Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1947/2021 05.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən gecikdirilən sığorta ödənişinə görə İddiaçı1 3900 manat və İddiaçı2 2600 manat dəbbə pulunu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların fəaliyyət göstərdiyi ünvan ünvanda yerləşən “Armado” və 28A nömrəli Lider oboy mağazasında olan cəmin 50000 manat məbləğində ticarət mallarına, daşınar əmlaka görə “xxxx” ASC ilə sığorta müqaviləsi bağlanmışdır. 10.12.2019-cu il tarixdə sığortaladıqları ticarət malları yanğın nəticəsində yanmış və bu barədə “xxxx” ASC-yə məlumat verilmişdir. “xxxx” ASC-nin iştirakı ilə zəruri olan sənədlər ticarət mallarının siyahısı və sairə əldə olunub təqdim olunmuşdur. Lakin baş vermiş yanğından 3 aya yaxın müddət keçməsinə baxmayaraq sığorta hadisəsinə görə onlara ödənilməli olan 50000 manat sığorta məbləği “xxxx” ASC tərəfindən 01 may 2020-ci il tarixdə ödənilmişdir. Ödənilməli olan 50000 manat ticarət mallarına görə sığorta məbləği qəsdən gecikdirilmişdir. Sığorta hadisəsi baş verdiyi vaxtdan 7 iş günü nəzərə alınmaqla 130 gün gecikdirilərək ödənilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, yanğın hadisəsi ilə bağlı “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində qeyd olunan sənədlərin təqdim olunmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə arayış təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən həmin arayış təqdim ediləndən sonra 7 iş günü ərzində sığorta ödənişi sığortalıya verilməlidir. Lakin “xxxx” ASC yanğın hadisəsi nəticəsində ziyan dəyməsini nəzərə alaraq Fövqəlada Hallar Nazirliyi tərəfindən qeyd edilən sənədin verilməsini gözləmədən İddiaçı1 28900 manat məbləğində sığorta ödənişi, İddiaçı2 isə 19100 manat məbləğində sığorta ödənişini 01.05.2020-ci il tarixdə ödəmişdir. Həmçinin İddiaçı1 və İddiaçı2 23 aprel 2020ci il tarixdə “xxxx” ASC-yə ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın məbləğinin tam qarşılandığını və bununla bağlı heç bir iddia və şikayətlərinin olmadıqlarını bildirmişlər. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: - 29 aprel 2020-ci il tarixli 1241/Fİ-0138/2019 saylı sığorta aktının sığorta müqaviləsinə aid ümumi məlumat hissəsindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sığortalı İddiaçı2 tərəfinddən 13.05.2019-cu ildən 12.05.2020-ci ilədək 20000 manat məbləğində sığorta edilmişdir. 10.12.2019-cu il tarixdə sığorta hadisəsi (yanğın) baş vermiş və zərərin məbləği 19500 manat müəyyən edilmiş, zərər məbləğindən 400 manat azadolma məbləği çıxılaraq 19100 manat sığorta ödənişinin ödənilməli olması müəyyənləşdirilmiş, İddiaçı2 həmin sığorta ödənişi ilə razı olmasını imzası ilə təsdiq etmişdir. Həmin akta əsasən sığorta hadisəsi 10.12.2019-cu il tarixdə baş vermiş, sığorta tələbi barədə ərizə 12.12.2019-cu il tarixdə təqdim edilmişdir. Həmin akt “xxxx” ASC-nin İdarə Heyətinin sədri N.Namazovun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 29 aprel 2020-ci il tarixli 1240/Fİ-0139/2019 saylı sığorta aktının sığorta müqaviləsinə aid ümumi məlumat hissəsindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sığortalı İddiaçı1 tərəfindən 13.05.2019-cu ildən 12.05.2020-ci ilədək 30000 manat məbləğində sığorta edilmişdir. 10.12.2019-cu il tarixdə sığorta hadisəsi (yanğın) baş vermiş və zərərin məbləği 29500 manat müəyyən edilmiş, zərər məbləğindən 600 manat azadolma məbləği çıxılaraq 28900 manat sığorta ödənişinin ödənilməli olması müəyyənləşdirilmiş, İddiaçı1 həmin sığorta ödənişi ilə razı olmasını imzası ilə təsdiq etmişdir. Həmin akt “xxxx” ASC-nin İdarə Heyətinin sədri N.Namazovun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı2 “xxxx” ASC-yə ünvanladığı 23.04.2020-ci il tarixli ərizədən məlum olur ki, 10.12.2019-cu il tarixdə “Evrohome” Ticarət Mərkəzində yanğın hadisəsi baş vermiş, həmin hadisə zamanı ticarət mərkəzində ona məxsus obyektdə olan mallara zərər dəymiş, “xxxx” ASC tərəfindən ona dəymiş ziyan tam qarşılanmışdır. Bununla bağlı indi və gələcəkdə heç bir iddia və şikayəti olmayacaqdır. - İddiaçı1 “xxxx” ASC-yə ünvanladığı 23.04.2020-ci il tarixli ərizədən məlum olur ki, 10.12.2019-cu il tarixdə “Evrohome” Ticarət Mərkəzində yanğın hadisəsi baş vermiş, həmin hadisə zamanı ticarət mərkəzində ona məxsus obyektdə olan mallara zərər dəymiş, “xxxx” ASC tərəfindən ona dəymiş ziyan tam qarşılanmışdır. Bununla bağlı indi və gələcəkdə heç bir iddia və şikayəti olmayacaqdır. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 924.1-ci maddəsinə əsasən sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 18.1-ci maddəsinə əsasən həmin Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini həmin Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 17.4-cü maddəsinə əsasən sığortaçı həmin Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. 17.5-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən həmin Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz. 23.2.6-cı maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan ən geci 3 iş günü ərzində bu hadisənin baş verməsi faktını təsdiq edən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vermək sığortaçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də iddiaçıların sığorta müqavilələrinə əsasən üzərilərinə düşən öhdəlikləri tam yerinə yetirdiklərini, cavabdehin isə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini, sığorta ödənişlərinin verilməsini gecikdirdiyini, nəticədə iddiaçılarn cavabdehdən dəbbə pulunu tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçılar cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdırlar. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda, məhkəmə tələb olunan dəbbə pulunu, həm sığortaçı, həm də sığorta olunanların əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə iddiaçıların hər birinə münasibətdə 200 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” ASC-dən İddiaçı1 xeyrinə 200 manat, İddiaçı2 xeyrinə 200 manat, ümumilikdə 400 manat məbləğində pul tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən İddiaçı1 xeyrinə 200 (iki yüz) manat, İddiaçı2 xeyrinə 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №2-2(113)-1947/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1947/2021
05.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver