Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1201/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2400 manat pulun, 200 manat cərimə və ödənilmiş dövlət rüsumu olan 40 manat, cəmi 2640 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 25 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı olan fiziki şəxs İddiaçı tərəfindən alıcı olan Cavabdeh dəyəri 3600 manat olan 10 ədəd divan 10 ədəd stol, 1200 manat ilkin ödəniş ödəyərək, 4 ay müddətində 2400 manat ödənişi öhdəsinə götürmüşdür. Cavabdeh yuixarıda qeyd edilmiş müqavilənin şərtlərini pozaraq 1 dəfə belə olsun ödəniş etməmiş, ümumi məbləği bugünədək ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin:
- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) Cavabdeh (alıcı) arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqaviləyə əsasən satıcı alıcıya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən malları satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir.
11. xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə ilə tərəflər dəyəri 3.600 manat olan malın yəni, 10 ədəd divan 10 ədəd stolun verilməsi barədə razılığa gəlmişlər.
12. Müqavilə və Əlavə tərəflərin imzası ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd edir ki, İddiaçı (satıcı) Cavabdeh (alıcı) arasında alqı-satqı münasibətləri yaranmış olduğundan, ilk növbədə malların sonuncuya verilib-verilməməsi halı müəyyən edilməlidir.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mebel predmetinin təhvil-təslim aktına əsasən 10 ədəd divan 10 ədəd stol İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş, akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
15. Hazırda iddiaçı cavabdehə verilmiş 3.600 manat dəyərində olan əşya üzrə 1.200 manat pulun ödənildiyini və 2.400 manat borcunun qaldığını bildirir.
16. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, hər hansı ödəniş sənədini məhkəməyə təqdim etməmişdir.
17. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 2.400 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 2.400 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı ödəniməlidir.
18. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
20. Hazırki işin hallarından görünür ki, cavabdehin 2.400 manat məbləğində əsas borcuna münasibətdə 120 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir.
21. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş **********90 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
22. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.
23. Laikn iddia tələbini nəzərə aldıqda ödənilməli dövlət rüsumu 45.20 manat təşkil edir.
24. Məhkəmə hesab edir ki, ödənilməmiş dövlər rüsumunun əvəzi olaraq 5.20 manat məbləğində pul da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
25. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2.400 (iki min dörd yüz) manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2.400 (iki min dörd yüz) manat, cərimə bocu üzrə 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 2.520 (iki min beş yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov