Məhkəmə qərarları › İş №2-2(113)-1991/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1991/2021

16.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1991/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “xxxx”xxxx“xxxx” ASC ilə bağlanmış və 19.07.2019-cu il tarixdə qüvvəyə minmiş, hazırda da qüvvədə olan RAT********** nömrəli şəhadətnaməyə əsasən sığortalanmış daşınmaz əmlaka dəymiş ziyana görə sığorta haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şəxsi mülkiyyətində olan Sumqayıt şəhər, Koroğlu prospekti 106a-da yerləşən daşınmaz əmlakı cavabdeh “xxxx” ASC-də 19.07.2019-cu il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən sığorta etdirmiş və daşınmaz əmlakın icbari sığortası haqqında RAT ********** nömrəli şəhadətnamə verilmiş, sığorta haqqı ödənilmişdir. Lakin 03.11.2019-cu il tarixdə baş vermiş güclü külək və 23.11.2019-cu il tarixdə baş vermiş subasma nəticəsində əmlaka dəymiş ziyanın hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat hər dəfə bir bəhanə gətirməklə bu ödənişdən boyun qaçırmışdır. Sonuncu dəfə imtina səbəbi bu olmuşdur ki, şəhadətnamədə sığortalanan əmlak “qeyri yaşayış sahəsi” olduğu halda “yaşayış sahəsi” kimi göstərilmişdir. Cavabdeh təşkilat sığortalanan əmlaka dəymiş ziyanı ödəməlidir, həmin ziyanın aradan qaldırılması üçün isə manat məbləğində vəsait tələb olunur. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraicət edərək, cavabdeh “xxxx” ASC-nin 56.100 manat dəymiş ziyanın və hər aya ödəmədiyi faizlərin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, 03.11.2019-cu il tarixdə ilk sığorta hadisəsi baş verdikdən sonra 04.11.2019-cu il tarixində ona cavabdeh tərəfindən kart verilmiş, lakin qeyd olunan karta heç bir ödəniş həyata keçirilməmişdir. 20.11.2019-cu il tarixində sığorta hadisələrini qiymətləndirməsini həyata keçirmişlər. Daha sonra ona sığorta ödənişindən imtina olunması barədə məlumat verildikdən sonra öz vəsaiti hesabına dam örtüyünün təmirinə başlamışdır. Əlavə olaraq qeyd olunan tarixlərdə bankdan götürmüş olduğu krediti təmir-tikinti işlərinin aparılmasına xərcləmişdir. Birinci sığorta hadisəsi ilə bağlı ödəniş sığorta şirkəti tərəfindən edilmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt hidrometeoroloji stansiyasında müşahidə olunmuş hava şəraiti barədə qeyd edilmişdir ki, 22.11.2019-cu il tarixdən 23.11.2019-cu il tarixinə keçən gecə saat 01:00-dək olan dövrdə bir sutka ərzində düşən yağıntının miqdarı aylıq normadan 17 dəfə çox olmuş, bu da aylıq normanın 169%-ni təşkil edir. İddiaçı qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilə üzrə də ödənişin gecikdirilməsi ilə bağlı olaraq ona faizlər ödənilməlidir. Qeyd olunanlara və iddia ərizəsinə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə sığorta şirkəti arasında sığorta müqaviləsi imzalanmış, iddiaçıya sığorta şəhadətnaməsi verilmişdir. Baş vermiş birinci sığorta hadisəsi onlar tərəfindən tanınmış, müvafiq olaraq ödəniş həyata keçirilmişdir. Lakin, ikinci hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Belə ki, qəza komissarları tərəfindən hadisə yerinə baxış keçirilməsi nəticəsinə, həmin gün üçün hava proqnozunun leysan olmaması səbəbindən sığorta hadisəsi onlar tərəfindən tanınmamışdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyində də subasma hadisəsi olması qeyd olunsa da, qeyd olunan faktın nəyin əsasında əmələ gəlməsi müəyyən edilməmişdir. Həmçinin, ekspert rəyində yağış yağması faktı qeyd olunsa da bu yağışın leysan olması da öz təsdiqini tapmamışdır. Əlavə olaraq, ekspert rəyində dəymiş ziyan olaraq göstərilən məbləğlər də iddiaçının verdiyi məlumatlar əsasında qeyd olunmuşdur ki, ekspert rəyinin iddiaçının verdiyi məlumatlar əsasında hazırlanmışdır. Cavabdehin nümayəndəsi əlavə etmişdir ki, Bakı Kommersiya Məhkəməsi iş üzrə 22-23 noyabr 2019-cu il tarixində baş verən hadisənin leysan xarakterli olub-olmamasının aydınlaşdırılması məqsədilə 30 aprel 2021-cj İl tarixində AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanlamışdır. 10 iyun 2021-ci il tarixində Milli Hidrometeorologiya Xidməti sorğuya cavab olaraq bildirmişdir ki, 22 noyabr 2019-cu il tarixində gecə saatlarında saat 19:00-dan 07:00-dək güclü, 07:00-dan 16:00-dək mülayim intensivli yağış, saat 16:00-19:00-dək sulu qar yağmış, yağıntının miqdarı 45.7 mm olmuşdur.23 noyabr 2019-cu il tarixində gecə saat 19:00-dan saat 22:15-dək sulu qar yağmış, yağıntının miqdarı 1,2 mm olmuşdur. Yağıntının ümumi miqdarı 46.9 mm olmuşdur. Bundan əlavə Cavabdeh Sığorta Şirkəti tərəfindən 1 dekabr 2020-ci il tarixində Milli Hidrometeorologiya Xidmətinə leysan yağıntıları və onun xüsusiyyətlərinin dəqiqləşdirilməsi barədə sorğu ünvanlanmışdır. 18 yanvar 2021-ci il tarixində sorğuya cavab olaraq bildirilmişdir ki, sel və leysan təhlükəli rayonlarda 12 saat və daha az vaxt ərzində 30 mm və daha çox miqdarda yağan yağış, qalan ərazilərdə 12 saat və daha az vaxt ərzində 50 mm və daha çox miqdarda yağan yağış və yağışla qar. Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən cavaba uyğun olaraq bildirilir ki, təhlükəli rayonlar dedikdə dağlıq ərazilər nəzərdə tutulur. Baxılan halda isə, yağıntı nəticəsində zərər dəyən əmlak Sumqayıt şəhərində yerləşir və həmin ərazidə yağıntının miqdarı 50 mm və daha çox miqdarda olmalı idi ki, leysan yağışı hesab edilsin. Eyni zamanda “İcbari Sığortalar haqqında” Qanunun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakətlər-zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, leysan, yer sürüşməsi aid edilir. İş materiallarında isə 22-23 noyabr 2019-cu il tarixində hər hansı təbii fəlakətin baş verməsi faktı öz əksini tapmır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən məlum olur ki, İddiaçı sığortalı, “xxxx” ASC sığortaçı olmaqla 19.07.2019-cu il tarixində qüvvəyə minən sığorta müqaviləsi ilə sığorta məbəği 20.000 manat müəyyən edilməklə 18.07.2020-ci il tarixinədək sığortalanmışdır. İş materiallarında olan 26 noyabr 2019-cu il tarixli Cavabdeh Sığorta şirkəti tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən məlum olur ki, Sumqayıt şəhəri, Koroğlu prospekti 106A ünvanında yerləşən daşınmaz əmlaka subasma nəticəsində 150 manat zərər dəydiyi müəyyən edilmiş, dəymiş zərərin ödənilməsindən icbari sığorta müqaviləsi ilə müəyyən olunan azadolma məbləğini aşmadığı üçün Cavabdeh Sığorta şirkəti sığorta ödənişi etməkdən imtina edilmişdir. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli Cavabdeh Sığorta şirkəti tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən məlum olur ki, 03.11.2019-cu il tarixində baş vermiş güclü külək və 23.11.2019-cu il tarixində baş vermiş subasma nəticəsində dəymiş zərərin ödənilməsindən sığortaçı şirkət tərəfindən daşınmaz əmlak “yaşayış evi” olaraq sığortalanmış, lakin qeyd olunan daşınmaz əmlakın “qeyri-yaşayış sahəsi” olması səbəbindən, sığorta müqaviləsi bağlanan zaman əmlakın təyinatı ilə bağlı düzgün məlumat verilmədiyindən sığorta ödənişi edilməsindən imtina edilmişdir. İş materiallarında olan 22.06.2020-ci il tarixində tərtib olunan 22.06.2020-ci il tarixli Cavabdeh Sığorta şirkəti ASC tərəfindən təsdiq olunan 075335 nömrəli sığorta aktının surətindən məlum olur ki, 20.11.2019-cu il tarixli hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq dəymiş zərər 1.648 manat olaraq qeyd olunmuş, sığorta müqaviləsində nəzərdə tutulmuş 200 manat azadolma məbləği və 2.20 manat bərpa məbləği çıxmaqla sığorta ödənişi olaraq 1.445,80 (bir min dörd yüz qırx beş manat, səksən qəpik) manat müəyyənləşdirilmişdir İş materiallarında olan 23.06.2020-ci il tarixində 5924 nömrəli ödəniş tapşırığına əlavəyə əsasən müəyyən olunur ki, 1.445,80 manat Cavabdeh Sığorta şirkəti ASC tərəfindən X4 və İddiaçı sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli, 10/2733 nömrəli ekspert rəyində qeyd olunur ki, Sumqayıt şəhəri, Koroğlu prospekti 106A ünvanında yerləşən qeyri yaşayış sahəsinin dam örtüyündə hər hansı bir zərər olmadığı müəyyən olunmuş, həmçinin qeyd olunur ki, baxış zamanı iddiaçı dam örtüyünün özü tərəfindən təmir olunduğunu qeyd etmişdir. Dam örtüyünə dəymiş zərərin bərpası üçün gördüyü işlər olaraq qeyd etdiyi işlər üzrə hesablamalar nəticəsində dəymiş zərərin orta bazar qiymətlərinə uyğun olaraq 1.475 manat olduğu müəyyən olunmuşdur. Sumqayıt şəhəri, Koroğlu prospekti 106A ünvanında yerləşən qeyri yaşayış sahəsinin qopduğu təqdirdə, yaranan atmosfer çöküntüləri həmin qeyri-yaşayış sahəsində su basma halına səbəb ola bilər. Baxış zamanı Sumqayıt şəhəri, Koroğlu prospekti 106A ünvanında yerləşən qeyri yaşayış sahəsində hər hansı zərər olmadığı müəyyən olundu. Həmçinin qeyd olunur ki, baxış zamanı iddiaçı qeyri-yaşayış sahəsinin özü tərəfindən təmir olunduğunu qeyd etmişdir. Sumqayıt şəhəri, Koroğlu prospekti 106A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərin bərpası üçün gördüyü işlər olaraq qeyd etdiyi işlər üzrə hesablamalar nəticəsində dəymiş zərərin orta bazar qiymətlərinə uyğun olaraq 9.860 manat olduğu müəyyən olundu. Sumqayıt şəhəri, Koroğlu prospekti 106A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən qeyd olunan məlumatlar əsasında hansı həcmdə təmir-tikinti işlərinin aparılmalı olduğu tərtib olunmuş smetada öz əksini tapmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məhkəmə sorğusuna verilən cavabından məlum olur ki, 22.11.2019-cu il tarixidə hava tutqun buludlu, görünüş 10 km, havanın orta tempraturu 4.8 dərəcə, maksimum tempratur 6.9 dərəcə, minimum tempratur 3.3 dərəcə, külək simal-şərq istiqamətli maksimum surət 13m/san (6 ball) olmuşdur. Bofort şkalasına əsasən 6 ballıq külək güclü külək hesab olunur. 22.11.2019-cu il tarixndə gecə saatlarında saat 19:00-dan 07:00-a dək güclü, 07:00dan 16:00-dək mülayim intensivlikli yağış, saat 16:00-19:00-dək sulu qar yağmış, yağıntının miqdarı 45.7 mm olmuşdur. 23.11.2019-cu il tarixində gecə saat 19:00-dan saat 22:15-dək sulu qar yağmış, yağıntının miqdarı 1.2 mm olmuşdur. Yağıntının ümumi miqdarı 46.9 mm olmuşdur. Qeyd olunmuşdur ki, aylıq normaya əsasən Sumqayıt şəhəri üzrə noyabr ayı üçün yağıntı miqdarı 27,8 mm-dir. Qeyd olunan tarixə isə 46,9 mm yağıntı olmuşdur. Bu isə aylıq normadan 1.6 dəfə çoxdur. Leysan yağıntıları barədə arayışda qeyd olunur ki, leysan yağıntıları konveksiyanın inkişafı ilə birbaşa ələqədar olub topa-yağış buludlarından qar, dolu və yağış şəklində düşür. Bu cür yağıntılar qəfil başlanması və qurtarması, kəskin tərəddüdü, intensiv və nisbətən az davamiyyətli olması ilə fərqlənir. Adətən leysan yağıntılar çox böyük olmayan ərazini əhatə edir, lokal xarakterli olur. Leysan xarakterli yağıntıların damcılarının diametri 1,0 mm-dən çox olur. İntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Leysan yağış-qəflətən başlama və qurtarmaya malik, birdən güclənən maye yağışdır. Əsasən topa-yağış buludundan yağır, ildırım və dolu ilə müşayət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından çox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının çoxluğu üstünlük təşkil etməyinə baxmayaraq, bəzən lap az miqdarda da yağıntı verir. Yay leysan yağışları tez-tez ildırımlarla və güclü küləklərlə müşayət olunur. Leysan qar-qəflətən başlama və qurtarmaya malik, birdən güclənən az vaxt ərzində daha güclənən bərk yağıntıdır. Leysan qar topa-yağış buludundan yağır. Leysan sulu qar-güclü (şiddətli) ərimiş qar şəklində yer səthinə düşən yağıntıdır. Qeyd olunmuşdur ki, leysan yağıntıların meyarları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Hidrometeoroloji stansiya və məntəqələr üçün təlimafının 3-cü buraxılışının 1-ci hissəsinə əsasən, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 oktyabr 2007- ci il tarixli 589/Ü №-li əmri ilə təsdiq edilmiş “Təhlükəli və təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin təsnifatı, meyarları və xəbərdarlıqların verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icbari sığorta müqaviləsi imzalanmış, iddiaçı 03 noyabr 2019-cu il və 23 noyabr 2019-cu il tarixlərində külək və yağış nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin həyata keçirilməsini tələb etmiş, sığorta şirkəti tərəfindən imtina olunmuş, daha sonra 23 iyun 2020-ci il tarixində 03 noyabr 2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərə görə sığorta ödənişi olaraq 1.445,80 cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən "xxxx” şirkəti ASC-də Daşınmaz əmlakın icbari sığorta növü üzrə və RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış Sumayıt şəhəri, Koroğlu prospekti 106A ünvanında yerləşən daşınmaz əmlak “yaşayış evi” kimi sığortalanıb, lakin sonradan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışında həmin daşınmaz əmlakın növü və təyinatı kimi “qeyri-yaşayış binası” göstərilmiş, sığortalı sığorta müqaviləsinin bağlandığı zaman daşınmaz əmlakın təyinatı haqqında düzgün məlumat verməmiş və ya əmlakın təyinatı sonradan dəyişdirilibsə sığortaçını bu haqda məlumatlandırmamış əsası ilə imtina edilmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanunun 8.1-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin qanunun 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri, zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər, sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. Həmin qanunun 16.4-cü maddəsinə uyğun olaraq, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanunun 18.1-ci maddəsinə uyğun olaraq, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə cavab olaraq göstərilmiş hallar ona cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, sığorta ödənişinin əvəzi olaraq cavabdeh “xxxx” ASC-dən 8.415 manat alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməməsi üçün göstərilmiş əsaslardan biri əmlakın qeyri-yaşayış sahəsi olduğu halda yaşayış sahəsi olması əsası cavabdeh tərəfindən nəzərə alınmadan birinci hadisə ilə bağlı ödənişin həyata keçirilməsi bu halın cavabdeh tərəfindən də nəzərə alınmadığını göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında məlumatdan görünür ki, 22-23 noyabr üçün yağıntının miqdarı 46,9 mm, aylıq normadan 1,6 dəfə çox olmuş, lakin cavabdeh məhkəmə iclasında həmin tarixdə yağıntının miqdarının 50 mm-dən az olması yağışın leysan olmamasına əsaslanmışdır. Məhkəmə cavabdehin göstərdiyi əsasa münasibətdə bildirir ki, heç bir imtina məktubunda sığorta şirkəti bu əsası qeyd etməmiş, hər dəfə müxtəlif əsaslar göstərərək ödənişdən imtina etmişdir. Məhkəmə cavabdehin yağışın leysan xarakterli olmamasını səbəb göstərərək, sığorta hadisəsinin baş vermədiyini bildirməsi barədə əsaslarına münasibətdə qeyd edir ki, bu işin hallarından da göründüyü kimi cavabdehin öhdəliyini icra etməsindən yayınmağa çalışması kimi qiymətləndirilməlidir. Beləliklə cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməməsinə dair səbəbləri həm tərəflər arasında bağlanmış sığorta müqaviləsinə, həm də yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə hesab edir ki, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə cavab olaraq kənar göstərilmiş hallar ona cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, sığorta ödənişinin əvəzi olaraq cavabdeh “xxxx” ASC-dən 8415 manat alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, ekspert rəyinə əsasən birinci hadisə ilə bağlı 1475 manat zərər dəydiyi, ümumi dəymiş zərərin 9860 manat olduğu müəyyən olunmuş, iş materiallarında olan ödəniş tapşırığından göründüyü kimi sığorta şirkəti tərəfindən 1.445,80 manat ödəniş edilmişdir. İcbari sığortalar haqqında Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 02 noyabr 2019-cu il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı olaraq, 26 noyabr 2019-cu il tarixində sığorta ödənişinin verilməsindən imtina olunmuş, daha sonra isə 23 iyun 2020-ci il tarixində sığorta ödənişi həyata keçirilmişdir. İkinci sığorta hadisəsi ilə bağlı ödənişin verilməsindən 09 dekabr 2019-cu il tarixdə imtina edilmiş iddiaçı tərəfindən 13.02.2010-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Belə olan halda, birinci sığorta hadisəsi ilə bağlı gecikdirilmiş günlər 26 noyabrdan ödəniş olunan tarixə kimi hesablanmalı, ikinci sığorta hadisəsi ilə bağlı gecikdirilmiş günlər 09 dekabr 2019-cu il tarixdən məhkəməyə müraciət olunan tarixə kimi hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişi iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə, tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq dəbbə pulunun məbləği 1.445 manat məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş məbləğ tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki , iddia tələbi qismən təmin edilməli, Cavabdeh Sığorta Şirkəti ASC-dən 8.415 manat sığorta ödənişi, 1.445 manat dəbbə pulu olmaqla ümumilikdə 9.860 manat məbləğində pul iddiaçı X2 xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 8.415 (səkkiz min dörd yüz on beş) manat sığorta ödənişi, 1.445 (bir min dörd yüz qırx beş) manat dəbbə pulu olmaqla ümumilikdə 9.860 (doqquz min səkkiz yüz altmış) manat məbləğində pul tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar