Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1731/2021 10.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işi nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2.501,92 manat məbləğində əsas borcun, 366,25 manat məbləğində faiz borcunun, 9,64 manat məbləğində cərimənin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 manat məbləğində pul vəsaitinin, cəmi 2.908,21 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1239/2021 saylı qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilmiş, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları xx.xx.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, hazırkı mübahisə Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005- NBK-0121-19 saylı kredit müqaviləsindən irəli gəlir. Binəqədi Rayon Məhkəməsi işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə gəldiyi nəticəni isə onunla əsaslandırmışdır ki, Cavabdeh1 fərdi sahibkar kimi vergi orqanında uçota alınmış və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3.500 manat məbləğində pulu da məhz sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün götürmüşdür. Halbuki iş materiallarına əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC (borc verən) və Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005- NBK-0121-19 saylı mübahisəli kredit müqaviləsindən müəyyən edilir ki, həmin müqaviləyə əsasən borc verən borc alana 3.500 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. Müqavilədə, ələxsus tərəflərin rekvizitləri göstərilən 7-ci bölmədə borc alan Cavabdeh1 VÖEN-i qeyd olunmamışdır. AR X1 Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın 2.1.4-ci bəndinə görə istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə görə isə O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi iş üzrə Cavabdeh1 fərdi sahibkar statusuna malik olan fiziki şəxs olsa da, hazırkı mübahisə cavabdehin istehlakçı kimi çıxış etdiyi hüquq münasibətlərindən irəli gəlməklə hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır. Kreditin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə götürülməsi barədə gəldiyi nəticəni əsaslandırmaq üçün Binəqədi Rayon Məhkəməsinin istinad etdiyi işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə cavabdeh Çingiz Ramiz oğlu tərəfindən verilmiş ərizəyə və Cavabdeh1 tərəfindən kreditin məhz ticarətin yaxşılaşdırılması məqsədilə götürülməsi barədə zamin Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatına münasibətdə məhkəmə qeyd edir ki, əvvəla, Cavabdeh1 işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə verdiyi ərizəsini əsaslandırmamış, ərizəsində hansı əsaslara görə hazırkı mübahisənin kommersiya mübahisəsi olmasını hesab etdiyini konkretləşdirməmişdir. İkincisi, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli kredit müqaviləsində həmin müqavilənin istehlak məqsədilə ilə bağlandığı açıq-aşkar göstərilmişdir. Belə olan halda isə mübahisəli hüquq münasibətində zamin qismində çıxış edən Cavabdeh2 izahatı kredit müqaviləsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Yuxarıda göstərilənlərə nəzərə alaraq məhkəmə Binəqədi Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəməyə aid olmaqla işə Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə məhkəmələr arasında fikir ayrılığı olduğundan məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-1731/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1731/2021
10.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver