Məhkəmə qərarları › İş №2-2(113)-1022/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1022/2024

12.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1022/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı2 cavabdehlər Azərbaycab Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə qarşı xüsusi mülkiyyətdə olan zəbt edilmiş 1,9209 ha torpaq sahənin koordinatlarının torpaqların elektron kadastr uçotu informasiya sistemində qəsdən saxtalaşdırılmış baza məlumatlarının əvvəlki faktiki real vəziyyətinə qaytarılması və pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan zəbt edilmiş 1,9209 ha torpaq sahəmin koordinatlarının cavabdeh "xxxx" MMC tərəfindən Torpaqların elektron kadastr uçotu informasiya sistemində qəsdən saxtalaşdırılaraq 155 metr şimala sürüşdürülmüş göstərildiyini, iddiaçıya külli miqdarda ziyan vurulduğunu nəzərə alaraq, baza məlumatlarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdə verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa uyğun əvvəlki faktiki real vəziyyətinə qaytarılmasını, qanunun Aliliyi təmin edilməyəcəyi təqdirdə cavabdeh "xxxx" MMC-dən iddiaçıya vurulmuş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbin yönəldiyi cavabdeh inzibati orqan olduğundan hazırkı işə inzibati qaydada baxılmalı, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, cavabdeh kommersiya hüquqi şəxsi olmaqla bərabər inzibati orqanın tabeliyində fəaliyyət göstərən qurumdur, eyni zamanda mübahisənin predmeti, habelə hüquq münasibətlərinin xarakteri cavabdehin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin Azərbaycab Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən elektron kadastr uçotu informasiya sistemində göstərilən koordinatlarda düzəlişlərin aparılması və vurulmuş ziyanın ödənilməsini tələb edir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il Qərarına əsasən inzibati orqanların təsnifatı təsdiq edilmiş və inzibati orqanlarla yanaşı inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də həmin daxil edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan olmasa da, hazırkı mübahisə cavabdehin inzibati akt qəbul etmək səlahiyyətini icra etməsi ilə bağlı yaranmışdır. Belə olan halda Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Bundan başqa, cavabdehin inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı2 cavabdehlər Azərbaycab Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə qarşı xüsusi mülkiyyətdə olan zəbt edilmiş 1,9209 ha torpaq sahənin koordinatlarının torpaqların elektron kadastr uçotu informasiya sistemində qəsdən saxtalaşdırılmış baza məlumatlarının əvvəlki faktiki real vəziyyətinə qaytarılması və pul tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı2 cavabdeh Azərbaycab Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə qarşı xüsusi mülkiyyətdə olan zəbt edilmiş 1,9209 ha torpaq sahənin koordinatlarının torpaqların elektron kadastr uçotu informasiya sistemində qəsdən saxtalaşdırılmış baza məlumatlarının əvvəlki faktiki real vəziyyətinə qaytarılması və pul tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı iddia ilə məhkəmə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar