Məhkəmə qərarları › İş №2-2(113)-130/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-130/2022

29.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-130/2022 29.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2018-ci il tarixli 1740/2018 №-li kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 81801 (səksən bir min səkkiz yüz bir) manat 19 (on doqquz) qəpik, faiz borcu üzrə 20854 (iyirmi min səkkiz yüzəlli dörd) manat 39 (otuz doqquz) qəpik, cərimə borcu 108222 (bir yüzsəkkizmin iki yüziyirmi iki) manat 05 (sıfır beş) qəpik olmaqla, cəmi 210877 (iki yüz on min səkkiz yüz yetmiş yeddi) manat 63 (altmış üç) qəpik məbləğində borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2018-ci il tarixli 1740/2018 №-li kredit müqaviləsinə əsasən Cavabdeh 12 (on iki) ay müddətinə, illik 25% (iyirmi beş faiz) olmaqla 82000 (səksən ikimin) manat məbləğində kredit verilmişdir. Cavabdeh bu günədək sözügedən kreditin əsas borcundan 198 (bir yüz doxsan səkkiz) manat 81 (səksən bir) qəpik, faiz borcundan 17157 (on yeddi min yüz əli yeddi) manat 19 (on doqquz) qəpik olmaqla, cəmi 17356 (on yeddi min üç yüz əlli altı) manat məbləğində ödəniş etmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Cavabdeh müraciətlər edilmiş, lakin o verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə 08 oktyabr 2020-ci il il tarixinə əsas borc üzrə 81801 (səksən bir min səkkiz yüz bir) manat 19 (on doqquz) qəpik, faiz borcu üzrə 20854 (iyirmimin səkkiz yüzəlli dörd) manat 39 (otuz doqquz) qəpik, cərimə borcu 108222 (bir yüz səkkiz min iki yüz iyirmi iki) manat 05 ( beş) qəpik olmaqla, cəmi 210877 (iki yüz onmin səkkiz yüz yetmiş yeddi) manat 63 (altmış üç) qəpik məbləğində borcu mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: “Kreditor” "xxxx" BOKT MMC, “borcalan” Cavabdeh olmaqla imzalanmış 18 iyul 2018-ci il tarixli 1740/2018 №-li kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlıq şərti ilə 82.000 (səksən iki min) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. 08 oktyabr 2020-ci il tarixli 241 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 18 iyul 2018-ci il tarixli 1740/2018 №-li kredit müqaviləsi üzrə 08 oktyabr 2020-ci il tarixə 81.801,19 manat əsas borc, 20.854,39 manat faiz borcu, 108.222,05 manat cərimə məbləği qeyd olunmuşdur. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 30 dekar 2021-ci il tarixli 9/8923 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 18 iyul 2018-ci il tarixli, 1740/2018 №-li kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh "xxxx" BOKT MMC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 18 iyul 2019-cu il tarixə (müqavilə müddətinin sonuna) 85.113,77 AZN: əsas borc üzrə 81.801,20 AZN, faiz borcu üzrə 3.312,57 AZN. 08 oktyabr 2020-ci il tarixə (iddia tarixinə) 90.112,73 AZN: əsas borc üzrə 81.801,20 azn, faiz borcu üzrə 3.312,57 azn, faiz borcu (illik 5%-lə) 4.998,96 azn. Aparılan tədqiqatın dəyəri 50 manat olaraq qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. "xxxx" BOKT MMC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin "xxxx" BOKT MMC -yə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin "xxxx" BOKT MMC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə iddiaçı "xxxx" BOKT MMC-nin iddiası əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq, eləcə də iş üzrə ekspertizanın nəticəsini əsas götürərək, hesab edir ki, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 81.801 (səksən bir min səkkiz yüz bir manat) manat əsas borc, 3.312,57 (üç min üç yüz on iki manat, əlli yeddi qəpik) manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun 8.180 (səkkiz min yüz səksən manat) manat məbləğində azaldılması əsalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh qızından, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə, məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 50 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8 iyul 2018-ci il tarixli, 1740/2018 №-li kredit müqaviləsi üzrə 81.801 (səksən bir min səkkiz yüz bir manat) manat əsas borc, 3.312,57 (üç min üç yüz on iki manat, əlli yeddi qəpik) manat faiz borcu, 8.180 (səkkiz min yüz səksən manat) manat dəbbə pulu "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə, məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 50 (əlli) manat isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar