Məhkəmə qərarları › İş №2-2(113)-1730/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1730/2024

21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1730/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5 və qeyrilərinin cavabdeh LPO "xxxx" ASC-yə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: korporativ mübahisə, nizamnamə, ümumi yığıncaq) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı15, İddiaçı14, İddiaçı7, İddiaçı4, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı15, İddiaçı7, İddiaçı5, İddiaçı12, İddiaçı3, İddiaçı13, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı8, İddiaçı6, İddiaçı9 cavabdeh LPO "xxxx" ASC-yə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı15, İddiaçı7, İddiaçı5, İddiaçı12, İddiaçı3, İddiaçı13, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı8, İddiaçı6, İddiaçı9 (bundan sonra – iddiaçılar) cavabdeh LPO "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli ümumi iclasının protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramına" uyğun olaraq Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 166 saylı Sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı Tikinti Quraşdırma İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyət 22 oktyabr 2003-cü ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Biz, yuxarıda adları çəkilənlər "xxxx" ASC-nin səhmdarlarıyıq və hər Cəmiyyətdə birimizin müəyyən miqdarda səhmimiz vardır. Səhmdar Cəmiyyət yaradılandan bəri demək olar ki, bir dəfə də olsun ümumi yığıcaq keçirilməyib (və yaxud bizə bu barədə məlumat verilməyib) və bizə səhmlərimizə görə dividend verilməyib. Baxmayarq Səhmdar Cəmiyyətin ərazisi çox gözəl bir yerdə yerləşir və təkcə yerlərin icarəsindən xeyli gəlir əldə edilir. Nəhayət xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsi barədə Bildiriş təqdim edildi. Biz həmin günü göstərilən vaxtda həmin ünvanda olsaq da, heç bir ümumi yığıncaq keçirilmədi. Sonradan bizə bildirdilər ki, ümumi yığıncaq keçirilib və müvafiq qərarlar qəbul edilib. Elanda aşağıda göstərilən qərarların qəbul edildiyi göstərilir: Bakı Tikinti Quraşdırma ləğv edilmişdir, Ləğvetmə komissiyası yardılmışdır. Digər məsələlər üzrə "xxxx" ASC-nin aralıq balansının təsdiq edilməsi, Ləğvetmə Komissiyasına həvalə edilməsi və Ləğvetmə Komissiyası Cəmiyyətin ləğv edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri hərəkətləri etməkdə səlahiyyətli hesab edilməsinə dair qərar alınmışdır. Göstərilənlərlə əlaqədar olaraq bir daha bildiririk ki, həmin günü qeyd edilən ünvanda heç bir ümumi yığıncaq keçirilməyib.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin xx.xx.2023-cü il tarixli ümumi iclasında yetərsay olmamış, belə ki, cavabdehin nizamnaməsinin tələblərinə əsasən cəmiyyətin ləğv edilməsi barədə qərar bütün səhmdarların yekdilliklə verdiyi qərar əsasında qəbul edilə bilər. Hazırda isə cavabdeh həmin qərarın 2/3 səs çoxluğu ilə qəbul edildiyini, nizamnaməyə sonradan dəyişiklik edildiyini bildirsə də, nizamnaməyə hər hansı dəyişiklik edilməmiş, nizamnaməyə edilmiş dəyişiklik müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmişdir.

4. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı15, İddiaçı14, İddiaçı7, İddiaçı4 ayrı-ayrılıqda iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər, əlavə olaraq bildirdilər ki, xx.xx.2023-cü il tarixdə cavabdehin hüquqi ünvanında olmuş, orada hər hansı iclas keçirilmədiyini görmüş, daha sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10 ünvanına yaxınlaşmış, orada açıq havada bir neçə səhmdarların yığışdığını görmüş, cavabdehin ləğv edilməsi barədə məsələyə etiraz etmiş, bu barədə təqdim edilmiş siyahıya da qol çəkmişlər. Cavabdeh ASC-nin ləğv edilməsi üçün hər hansı əsas yoxdur, belə ki, ASC gəlir əldə edən şirkətdir, bu səbəbdən onun ləğvi barədə qərar qəbul edilməsini istəmirlər.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixli iclasın keçirilməsi barədə əvvəlcədən bütün səhmdarlara bildirişlər göndərilmiş, habelə qəzetdə mart ayında elan dərc edilmiş, həm bildiriş, həm də elanda iclasın keçiriləcəyi yerin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10X ünvanı olması qeyd edilmişdir. Cavabdeh artıq uzun illərdir ki, hüquqi ünvanında fəaliyyət göstərmir. Həmin gün iclas səlahiyyətli olmuş, Cəmiyyətin 20 nəfər (92,11 faiz səhmə malik olan) səhmdarının iştirakı ilə iclas keçirilmiş, iclasda 2/3 səs çoxluğu ilə Cəmiyyətin ləğv edilməsi barədə qərar qəbul edilmiş, müvafiq sənədlər artıq vergi orqanına təqdim edilmiş, Cəmiyyət hazırda ləğv prosesindədir, proses yekunlaşmaq üzrədir. Cəmiyyətin nizamnaməsinə edilmiş dəyişiklik rəsmi reyestrdə qeydə alınmış, iclasın keçirilməsi ilə bağlı hər hansı pozuntuya yol verilməmiş, bütün bunlar hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən də yoxlanılmışdır. İddia ərizəsi tamamilə əsassızdır.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

7. Sonuncu məhkəmə iclasının digər iddiaçıların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 2020-ci il tarixli sərəncamı ilə cavabdeh ASC yaradılmişdir.

10. X1 reyestri məlumatlarına əsasən cavabdeh xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətidir.

11. Qiymətli kağız mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli reyestrinə əsasən iddiaçılar cavabdehin səhmdarlarıdır.

12. Qiymətli kağız sahiblərinin reyestrinə əsasən cavabdeh nominal dəyəri 2 manat olan ümumilikdə 18932 ədəd adi adlı səhm yerləşdirmişdir.

13. Cavabdehlə X3 arasında xx.xx.2008-ci il tarixli dəyişmə müqaviləsi bağlanmış, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi ilə X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10 ünvanında yerləşən əmlak kompleksi dəyişdirilmişdir.

14. Cavabdehin xx.xx.2008-ci il tarixli ümumi yığıncağının qərarı ilə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin əvəzinə başqa ərazi verilməsinə razılıqla bağlı qərar qəbul edilmişdir.

15. Cavabdehin xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 6.1-ci bəndinə əsasən səhmdarların ümumi yığıncağı cəmiyyətin ali idaretmə orqanıdır... Səhmdarların yığıncağının keçirilməsi və onun gündəliyi haqqında yazılı bildiriş yığıncağın çağırılmasına ən aı 20 gün qalmış hər bir səhmdara sifarişli məktubla səhmdarların reyestrində göstərilmiş ünvana göndərilməlidir. Bildiriş və yğıncağın gündəliyi haqqında məlumat qəzətdə elan dərc etmək yolu ilə həyata keçirilə bilər.

16. Nizamnamənin 6.2.4-cü bəndinə əsasən Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir.

17. Nizamnamənin 6.2.14-cü bəndinə əsasən nizamnamənin 6.2.4-cü bəndində göstərilən məsələ yekdilliklə qəbul olunduqda hüquqi qüvvəyə malikdir.

18. Cavabdehin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokolundan görünür ki, iclasda 53 nəfər səhmdardan 20 nəfəri iştirak etmiş, 13 nəfər yığıncaqda iştirak etməkdən və səs verməkdən imtina etmişdir. İştirak edən səhmdarların səsləri 17420 səhmdən ibarət olmaqla 92,11% təşkil edir.Cəmiyyətin ləğvi haqqında qərarın lehinə 17338 səhm, əleyhinə 56 səhm səs vermiş, 26 səhm sahibi isə birtərəf qalmışdır. İclasda cavabdehin ləğv edilməsi qərara alınmışdır.

19. Cavabdeh tərəfindən səhmdarlara xx.xx.2023-cü il tarixdə saat 10:30-da keçiriləcək ümumi yığıncağın iclası barədə bildiriş ünvanlanmışdır. Bildirişdə iclasın keçiriləcəyi yer kimi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10X olması qeyd edilmiş, habelə iclasın gündəliyində duran məsələlər göstərilmişdir. Göstərilən bildiriş Xalq qazetinin xx.xx.2023-cü il tarixli buraxılışında da (eyni məzmunda) dərc edilmişdir.

20. Cavabdehin xx.xx.2022-ci il tarixli növbəti ümumi yığıncağının protokolundan görünür ki, cavabdehin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklər layihəsi səs çoxluğu ilə qəbul edilmişdir.

21. Cavabdehin xx.xx.2022-ci il tarixli növbəti ümumi yığıncağın qərarı ilə nizamnaməyə əlavə və dəyişiklikliklər edilmiş, 6.2.14-cü maddə yeni redaksiyada verilmişdir: cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişiklərin edilməsi haqqında qərarlar səsli səhmlərin 2/3 səs çoxluğu ilə qəbul edilir. 6.4-cü maddə Nizamnamədən çıxarılmışdır.

22. X1 Reyestrindən çıxarışa əsasən cavabdehin reyestr məlumatlarına xx.xx.2022ci ildə Nizamnaməyə edilmiş əlavə və dəyişikliklərlə bağlı dəyişiklik edilmişdir.

23. DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10X ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir.

24. Məhkəmə tərəflərin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

25. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçılar cavabdehin adi adlı səhm sahibləridir, xx.xx.2023-cü il tarixli ümumi yığıncağın qərarı ilə cavabdehin ləğv edilməsi qərara alınmışdır.

26. İddiaçılar ümumi yığıncağın keçirilməsi zamanı bir sıra pozuntulara yol verildiyini göstərib, bu səbəbdən xx.xx.2023-cü il tarixli ümumi yığıncağın protokolunun etibarsız hesab edilməli olduğunu bildirlər.

27. Cavabdeh iddiaçıya qarşı etiraz edərək, xx.xx.2023-cü il tarixli ümumi yığıncağın keçirilməsi zamanı hər hansı pozuntuya yol verilmədiyini bildirir.

28. Belə ki, materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçılara xx.xx.2023-cü il tarixli ümumi yığıncağın keçiriləcəyi barədə müvafiq bildiriş göndərilmiş, bildirişdə iclasın keçiriləcəyi yer, tarix, iclasın gündəliyi göstərilmiş, həmin bildiriş qəzetdə də yığıncağın keçirilməsinə 35 gün qalmış (“Xalq qazeti”nin xx.xx.2023-cü il tarixli buraxılışında) dərc edilmişdir (Nizamnamənin 6.1-ci bəndinin tələblərinə əsasən).

29. İddiaçılar yığıncağın cavabdehin hüquqi ünvanında keçirilməli olduğu halda, digər ünvanda keçirildiyini, bununla da cavabdehin pozuntuya yol verildiyini bildirsələr də, məhkəmə iddiaçıların həmin arqumenti ilə razılaşmır.

30. Belə ki, Cəmiyyətin Nizamnaməsində ümumi yığıncağın keçirilməli olduğu yerlə bağlı hər hansı tələb müəyyən edilməmiş, bundan əlavə iclasın keçiriləcəyi yerin cavabdehin hüquqi ünvanı deyil, ünvan 2ş bildirişdə, habelə qəzetdə dərc edilmiş müvafiq elanda göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir.

31. Məhkəmə, iddiaçıların cavabdeh ASC-nin ləğv edilməsi barədə qərarın yalnız səhmdarların yekdilliklə qəbul etdiyi qərar əsasında həyata keçirilməli olması barədə dəlili ilə də razılaşmır.

32. Belə ki, materiallarda olan cavabdehin xx.xx.2022-ci il tarixli növbəti ümumi yığıncağının protokolundan görünür ki, cavabdehin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklər layihəsi səs çoxluğu ilə qəbul edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli növbəti ümumi yığıncağın qərarı ilə nizamnaməyə əlavə və dəyişiklikliklər edilmiş, 6.2.14cü maddə yeni redaksiyada verilmişdir: cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişiklərin edilməsi haqqında qərarlar səsli səhmlərin 2/3 səs çoxluğu ilə qəbul edilir. 6.4-cü maddə Nizamnamədən çıxarılmışdır. Həmin əlavə və dəyişikliklər X1 Reyestrindən çıxarışa əsasən cavabdehin reyestr məlumatlarına xx.xx.2022-ci ildə daxil edilmiş, bu barədə cavabdehə dövlət reyestrindən çıxarış verilmişdir.

33. Məhkəmə iddiaçıların cavabdeh ASC-nin mənfəətlə işlədiyi halda əsassız olaraq özünün ləğv edilməsi barədə dəlilinə cavab olaraq bildirir ki, Cəmiyyətin Nizamnaməsinə, habelə Mülki Məcəlləyə əsasən istənilən hüquqi şəxs, o cümlədən ASC özünün ləğv edilməsi barədə məsələni ümumi yığıncağın müzakirəsinə çıxara və bu barədə qanunvericiliklə, habelə hüquqi şəxsin Nizamnaməsində göstərilmiş qaydada qərar qəbul edə bilər.

34. Məhkəmə qanunvericiliyin, habelə hüquqi şəxsin Nizamnaməsinin tələblərinə riayət edilməklə keçirilmiş ümumi yığıncağın iclaslarında qəbul edilmiş qərarları ləğv etmək səlahiyyətinə malik deyildir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.

37. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

38. 102.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.

39. 102.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir.

40. 106-1.3.5-ci maddəsinə əsasən cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək səhmdarın hüququdur.

41. 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

42. 107.1.5-ci maddəsinə əsasən cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

43. 107-1.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər.

44. 107-1.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: cəmiyyətin adı və olduğu yer; səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; səhmdarların ümumi yığıncağının gündəliyi; səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası.

45. 107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

46. 107-3.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir.

47. 107-5.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

48. 107-6.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir.

49. 108.1-ci maddəsinə əsasən səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.

50. Beləliklə məhkəmə qeyd edir ki, ASC-nin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolu ilə ASC-nin ləğv edilməsi qərara alınmış, həmin iclasda yetərsay olmuş, iclas səlahiyyətli olmuş, ASC-nin ləğvi haqqında qərar iclasda iştirak edən səhmdarların 2/3 səs çoxluğu ilə qəbul edilmiş, qəbul edilmiş qərar səsvermədə iştirak edən səhmdarlar (o cümlədən iddiaçılar) tərəfindən imza edilmişdir.

51. Hazırda iddiaçılar xx.xx.2023-cü il tarixli ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsini tələb etsələr də, məhkəmə araşdırması zamanı həmin protokolun (iclas) etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı15, İddiaçı7, İddiaçı5, İddiaçı12, İddiaçı3, İddiaçı13, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı8, İddiaçı6, İddiaçı9 cavabdeh LPO "xxxx" ASC-yə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar