Məhkəmə qərarları › İş №2-2(113)-1204/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1204/2025

26.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1204/2025 26.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı əmlakların ipotekadan azad edilməsi tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X3 (X6 və X7 hüquqi varislər) cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: əmlakın ipotekadan azad edilməsi, müqavilənin ləğvi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı əmlakların ipotekadan azad edilməsi tələbinə dair işə və birləşdirilmiş iş üzrə iddiaçı X3 (X6 və X7 hüquqi varislər) cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı “əmlakların ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisindəki ümumi sahəsi 82.4 kv.m olan qeyri-yaşayış sahəsi, ümumi sahəsi 75.1 kv.m olan qeyriyaşayış sahəsi və 49.3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standart” KB ilə 28 aprel 2008-ci il tarixdə aralarında bağlanmış 001 saylı "xxxx" müqaviləyə əsasən X8 öz müştərilərinin Bankdan almış olduqları kredit məbləğinə görə 7.600.000 (yeddi milyon altı yüz min) manat məbləğində pul vəsaitinin ödənilməsinə təminat vermişdir. Əməkdaşlıq müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə QSC “Bank Standart” KB ilə İddiaçı arasında 28 aprel 2008-ci il tarixdə 001 saylı İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 72 nömrəli binanın zirzəmisindəki üç qeyri-yaşayış sahəsi: 1) ümumi sahəsi 82.4 kv.m; 2) ümumi sahəsi 75,1 kv.m; 3) 49,3 kv.m. sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 28 aprel 2008-ci il tarixli 001 saylı "xxxx" müqaviləsinə xitam verilməsi ilə bağlı X8 tərəfindən 2015-ci il tarixdə banka bildiriş göndərilmişdir. Əməkdaşlıq müqaviləsi üzrə X3 Bank qarşısında hər hansı müstəqil öhdəliyi mövcud deyildir. Həmin müqavilə artıq neçə ildir ki, öz qüvvəsini itirmişdir. Əməkdaşlıq müqaviləsinin xitamı nəticəsində İpoteka müqaviləsinə də avtomatik olaraq xitam verilmiş hesab edilməlidir, çünki ipoteka ümumiyyətlə müstəqil öhdəlik olmamaqla əlavə (aksessor) xarakter daşıyır. Lakin ipoteka müqaviləsinə bu günədək xitam verilməmiş və qeyri-yaşayış sahələri yüklü qalmışlar. Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 72 nömrəli binanın zirzəmisindəki qeyri-yaşayış sahələrinin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun (Ləğv prosesində olan QSC "Bank Standard" KB-nın) xx.xx.2022-ci il tarixli məktubu ilə ipoteka müqaviləsinə xitam verilməsi və ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi barədə iddiaçı tərəfin təklifi məqsədəuyğun hesab edilməmiş və bunu əsaslandırılmamışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 4 oktyabr tarixli, 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və iflas proseduruna başladılmışdır. Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin ləğvedicisi təyin edilmişdir. 28 aprel 2008-ci il tarixli 001 saylı "xxxx" müqaviləsi və xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi xitam verilmiş hesab edilməlidir. Belə ki, QSC “Bank Standart” KB ilə X8 arasında 28 aprel 2008-ci il tarixdə bağlanılmış "xxxx" müqavilənin şərtlərinə uyğun olaraq sahibkar öz müştərilərinin Bankdan alınmış kreditlərinə görə 7.600.000 (yeddi milyon altı yüz min) manat həddində pul vəsaitinin ödənilməsinə təminat verir. Müqavilə tərəflər arasında həm ümumi əməkdaşlıq əsaslarını müəyyən edir (məsələn, Bank tərəfindən Sahibkarın müştərilərinə kreditlərin verilməsi), həm də həmin müştərilərin Bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsulunu əhatə edir. Bank tərəfindən həmin müqavilə icra olunmamış və kreditləşmə həyata keçirilməmişdir. 28 aprel 2008-ci il tarixdə bağlanılmış 001 saylı İpoteka müqaviləsi zaminlik öhdəliyinin təmin edilməsi üçün bağlandığı halda da, Müqavilənin zaminliklə bağlı müddəalarının xitamı nəticəsində İpoteka Müqaviləsinə də avtomatik olaraq xitam verilir, çünki ipoteka ümumiyyətlə müstəqil öhdəlik olmamaqla əlavə (akesssor) xarakter daşıyır. Göstərilənlərə əsasən, 28 aprel 2008-ci il tarixli QSC “Bank Standart” KB ilə X8 arasında 001 saylı "xxxx" müqaviləsi xitam edilmiş hesab edilməli, həmçinin QSC “Bank Standart” KB ilə İddiaçı arasında 28 aprel 2008-ci il tarixdə 001 saylı İpoteka müqaviləsinə xitam verilməli və ipotekaya dair dövlət qeydiyyatı ləğv edilməlidir.

3. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi təqdim edərək, onunla QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı "xxxx" müqavilənin xitam edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə iddiaçı ilə QSC “Bank Standard” KB arasında 001 saylı "xxxx" müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçının müştərilərinin bankdan almış olduqları kredit məbləğinə görə 7.600.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə təminat verilmişdir. İddiaçı həmin müqaviləyə xitam verilməsi barədə bildirişi 2015-ci ildə banka göndərmişdir. Belə ki, əməkdaşlıq müqaviləsi üzrə iddiaçının bank qarşısında hər hansı öhdəliyi yoxdur və müqavilə artıq neçə ildir ki, öz qüvvəsini itirmişdir. Bununla bağlı 2015-ci ildə məhkəmə mübahisələri olmuş və bankın tələbləri təmin edilməmişdir. Müqavilədə zaminliyin verilmə müddəti göstərilməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqaviləyə mülki qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada xitam verilir. Müqavilənin zaminliklə bağlı müddəalarına artıq xitam verilmişdir, yəni iddiaçının bank qarşısında heç bir öhdəliyi yoxdur. Bununla bağlı bank tərəfindən iddiaçıya qarşı hər hansı iddia tələbləri irəli sürülməmişdir. Ona görə də iddiaçı ilə bank arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı "xxxx" müqavilə xitam edilmiş hesab edilməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbi İddiaçı cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “qeyri-yaşayış sahələrinin ipotekadan azad edilməsi” tələbindən ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82.4 kv.metr, 75.1 kv.metr və 49.3 kv.metr olan qeyriyaşayış sahələrinin ipotekadan azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı "xxxx" müqaviləyə xitam verilmiş hesab edilməsi qət edilmiş, iddia qalan hissədə (Əmanətlərin Sığortalanması Fonduna münasibətdə) təmin olunmamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-328/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006) 439/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2082/2024 saylı, 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakların ipotekadan azad edilməsi” və iddiaçı X3 X6 və X7 prosessual varislər, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinə dair birləşdirilmiş mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3878/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-328/2024 nömrəli iş üzrə 23 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

II. Tərəflərin mövqeləri:

10. Məhkəmə iclasında iştirak edən QSC “Bank Standard” KB-nin nümayəndəsi X2 hər iki iddiaya etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etdi.

11. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. X6 və X7 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

14. Məhkəmə belə qənaətə gəlir ki, X6 və X7 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, X6 və X7 məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir

III. Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin və birləşdirilmiş iş üzrə iddia qismən təmin olunmalıdır.

17. Məhkəmə ilk növbədə X3 (X6 və X7 hüquqi varislər) iddiasına münasibət bildirilməsini zəruri hesab edir.

18. X8 iddiasında xx.xx.2008-ci il tarixli 001 saylı "xxxx" müqavilənin xitam edilmiş hesab edilməsini məhkəmədən xahiş etmişdir.

19. İş materiallarına əlavə edilmiş QSC “Bank Standard” Kommersiya Bankı ilə X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli birgə əməkdaşlıq haqqında 001 saylı müqaviləyə əsasən bank sahibkarın müştərilər üçün kredit verir, sahibkar isə öz müştərilərinin bankdan almış olduğu kredit məbləğinin bu müqavilə ilə müəyyən edilmiş hissəsinə görə öhdəlik daşımağı öz üzərinə götürür.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(102)-4572 saylı qərarından görünür ki, iddiaçı QSC “Bank Standard” KB-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, QSC “Bank Standard” KB-nin cavabdehlər X4 və İddiaçı qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə ilkin, İddiaçı QSC “Bank Standard” Kommersiya Bankına qarşı birgə əməkdaşlıq haqqında müqavilənin təminat haqqında müddəalarına və ipotekaya xitam verilməsi, habelə X3 QSC “Bank Standard” Kommersiya Bankına qarşı birgə əməkdaşlıq haqqında müqaviləyə xitam verilməsi haqqında qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması qərara alınmışdır.

21. Qərarda qeyd edilmişdir ki, bank ilə S.Kamilov arasında bağlanmış xx.xx.2008-ci il tarixli birgə əməkdaşlıq müqaviləsi məzmununa görə zaminlik müqaviləsi olmaqla müştərinin kredit öhdəliklərinə münasibətdə aksessor öhdəlik statusunda olmuşdur. Qeyd edilən müqavilənin şərtlərinə görə S.Kamilov onun müştərilərinə verilən kredit sonuncular tərəfindən qaytarılmadığı təqdirdə kreditin qaytarılmasını öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq S.Kamilovun müştəriləri tərəfindən hansı məbləğdə və hansı müddətdə kredit götürülməsi və qeyd edilən kredit məbləğlərinin borclular tərəfindən qaytarılmasına dair iş materiallarına sübutlar əlavə edilməmişdir. Eyni zamanda iş materiallarında xx.xx.2008-ci il tarixli birgə əməkdaşlıq müqavilələri üzrə iddiaçıdan borc götürmüş şəxslərə qarşı pul tələbinə dair iddia qaldırmaq imkanının itirilməsinə dair hər hansı bir sübut yoxdur. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, iddiaçı xx.xx.2008-ci il tarixli müqavilənin və MPM-in 4.3-cü maddəsinin tələblərinə zidd olaraq həmin müqavilə üzrə borc götürmüş şəxslərin götürdükləri borcu qaytarmaqdan imtina etdikləri barədə, eyni zamanda borcu qaytarmaqdan imtina etdikləri halda həmin şəxslərə qarşı iddia verilməsinə dair sübut təqdim etmədən borcun qaytarılmasına dair S.Kamilova qarşı iddia vermişdir. İş üzrə verilmiş qalan tələblər, o cümlədən qarşılıqlı iddia tələbləri də ilkin iddianın borc tələbinə dair hissəsi ilə bağlı olduğundan həmin hissələrdə də ərizələr baxılmamış saxlanılmalıdır.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ilə iddiaçı ilə bank arasında bağlanmış və hazırda xitam edilmiş hesab edilməsi tələb edilən birgə əməkdaşlıq haqqında müqavilə zaminlik müqaviləsi kimi qiymətləndirilmiş, həmin müqavilənin müştərinin kredit öhdəliklərinə münasibətdə aksessor öhdəlik statusunda olması müəyyən edilmişdir. Belə ki, bu müqavilə bankın Kamilov Seyran qarşısında hər hansı öhdəliyi götürməməsi şərti ilə, Kamilov Seyranın isə məhz gələcəkdə müştərilərinin bank qarşısında yaranacaq öhdəliklərinin təmin edilməsi üçün bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin 3.2-ci bəndinə əsasən bankın müştərilərə verdiyi kredit onların arasında bağlanan kredit müqavilələri ilə tənzimlənir. Bu isə o deməkdir ki, əməkdaşlıq müqaviləsi məhz həmin kredit müqavilələrinə münasibətdə aksessor öhdəlikdir. Həmin müqavilənin 2.1.2-ci bəndinə görə, sözügedən kreditlər üzrə müştərilərə bankda ssuda hesabları açılır. Müqavilənin imzalandığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının təsdiq etdiyi “Banklarda ssuda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 2.6-cı bəndinə görə, bankın müştərilərə verdiyi kreditlərin uçotu ssuda hesabında aparılmalıdır. Bu da onu təsdiq edir ki, kredit müqavilələri üzrə əsas öhdəliyi yaradan tərəf məhz müştərilər olmaqla, burada Kamilov Seyranın öhdəliyi aksessor xarakterlidir. Əməkdaşlıq müqaviləsinin 1.1-ci bəndində bankın Kamilov Seyranın müştərilərinə kredit verəcəyi nəzərdə tutulması bankla K.Seyran arasında kredit öhdəliyinin yaranması kimi qəbul edilə bilməz. Çünki burada öhdəliyin digər elementi – kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ ehtiva edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, əməkdaşlıq müqaviləsinin 2.1.1-ci bəndində bankın müştərilərə bankdaxili reqlamentlə müəyyən edilmiş hallarda və qaydada kredit verməsi, 3.3-cü bəndində isə K.Seyran ilə bank arasında kredit verilmiş şəxsin sahibkarın müştərisi olması ilə bağlı fikir ayrılığı yarandıqda bankın mövqeyinin əsas götürülməsi və düzgün hesab edilməsi qeyd edilmişdir. Göründüyü kimi, kreditin kimə, hansı hallarda və hansı qayda ilə verilməsi bankın mülahizəsinə əsaslanmış, K.Seyranın isə hər hansı müştərisinə kredit verilməsini tələb etmək hüququ əməkdaşlıq haqqında müqavilədə nəzərdə tutulmamışdır.

23. Beləliklə, iddiaçı ilə bank arasında bağlanmış müqavilənin gələcəkdə yaranması ehtimal edilən borc öhdəliyi üzrə zaminlik müqaviləsi olması işin mübahisəsiz halını təşkil edir.

24. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehlər tərəfindən Kamilov Seyranın müştərilərinə kreditlər verilməsini sübut edən sənədlər (müqavilələr, kassa məxaric orderləri və s.) məhkəməyə təqdim edilməmiş (sənədlərin çoxluğu səbəbilə...), yəni cavabdeh tərəfin iddiaya etirazını əsaslandırdığı dəlillər məhkəmədə müvafiq qaydada sübuta yetirilməmişdir. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubu və ona əlavə edilmiş cədvəl isə həmin şəxslərin məhz Kamilov Seyranla bank arasında bağlanmış müqavilə üzrə bankdan kredit götürmələri, yaranmış borcu qaytarmamaları və s. kimi halların aydınlaşdırılması üçün zəruri məlumatları özündə əks etdirmir. Məhkəmə tərəfindən əldə edilmiş 2(103)-2519/2017 saylı mülki işin materiallarında olan müqavilələr də məhkəmə tərəfindən araşdırılmış və məhkəmə belə hesab etmişdir ki, həmin müqavilələr də Kamilov Seyranın bank qarşısında öhdəliyinin yaranmasını təsdiq edən sənədlər deyildir. Deməli, həmin iş üzrə cavabdeh tərəf xx.xx.2008-ci il tarixli müqavilə üzrə Kamilov Seyranın bank qarşısında konkret öhdəliyinin yarandığını müvafiq qaydada sübuta yetirə bilməmişdir. Belə olan halda işin hallarının araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, Kamilov Seyranın bank qarşısında heç bir öhdəliyi yaranmamışdır.

25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kamilov Seyranın mübahisələndirilən müqavilə üzrə bank qarşısında heç bir öhdəliyi yaranmadığından, iddia cavabdeh banka münasibətdə təmin edilməli, iddiaçı X8 ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı "xxxx" müqaviləyə ləğv edilmiş hesab edilməlidir.

26. Lakin mübahisələndirilən müqavilənin tərəfi olmadığından məhkəmə hesab edir ki, iddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməməlidir. Çünki Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh hesab olunmur və buna görə də iddianın ona münasibətdə təmin edilməsi məqsədə müvafiq deyildir.

27. Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağıdakıları qeyd edir.

28. İddiaçı iddiasında, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisindəki ümumi sahəsi 82.4 kv.m olan qeyri-yaşayış sahəsi, ümumi sahəsi 75.1 kv.m olan qeyri-yaşayış sahəsi və 49.3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsini xahiş edir.

29. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı (ipoteka qoyan) xx.xx.2008-ci il tarixli birgə əməkdaşlıq haqqında müqavilə üzrə borc alanın öhdəliyinin icrasını təmin etmək məqsədilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82.4 kv.m., 75.1 kv.m. və 49.3 kv.m. olan qeyri-yaşayış sahələrini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir.

30. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli ******* nömrəli, ******* nömrəli və ******* nömrəli çıxarışlardan məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82.4 kv.m., 75.1 kv.m. və 49.3 kv.m. olan qeyri-yaşayış sahələri İddiaçı məxsusdur.

31. Məhkəmə hesab edir ki, xx.xx.2008-ci il tarixli birgə əməkdaşlıq haqqında müqavilə məhkəmə tərəfindən ləğv edilmiş hesab olunduğundan, həmin müqavilənin təminatı kimi olan ipotekaya da xitam verilməli, iddiaçıya məxsus əmlaklar ipotekadan azad edilməlidir.

32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1, 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.

33. Beləliklə, ilkin iddianın təmin və birləşdirilmiş iş üzrə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

X3 (X6 və X7 hüquqi varislər) iddiası qismən təmin edilsin. X8 ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı “birgə əməkdaşlıq haqqında müqavilə" ləğv edilmiş hesab edilsin. X3 (X6 və X7 hüquqi varislər) iddiası qalan hissədə təmin edilməsin. İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82.4 kv.metr, 75.1 kv.metr və 49.3 kv.metr olan qeyri-yaşayış sahələri ipotekadan azad edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar