr (1) - 275,33 manat, 8) Supra oil fitir (1) - 275,33 manat, 9) Supra hidravlik filtr (1) - 2.298,33 manat, 10) Supra second hidravlik filtr (1) - 2.009,33 manat.

8. Ref ***********/********* saylı ##.##.2025-ci il tarixli bank sənədinə əsasən, X8 filialı vasitəsi ilə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına bir günlük əlavə servis dəyəri 937 manat, müayinə işçiliyi 2250 manat və yol servis dəyəri 1862 manat, cəmi 5049 manat ödənilmişdir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə MT 2412 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli 63.371,90 manat dəyərində elektron qaimə-faktura göndərilmişdir.

10. Iddia ərizəsinə görə, Cavabdeh MMC üçün dəyəri ödənilməklə təmir üçün sifariş verilmiş 26.455.60 manat dəyərində avadanlıq İddiaçı MMC-nin anbarında, 17.730,68 manat dəyərində avadanlıq isə Türkiyə Respublikasının anbarında gözləməkdədir. Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı MMC (bundan sonra “iddiaçı”) 2025-ci il ## ##### tarixdə cavabdeh Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli ** nömrəli müqavilə və MT2412 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə əsasında Supra 4002 qartəmizləyən texnikasının təmiri üçün cavabdehə satılmış mallara görə ödənilməmiş 58.322,90 manatın, vəkil xərcinə görə 680 manatın və dövlət rüsumu kimi ödənilmiş 265 manatın, ümumilikdə 59.267,90 manatın cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024cü il tarixdə ** nömrəli müqavilə bağlanılmış, cavabdehə məxsus olan Supra 4002 qartəmizləyən texnikasının təmiri iddiaçıya həvalə edilmiş, təmir üçün 63.371,90 manat qiymətləndirmə aparılmış və razılaşma ilə bağlı cavabdehə təklif məktubu göndərilmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli *-***/**** nömrəli məktubunda nasazlığın aradan qaldırılması üçün iddiaçının vermiş olduğu təklif ilə razılaşdıqlarını (aksept) bildirmişdir. Texnikanın təmiri üçün xərclənilmiş 63.371,90 manat xərclərin ##.##.2024-cü il tarixli elektron qaiməsi mövcuddur.

13. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə məbləği 30.000 manatdan çox olduqda təchizatçı müqaviləni imzaladıqdan sonra 5 iş günü ərzində satınalan təşkilata müqavilə məbləğinin 10 faizi həcmində və müqavilənin yetinə yetirilməsi müddətindən 30 iş günü çox qüvvədə olan icra təminatını təqdim edir.

14. Hazırda Supra 4002 texnikasının üzərində 19.185,62 manat dəyərində təmir işləri aparılmış və bir sıra avadanlıqlar quraşdırılaraq cavabdehə verilmişdir. Həmin dövr cavabdeh üçün dəyəri ödənilməklə təmir üçün sifariş verilmiş avadanlıqların bir hissəsi - 26.455,60 manat dəyərində avadanlıq iddiaçının anbarında, 17.730,68 manat dəyərində avadanlıq isə Türkiyə Respublikasının anbarında gözləməkdədir. Cavabdehə iddiaçının anbarında saxlanılan avadanlıqların götürülməsi və borcun ödənilməsi ilə bağlı dəfələrlə bildirilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, müqavilə üzrə borclu qaldıqları pulun ödənişi yerinə yetirilməmişdir.

15. 63.371,90 manat pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehə pretenziya ərizəsi göndərilmiş, bundan sonra - ##.##.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 5049 manat (ƏDV məbləği ödənilməmişdir) ödəniş edilmişdir. Hazırda cavabdehin iddiaçıya 58.322,90 manat borcu qalır.

16. Iddiaçı bu mübahisə ilə bağlı 680 manat ödəniş edib vəkil tutaraq, vəkildən hüquqi yardım alır. Həmin pulun da cavabdehdən alınıb iddiaçıya qaytarılmasını istəyir.

17. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.2, 385.1, 425.1, 442, 443.1, 443.2 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il # #### tarixli Qərarına istinad etmişdir.

18. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 58.322,90 manatın, 265 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 680 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Qabil Məmmədov).

19. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tələbində haqlıdır. Belə ki, tərəflər aralarında xidmət müqaviləsi bağlayaraq üzərlərinə öhdəlik götürmüşlər. Müqavilənin icrası vəziyyəti ilə bağlı sənədlər təqdim olunmuşdur. Hazırkı vəziyyətdə iddiaçı tərəf müqavilənin icrasını başa çatdırdığını sübuta yetirmişdir. Bundan əlavə, cavabdehin üzərinə xidmətlərin təxirə salınmadan qəbul edilməsi və ödəmələrin vaxtında aparılmasını təmin etmək vəzifəsi qoyulmuşdur, iddia ərizəsində cavabdeh üçün dəyəri ödənilməklə təmirə görə sifariş verilmiş avadanlıqların bir hissəsinin Türkiyə Respublikasının anbarında gözləməkdə olduğu qeyd olunmuş, lakin iddiaçı tərəfdən malların təqdim edilməsi ilə bağlı maneə olmadığı müəyyən olunduğundan, cavabdeh tərəfin malı qəbul etməməsi halı baş verdiyindən məhkəmə bu halı müqavilə üzrə öhdəliyi icra etmə kimi müəyyən edir. Yekun olaraq müqavilənin icra olunmasını təsdiq edəcək sübutlar iş materialları və tərəflərin izahatı ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddiaçının hazırkı mərhələdə cavabdehə qarşı iddiası əsaslı olduğundan təmin edilməlidir.

20. Həmçinin iddiaçı elektron qaimə-fakturanı məhkəməyə sübut kimi təqdim etmişdir.

21. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi müqaviləyə münasibətdə və iş üzrə ümumilikdə mötəbər və təsdiqedici sübutlar təqdim edilməklə əsaslı olduğundan təmin olunmalıdır.

22. Iş üzrə iddia tələbi təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 265 manat dövlət rüsumu və hüquqi xidmətə görə vəkilə ödənilmiş 680 manat xərc cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 329.2, 329.3, 385.1 və 442-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra Mülki Prosesual Məcəllə) 14.2, 76.1, 76.2, 77.1, 107, 108.1-108.1.1, 108.2, 114.1.1, 115.0, 115.0.6, 119.1, 121.1, 217.5 və 220.5-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır.

24. Cavabdeh apellyasiya şikayəti verərək e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## ###### tarixli qətnamənin ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

25. Mülki Məcəllənin 385.1 və 385.2-ci maddələri üzrə - təhvil-təslim aktı imzalansa da, müqavilə üzrə əsas hissə - “Supra mobile control (beyin)” detalı, faktiki olaraq iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdir, halbuki onun dəyəri müqavilə qiymətindən çıxılmalı idi. Bu halda öhdəlik tam icra olunmamış sayılır.

26. Mülki Məcəllənin 1096.1 və 1097-ci maddələri üzrə - düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir.

27. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra “Dövlət satınalmaları haqqında” Qanun) 4.1.1 və 4.1.2-ci maddələri üzrə - Məhkəmə, müqavilədə göstərilən malların və xidmətlərin qiymətlərinin real bazar qiymətlərindən kəskin dərəcədə yüksək olmasını nəzərə almamışdır. Halbuki bu maddə satınalma prosesində maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsini tələb edir. Bu halda isə malların bazar qiymətindən artıq göstərilməsi qənaət prinsiplərinə ziddir. Belə qiymətlərin qəbul edilməsi dövlət vəsaitlərinin israfına gətirib çıxarır və qanunun tələbini pozur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

29. Apellyasiya baxışında cavabdehin nümayəndəsi nümayəndə4 izahatlarında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. 2024-cü ilin dekabr ayında İddiaçı MMC ilə Supra 4002 markalı qarkürüyən texnikanın təmiri və ehtiyat hissələrinin satınalınması məqsədilə 63.371 manat dəyərində müqavilə bağlanmışdır. Qeyd olunan texnika muxtar respublikada cəmi 2 ədəd (ölkə üzrə isə cəmi 3 ədəd) olduğundan və rəsmi təchizatçısı tapılmadığından, satınalma qanunvericiliyinə uyğun olaraq “bir mənbədən satınalma” metodu ilə icra edilmişdir. Qiymətlər ilkin mərhələdə Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq olunmuşdur. Müqavilədə nəzərdə tutulan 17.730,68 manat dəyərindəki "Supra mobile control (beyin)" cihazı cavabdehə təhvil verilməmişdir. Ustalar tərəfindən mövcud köhnə cihaz təmir edilərək texnika işə salındığı üçün yeni beyin hissəsi ümumiyyətlə götürülməmişdir. Buna baxmayaraq, həmin məbləğ əsassız olaraq iddia tələbinə daxil edilmişdir. Cavabdehin əməkdaşı Səbuhi Dadaşov tərəfindən elektron qaimə üzrə yalnız 10 adda, ümumi dəyəri 12.591 manat təşkil edən ehtiyat hissələri anbardan təhvil alınmışdır. Bu mallar hazırda “X1” MMC-nin anbarında toxunulmaz vəziyyətdə saxlanılır, qiymətlərin baha olması səbəbindən heç biri istifadə edilməmişdir. Müqavilə bağlandıqdan və elektron qaimə-faktura təqdim edildikdən sonra Maliyyə Nazirliyi tərəfindən qiymətlərin şişirdilməsi şübhəsi ilə daxili audit təyin olunmuşdur. Həm Maliyyə Nazirliyinin, həm də “X9 Agentliyi” publik hüquq şəxsinin audit sektorunun apardığı araşdırmalar nəticəsində filtrlərin və digər hissələrin qiymətinin real bazar dəyərindən qat-qat yuxarı olduğu rəsmən aşkar edilmişdir. Məsələn, bazarda istifadəçilərin 350-400 manata əldə etdiyi filtr onlara 3000 manata təklif olunmuşdur. Müqavilə bağlanarkən bazarda alternativ təchizatçı olmadığından qiymətlərin bu dərəcədə qeyri-real olmasını müəyyən edə bilməmişlər. Hətta Türkiyə ilə əlaqə saxlanılsa da, qiymət barədə məlumat verilməmişdir. Məhkəməyə qədər tərəflər arasında 5.500 manatlıq endirim barədə razılaşma və sənəd imzalansa da, bu endirimdən sonra da qiymətlərin bazar dəyərindən yüksək olduğu audit tərəfindən təsdiq edildiyi üçün Maliyyə Nazirliyi vəsaitin ödənilməsinə icazə verməmişdir. Qarşı tərəf bu razılaşmanı birtərəfli qaydada ləğv etmək barədə məktub göndərsə də, qanunvericiliyə görə qarşılıqlı razılaşma birtərəfli ləğv edilə bilməz. Cavabdehin rəhbərliyinin göstərişi ilə eyni mühərrikə malik texnikadan istifadə edən X10 təcrübəsi (hissələrin alındığı “xxxx”in qiymətləri) əsasında aparılan araşdırma qiymət fərqini və satış fakturasındakı uyğunsuzluğu sübut edir. “xxxx” MMC-nin təqdim etdiyi qiymətləndirmə rəyində ümumiyyətlə qiymətləndirmə aparılmamış, ikinci dəfə isə “xxxx” MMC tərəfindən 2024cü ilin mallarına 2026-cı ilin bazar qiymətləri tətbiq olunmuşdur. Hazırda icra olunmuş servis və təmir xidmətinə görə iddiaçıya 5.049 manat ödəniş həyata keçirilmişdir. Iddiaçının iddia ərizəsində göstərdiyi rəqəmlər (19.185 manatlıq mal iddiası və s.) riyazi olaraq da bir-birini tamamlamır. Faktiki olaraq cavabdeh iddiaçıdan yalnız 12.591 manatlıq mal almışdır. Həmin mallların dəyəri real bazar qiymətinə endirilərsə, razılaşa bilərlər. Dövlət müəssisəsi olaraq onların məqsədi dövlət vəsaitinin səmərəli xərclənməsini təmin etməkdir. Cavabdehdən asılı olmayan səbəblərdən bu şişirdilmiş qiymətlərlə ödəniş icra oluna bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddiaçının tələbinin rədd edilməsini, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

30. Iddiaçının nümayəndəsi nümayəndə3 izahatlarında göstərdi ki, cavabdehin apellyasiya şikayətini tamamilə əsassız olduğundan qəbul etmir. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qanunauyğundur. Sözügedən Supra 4002 markalı qarsovuran texnika Almaniya istehsalıdır, dəyəri təxminən 1 milyon - 1 milyon 200 min manatdır. Bu strateji texnikadan bütün ölkədə cəmi 3 ədəd, Naxçıvanda isə 2 ədəd mövcuddur. Bu texnikanın daxili bazarda sıradan ehtiyat hissəsi, distribüteri və sərbəst təmiri yoxdur. Cavabdeh iddiaçıdan texnikanın sazlığına dair tam zəmanət tələb etmişdir. Belə baha və güclü bir maşına bazardan sıradan, uyğunlaşdırılmış filtrlər qoyula bilməzdi. Onlar rəsmi müqavilələri olan regional distribüter - Istanbulda yerləşən “xxxx” firması vasitəsilə birbaşa Almaniyadakı zavoddan orijinal ehtiyat hissələri sifariş etmişlər. Həmin zavod isə kütləvi deyil, yalnız sifariş əsasında istehsal həyata keçirir. 2024-cü ilin oktyabr-noyabr aylarında cavabdeh tərəf, xüsusən də o dövrün yuxarı rəhbərliyi onlara ciddi təzyiq göstərərək, qar yağacağını, Batabat yolunun bağlanma təhlükəsini və Prezident Aparatından rəsmi qonaqların gələcəyini bildirərək işlərin təcili görülməsini tələb etmişlər. Bu səbəbdən hissələr Almaniyadan təyyarə ilə çox qısa müddətdə Türkiyəyə, oradan isə Naxçıvana gətirilmişdir. Qiymətlərdəki fərq məhz bu təcililikdən, avia-karqo, nəqliyyat və gömrük xərclərindən qaynaqlanır. Həmçinin sifariş zamanı yağ filtrlərini də cavabdehin öz istəyi ilə hərəsindən 2-3 ədəd artıq yazdırmışlar. Cavabdeh tərəf iddia edir ki, qiymətlərin baha olmasından xəbərsiz olub. Bu tamamilə həqiqətə ziddir. Iddiaçı ilə müqavilə bağlamazdan əvvəl cavabdeh və yuxarı qurumların özləri birbaşa “xxxx” firması ilə əlaqə saxlamış, qiymət təklifini almışlar və həmin rəqəmlər əllərində olmuşdur. Iddiaçının təqdim etdiyi rəsmi qiymət təklifi həm antiinhisar xidmətindən, həm də cavabdehin öz rəhbərlik səviyyəsindən keçərək təsdiqlənmiş və e-mail vasitəsilə rəsmiləşmişdir. Bu barədə aralarında olan telefon və WhatsApp yazışmaları mövcuddur. Iddiaçı bu kommersiya fəaliyyətindən maksimum 20% qazanc əldə edə bilər. Bu mallar avro ilə alındığı üçün Avropada 2024-2026-cı illər arasında inflyasiya fərqi olmamışdır, qiymətlər sabitdir. Azərbaycan Qiymətləndiricilər Palatasının bu hissələri qiymətləndirə bilməməsi də təbiidir, çünki daxili bazarda analoqu yoxdur. Cavabdehin istinad etdiyi “xxxx”in və ya digər sexlərin ölçücə uyğun gələn alternativ hissələri bu texnikanın gücünə və keyfiyyətinə cavab vermir. Sözügedən bahalı elektron beyin cihazı cavabdehin sifarişi ilə distribüterdən götürülmüşdür. Lakin cavabdeh ödənişləri etmədiyi və müqaviləni pozduğu üçün, onlar əlavə 3.800-4.000 manat gömrük rüsumunu öz vəsaitlərindən ödəməyərək malı hazırda Türkiyədəki anbarlarında saxlayırlar. Bu cihazın pulu iddiaçı tərəfindən qismən ödənildiyi üçün hazırda tam dekontu yoxdur. Iki ildir ki, cavabdeh pul vəsaitini ödəmir və iddiaçı tamamilə ziyandadır. 26.455,60 manatlıq mal isə iddiaçının anbarında saxlanılır, lakin müxtəlif bəhanələrlə cavabdeh tərəfindən götürülmür. Ilk mərhələdə texnikanın işə düşməsi üçün Türkiyədən mütəxəssis-ustalar dəvət etmişlər. Usta birinci dəfə gəlib diaqnoz qoyaraq hissələri sökmüş, ikinci dəfə isə cihazı təmir edərək texnikanı saz vəziyyətə gətirmişdir. Iddia məbləğindəki (19.185,62 manat) və aktlardakı fərqlər (10 və ya 11 adda mal) məhz texnikanın işə düşməsi üçün lazım olan qədər hissənin verilməsi, bir qisminin isə ödəniş edilmədiyi üçün saxlanılması və ya texniki yanlışlıqla bağlıdır. Həmçinin müqavilədə və elektron qaimə-fakturada göstərilən xüsusi yağlar iddiaçı tərəfindən şəxsi xəttlərlə gətirilərək istifadə olunub ki, bu da xərcləri artırıbdır. Əgər cavabdeh qiymətə etiraz edirdisə, niyə mütəxəssis xidmətindən və təmir olunmuş beyindən istifadə edirdi? ##.##.2025-ci il tarixli əlavə razılaşma ilə iddiaçı öz qazancından imtina edərək cavabdehə 5.500 manatlıq böyük bir endirim etmiş və bu güzəşt iddiaçıya vəsaitin bir həftə ərzində Maliyyə Nazirliyi tərəfindən tam ödəniləcəyi sözünə görə edilmişdir. Söz verilən müddətdə ödəniş edilmədiyi üçün, iddiaçı bir aydan sonra rəsmi məktub və e-mail vasitəsilə cavabdehə müraciət edərək, öhdəlik icra olunmadığı üçün həmin birtərəfli güzəşti ləğv etdiklərini bildirmişlər. Cavabdeh bu rəsmi məktublarına heç bir cavab verməmişdir. Öhdəlik yerinə yetirilməyibsə, güzəşt və razılaşma qüvvədə qala bilməz. Iddiaçı dövlət qurumları ilə tam vicdanla, gecə saatlarında belə gələn təcili zənglərə cavab verərək, risk altına girib iş görmüşdür. Qarşı tərəf isə müxtəlif bəhanələrlə ödənişdən yayınır. Qeyd olunanlara əsasən, cavabdeh tərəfin apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir.

31. Iddiaçının nümayəndəsi nümayəndə1 izahatlarında göstərdi ki, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etmir. Iddiaçının nümayəndəsi nümayəndə3 işin faktiki halları barədə ətraflı məlumat verdiyi üçün onun çıxışını tam dəstəkləyir və aşağıdakı xüsusi məqamları əlavə etmək istəyir. Cavabdeh tərəfin qiymətlərin baha olması ilə bağlı iddiası tamamilə əsassızdır. Müqavilə dövründən bu günə qədər dollar kursu sabit qaldığı üçün bazar qiymətlərində iddia olunan səviyyədə dəyişiklik baş verə bilməz. Iddiaçı tərəfindən aparılan daxili araşdırmalar da sübut edir ki, rəqəmlər arasında kəskin fərq yoxdur. 2024-cü ildəki qiymətlərin üzərinə zaman fərqinə görə maksimum 5% və ya 10% əlavə oluna bilər. Bu səbəbdən hazırda 2026-cı ildə mövcud olan real bazar qiymətləri mahiyyət etibarilə malın alındığı 2024-cü il tarixlərini də tam əhatə edir. Qiymətlər qanunauyğundur. Onlar cavabdeh tərəfindən malların geri qaytarılması barədə təklifi qətiyyən qəbul etmirlər. Bu ehtiyat hissələri ümumi bazar üçün deyil, birbaşa cavabdehin xüsusi sifarişi, tələbi və texnikasının parametrləri əsasında gətirilmişdir. Bu mallar spesifikdir və yalnız onlara aiddir. Bu satınalma müqaviləsi bağlanarkən aidiyyəti dövlət orqanının (antiinhisar xidmətinin) yoxlamasından keçmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olaraq tərəflər arasında rəsmi "razılaşma protokolu" tərtib edilmişdir. Müqavilə hüquqi qüvvəyə malik olduğu üçün onların tələbi qanunidir.

32. Iddiaçının vəkili Vəkil izahatlarında göstərdi ki, cavabdehin apellyasiya şikayətini tamamilə əsassız hesab edir və qəbul etmir. Birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdıraraq qanunauyğun qətnamə çıxarmışdır. Şikayətə qarşı hüquqi və faktiki dəlilləri aşağıdakılardan ibarətdir. Delikt məsuliyyəti barədə (MM-in 1096 və 1097-ci maddələri): Cavabdeh tərəf şikayətində mülki hüquq pozuntusu (delikt) anlayışına istinad edir. Lakin ortada iddiaçı tərəfindən törədilmiş heç bir hüquqazidd əməl və ya təqsir yoxdur. Əksinə, cavabdeh öz müqavilə öhdəliklərini icra etməməklə hüquqazidd hərəkətsizlik nümayiş etdirmiş və iddiaçıya böyük maddi zərər vurmuşdur. Zərərə görə maddi məsuliyyəti birbaşa cavabdeh daşıyır. Öhdəliyin icrası barədə (MM-in 385-ci maddəsi): Cavabdeh iddia edir ki, "Supra mobile control (beyn)" cihazı faktiki təhvil verilmədiyi üçün öhdəlik icra olunmamış sayılmalı və onun dəyəri çıxılmalıdır. Unutmaq olmaz ki, iddiaçı müqaviləyə inanaraq böyük xərc çəkmiş, həmin spesifik detalı Almaniyadan təcili sifarişlə gətirmişdir. Malın təhvil verilməməsi iddiaçının yox, cavabdehin malı qəbul etməkdən imtina etməsi və müqavilə şərtlərini pozmasının nəticəsidir. Müqavilə azadlığı və konstitusion prinsiplər (MM-in 390, 405, 419, 425-ci maddələri): - Mülki dövriyyənin əsasını təşkil edən müqavilə azadlığı prinsipinə görə fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda, onun növünü, şərtlərini və qiymətlərini iradələrinə uyğun müəyyən etməkdə azaddırlar. Bu həm də Konstitusiyanın 29-cu (mülkiyyət) və 59-cu (azad sahibkarlıq) maddələrindən irəli gələn konstitusion prinsipdir. - Şikayətdə “Dövlət satınalmaları haqqında” Qanunun 4-cü maddəsinə istinad edilərək, müqavilə qiymətlərinin real bazar qiymətlərindən yüksək olduğu iddia edilir. Bu yanaşma tamamilə əsassızdır. Iş materiallarından görünür ki, nəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin xaricdən gətirilməsi ilə bağlı qiymət təklifləri əvvəlcədən cavabdehə təqdim olunmuş, onun tərəfindən aksept edilmiş, hətta dövlət nəzarətindən (antiinhisar xidmətindən) keçmiş və rəsmi "razılaşma protokolu" imzalanmışdır. Hər iki məhkəmədə cavabdeh bu prosesə öz iradəsi ilə razılıq verdiyini etiraf edir. Sifarişin təcili olması və xaricdən gətirilməsi qiymətə birbaşa təsir edən real amillərdir. Mal gətiriləndən sonra “qiymət real bazar qiymətindən yüksəkdir” demək müqavilə azadlığının birbaşa inkarı və tərəfin iradəsini zədələməkdir. - Vicdanlılıq və məcburilik (MM-in 419 və 425-ci maddələri) - Müqavilənin icrası tərəflər üçün məcburidir və öhdəliklər vicdanla icra edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da vurğulandığı kimi, öhdəliklərin vicdanla yerinə yetirilməsi mülki dövriyyənin sabitliyinə və azad sahibkarlığın inkişafına xidmət edir. Cavabdehin malları 5-6 ildir anbarında saxlayaraq nə geri qaytarmaması, nə də pulunu ödəməməsi mülki hüquq baxımından vicdanlı davranış deyil və iddiaçının kommersiya sabitliyini pozmuşdur. Prosessual hüquq normalarına münasibət (MPM-in 14-cü maddəsi): Cavabdeh birinci instansiya məhkəməsinin sübutları tam araşdırmadığını iddia edir. Lakin MPM-in 14-cü maddəsinə uyğun olaraq məhkəmə təqdim olunmuş sübutları hərtərəfli və obyektiv tədqiq etmiş, hər birinə hüquqi qiymət vermişdir. Sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür və məhkəmənin cavabdehin əvəzinə sübut toplamaq və ya onun üzərinə məcburi öhdəlik qoymaq vəzifəsi yoxdur. Cavabdeh qurum isə məhkəməyə öz iddialarını təsdiq edən heç bir hüquqi sübut təqdim etməmişdir. Onlar prosesdə əlavə qiymətləndirmə ekspertizasının keçirilməsini əsassız hesab edirlər, çünki ortada rəsmi imzalanmış müqavilə var. Bununla belə, mövcud qiymətləndirmə rəyindən də aydın olur ki, daxili bazarda analoqu olmayan bu spesifik əmlakın qiymətləndirilməsi zamanı servis, müayinə işçiliyi, xüsusilə də Azərbaycan bazarına daxil olan zaman ödənilən gömrük, nəqliyyat və logistika xərclərinin hesablanması mümkün olmamışdır. Bu xərclər üst-üstə gəldikdə onsuz da müqavilə dəyəri ilə eyni rəqəm ortaya çıxır. 5.500 manatlıq güzəşt məsələsi üzrə danışıqlar məhkəmə müstəvisindən kənarda, sırf ödənişin 1 həftə ərzində icra olunması şərti ilə qarşılıqlı güzəşt kimi daxildə müzakirə olunmuşdur. Həmin sənəd birinci instansiya məhkəməsinə təqdim edilməmiş, şərt yerinə yetirilmədiyi üçün tərəflər arasında xitam olunmuşdur. Cavabdeh tərəf proses boyu dəfələrlə borcu etiraf edərək məhkəməni təxirə saldırmış və sadəcə zaman qazanmağa çalışmışdır. Malların təhvil verilməsi, sayı, çeşidi və keyfiyyəti ilə bağlı heç bir mübahisə yoxdur. Iş üzrə xidmətlər iddiaçı tərəfindən tam yerinə yetirilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Qeyd olunan maddi və prosessual hüquqi əsasları rəhbər tutaraq, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.

33. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

34. Apellyasiya baxışında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş; “X7” MMC-nin Nizamnaməsinə görə - 1.1. “Naxçıvan X9 Agentliyi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Cavabdeh MMC göstərilən publik hüquqi şəxsin və onun tabeliyində olan təsərrüfat cəmiyyətlərinin satınalma və təchizat məsələlərinin həlli məqsədi ilə yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətdir. 2.1. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hüquqi şəxsdir, Azərbaycan Respublikasında qüvvədə olan qanunlara və bu Nizamnaməyə zidd olmayan müqavilələr bağlamaq, əmlak və qeyri-əmlak hüquqlarını əldə etmək hüquqlarına malikdir. 5.1. Cəmiyyət öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir.

35. “X7” MMC tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmiş ##.##.2024-cü il tarixli *-***/**** nömrəli məktubdan görünür ki, 2014-cü il ## ### tarixdə 423.000 AZN dəyərindəki Almaniya istehsalı olan 1 ədəd Supra 4002 markalı qartəmizləyən texnika “Naxçıvan X9 Agentliyi” PHŞ-nin balansına verilmişdir. Qış fəslinin yaxınlaşması ilə əlaqədar texnikada aparılan illik müayinə zamanı aşkar edilmiş nasazlığın aradan qaldırılması üçün araşdırma aparılmış və məlum olmuşdur ki, texnika Azərbaycan Respublikasında məhdud saydadır və respublikada texniki servisi yoxdur, Türkiyə Respublikasında istehsalçı zavodun nümayəndəliyi olan X5 Havacılık San. ve Dış Tic. Ltd. ŞTI. ilə əlaqə yaradılmış, məlum olmuşdur ki, sonuncu Azərbaycan Respublikasında İddiaçı MMC ilə əməkdaşlıq edir və şirkətin Azərbaycan Respublikasındakı səlahiyyəli servisidir. “Naxçıvan X9 Agentliyi” PHŞ “xxxx" MMC-yə müraciət etmiş, sözügedən texnikanın ilkin müayinəsi aparılmış və nasaz ehtiyat hissələr aşkarlanaraq bildirilmişdir... Naxçıvan Muxtar Respublikasına səyahət edən turistlərin sıx ziyarət etdiyi Batabat yaylağı, Ağbulaq və digər istirahət mərkəzlərinin Şahbuz rayonu ərazisində yerləşməsi qış fəslində əhalinin qeyd olunan məkanlara axınını daha da sürətləndirir. Həmçinin Şahbuz rayonu Ermənistan Respublikası ilə sərhəd ərazidədir. Sərhəd bölgəsində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin bir çox bölməsi Şahbuz rayonunun dağlıq ərazilərdə birbaşa Ermənistan silahlı qüvvələri ilə üzbəüz yerləşir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yerli vətəndaşlar kimi il boyu bu dağlıq yollardan istifadə edir. "X3” MMC-nin satınalma komissiyasının üzvləri tərəfindən Supra 4002 qartəmizləyən texnikada yaranmış nasazlığın aradan qaldırılması və görüləcək təmir işlərinin aparılması üçün bir mənbədən şərtlər toplusu hazırlanıb təchizatçıya göndərilmişdir. İddiaçı MMC tələb olunan uyğunluq sənədlərini hazırlayaraq satınalma komissiyasına təqdim etmişdir. Qarşıdan gələn qış fəslini, dağlıq ərazi yollarının vaxtındə qardan təmizlənməsi və texnikanın qısa müddətdə təmir olunması məqsədi ilə “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsinin tələblərini nəzərə alaraq, Supra 4002 qartəmizləyən texnikasında yaranmış nasazlığın aradan qaldırılması üçün ümumi dəyəri 63.371,90 AZN olmaqla “xxxx" MMC ilə bir mənbədən satınalma metodu əsasında müqavilənin bağlanmasına razılıq verilməsi xahiş edilir.

36. ##.##.2024-ci il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli “bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verilməsi barədə” məktubundan görünür ki, 1 ədəd Supra 4002 markalı qartəmizləyən texnikada yaranmış nasazlığın aradan qaldırılması üçün ümumi dəyəri ƏDV daxil 63.371,90 manat təşkil edən təmir işlərinin satın alınmasının “Dövlət satınalmaları haqqında” Qanunun 49.1.1-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq etməklə İddiaçı MMC ilə həyata keçirilməsinə etiraz edilmir. Qanunun 38.11-ci maddəsinə əsasən satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzində satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı, VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirilməsi xahiş olunur. Qanunun 49.4-cü maddəsinə əsasən bu razılıq verildiyi tarixdən 30 iş günü ərzində satınalma müqaviləsi bağlanılmadığı halda, müvafiq razılıq öz hüquqi qüvvəsini itirir.

37. Iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda göstərilir ki, cavabdeh ##.##.2024-cü il tarixli, Supra qarsovuran texnikasının təmiri və ehtiyat hissələrin alınması üçün bağladıqları 63.371,90 manatın 5.049 manatının ödənilməsi ilə bağlı məlumat vermişdir. Lakin onlar bunu qəbul etmir, bağlanmış müqaviləyə əsasən cavabdehin tələbi ilə alınmış malların dəyərinin tam şəkildə ödənilməsini tələb edirlər.

38. ##.##.2024-cü il tarixli ** nömrəli Supra 4002 qarkürüyən texnikasının təmiri xidmətlərinin satınalınması müqaviləsinə ** nömrəli, ##.##.2025-ci il tarixli əlavə razılaşmada tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. ##.##.2024-cü il tarixli ** nömrəli müqavilədə qeyd olunan, ƏDV daxil qiyməti 17.730,68 manat olan “Supra mobile control” satınalan təşkilat tərəfindən qəbul edilmir.

2. Müqavilənin ümumi məbləğinin 5500 manat dəyəri azaldılır.

39. Kapital Bankın ##.##.2024-cü il tarixli GRNT*******C*** nömrəli arayışından məlum olur ki, ##.##.2024-cü il tarixli ** nömrəli müqavilə razılaşmasına əsasən icra təminatı (3168,60 AZN) iddiaçı tərəfindən təqdim edilmişdir.

40. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR Idarəsinin ##.##.2026-cı il tarixli *-*/*-*/**** nömrəli məktubundan görünür ki, ##.##.2024-cü il tarixə 1 Avro 1,8462 Azərbaycan manatına bərabər olmuş, nəticə etibarı ilə 4.000 Avro 7.384,8 Azərbaycan manatı təşkil etmişdir. ##.##.2024-cü il tarixə 1 Avro 1,7609 Azərbaycan manatına bərabər olmuş, nəticə etibarı ilə 3.172 Avro 5.585,57 Azərbaycan manatı təşkil etmişdir. ##.##.2024-cü il tarixə 1 Avro 1,7752 Azərbaycan manatına bərabər olmuş, nəticə etibarı ilə 2.155 Avro 3.825,56 Azərbaycan manatı təşkil etmişdir.

41. Cavabdehin ##.##.2026-cı il tarixdə daxil olmuş vəsatətinə əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş qiymətlərdən görünür ki: 1) hidravlik filtr (3 ədəd) - 600 manat; 2) second hidravlik filtr (3 ədəd) ...; 3) əsas yanacaq filtri (3 ədəd) - 105 manat; 4) yanacaq filtri (3 ədəd) - 105 manat; 5) yağ filtri (3 ədəd) - 105 manat; 6) hava filtri (3 ədəd) - 270 manat; 7) mobil 10-40 partiküllü mühərrik yağı (108 litr) - 1263,6 manat; 8) mobil hidravlik sistem yağı (360 litr) - 2160 manat; 9) mobil differensial dişli yağ №** (60 litr) - 480 manat; 10) tambur yağı (60 litr) ...; 11) petrol ofisi qırmızı antifriz (60 litr) - 300 manat; cəmi 5388,6 manat, ƏDV 18% - 969,948, yekun cəmi 6358,55 manat təşkil edir.

42. Iş üzrə 2025-ci il ## ###### tarixli qərardadla MT2412 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”da göstərilən, mal (avadanlıqlar) və xidmətlərin ##.##.2024-cü il tarixə olan qiymətlərinin ayrı-ayrılıqda və birlikdə nə qədər təşkil etməsinin müəyyən olunması üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin EM/**/**** nömrəli 2026-cı il ## ###### tarixli daşınar əmlakın qiymətləndirilməsi hesabatından məlum olur ki, göstərilən mal və xidmətlərin qiymətlərini müəyyən etmək mümkün olmamışdır.

43. 2026-cı il ## #### tarixli qərardadla əlavə qiymətləndirmə ekspertizası təyin olunması ilə bağlı “xxxx” MMC tərəfindən verilmiş ****/** nömrəli 2026-cı il ## ##### tarixli qiymətləndirmə rəyindən məlum olur ki, göstərilən mal və xidmətlərin qiymətləri ##.##.2024-cü il tarixə müəyyən edilməmişdir. Qiymətləndirmə hesabatı üzrə müəyyən edilmişdir ki, ##.##.2026-cı il tarixə Türkiyə Respublikasında qeyd olunan malların gömrük rüsumundan azad bir vahidinin qiyməti: Supra mobil control 9.901,98 manat, hava filtri 700,14 manat, yağ filtri 300,06 manat, yanacaq filtri 250,05 manat, əsas yanacaq filtri 250,05 manat, sekond hidravlik filtri 1.300,26 manat və hidravlik filtr 1.500,3 manat təşkil edir. Yerli bazarda olan yağların qiymətləri isə 1 litr üçün aşağıdakı kimidir: tambur yağı - 16 manat, differensial dişli yağ № ** - 36 manat, hidravlik sistem yağı - 29,5 manat, 10w40 partiküllü mühərrik yağı - 13,5 manat və qırmızı antifriz - 10 manat. Sualda qeyd edilən əlavə servis dəyəri, müayinə işçiliyi və yol servis haqlarının cavablandırılması mümkün olmamışdır. Filtrlərin Azərbaycan bazarına idxalı zamanı üzərinə gömrük və nəqliyyat xərclərinin əlavə edilməsi zəruridir.

44. Iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş ##.##.2026-cı il tarixli iddia tələbi üzrə görülmüş iş və xidmətlər barədə arayışdan məlum olur ki, 1) ehtiyat hissə və xidmətlərin dəyəri (ƏDV daxil) cəmi - 63372,00 AZN; 2) ehtiyat hissə dəyəri - 13.333,00 AZN (7172,00 EUR) - 15733,00 AZN; 3) sürtgü materialları - 12.971,00 AZN; 4) supra mobile control - 17.730,00 AZN; 5) Yol, servis, təmir xidməti - 4727,00 AZN; 6) gömrük xərci - 2288,00 AZN; 7) Bank və digər xərc - 440,00 AZN və 8) Maliyyə əlavəsi - 9482,00 AZN təşkil edir.

45. ##.##.2026-cı il tarixdə cavabdehin “X1” MMC-nin anbarında olan ehtiyat hissələrə baxış keçirilərkən orada Supra 4002 texnikası üçün Mobil gear ***XP*** - dişli yağın tamamilə istifadə olunmaqla tənəkə qabının boş olması, supra hydraulic filtr və supra second hydraulic filtrin istifadə olunmaqla artıq istifadəyə yararsız olması, diğər yağ və filtrlərin bəzilərinin istifadəyə yararlı, bəzilərinin istifadəyə yararlı olubolmamasının bilinmədiyi müşahidə edildi ((bax § 7, ##.##.2026-cı il tarixli baxış protokolu).

Apellyasiya baxışının hədləri

46. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq

47. Mülki Məcəllə; Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. ... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ... Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

48. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ... Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. Işə baxılması ilə əlaqədar məsrəflər 115.0. Işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı ... 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; ... Maddə 406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. ...

49. “Dövlət satınalmaları haqqında” Qanun; Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.21. satınalma müqaviləsi - qalib gələn və ya bir mənbədən satınalma metodu üzrə seçilən təchizatçı (bundan sonra - qalib təchizatçı) ilə satınalan təşkilat arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd; Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun 3.2 - 3.11-ci, 15.7-ci və 47.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanun satınalan təşkilatlar tərəfindən keçirilən bütün satınalmalara şamil edilir. ... Maddə 44. Satınalma metodlarının tətbiqi 44.1. Satınalan təşkilat satınalmaları açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodlarını tətbiq etməklə bu Qanunla müəyyən edilən qaydada həyata keçirir. ... 44.4. Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər: ... 44.4.2. bir mənbədən satınalma metodu; ... Maddə 49. Bir mənbədən satınalma 49.1. Aşağıdakı hallarda satınalan təşkilat bu Qanunun 44.4-cü maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; ... 49.2. Satınalan təşkilat bir mənbədən satınalma metodunu tətbiq etmək istədiyi halda, satınalma komissiyası müəyyən etdiyi təchizatçılara şərtlər toplusunu təqdim edir (bu Qanunun 49.1.1-ci maddəsində qeyd olunan hal üzrə konkret təchizatçıya) və təklifləri alır. 49.3. Satınalma komissiyası təqdim edilmiş təklifləri bu Qanunun 33-cü maddəsinə uyğun olaraq qiymətləndirir və 10 (on) iş günü müddətində razılıq alınması üçün nəzarət orqanına müraciət edir. Müraciətdə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan təchizatçının seçilməsi əsaslandırılır, habelə olduğu halda digər təchizatçıların təklifləri qiymətləndirilməklə müqayisəli şəkildə göstərilir. 49.4. Nəzarət orqanının razılığı satınalma müqaviləsinin bağlanılması üçün əsas götürülür. Bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verildiyi tarixdən 30 (otuz) iş günü ərzində satınalma müqaviləsi bağlanılmadığı halda, müvafiq razılıq öz hüquqi qüvvəsini itirir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

51. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, işdə iştirak edən şəxslərin izahatları, apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Iddia üzrə mübahisə iddiaçı ilə cavabdeh arasında bağıanmış ##.##.2024-cü il tarixli ** nömrəli Supra 4002 qartəmizləyən texnikanın təmiri xidmətlərini satınalma müqaviləsi”nə (müqavilə razılaşmasına) əsasən, iddiaçı tərəfindən cavabdehdən elektron qaimə-faktura əsasında cavabdehə satılmış mallara görə ödənilməmiş 58.322,90 manatın, vəkil xərcinə görə 680 manatın və dövlət rüsumu kimi ödənilmiş 265 manatın, ümumilikdə 59.267,90 manatın tələb olunması ilə bağlıdır.

52. Iddianın əsasını tərəflər arasında bağlanmış müqavilə və həmin müqavilənin cavabdeh tərəfindən lazımınca icra olunmamasından ibarət hüquqi faktlar təşkil edir.

53. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulanmışdır ki, “istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.

54. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (“T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il # ###### tarixli Qərar).

55. Iş materiallarından məlum olur ki, iddiaçı (satınalan təşkilat) və cavabdeh (təchizatçı) azad iradə ifadəsi əsasında, mülki və “Dövlət satınalmaları haqqında” Qanunla müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla, satınalan təşkilat tərəfindən bu Qanunun 44.4cü maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunun tətbiq edilməsi ilə qeyd olunan müqaviləni bağlamış, bu müqavilə iddia qaldırılanadək mübahisələndirilməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində onun etibarsızlığını təsdiq edən hər hansı mötəbər bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.

56. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilir. Yəni qanunvericiliyin tələbinə görə, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı məhkəmələr ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməlidirlər.

57. tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## #### tarixli Qərar).

58. Müqavilənin istinad olunan bəndləri işin hallarında göstərilmişdir (bax §1).

59. Kollegiya qeyd edir ki, dövlət satınalmaları müqaviləsi ayrıca, müstəqil bir mülkihüquqi müqavilə növü deyil. O, hüquqi təbiətinə görə satın alınan predmetdən və görülən işdən asılı olaraq müxtəlif mülki-hüquqi müqavilə növlərinin xüsusi forması kimi çıxış edir. Başqa sözlə, “dövlət satınalmaları müqaviləsi” anlayışı müqavilənin bağlanma üsulunu və subyekt tərkibini ifadə edir, onun hüquqi mahiyyətini isə müqavilənin predmeti müəyyən edir.

60. Hazırkı iş üzrə tərəflər bunu "satınalma müqaviləsi" adlandırsalar da, müqavilənin predmeti xüsusi bir texnika üçün ehtiyat hissələrin alınıb satılması, həmçinin onun təmiri və bərpasıdır. Mülki Məcəllənin 567 və 752.1-ci maddələrinə görə, bu, qarışıq tipli müqavilə - alqısatqı-podrat müqaviləsidir.

61. Alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında yaranan öhdəlik maddi nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir. Bu müqavilədə iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur.

62. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Müqavilədə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutularsa, bu əşyanın nisyə satışı hesab olunur. Əşyaların nisyə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə belə müddət nəzərdə tutulmadıqda, qabaqcadan ödəniş barədə analoji qayda tətbiq edilir, yəni alıcı ağlabatan müddətdə öhdəliyi icra etməlidir (MM-in 427.2-ci maddəsi).

63. Mülki Məcəllənin 752.1-ci maddəsində verilmiş anlayışa görə podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzd ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podratın mahiyyəti ondan ibarətdir ki, sifarişçinin sifarişi əsasında podratçı tərəfindən müəyyən işlər görülməli və sonda görülən işin nəticəsi təqdim edilməlidir.

64. Iş materiallarından məlum olur ki, cavabdeh Mülki Məcəllənin 425.1 və 598.1-ci maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.

65. Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması”nı tənzimləyən “Əlavə 2”-nin 6 və 7-ci hissələrində “Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir”. Lakin apellyator tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 1096.1 və 1097-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir.

66. Lakin kollegiya bununla bağlı qeyd edir ki, mülki qanunvericilik əmələ gəlmə əsasına görə öhdəliyin iki qrupa bölünməsini qəbul edir: müqavilə öhdəliyi və müqavilədənkənar öhdəlik. Müqavilə öhdəliyi, bir qayda olaraq, müqavilələrdən əmələ gəlir. Müqavilədənkənar öhdəlik isə elə bir öhdəlik növüdür ki, bu növ öhdəlik müqavilələrdən yox, qanunda nəzərdə tutulan əsaslardan yaranır.

67. Müqavilədənkənar öhdəlik üçün mülki hüquq pozuntuları ilə bağlı olan münasibətlər xarakterikdir. Bu öhdəliyin əsas növü mülki hüquq pozuntusu (delikt) öhdəliyidir.

68. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında malların nisyə alqı-satqı və podrat müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir, yəni konkret olaraq mübahisənin hüquqi əsasını mülki hüquq pozuntusu deyil, alqı-satqı-podrat müqaviləsi təşkil edir.

69. Cavabdeh etiraz edir ki, təhvil verilmiş 12.591,85 manatlıq malın (habelə müqavilədə nəzərdə tutulmuş digər malların) qiyməti baha (yüksək) göstərilmiş və “Dövlət satınalmaları haqqında” Qanunun 4.1.1 və 4.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Lakin müqavilənin 4cü bəndi ilə təsdiq olunur ki, cavabdeh hər bir malın qiyməti ilə müqaviləni imzalayarkən rəsmən razılaşmışdır.

70. Fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda və onun şərtlərini müəyyən etməkdə azaddırlar. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 390.1, 399.1-ci maddələri).

71. Tərəflər arasında satınalma müqaviləsi bağlanmış, müqavilədə malların növü, keyfiyyəti və qiyməti göstərilmişdir, ona görə də sonradan "qiymət yüksəkdir" arqumenti, bir qayda olaraq, ödənişdən imtina üçün əsas yaratmır.

72. Mülki Məcəllənin 398.2-ci maddəsinə görə, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yalnız qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda yol verilir.

73. Xüsusilə müqavilədə malların orijinal və Supra 4002 texnikasına uyğun olması, 12 ay zəmanət verilməsi, bütün vergi, gömrük və daşınma xərclərinin qiymətə daxil edilməsi şərtləri nəzərdə tutulmuşdur. Belə şərtlər, risk və əlavə xidmətlər isə adətən malın daxili bazardakı adi, analoji universal mallardan daha yüksək qiymət formalaşdırır.

74. Buna görə də, qiymətləndiricilərin ehtiyat hissələrin bazar qiymətini təyin edə bilməməsi (2 dəfə qiymətləndirmə təyin olunsa da, malların təhvil verildiyi dövrə aid real bazar qiymətini müəyyən etmək mümkün olmamışdır) işin nəticəsinə təsir etmir. Çünki ortada tərəflərin azad iradəsi ilə imzalanmış konkret qiymət cədvəli var və Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, bazar qiymətinin müəyyən olunmasına, qiymətləndirmə hesabatlarına, eləcə də iddiaçının nümayəndəsinin təqdim etdiyi “xxxx” MMC-nin qiymətlər cədvəlinə və əsas götürülməsinə ehtiyac qalmır.

75. Iş üzrə verilmiş qiymətləndirmə hesabatları və “xxxx” MMC-nin qiymətlər cədvəli iş materiallarında olan sübutlara əsaslanmadığına görə sübut növü kimi qəbul edilmir.

76. Iş materiallarında iddiaçının cavabdehə 12.591,85 manatlıq mal təhvil verdiyi sənədlə (faktura ilə) təsdiq olunur, bu məbləğ müqavilənin 4-cü bəndindəki siyahıya (yağlar, filtrlər, antifriz və s.) uyğundur və həmin qiymətlər çərçivəsində rəsmiləşdirilmişdir. Cavabdeh bu malları təhvil almış və bir qismindən texnikada istifadə etmişdir.

77. *** nömrəli ##.##.2024-cü il tarixli aktda (İ c, i/v.31) 11 adda, ##.##.2024-cü il tarixli satış fakturasında (İ c, i/v. 32) isə 10 adda (tambur yağı xaric) malın “X1” MMC-yə təhvil verildiyi qeyd olunmuş, iddiaçının nümayəndəsi nümayəndə3 izahatında “iddia məbləğindəki (19.185,62 manat) və aktlardakı bu fərqin (10 və ya 11 adda mal) məhz texnikanın işə düşməsi üçün lazım olan qədər hissənin verilməsi, bir qisminin isə ödəniş edilmədiyi üçün saxlanılması və ya texniki yanlışlıqla bağlı olmasını” göstərmişdir.

78. Kollegiya qeyd edir ki, elektron qaimə-fakturanın birtərəfli qaydada göndərilməsi işin faktiki icrasını sübut etmir. Belə ki, “lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarı)

79. Iş materialları və işdə iştirak edən şəxslərin izahatlarından məlum olur ki, iddiaçı cavabdehə 63.371,90 manatlıq elektron qaimə-faktura göndərmişdir və iddia ərizəsində texnika üzərində cəmi 19.185,62 manatlıq iş gördüyünü bildirir. Lakin iş materiallarında yalnız 12.591,85 manatlıq malın təhvil verilməsi barədə sənəd (faktura) var və ##.##.2024-cü il tarixli satış fakturası ilə cavabdehə 12.591,85 manatlıq malın təhvil verildiyi sübut olunur. Tərəflər arasında digər malların verilməsini, işlərin icrasını və qəbulunu təsdiq edən təhvil-təslim aktı yoxdur.

80. 26.455,60 manatlıq mal iddiaçının öz anbarında, 17.730,68 manatlıq mal isə Türkiyədəki anbardadır. Yəni bu mallar cavabdehə təhvil verilməmiş, texnikaya quraşdırılmamış və müqavilənin icra müddəti (##.##.2025) artıq başa çatmışdır.

81. Cavabdeh isə iddiaçıya podrat münasibətlərinə aid hissədə yol-servis (1862 manat), müayinə işçiliyi (2250 manat) və bir günlük əlavə servis dəyəri (937 manat) üçün, 5.049 manat (ƏDV-siz) ödəmişdir. Elektron qaimə-fakturada bu xidmətin ƏDV daxil dəyəri 5.957,82 manatdır. Cavabdehin bu hissədən iddiaçıya qalan borcu: 5.957,82 - 5.049 = 908,82 manatdır.

82. Göründüyü kimi, cəmi təmin olunmalı əsas borc: 12.591,85 + 908,82 = 13.500,67 manat təşkil edir. Iddia tələbi yalnız cavabdehin faktiki olaraq qəbul etdiyi və ya onun üçün yerinə yetirildiyi sübut olunan işlərin dəyəri həcmində təmin oluna bilər.

83. Iddia tələbi üzrə ddiaçının tələb etdiyi qalan məbləğ - Naxçıvanda və Türkiyədə anbarlarda qalan cəmi 44.186,28 manatlıq mallar və icra olunmayan işlər isə rədd edilməlidir. Belə ki, iddiaçı (satıcı) qeyd olunan malları müqavilənin fəaliyyət cədvəlinə müvafiq olaraq “satınalan təşkilatın ünvanına təhvil-təslim etməmiş”, cavabdehin (alıcının) mülkiyyətinə verməmiş, sonuncu isə həmin malları qəbul etməmişdir. Podrat işlərinə aid hissədə isə görüləcək işin nəticəsi iddiaçı (podratçı) tərəfindən cavabdehə (sifarişçiyə) təhvil verilməmiş və sonuncu tərəfindən faktiki sahiblik və istifadəyə qəbul olunmamışdır.

84. Kollegiya cavabdeh tərəfdən elektron qaydada məhkəməyə göndərilmiş, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli əlavə razılaşmaya münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 209.3, 361.4,372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlra istinad edə bilməzlər.

85. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin razılaşmaya qiymət verilmir.

86. Həmçinin iddiaçının nümayəndəsi nümayəndə3 bununla bağlı izahatında göstərmişdir ki, onlara bir həftə ərzində pulun ödəniləcəyi ilə bağlı söz verilmiş, onlar ödənişin ediləcəyinə görə öz qazanclarından imtina edib 5.500 manat güzəşt etmişlər, lakin bir aydan sonra ödənişin olunmayacağı bildirilmiş, onlar da cavabdehə məktub yazaraq razılaşmanı ləğv etmişlər.

87. Kollegiya tərəfindən işdə iştirak edən şəxslərin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri digər fikirlər onların subyektiv mülahizələri kimi dəyərləndirilir.

88. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş (Mülki Məcəllənin 404- 1, 567, 752 və s., “Dövlət satınalmaları haqqında” Qanunun müvafiq maddələri), xüsusi normaların primatlığını nəzərə almamış, iddianın əsasını düzgün müəyyən etməmiş, işin faktiki hallarına və sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq qiymət verməmişdir. (Mülki Prosessual Məcəllənin 386, 387.1-ci maddələri).

89. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, iddia tələbi 23,15% təmin olunacağından iddiaçı tərəfindən iddia ərizəsi, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumuna aid hissədə tərəflərin bir-birinə ödəməli olduqları məhkəmə xərclərinin qarşılıqlı olaraq əvəzləşdirilməsi məqsədəmüvafiqdir. Vəkilə iddiaçıya etdiyi kömək üçün ödənilmiş xərc təmin olunan tələbin məbləğinə mütənasib olaraq cavabdehdən alınıb iddiaçıya verilməli, dövlət rüsumu və vəkil xərci qalan hissələrdə tərəflərin özlərinə aid edilməlidir.

90. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli; - e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## ###### tarixli qətnamə tamamilə ləğv olunmalı, - yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməli, - cavabdehdən 13.500,67 manat alınaraq iddiaçıya ödənilməli, - iddia tələbi qalan hissədə rədd edilməli, - cavabdehdən 30,68 manat dövlət rüsumu və 157,40 manat vəkil xərci alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissələrdə tərəflərin özlərinə, vəkil xərci qalan hissədə iddiaçının özünə aid edilməlidir.

Nəticəvi hissə

91. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.2, 392, 393, 402.1, 405.0- 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## ###### tarixli qətnaməsi tamamilə ləğv olunsun. Yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin olunsun. Cavabdeh Cavabdeh MMC-dən 13.500,67 (on üç min beş yüz manat altmış yeddi qəpik) manat alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh Cavabdeh MMC-dən 30,68 (otuz manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 157,40 (yüz əlli yeddi manat qırx qəpik) manat vəkil xərci alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu qalan hissələrdə tərəflərin özlərinə, vəkil xərci qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Səxavət Bəylərli Hakimlər: Vüqar Quliyev və Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar