Məhkəmə qərarları › İş №2-2(113)-206/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-206/2020

05.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-206/2020 05.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı (üçüncü şəxs İsmayıllı rayon İcra və Probasiya şöbəsi) inkasso sərəncamının icra olunmamasının səbəbləri barədə məlumatın verilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC Cavabdeh ASC-nin İsmayıllı rayon filialına qarşı (üçüncü şəxs İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi) İ İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Nikitin adına kolxozun Cavabdeh ASC-nin İsmayıllı rayon filialında olan bank hesabına qoyulmuş inkasso sərəncamının icra olunmaması səbəbləri barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 10 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2016cı il tarixliQərardadına əsasən iddiaçı “xxxx” MMC ilə cavabdeh “Nikitin” adına kolxoz arasında bağlanmış xx xxxx 2016-cı il tarixli barışıq sazişinin şərtləri təsdiq edilmiş və “Nikitin” adına kolxoz ümumilikdə 309.347,32 manat məbləğində pul vəsaitini “xxxx” MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qərardadının icrası ilə bağlı İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi x xxxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası “İcra haqqında” Qanuna müvafiq olaraq icra hərəkətlərini həyata keçirmək üçün fəaliyyətə başlamışdır. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi ilə bağlı verdiyi təqdimat Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərardadı ilə təmin edilməsə də, “xxxx” MMC-nin apellyasiya şikayəti əsasında Şəki Apellyasiya məhkəməsi xx xxxxxxxx 2018-ci il tarixdə qərardad qəbul etmişdir. Qərardada əsasən şikayət təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, nəticədə İsmayıllı rayon İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək, borclunun aktiv bank hesablarının üzərinə həbs qoyulmuşdur. Bank hesablarına həbs qoyulduqdan dərhal sonra 2018-ci ilin oktyabr ayında borclu “Nikitin” adına kolxozun hesabından 53.500 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” MMC-nin hesabına keçirilmişdir. “Nikitin” adına kolxozdan qalıq borcun tutulması ilə bağlı şöbəyə etdikləri xx xxxxxx 2019-cu il tarixli növbəti müraciətdən sonra İsmayıllı Rayon İcra və Probasiya Şöbəsixx xxxxxx 2019-cu il tarixdə borclu “Nikitin” adına kolxozun “xxxx”ın İsmayıllı rayon filialında yerləşən hesabına inkasso sərəncamı qoymuşdur. Lakin xx xxxxxx 2019-cu il tarixdə onlara məlum olmuşdur ki, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarix inkasso sərəncamı “xxxx” ASC-nin İsmayıllı rayon filialı tərəfindən icra edilməyərək geri götürülmüşdür. Məsələni aydınlaşdırmaq məqsədilə MMC tərəfindən“xxxx” ASC-nin İsmayıllı rayon filialına xx xxxxxx 2019-cu il tarixli, 962 saylı məktub təqdim olunmuşdur. Məktubda “xxxx” MMC-nin İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 916 saylı, xx xxxxxx 2019-cu il tarixli rəsmi müraciətdə şöbə tərəfindən filialda yerləşən “Nikitin” adına kolxozun bank hesabına inkasso sərəncamının qoyulması, lakin qoyulmuş inkasso sərəncamının bu günə kimi icra olunmaması və inkasso sərəncamının icra olunmamasının səbəbləri barədə məlumatın verilməsi göstərilmişdir. Lakin “xxxx” ASC-nin İsmayıllı rayon filialının rəhbərliyi tərəfindən inkasso sərəncamının İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin rəsmi müraciəti əsasında götürüldüyü “xxxx” MMC-nin nümayəndəsinə bildirilmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli, 233 saylı cavab məktubunda isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun41.2.-ci ci maddəsinə istinad edərək, inkasso sərancamının icra olunmaması ilə bağlı səbəbləri barədə məlumatın verilməsindən imtina edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(84)-273/2019 saylı qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-1453/2019 saylı qərardadı ilə hazırkı iş mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-933/2019 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən elektron işə əlavə edilmiş: -Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-2(84)-130/2016 saylı qərardadından görünür ki, “xxxx” MMC ilə cavabdeh “Nikitin” adına kolxoz arasında xx.xx.2016-cı il tarixli barışıq sazişi təsdiqlənmiş, sazişə əsasən “Nikitin” adına kolxoz “xxxx” MMC-yə ödənilməmiş qalmış 134.051,99 manat məbləğində borcun xx.xx.2016-cı il tarixindən başlayaraq xx.xx.2016-cı il tarixinədək tam ödənilməsini, eyni zamanda əsas borcla yanaşı 175.295,33 manat cərimə məbləğinin, ümumilikdə 309.947,32 manat pul vəsaitinin ödənilməsini öhdəsinə götürmüşdür. -Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 8(107)-120/2018 saylı qərardadı ilə müəyyən edilir ki, “Nikitin” adına kolxoz barışıq sazişdən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Bunun nəticəsində İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(84)-436 saylı icra vərəqəsinin icrasının təmini məqsədi ilə təqdimatla məhkəməyə müraciət etmiş, həmin təqdimat təmin edilərək, “Nikitin” adına kolxozun bank hesablarının üzərinə həbs qoyulmuşdur. -“xxxx” MMC xx xxxxxx 2019-cu il tarixli, 962 saylı məktubla Cavabdeh ASC-nin İsmayıllı rayon filialına müraciət edərək, icra və probasiya şöbəsi tərəfindən “Nikitin” adına kolxozun hesabına qoyulmuş inkasso sərəncamının icra olunmamasının səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. -Cavabdeh ASC “xxxx” MMC-yə xx xxxxxx 2019-cu il tarixli, 233 saylı cavab məktubu ünvanlayaraq, sorğu etdikləri məlumatlar bank sirri hesab olunduğundan məlumatların verilməsinin mümkün olmadığıni bildirmiş və icra sənədinin icra vəziyyəti barədə məlumat əldə etmək üçün müvafiq icra və probasiya şöbəsinə müraciət edilməsini tövsiyyə etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı “xxxx” MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbkar qismində iştirak etdiyi icra icraatı gedişində İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Nikitin adına kolxozun Cavabdeh ASC-nin İsmayıllı rayon filialında olan bank hesabına qoyulmuş inkasso sərəncamının icra olunmaması səbəbləri barədə məlumatın verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, mülki xarakterli öhdəliklərin yaranma əsasları Mülki Məcəllənin 386.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı işin halları ilə isə müəyyən edilir ki, tərəflər arasında mübahisəli öhdəliyin yaranmasına əsas olan müqavilə münasibətləri mövcud deyildir, eyni zamanda iddiaçının icra edilməsini tələb etdiyi öhdəlik zərər vurulmasından, əsassız varlanmadan, eləcə də Mülki Məcəllədə nəzərdə tutulmuş digər öhdəliklərin yaranma əsaslarından irəli gəlmir. Bundan əlavə “Banklar haqqında” xx xxxxxx 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. Göründüyü kimi müştərilərin hesablarındakı pulun məbləğlərini əks etdirən məlumatlar bank sirrini təşkil etməklə icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar yalnız icra məmurlarına verilir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı iş üzrə Cavabdeh ASC iddiaçı qarşısında nəinki sözügedən məlumatların verilməsi öhdəliyi daşımır, bank tərəfindən belə məlumatın verilməsi hətta qanunla qadağan edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı (üçüncü şəxs İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi) inkasso sərəncamının icra olunmaması səbəbləri barədə məlumatın verilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar