Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2015/2023 31.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə-alqı satqı müqaviləsi, maddi zərər, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh maddi zərər üçün 1024,05 manat, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat olmaqla, ümumilikdə cəmi 1055 manat pulun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı artıq uzun illərdir ki, Bakı şəhərində həm fiziki həm də hüquqi şəxslərə müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olur. Həmin fiziki şəxslərdən biri də Cavabdehdur. Cavabdeh İddiaçı MMC-dən 2015-ci ildə müxtəlif növ tikinti materiallarının dəyərini daha sonra ödəmək şərti ilə cəmiyyətimizdən almışdır. Lakin daha sonra aldığı malların dəyərini ödəməkdən imtina etmişdir. Tərəflərindən dəfələrlə xəbərdarlıq edildikdən sonra Cavabdeh ilə İddiaçı MMC arasında 16 sentyabr 2015-ci il tarixli alınmış malların dəyərini təsdiq edən üzləşmə aktı tərtib olunmuşdur. Həmin üzləşmə aktına əsasən Cavabdeh aldığı tikinti materiallarının dəyəri olan 1024,05 manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ümümilikdə 1024,05 manat dəyərində yaranmış borcu bu günə qədər ödəməmişdir. Nəticədə, İddiaçı MMC-yə maddi ziyan dəyməklə yanaşı işgüzar nüfüzuna xələl gətirilmişdir. Belə olan halda, qarşılıqlı razılaşma əsasında razılaşmanın tələblərinə cavabdehin əməl etməməsi və öhdəliyin icra edilməsindən yayınması qanun pozuntusu və ya mülki hüquq pozuntusudur. Ona görə də cavabdeh tərəf borclu olduğu pulu geri qaytarmağa borcludur. Bu borclu kimi onun vəzifəsidir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3317/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh 1024,05 manat maddi zərər üçün, dövlət büdcəsinə ödənilmiş 31 manat, ümumilikdə cəmi 1055 manat məbləğində pulun tutulması barədə kiçik iddia ərizəsininə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində izahat verən Cavabdeh bildirmişdir ki, onunla İddiaçı MMC arasında cəmi iki il ərzində alış-veriş olmuşdur. 2015-ci ildən sonra isə həmin MMC ilə işləməməmişdir. O 1024 manat əvəzində İddiaçı MMC-yə 70 ədəd İran İstehsalı olan sement satmış və əlavə olaraq 290 manat pul vermişdir. Onun İddiaçı MMCyə heç bir borcu yoxdur. Bundan əlavə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı MMC-nin tərəfindən müqavilə tələbləri üzrə verilmiş 3 illik iddia müddətini buraxmışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC ilə onun arasında 2015-ci ildə imzalanmış üzləşmə aktının qəbul edilməsindən artıq 7 ildən artıq vaxt keçmiş və iddia müddəti bitmişdir. Belə olan halda İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni müqavilənin müddətinin bitməsindən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu əsasdan iddia rədd edilməlidir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi üçün onun ərizəsinin qəbul edilməsini və müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin keçməsinə görə İddiaçı MMCnin iddiasının rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 3317/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1090/2023 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3317/2022 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. İş Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul olunduqdan sonra Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğu üçün rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti buraxılmışdır. İş materiallarından görünür ki, tərəflər arasında olan münasibətlər 2015-ci ildə olmuşdur və artıq həmin müddətdən 7 ildən artıq vaxt keçmişdir. Belə olan halda iddia müddəti keçdiyi üçün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
8. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə işi üzrə baxış iclasını iddiaçının iştirakı olmadan işdə olan sübutlar əsasında baxaraq İddiaçı MMC-nin xeyrinə qətnamə qəbul olunmasını xahiş etmiş, cavabdehr Cavabdeh naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə üzləşmə aktına əsasən qarşılıqlı hesablaşmalara əsasən Cavabdeh İddiaçı MMC-yə 1024,05 manat məbləğində borcu vardır. Akt tərəflərin imzaları ilə təsdiq edilmişdir.
12. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.
13. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında şifahi qaydada razılaşdırılmış alqı – satqı münasibətləri üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsi ilə əsaslandırılmışdır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
15. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 329.2-ci və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır və şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
17. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
19. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
21. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
22. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
23. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada razılaşdırılmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin münasibətlərin davamı olaraq tərəflər arasında üzləşmə aktı imzalandıqdan, məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır.
25. Bundan əlavə MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
26. Məhkəmə, İddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
27. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində aralarında olan münasibətlərin 2015-ci ildə olduğu, iş materiallarında olan üzləşmə aktı 16 sentyabr 2015ci il tarixdə tərtib edildiyi və akt üzrə tələb etmək üçün iddia müddəti bitdiyini və artıq həmin müddətdən 7 ildən artıq vaxt keçidiyini bildirmişdir. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir.
28. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli üzləşmə aktı imzalanmış və həmin üzləşmə aktına əsasən cavabdehin 1024,5 manat borcun olması müəyyən edilmişdir. Lakin, həmin üzləşmə aktıdan sonra yaranmış borcun tələb edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş və borcun tutulmasına dair iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci ildə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuşdur.
29. Beləliklə, iddia müddətinin axımı yəni etiraf edici hərəkətin (üzləşmə aktının imzalandığı xx.xx.2015-ci ildən) edildiyi tarixdən hesablanmaqla iddia müddəti xx.xx.2018ci il tarixində başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ümumi məhkəməyə müraciət etmişdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
32. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
33. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
34. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
36. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
39. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “Cavabdeh maddi zərər üçün 1024,05 manat məbləğində, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat olmaqla, ümumilikdə cəmi 1055 (min əlli beş) manat pulun tutulması” barədə iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova