Məhkəmə qərarları › İş №2-2(113)-2053/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2053/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2053/2022 26.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə faizlərin silinməsi, kredit müqaviləsinin dəyişdirilməsi və kredit borcunun yeni şərtlər üzrə hesablanması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC ilə onun arasında bağlanmış 26 avqust 2019-cu il tarixli 01/2016/KBK saylı kredit müqaviləsinə xitam verilməsi, ölkə ərazisində pandemiya səbəbindən elan olunmuş sərtləşdirilmiş karantin rejimi ilə bağlı 25 mart 2020-ci il tarixdən 10 iyun 2021-ci il tarixinədək kredit müqaviləsi və onun tərkib hissəsi olan ödəniş qrafikinə əsasən həmin müddət ərzində kredit məbləğinin əsas qalıq hissəsinə hesablanmış faiz borcunun proporsional şəkildə azaldılmasına, habelə 60 aylıq stabil ödəniş məbləğinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "NBC Bank” ASC arasında bağlanmış 26 avqust 2019-cu il tarixli 01/2016/KBK saylı kredit müqaviləsinə əsasən iddiaçıya verilən 70000 manat məbləğində kreditin ödənişlərinin həyata keçirilməsi üçün tərəflərdən mövcud kredit və ipoteka müqavilələrinin şərtlərini və mövcüd qanunvericiliyin tələblərini nəzərə alaraq qətnamə qəbul edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Belə ki, iddiaçı bir nümunəvi müştəri və vicdanlı vətəndaş olaraq həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişlərini ölkədən elan olunmuş məlum pandemiya ilə bağlı sərtləşdirilmiş karantinin elan olunduğu 2020-ci ilin mart ayının 25-dək 6 ay ərzində vaxtından qabaq və artıq məbləğ olaraq icra etmişdir. Həmin kredit müqaviləsi üzrə iddiaçıya ayrılan kredit vəsaitini təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Sədərək” Ticarət Mərkəzi, "Elit” korpusu, 1-ci bina, 1-ci mərtəbə, 7-ci koprus, 1 saylı mağazada kişi üst geyimlərinin pərakəndə satışı ilə məşğul olduğu biznes fəaliyyətinə sərf etmişdir. Ölkə ərazisində məlum pandemiya səbəbindən elan olunmuş sərtləşdirilmiş karantin və Operativ Qərargahın məlum qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən bütün iri ticarət mərkəzlərinin fəaliyyətlərinin 25 mart 2020-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək dayandırılması və onun rəsmi digər gəlirin olmaması səbəbindən öhdəliyini icra edə bilməmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən müqavilənin icraatının təmin edilməsi ilə bağlı iddiaçıya heç bir köməklik və loyallıq tətbiq olunmamışdır. Əksinə, iddiaçı tərəfindən cavabdehə məsələnin həlli və mövcud müqavilə öhdəliklərinin icrası ilə bağlı 10 iyun 2021-ci il tarixdən bu günədək 2 dəfə müraciət olunsa da, həmin təklifin qəbul edilib-edilməməsi ilə bağlı cavab məktubunda heç bir qeyd yazılmaması bir yana, əksinə iddiaçı tərəfindən ödənişlərin qəsdən icra edilmədiyi barədə qərəzli mövqe və iftira qeyd olunmuşdur. Bütün mümkün hüquqi kompromis variantları ilə bu məsələnin hüquqi müstəvidən kənar şəkildə cavabdehlə öz aralarında həlli üçün tərəfindən atıla biləcək bütün mümkün addımlar tükəndiyi üçün iddiaçı öz konstitusion hüquqlarından istifadə edərək və “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini rəhbər tutaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(006)- 6152/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-1355/2022 nömrəli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(006)-6152/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş Bakı Kommersiya Məhkəməsinin icraatında baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan "xxxx" ASC ilə onun arasında bağlanmış 26 avqust 2019-cu il tarixli 01/2016/KBK saylı kredit müqaviləsi üzrə pandemiya səbəbindən tətbiq edilmiş karantin dövrü üçün hesablanmış faizlərin silinməsi, həmin müqavilənin dəyişdirilməsi və kredit borcunun yeni şərtlər üzrə təzədən hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, hər hansı bir güzəşti tətbiq etmək bankın səlahiyyətindədir və iddia ərizəsində qeyd olunan əsaslarla faizlərin silinməsi, həmin müqavilənin dəyişdirilməsi və kredit borcunun yeni şərtlər üzrə təzədən hesablanaraq ödənilməsi əsassızdır. NBC bank ləğv etmə prosesində olsa da, iddiaçıya Fondun daxilində yaradılmış Komitə qərarı ilə güzəşt edilə bilər. Həmin güzəştlərə faizlərin azaldılması, borcun hissə-hissə ödənilməsinə şərait yaradılması da daxildir. Sonda məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 26 avqust 2019-cu il tarixli, 01/2026/KBK saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 36 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 70000 manat kredit verilmişdir. - ərizənin surətindən görünür ki, İddiaçı tərəfindən LPO "xxxx" ASC-yə müraciət olunaraq əsas borcdan başqa hesablanmış digər ödənişlərin silinməsi və əsas borcun kapitallaşdırılaraq illik 1% olmaq şərtilə 60 ay müddətinə restrukturizasiya olunması xahiş edilmişdir. - LPO "xxxx" ASC-nin 27 may 2021-ci il tarixli məktubunda karantin rejiminin tətbiqinin öhdəliklərin icrasından imtina üçün əsas olmadığı və İddiaçı xahişinin mümkünsüzlüyü qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddiaçı tərəəindən tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422, 425-ci maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. - 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. - 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. - 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İddia ərizəsinin məzmunundan görünür ki, tələb - kredit müqaviləsi üzrə pandemiya səbəbindən tətbiq edilmiş karantin dövrü üçün hesablanmış faizlərin silinməsi; - müqavilənin dəyişdirilməsi; - kredit borcunun yeni şərtlər üzrə təzədən hesablanaraq ödənilməsi. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 7 sentyabr 2018ci il qərarında qeyd olunmuşdur ki, “Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.” Plenum qərarında əks olunan hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə pandemiya səbəbindən tətbiq edilmiş karantin dövrü üçün hesablanmış faizlərin silinməsi, müqavilənin dəyişdirilməsi, kredit borcunun yeni şərtlər üzrə təzədən hesablanaraq ödənilməsi müqavilə şərtləri və mülki hüququq prinsipləri ilə ziddiyyət təşkil edir. Belə ki, müqavilədə karantin, pandemiya və digər bu kimi hallar fors – major halı kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən isə iddianın təmin olunduğu təqdirdə belə qətnamənin icrası mümkün deyildir, belə ki, "xxxx" ASC ləğv prosesindədir, ləğvedici Əmanətlərin Sığortalanması Fondunnun isə müqavilənin dəyişdirmək səlahiyyəti yoxdur. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə faizlərin silinməsi, kredit müqaviləsinin dəyişdirilməsi və kredit borcunun yeni şərtlər üzrə hesablanması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar