Məhkəmə qərarları › İş №2-2(113)-169/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-169/2022

01.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-169/2022 01.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X1 iştirakları ilə, İddiaçı BOKT ASC-nin cavabdeh Sədərək firmasına və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Sədərək firmasına və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və Cavabdeh2 Firmasından müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 12.01.2016-cı il tarixli, 005/16/PB/YF saylı kredit müqaviləsinə əsasən 13757.24 ABŞ dolları əsas borc, 23501.52 ABŞ dolları hesablanmış faiz, 17774.35 ABŞ dolları hesablanmış dəbbə, cəmi 55033.11 ABŞ dolları kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 12.01.2016-cı il tarixli, 005/16/PB/YF saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 12.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə 72 ay müddətinə, 20 faizlə, 6 ay güzəşt dövrü olmaqla 13882 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi tərəflər arasında 12.01.2016-cı il tarixli, 005/16/PB/YF-G saylı girov müqaviləsi bağlanmışdır. Həmin girov müqaviləsinə əsasən X6 Cavabdeh2 firması ilə aralarında bağlanmış 17.10.2011 -ci il tarixli, 6287 saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yol stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, Şirniyyat bazarı, sıra 1, korpus 1-də yerləşən 18 kv.m sahədən ibarət 4 saylı mağazaya olan hüquqlarını girov qoymuşdur. Həmçinin cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə tərəflər arasında, "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh2 firması arasında 15.05.2010-cıı il tarixli Faktorinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 bəndinə, “Müqavilənin predmeti”nə əsasən müştərinin -Cavabdeh2 firmasının ayrı-ayrı fərdi sahibkarlara mal dövriyyəsinin artırılması üçün müvafiq məbləği faktorun (bank) borcluya kredit verməsi, bununla əlaqədar faktorun borclu ilə bağladığı ayrıca kredit müqaviləsinə müvafiq olaraq həmin məbləğin tələb və icrasını təmin etməkdən ibarətdir. Həmin müqavilənin 2.3-cü bəndinin 3-cü hissəsinə əsasən “müştərinin və bankın bu səyi müsbət nəticə vermədikdə, borclunun istifadəsində olan daşınmaz və daşınar əmlakın hesabına müştəri borclunun borc öhdəliyini icra edir”. 12.01.2016-cı il tarixli, 005/16/PB/YF saylı kredit müqaviləsinə əsasən X4 BOKT-a 13757.24 ABŞ dolları əsas borc, 23501.52 ABŞ dolları hesablanmış faiz, 17774.35 ABŞ dolları hesablanmış dəbbə, cəmi 55033.11 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə izahatında qeyd etdi ki, hazırda iddia tələbində qeyd olunan məbləği ödəmək üçün maddi imkanı yoxdur, eyni zamanda iddiaçı tərəflə kredit götürülməsi barədə razılaşarkən 1 ABŞ dollarının Azərbaycan Manatına olan rəsmi məzənnəsi ilə hazırki məzənnə arasında ciddi fərq vardır. Digər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 12.01.2016-cı il tarixli, 005/16/PB/YF saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 72 ay müddətinə, 20 faizlə, 6 ay güzəşt dövrü olmaqla 13882 ABŞ dolları məbləğində kredit verilmişdir. X7 və Cavabdeh2 Firması girov qoyan, Cavabdeh1 kredit alan, "xxxx" ASC girov saxlayan olmaqla imzalanmış 12.01.2016-cı il tarixli, 005/16/PB/YF-G saylı girov müqaviləsinin predmeti Cavabdeh1 ilə girov saxlayan, "xxxx" ASC-nin arasında bağlanmış 12.01.2016-cı il tarixli, 005/16/PB/YF saylı kredit müqaviləsi üzrə illik 20 faiz məzənnə ilə 72 ay müddətinə 6 ay güzəşt şərti ilə aldığı 13.882 ABŞ dolları kredit borc öhdəliyinin icrasının təmin edilməsidir. 3.1-ci maddəyə əsasən girovun predmeti Cavabdeh2 Firması ilə X7 arasında bağlanılmış 17.10.2011-ci il tarixli 6287 saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yol stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, Şirniyyat bazarı, sıra 1, korpus 1-də yerləşən 18 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinə hüquqlardır. İş üzrə məhkəmə mühasibatlıq eksertizası təyin edilmiş, 28 fevral 2022-ci il tarixli 9/687 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 12 yanvar 2016-ci il tarixdə bağlanmış 005/16/PB/YF nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh X4 İddiaçı BOKT ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 14.05.2020-ci (sualda göstərilən il tarixə) borcu 24780,84 ABŞ dolları: əsas borc üzrə 13703,24 ABŞ dolları, faiz borcu üzrə 11077,60 ABŞ dolları. 03.12.2021-ci il tarixə borcu 29036,46 ABŞ dolları: əsas borc üzrə 13.703,24 ABŞ dolları, 15.333,22 ABŞ dolları.Aparılan tədqiqatın dəyəri 100 manat olaraq qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı BOKT ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin İddiaçı BOKT ASC-yə 13.703,24 ABŞ dolları əsas borc, 11.077,60 ABŞ dolları faiz borcu faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdehin kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin İddiaçı BOKT ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə İddiaçı BOKT ASC-nin iddiası əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun 685 ABŞ dolları məbləğində azaldılması əsalətlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 Firmasına aid olan hissəsində qeyd edir ki, qeyd olunan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından və məhkəmə araşdırması zamanı məlum oldu ki, "xxxx" ASC ilə Cavabdeh2 Firması arasında 12.01.2016-cı il tarixli, 005/16/PB/YF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Firmasının öhdəliyini yaradacaq hal mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən X2, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə, məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 100 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 13.703,24 ABŞ dollar əsas borc, 11.077,60 ABŞ dolları faiz borcu, 685 ABŞ dolları dəbbə pulu İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə, məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 100 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar