Məhkəmə qərarları › İş №2-2(113)-1649/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1649/2021

07.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1649/2021 07.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 24.300,22 manat məbləğində əsas borc, 2.315,78 manat məbləğində faiz borcu olmaqla ümümilikdə 26.616 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 30.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 oğlu ilə 30 aprel 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 05 avqust 2020-ci il tarixədək Cavabdeh1 banka 30 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 24.300,22 manat məbləğində əsas borc, 2.315,78 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 26.616 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2(004)-594/2021 saylı qərardadı ilə İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması barədə iddiasına dair mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 03.05.2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə verərək Cavabdeh1 və Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.800,22 manat məbləğində əsas borc, 5.399,06 manat məbləğində faiz borcu, 114,30 manat məbləğində cərimə olmaqla ümümilikdə cəmi 29.313,58 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi M.Quluşev iddia tələbini qəbul edərək, iş üzrə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi F.Abbasov məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 30 aprel 2019-cu il tarixli, 22-BİZ-1-0-09-19 saylı “xxxx” İKB ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən tərəflər kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borc alanın isə bu müqavilədə nəzərfə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödəməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən kreditor borc alana 30.000 manat məbləğində kredit verir. 2.3-cü bəndinə əsasən kredit 36 ay müddətinə verilir 2.4-cü bəndinə əsasən kreditin iustifadəsinə görə borc alan kreditora illik 23 faiz ödəyir. 4.8-ci bəndinə əsasən bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 faiz dəbbə pulunu da ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. 4.9-cu bəndinə əsasən dəbbə pulunun və ya zərərin əvəzinni ödənilməsi borcalanı bu bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından, həmçinin dəbbə pulunun ödənilməsi kreditora dəymiş digər zərərin ödənilməsindən azad etmir. 8.1-ci bəndinə görə kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələn aşağıdakı hallarda verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda cərimə və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borc alandan tələb edə bilər. 8.1.1. borc alan 30 gündən artıq müddətində ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə; 8.1.2. borc alan tərəfindən ödəniş cədvəli üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə. Müqavilə kreditorun imzası və möhürü ilə, borc alanın imzası ilə təsdiq edilmişdir. 22-BİZ-1-0-09-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə kimi təsdiq edilmiş ödəniş qrafikinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 30.000 manat, faizin məbləği 11.806,53 manat, cəmi ödəniləcək məbləğ 41.806,53 manat müəyyən edilmişdir. “xxxx” İKB ASC (kreditor) ilə Cavabdeh2 (zamin) və Cavabdeh1 arasında 30 aprel 2019-cu il tarixli, 22-BİZ-1-0-09-19 (Z1) saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən 30 aprel 2019-cu il tarixli, 22-BİZ-1-0-09-19 saylı kredit müqaviləsinə əsasən müqavilənin predmetini bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsi təşkil edir. 2.1.1-ci bəndinə əsasən kredit məbləği 30.000 manat təşkil edir. 2.1.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti 36 ay təşkil edir. 2.1.3-cü bəndinə əsasən kredit üzrə illik hesablanacaq faiz məbləği 23 % təşkil edir. 2.1.4-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0,1% çox olmayan gecikdirilmiş ödənişin əsas borc məbləğində cərimə kimi hesablanması nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilə kreditorun imzası və möhürü ilə, zaminin və borc alanın imzası ilə təsdiq edilmişdir. “xxxx” İKB ASC (kreditor) ilə Cavabdeh3 (zamin) və Cavabdeh1 arasında 30 aprel 2019-cu il tarixli, 22-BİZ-1-0-09-19 (Z1) saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən 30 aprel 2019-cu il tarixli, 22-BİZ-1-0-09-19 saylı kredit müqaviləsinə əsasən müqavilənin predmetini bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsi təşkil edir. 2.1.1-ci bəndinə əsasən kredit məbləği 30.000 manat təşkil edir. 2.1.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti 36 ay təşkil edir. 2.1.3-cü bəndinə əsasən kredit üzrə illik hesablanacaq faiz məbləği 23 % təşkil edir. 2.1.4-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0,1% çox olmayan gecikdirilmiş ödənişin əsas borc məbləğində cərimə kimi hesablanması nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilə kreditorun imzası və möhürü ilə, zaminin və borc alanın imzası ilə təsdiq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 04 avqust 2020-ci il tarixli pretenziya məktubu ünvanlanaraq kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi, həmçinin borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borclu və zaminlərdən müştərək qaydada məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. AR VN Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin 22.11.2019-cu il tarixli çıxarışdan görünür ki,iddiaçı “xxxx” İKB ASC-nin adı İddiaçı ASC adına dəyişdirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC (əvvəlki adı “xxxx” İKB) ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borc alana illik 23 % dərəcəsi ilə 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək 30.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 mülkiyyətinə vermiş, cavabdeh isə kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya ödəməmiş, bununla kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Belə ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə əsasən iddianın qaldırıldığı 06.10.2020-ci il tarixə cavabdeh tərəfindən banka cəmi 19.741,93 manat məbləğində ödəniş edilməli olduğu halda sonuncu ödəniş 16.06.2020-ci il tarixdə olmaqla cəmi 11.148,95 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hal-hazırda Cavabdeh1 İddiaçı ASC-yə kredit müqaviləsi üzrə əsas borcu 23.800,22 manat, faiz borcu 5.399,06 manat, dəbbə pulu borcu 114,30 manat təşkil edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, borc alan Cavabdeh1 30.04.2019-cu il tarixli 22-BİZ-1-0-09-19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq kreditor İddiaçı ASC ilə fiziki şəxslər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda kreditor İddiaçı ASC-nin 30.04.2019-cu il tarixli 22-BİZ-1-0-09-19 saylı müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan Cavabdeh1 30 aprel 2019-cu il tarixli 22-BİZ-1- 0-09-19 saylı kredit müqaviləsi üzrə kreditor İddiaçı ASC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək 30 gündən artıq müddətdə ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda müqavilənin 8.1.1-ci bəndinə əsasən kreditor İddiaçı ASC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Kredit müqaviləsi üzrə əsas borcu ödəniş qrafikinə uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, hesablanmış dəbbə pulu əsas borca nisbətən tənasübsüz surətdə yüksək deyildir və belə olan halda dəbbə pulunun məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borcunun cavabdehlərdən tutulması tələbinə dair hissədə İddiaçı ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. İddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən halları ilə isə təqdim edilir ki, Cavabdeh1 mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə də İddiaçı ASC-nin iddiası əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.800,22 manat məbləğində əsas borc, 5.399,06 manat məbləğində faiz borcu, 114,30 manat məbləğində dəbbə pulu, cəmi 29.313,58 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar