Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1237/2021 06.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cavabdehin iddiaçı ilə xidmət müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv olunması, iddiaçının əvvəlki iş yerinə bərpa olunması və 2020-ci ilin aprel ayından xx.xx.2020-ci il tarixə kimi olan dövr üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin iddiaçı ilə xidmət müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv olunması, iddiaçının əvvəlki iş yerinə bərpa olunması və 2020-ci ilin aprel ayından xx.xx.2020-ci il tarixə kimi olan dövr üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-ci il tarixdə 511 saylı xidmət müqaviləsi əsasında 2016-2022-ci illər ərzində cavabdehin Tərtər X3 İdarəsinin Ağcabədi Xidmət Sahəsi üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işinə qəbul edilmişdir. Xidmət müqaviləsi başa çatmadan isə xx.xx.2020-ci il tarixdə həmin xidmət müqaviləsinə xitam verilmişdir. Müqaviləyə xitam verilməsi birtərəfli qaydada həyata keçirilmiş, iddiaçıya məlumat verilməmişdir. Bu barədə tələb etdikdən sonra iddiaçıya xx.xx.2020-ci ildə arayış təqdim edilmişdir. İddiaçı 2016-ci ildən başlayaraq işlədiyi dövrdə heç bir ciddi nöqsana yol verməmiş, öhdəsinə düşən vəzifəsini layiqincə yerinə yetirməyə çalışmışdır. Lakin 2020-ci ilin aprel ayından başlayaraq sağlamlığında problem yaranmış, müalicə və əməliyyat olunmuşdur. Bu səbəbdən də 2020-ci ilin aprel ayının 16-da Bakı şəhərinə xəstəxanaya getmiş, xx.xx.2020-ci ildə bel sütunundan əməliyyat olunmuş və xəstəliyə görə işləyə bilməmişdir. Bu barədə xəstənin stasionar tibbi kartından çıxarışları və xəstəliyə görə tibbi bülletenləri işlədiyi idarəyə təqdim etsə də, cavabdeh iddiaçının xəstəliyini nəzərə almamış və heç bir səbəb göstərmədən onunla xidmət müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Bundan başqa, cavabdehin Tərtər X3 İdarəsi iddiaçının 2020-ci il aprel-iyul ayları üçün iddiaçıya əmək haqqı ödəməmişdir. Bununla belə iddiaçının adı işləyən şəxs kimi elektron siyahıya salındığından işi olan şəxs hesab edildiyindən son aylarda pandemiya dövrü üçün imkansız şəxslərə ödənilən 190 manat yardımı da almaqdan məhrum olmuşdur. Yəni cavabdehin məsuliyyətsiz davranışı iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bu məsələ ilə əlaqədar iddiaçı, Tərtər X3 İdarəsinin Ağcabədi Xidmət Sahəsinə dəfələrlərlə müraciət etmiş, lakin iddiaçının müraciəti nəzərə alınmamışdır. İddiaçı ailəsində yeganə qazanc əldə edən şəxs olmuş, ondan başqa ailəsində heç kim işləmir. Yəni iddiaçının iş yeri və əmək haqqına ehtiyacı vardır. Hazırda da iddiaçı müalicə olunur. Vərəm dispanserində qeydiyyatdadır, Qarabağ Müharibəsi veteranıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2016-cı il tarixli 511 saylı Xidmət müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə nəzarətçi-çilingər xidmətinin göstərilməsini, cavabdeh isə xidmət haqqının ikitərəfli akt əsasında ödənilməsini öhdələrinə götürmüşlər. SN00006 seriyalı 352462 və 352513 saylı Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir. xx xxxx 2020-ci il tarixli Xidməti yazının surətindən görünür ki, iddiaçı xx xxx 2020-ci il tarixdən işə gəlməmişdir. İddiaçı barəsində tədbir görülməsinə münasibət bildirilməsi xahiş edilmişdir. “Cavabdeh” X1 X3 İdarəsinin xx.xx.2020-ci il tarixli 526 saylı arayışından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə 511 saylı xidmət müqaviləsi əsasında Tərtər X3 İdarəsinin Ağcabədi Xidmət Sahəsi üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdən xidmət müqaviləsinə xitam verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixli 511 saylı Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə nəzarətçi-çilingər xidmətinin göstərilməsini, cavabdeh isə xidmət haqqının ikitərəfli akt əsasında ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı xx xxxxx 2020-ci il tarixdən xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdiyindən cavabdehə xidmət göstərə bilməmiş, cavabdeh tərəfindən xidmət müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə hesab edir ki, xidmət müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv olunması hissəsində iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 511 saylı Xidmət müqaviləsinin 7.3-cü bəndinə əsasən iddiaçı tərəfindən hər hansı öhdəlik pozularsa, cavabdeh heç bir bildiriş təqdim etmədən bu müqaviləyə xitam verə bilər. Göründüyü kimi cavabdeh tərəfindən xidmət müqaviləsinə, həmin müqaviləyə uyğun olaraq xitam verilmişdir. Məhkəmə iddia tələbinin iddiaçının əvvəlki iş yerinə bərpa olunması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında əmək müqaviləsi üzrə əmək münasibətləri deyil, xidmət müqaviləsi üzrə kommersiya münasibətləri olduğundan iddia həmin hissədə də təmin oluna bilməz. İddia tələbinin əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda göstərildiyi kimi tərəflər arasında əmək münasibətləri mövcud olmamış, göstərilən xidmətə görə xidmət haqqının ödənilməsi müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçı 2020-ci ilin aprel ayından xx.xx.2020-ci il tarixə kimi olan dövrdə cavabdehə xidmət göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilməyən xidmətə görə xidmət haqqı cavabdehdən tələb oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cavabdehin iddiaçı ilə xidmət müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv olunması, iddiaçının əvvəlki iş yerinə bərpa olunması və 2020-ci ilin aprel ayından xx.xx.2020-ci il tarixə kimi olan dövr üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-1237/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1237/2021
06.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver