Məhkəmə qərarları › İş №2-2(113)-138/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-138/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-138/2021 25.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X2 Korporasiyası” açıq səhmdar cəmiyyətinə qarşı kredit öhdəliyi üzrə qalan 10.199.780 manat əsas borc, müqavilə bitən tarixə hesablanan 56.373,79 manat faiz borcu, 1.782.080,80 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,31 manat faiz borcu olmaqla, cəmi 13.437.874,91 manat məbləğində kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «X3 Company» məhdud məsuliyyətli cəmiyyətinə qarşı kredit öhdəliyi üzrə qalan 10.199.780 manat əsas borc, müqavilə bitən tarixə hesablanan 56.373,79 manat faiz borcu, 1.782.080,80 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,31 manat faiz borcu olmaqla, cəmi 13.437.874,91 manat məbləğində kredit borcunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, iş üzrə cavabdeh «X3 Company» məhdud məsuliyyətli cəmiyyəti, onun hüquqi varisi “X2 Korporasiyası” açıq səhmdar cəmiyyəti ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə «X3 Company» MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 155/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə xx xxxxxx 2016-cı il tarixinədək illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 10249780 manat məbləğində sahibkarlıq krediti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borc alan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən hesablanmış penya və cərimələri ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi ilə əlaqədar borcverən tərəfindən öz hüquqlarının bərpası üçün çəkilmiş məhkəmə və digər xərcləri banka ödəməlidir. Lakin, buna baxmayaraq borclu «X3 Company» MMC kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin bank qarşısında yaranmış öhdəlikləri üzrə əsas borcu 10.199.780 manat, müqavilə bitən tarixə hesablanan faiz borcu 56.373,79 manat, cərimə borcu 1.782.080,80 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,31 manat faiz borcu olmaqla, cəmi 13.437.874,91 manat təşkil edir. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ASC ilə «X3 Company» MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 155/15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC «X3 Company» MMC-yə 10249780 manat məbləğində xx xxxxxx 2016-cı il tarixədək illik 6% ödənilməsi şərtilə kredit verməyi, «X3 Company» MMC isə kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq həyata keçirməyi öhdələrinə götürmüşlər. xx xxxxx 2019-cu il tarixli, **********313 saylı maliyyə arayışından görünür ki, «X3 Company» MMC-nin kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu 10249780 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 56.373,79 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 1.782.080,80 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan faiz məbləği 1.399.640,31 manat, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 13.437.874,91 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(113)-1674/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında İddiaçı açıq səhmdar cəmiyyəti ilə «X3 Company» məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 155/15 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsinin bitmə tarixinə bütün ödənişlər nəzərə alınmaqla cavabdeh «X3 Company» məhdud məsuliyyətli cəmiyyətinin əsas və faiz borcları üzrə borc qalığının, İddiaçı açıq səhmdar cəmiyyəti ilə «X3 Company» məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 155/15 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi tarixdən sonra xx.xx.2019-cu il tarixə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun nə qədər təşkil etməsi barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/3897 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, “Borcalan” “X4 Company” MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixədək) banka ödənilməli olan borcu ümumilikdə 10.256.153,79 manat məbləğində, o cümlədən əsas borc üzrə 10.199.780,00 manat, faiz borcu üzrə 56.373,79 manat, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla cavabdehin xx.xx.2019-cu il tarixə əldən çıxmış fayda üzrə borcu 1.399.640,30 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə «X3 Company» MMC arasında xx xxxxxx 2013-cü il tarixli, 155/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı ASC «X3 Company» MMC-yə 10249780 manat məbləğində xx xxxxxx 2016-cı il tarixədək illik 6% ödənilməsi şərtilə kredit verməyi, «X3 Company» MMC isə kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq həyata keçirməyi öhdələrinə götürmüşlər. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq «X3 Company» MMC keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. «X3 Company» MMC-nin kredit müqaviləsi üzrə banka borcu, əsas borc üzrə 10.199.780 manat, faiz borcu üzrə 56.373,79 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə cavabdehə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 10.199.780 manat məbləğində borc iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan İddiaçı ASC ilə «X3 Company» MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 155/15 saylı kredit müqaviləsinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış 56.373,79 manat faiz borcu əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb İddiaçı ASC ilə «X3 Company» MMC arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqaviləyə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə 2) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləği 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12% faizi ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 1.782.080,80 manat dəbbə pulu məbləği yaranmış 10.199.780 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 306000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən kredit öhdəliyi üzrə qalan 10.199.780 manat əsas borc, müqavilə bitən tarixə hesablanan 56.373,79 manat faiz borcu, 306.000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,30 manat faiz borcu tutularaq Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 89,01 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,70 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,30 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 129,04 manat məbləği cavabdehdən, qalan 15,94 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “X2 Korporasiyası” açıq səhmdar cəmiyyətindən kredit öhdəliyi üzrə qalan 10.199.780 manat əsas borc, müqavilə bitən tarixə hesablanan 56.373,79 manat faiz borcu, 306.000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,30 manat faiz borcu tutularaq Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 26,70 manat hissəsi “X2 Korporasiyası” açıq səhmdar cəmiyyətindən tutularaq Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin, qalan 3,30 manat hissəsi Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 129,04 manat məbləği “X2 Korporasiyası” açıq səhmdar cəmiyyətindən, qalan 15,94 manat məbləği isə Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar