Məhkəmə qərarları › İş №2-2(113)-2085/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2085/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2085/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, faiz borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndələri Vəkil1 və Vəkil2, cavabdehin nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərərin əvəzinə görə kompensasiya qismində 59.388 manat və 269 manat dövlət rüsumu olmaqla, cəmi 59.657 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 18 avqust 2023-cü il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış və notarial qaydada təsdiqlənmişdir. Müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanda inşa edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 393 m2 olan qeyri-yaşayış sahəsini bütünlüklə Cavabdeh MMC-yə verməyi, icarəçi isə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Obyekt cavabdeh tərəfindən ticarət, kommersiya və ya hər hansı digər məqsədlə icarəyə götürülmüşdür. Bundan başqa, müqavilə üzrə iddiaçının icarə sahəsini 45 kvt./saat elektrik enerjisi ilə təchiz etmək öhdəliyi olsa da, cavabdehin müraciətinə əsasən icarə sahəsini 60 kvt./saat elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehin müraciətinə əsasən icarə sahəsinə elektrik enerjisinin kilovatının artırılması üçün əlavə texniki şərtin alınması və elektrik enerjisinin çəkilməsi üçün iddiaçı 16.731,90 manat əlavə xərc çəkmişdir. Müvafiq qəbzlərin surətləri iddia ərizəsinə əlavə edilmişdir. Qeyd olunmalıdır ki, obyekt müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən qanunvericiliyə, o cümlədən yanğın təhlükəsizliyi, əmək təhlükəsizliyi, texniki təhlükəsizlik, sanitar-gigiyena və obyektin icarəçinin istifadə məqsədləri üçün tələb olunan standartlara, normalara və qaydalara, digər tələblərə və müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə tərəflər arasında imzalanmış akt əsasında cavabdehin istifadəsinə verilmişdir. İcarə müqaviləsi üzrə icarə haqqı məbləğinin müəyyən edildiyi 2.1-ci bəndində ilk il üçün icarə məbləğinin aylıq ÖMV daxil 9.140 manat, bir ildən sonra 11.425 manat təşkil edəcəyi qeyd olunmuşdur. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır. Müqavilənin bitmə tarixi həmin müqavilənin 3.2-ci bəndində qeyd olunduğu kimi 16 avqust 2033-cü il müəyyən edilmişdir. Lakin buna baxmayaraq icarəçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək icarə haqqını ödəmir. Göründüyü kimi, iddiaçı icarə sahəsinin müqaviləyə uyğun şəkildə verilməsi və elektrik, su təchizatının təmin edilməsi ilə bağlı bütün müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Belə ki, cavabdeh müqaviləyə əsasən ödəməli olduğu icarə haqqını ödəmir. Halbuki, müqavilənin 5.3.1-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin öhdəliyidir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmir və bunun nəticəsində iddiaçıya yüksək məbləğdə maddi ziyan dəyir. Beləliklə, cavabdehin müqaviləyə zidd qanunsuz hərəkətləri nəticəsində, iddiaçı üçün əlverişsiz şərait yaranmış, iddiaçı əsassız və qanunsuz olaraq vaxt və pul itkisinə məruz qalmışdır. Odur ki, müqavilənin 15.2-ci bəndini rəhbər tutaraq həmin müqavilələr üzrə ödənilməmiş icarə haqqının tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır; 3.2ci bəndinə əsasən icarə müqaviləsi 16 avqust 2033-cü il tarixədək qüvvədədir. Müqavilənin 5.3.1-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 15.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələr, danışıqlar yolu ilə həll oluna bilmədikdə, aidiyyəti üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məhkəmə qaydasında həll edilir. Cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçının məruz qaldığı zərərə görə kompensasiya məbləği aşağıdakılara əsasən hesablanmalıdır: 1). "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün ödənilən 13.620,5 manat məbləğində qoşulma haqqı və 67.5 manat məbləğində yük hesabatının hazırlanması haqqının əvəzi olaraq cəmi 13.688 manat; 2). İcarə obyektinin aylıq icarə haqqı məbləği nəzərə alınmaqla 5 ay üçün ödənilməli olan icarə haqqı məbləğinin əvəzi kimi cəmi 45.700 manat. Cavabdehdən tələb olunan cəmi məbləğ 59.388 manat təşkil edir. İddianın məhkəməyə təqdim edilməsi ilə bağlı ödənilən 269 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 201.080 manat məbləğində əsas borcun, maddi zərər vaxtında aradan qaldırılmadığına görə Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5 faiz olmaqla 8340,24 manat, əlavə çəkilmiş xərc 16732 manat xərcin, dövlət rüsumunun ödənilməsinə görə 516 manat məbləğində ümumilikdə 226.668,24 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, borc hələ də cari tarixədək ödənilməmişdir. Hesab edirik ki, Cavabdeh MMC vurduğu maddi zərəri vaxtında aradan qaldırmadığı üçün gecikdirilmiş müddət üçün gecikmə faizini ödəməlidir. Qeyd etmək lazımdır ki, Müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, xx.xx.2023-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə əsasən aylıq icarə haqqı müqavilə bağlanandan 1 il ərzində 9.140 manat, 1 ildən sonra isə 11.425 manat təşkil edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla, gecikdirilmiş müddət üçün xx.xx.2025-ci il tarixinədək gecikmə faizi 8340.24 AZN təşkil edir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia və dəqiqləşmə ərizələrinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdilər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaya etiraz edir. Müqavilə bağlanılan zaman artıq həmin yer üzərində 45 kvt elektrik enerjisinin olması razılaşdırılmışdır və həmin kilovatlıq enerjinin təmin olunması icarəyəverənin üzərinə qoyulmuşdur. Əgər həqiqətən 60 kvt-lıq enerji lazım olmuş olsaydı elə həmin vaxtı bu bildirilərdi. Bu hissədə iddia təmamilə əsassızdır, bununla bağlı hər hansı bir yazışma da yoxdur. İkincisi, 4 ay ərzində hər hansı bir ödəniş olmadığı, eyni zamanda heç bir təmir işləri də aparılmadığı halda necə ola bilər ki, iddiaçının bundan xəbəri olmaması qeyri-mümkün bir məsələdir. İddiaçı ilə danışıqlar aparılmışdır, hətta bu məsələ ilə bağlı iddiaçıya tərəfimizdən bildirilib ki, açmaq niyyətində olduqları marketin açılması müəyyən səbəblərə görə mümkün olmayacaq. Şifahi qaydada bu dəfələrlə bildirilib. Müqavilənin ləğvi ilə bağlı qarşı tərəfə məktub da göndərilmişdir, qarşı tərəf məktubu qəbul etməkdən imtina etmişdir, buna dair surətli poçtun tərtib etdiyi aktı da var, təqdim ediblər. Müqaviləyə əsasən müqavilənin ləğvi ilə bağlı yazılı xəbərdarlığın edilməsi şərti yoxdur, xəbərdarlıq edilməsi əsasdır. Hesab edir ki, iddia əsassızdır. Belə ki, müqavilədə açıq göstərilir ki, icarəçi verən bir ay əvvəldən hər-hansı səbəb göstərilmədən müqaviləyə birtərəfli xitam verə bilər. Müqavilənin 3-cü bəndinə isə göstərilmişdir ki, obyekt təhvil alındığı tarixdən 4 ay müddətində icarə haqqı ödənilmir. Cavabdeh icarəçi mövqeyindən çıxış edərək icarə haqını hələ 4 ay ödəməmək imkanı olduğuna görə və həmin müddət hələ bitmədiyi üçün, həmçinin həmin yerdə icarə fəaliyyətini göstərmək istəmədikləri üçün müqavilənin həmin bəndinə istinad edərək qarşı tərəfə xəbərdarlıq məktubu göndərərək müqaviləyə xitam verib. Müqavilənin ləğv edilməsi səbəbi obyektin təhvil verilməməsi səbəbi olmamışdır. Yəni, hazırki halda obyektin verilibverilməməsində icarəçinin ümumiyyətlə marağı olmayıb. Çünki, müqavilə bağlanılan tarixdə əməkdaşlıq etdikləri Polşa Şirkəti ilə nəzərə tutulan əməkdaşlıq baş tutmadığı üçün artıq bu obyektin icarəsində maraq qalmamışdır və buna görə də qarşı tərəfə həm şifahi, həm yazılı xəbərdarlıq göndərməklə müqaviləni birtərəfli ləğv elədilər.

7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs bildirdi ki, o, Cavabdehdə maddi vəsaitlər üzrə müəxəssis vəzifəsində işləyib. İcarə müqavilələri bağlanarkən Cavabdehin nümayəndəsi olaraq gedib obyektləri təhvil alırdı. İş materiallarında olan aktda imza ona məxsusdur. Sahibkardan obyekti təhvil aldılar, su, işıq sayğacın sonuncu göstəricilərini qeyd etdilər. Aktı imza etdilər ki, iştirak etdilər təhviltəslimdə və icarə ödənilməsi üçün Aktı mühasibatlığa təqdim ediblər. Obyekt təhvil alınarkən təmirsiz idi, “pod mayak” vəziyyətində. Hər hansı bir obyekti təhvil alarkən faktiki olaraq o, obyektin daxilində olan avadanlığa cavabdeh idi. Hazırki obyektdə avadanlıq olmadığı üçün, sadəcə sayğaclar olduğu üçün yalnız sayğacların son göstəricilərini təhvil alırdı. Bu obyekti təhvil alarkən yanında elektrik və santexnik, həmçinin qarşı tərəfin nümayəndəsi olmuşdur. Elektrik və santexnik Cavabdehin əməkdaşları idi. Bütün obyektlərdə standart olaraq eyni bu cür edirdilər. Obyektlərin təhvil alınması ilə bağlı o gedirdi. Hər hansı bir obyekti təhvil alarkən faktiki olaraq obyektin daxilində olan avadanlığa cavabdeh idi. Hazırki obyektdə avadanlıq olmadığı üçün, sadəcə sayğaclar olduğu üçün yalnız sayğacların son göstəricilərini təhvil alırdılar. Bütün obyektlərdə standart olaraq eyni bu cür edirdilər. Obyektlərin təhvil alınması ilə bağlı o gedirdi. İcarə obyekti kimi təhvil alıb. Tam olaraq yadında deyil. Obyekti təhvil alıbsa yəgin ki, açarları da təhvil götürüb. Sonradan, səhv etmirsə, deyəsən açarları onlara geri qaytarıblar.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. xx.xx.2023-cü il tarixli, 446-Q/Y saylı müqaviləyə əsasən "xxxx" MTK ünvan 2 ünvanında tikilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbə 393 kv.m. qeyriyaşayış sahəsini İddiaçı təhvil verməyi və sonuncuda qeyri-yaşayış sahəsinin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir.

10. xx.xx.2023-cü il tarixli 2165 saylı maliyyə arayışına əsasən MTK-nın payçısı İddiaçı müqaviləyə əsasən Nərimanov rayonu, Qarabağ küçəsi 36 ünvanında tikilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbə 393 kv.m. qeyri-yaşayış sahəsinin tam dəyərini kooperativə pay hesabından ödəmişdir.

11. İddiaçı (nümayəndəsi X2 vasitəsi ilə) ilə Cavabdeh MMC (nümayəndəsi X8 vasitəsi ilə) arasında bağlanmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsinin:

12. 1.1-ci bəndinə əsasən tərəflər razılığa gələrək qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə (ilkin) bağladılar. İcarəyəverən - İ tərəf ünvan 3 ünvanında inşa edilən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 393 kv.m qeyri-yaşayış sahəsini bütünlüklə (bundan sonra «icarə sahəsi» adlandırılacaq) İİ tərəf - «icarəçi»yə icarəyə verməyi, «icarəçi» isə obyekti qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür.

13. 1.2-ci bəndinə əsasən obyekt icarəçi tərəfindən ticarət, kommersiya və ya hər digər məqsədlə icarəyə götürülür və icarəçinin mülahizəsinə üyğun olaraq istifadə ediləcək.

14. 1.3-ci bəndinə əsasən icarəyə verən İ tərəf "xxxx" MTK ilə bağladığı xx.xx.2023-cü il tarixli 446-Q/N saylı müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 393 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydə aldıraraq çıxarış əldə etməklə xx.xx.2033-cü ilədək icarəyə verdi.

15. 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı məbləği ilk bir ÖMV daxil 9.140 manat, bir ildən sonra ÖMV daxil 11.425 manat təşkil edəcəyi qeyd olunmuşdur.

16. 2.4-ci bəndinə əsasən icarə haqqı obyekt təhvil verildikdən 4 ay sonra, hər ayın 01-dən 10-dək icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir.

17. 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır.

18. 3.2-ci bəndinə əsasən müqavilə üzrə müddətin axımı və icarə haqqının hesablanması obyekt təhvil verildikdən 4 ay sonra başlayır və 10 il müddətinə müəyyən edilir. Bu icarə müqaviləsi xx.xx.2033-cü il tarixinədək qüvvədədir.

19. 4.1-ci bəndinə əsasən icarəyə verən obyekti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı (bundan sonra “Akt”) əsasında icarəçiyə təqdim etməlidir. Hər tərtib edilmiş Akt bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. İcarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti, təhviltəslim aktının tərtib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır.

20. 4.2-ci bəndinə əsasən obyekt istismar və təyinatı üzrə istifadə üçün minimal standartlara və tələblərə uyğun olmadıqda icarəçi obyekti təhvil almamaq hüququna sahib olur. Uyğunlaşdırmaq üçün istifadə edilən müddət bu müqavilənin 4.5-ci bəndində qeyd olunan müddəti keçməməlidir. Bu müddət keçdikdə icarəçi bu müqaviləyə xitam vermək və\ və ya bununla bağlı ona dəymiş ziyanı (əldən çıxmış fayda daxil olmaqla) habelə bu müqavilənin 4.5-ci bəndində göstərilən cəriməni icarəyə verəndən tələb etmək hüququ əldə edəcək.

21. 5.1.10-cu bəndinə əsasən icarəyə verilmiş sahənin tələb olunan gücünə uyğun olaraq 45 kvt./saat elektrik enerjisi , elektrik enerjisi üçün texniki şərtin alınması, elektrik və su sayğacı ilə təmin olunma “icarəyə verən”ə aiddir və onun tərəfindən akt əsasında icarəçiyə təhvil veriləcək.

22. Müqavilənin 8.1-ci bəndinə əsasən icarəçi əvvəlcədən icarəyə verənə məlumat verilməklə obyekti və ya onun müəyyən hissəsini dəyişiklik, təmir və abadlaşdırma işləri həyata keçirmək hüququna malikdir.

23. Müqavilənin 8.5-ci bəndinə əsasən təmir müddəti 4 ay təşkil edəcək.

24. Müqavilənin 13.3-cü bəndinə əsasən icarəçi 1 ay öncədən icarəyə verəni xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

25. Cavabdeh MMC-nin balnkında tərtib dilmiş xx.xx.2023-cü il tarixli maddi vəsaitlərin təhvil-təslim akınta əsasən elektrik və su sayğacların son göstəricisi 0 qeyd olunmuş və təhvil alarkən Ələkbərov Airf tərəfindən imzalanmışdır (EMİS-dən əldə edilmiş çıxarışa əsasən Araz Supermarket MMC-nin mütəxəssisi).

26. 19.09.2023-cü il tarixli Elektrik şəbəkəsinə qoşulma aktına əsasən ünvan 2, 1 mərtəbədə tələb olunan gücün 45 kvt olduğu, ödənilən məbləğin13620,5 manat və xx.xx.2023-cü il tarixli Elektrik şəbəkəsinə qoşulma aktına əsasən ünvan 2, 1 mərtəbədə tələb olunan gücün 60 kvt olduğu və ödənilən məlbəğin 2953,9 manat olduğu qeyd olunmuşdur.

27. Cavabdeh MMC-nin idarə heyətinin sədri R.İbrahimovun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 1 (bir) ay sonra, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2023-cü il tarixli, 3M1295 reyestr saylı icarə müqaviləsinə xitam verilmiş və onun qüvvədən düşmüş hesab edilməsi xəbərdar edilmişdir.

28. "xxxx" MMM şirkətinin direktoru Şaiq Qəribzadənin imzaladığı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, A509799 saylı qaimənin üzərində qeyd edilmiş telefon nömrəsi ilə məktubun təhvil alınması üçün əlaqə saxlanmış, lakin şəxs tərəfindən söz verdiyi tarixdə məktub təhvil alınmamışdır. Daha sonra qaimə üzərindəki ünvanda şəxsin yaşamamasına görə məktub çatdırılmamışdır.

29. Maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə icarə haqqı 9,140 manat müəyyən edilmiş, hesablamaların xx.xx.2025-ci il tarixinə kimi aparıldığı və ümumi borcun məbləği 201,080 manat, ümumi hesalanmış faiz məbləği isə 8340,24 manat müəyyən edilmişdir.

30. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

31. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

34. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

35. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

36. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

37. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

38. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

39. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

40. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 18 avqust 2023-cü il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 11 saylı notariat ofisində təsdiqlənmiş 3M-1295 reyestr saylı icarə müqaviləsi bağlanmış və müqavilə İddiaçı ünvan 3 ünvanda inşa edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 393 m2 olan qeyri-yaşayış sahəsini bütünlüklə Cavabdeh MMC-yə verməsi, icarəçinin isə obyekti ticarət, kommersiya və ya hər hansı digər məqsədlə icarəyə qəbul etməyi, müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmələri ilə şərtləndirilmişdir. Müqaviləni iddiaçının adından 3 saylı notariat ofisində xx.xx.2023-cü ildə verilmiş 7E-3736 reyestr nömrəli etibarnaməyə əsasən nümayəndəsi X3, cavabdehin əvəzinə 6 saylı notariat ofisində xx.xx.2022-cü ildə verilmiş 7E-62183 reyestr nömrəli etibarnaməyə əsasən nümayəndəsi X8 imzalamışlar. Həmçinin, müəyyən edilmişdir ki, müqavilənin 1-ci bəndi «Müqavilənin predmeti», 2-ci bəndi «İcarə haqqı və vergilər», 3-cü bəndi «İcarə müddəti», 4-cü bəndi «Obyektin təhvil-təslimi», 5-ci bəndi «Tərəflərin hüquq və öhdəlikləri», 6-cı bəndi «İcarəyə verənin zəmanəti», 7-ci bəndi «Daşınar əmlak və avadanlıqlar», 8-ci bəndi «Təmir və hazırlıq işləri», 9-cu bəndi «Tərəflərin məsuliyyəti» 10-cu bəndi «Konfidensiallıq», 11-ci bəndi «Qarşıalınmaz hallar (fors-major), 12-ci bəndi «Hüquqların ötürülməsi», 13-cü bəndi «Müqaviləyə xitam verilməsi», 14-cü bəndi «Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi», 15-ci bəndi «Tətbiq olunan hüquq və mübahisələrin həlli», 16-cı bəndi «Yekun müddəalar» adlanmaqla həmin bəndlərdə tənzimlənməsi zəruri olan digər məsələlər nəzərdə tutmaqla, tərəflər müqavilə şərtlərini qəbul etmiş və müqaviləni imzalamaqla təsdiq etmişlər.

42. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktından, elektrik şəbəkəsinə qoşulma aktından, texniki şərtlərdən, icarə obyekti təhvil-təslim edilən zaman Cavabdeh MMC-nin rəsmi işçisi olan (hazırki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs) Arif Ələkbərovun məhkəməyə verdiyi izahatından görünür ki, İddiaçı icarəyə verən şəxs kimi müqavilə öhdəliklərini icra edərək obyekti icarəçiyə təhvil vermişdir. Lakin, cavabdeh tərəf icarə haqqının ödənişinə dair hər-hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə etiraz edərək bildirir ki, icarə obyekti onlara təhvil verilməmiş, bundan əlavə isə icarəçi olaraq müqavilənin ləğv olunması barədə icarəyəverənə xəbərdarlıq məktubu da göndərilmişdir.

43. Hazırda iddiaçı müqavilə üzrə yaranmış əsas icarə borcun və ödənişlərin gecikdirilməsinə illik 5% hebalanmaqla faiz borcunu və əlavə çəkilmiş xərcin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.

44. Məhkəmə iddia tələbini ilkin olaraq əsas borca dair hissədə qiymətləndirilməsini zəruri hesab edir və tələbi bu hissədə qismən əsaslı hesab edir.

45. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 2.1ci bəndinə əsasən aylıq icarə haqqı ilk bir il üçün 9140 manat və həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə müddətin axımı və icarə haqqının hesablanması obyekt təhvil verildikdən 4 ay sonra başlayır və 10 il müddətinə müəyyən edilir.

46. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından, iddiaçının nümayəndələrinin və cavabdehin əvvəllər rəsmi işçisi olan hazırkı iş üzrə 3-cü şəxsin izahatlarından göründüyü kimi icarə obyekti cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinə kimi icarə haqqı borcunu hesablayaraq 201.080 manat məbləğində cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iddiaçının tələbini bu hissədə qismən əsaslı hesab edir. Müqavilə şərtlərinə əsasən icarə haqqı obyekt təhvil veriləndən 4 ay sonra hesablanmalıdır. Lakin, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında icarə haqqının məhz xx.xx.2023-cü il tarixindən (Müqavilənin 3.2-ci bəndini nəzərə almadan) başlayaraq hesablamalarını onunla əsaslandırmışdır ki, dörd ay icarə haqqının tutulmaması icarə obyektinin təmir edilməsi ilə şərtləşdirilmişdir, icarə obyetki icarəçi tərəfindən təmir olunmadığı üçün həmin dörd aylıq müddət üçün də icarə haqqını ödəməlidr. Məhkəmə iddiaçı tərəfin bu arqumentini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icarə obyektinin əsaslı təmir edilməsi icarəçinin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, icarə haqqının dörd ay ödənilməməsi sırf təmir işlərinin həyata keçirilməsinə görə və yaxud əksinə, təmir işləri aparılmadığı halda ilk dörd ayın da icarə haqqısının tutulacağı şərti müqavilə mətnindən müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Müqavilənin 3.2-ci maddəsi əsas götürülərək icarə haqqı borcu xx.xx.2023-cü il tarixindən deyil, xx.xx.2024-cü il tarixindən başlayaraq hesablanmalıdır.

47. Digər mübahisəli məqam – icarə haqqının hansı tarixə qədər hesablanması təşkil edir. Belə ki, iddiaçı borcu xx.xx.2025-ci il tarixinə kimi hesablamışdır.

48. Hazırki iş Nəsimi Rayon Məhkəməsinin icraatında olduğu zaman cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində EMİS vasitəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixli icarəçi tərəfindən icarəçiyə verənə "xxxx" barədə xəbərdarlıq məktubunun surəti və AzeriExpress MMM Şirkətinin məktubun ünvan sahibinə (İddiaçı) çatdırılmaması barədə Akt təqdim edilmişdir (həmin xəbərdarlıq məktubunda xitam verilməsinə hər hansı, o cümlədən icarə obyektinin təhvil verilməməsi səbəbi göstərilməmişdir). Və cavabdehin nümayəndəsi bildirir ki, həmin sənədlərlə təsdiq olunur ki, icarəçi tərəfindən xx.xx.2024-cü il tarixindən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İddiaçının nümayəndələri isə bildirirlər ki, müqaviləyə xitam verilməsi barədə bildirişi almayıblar.

49. Müqavilənin 13.3-cü bəndinə əsasən icarəçi 1 ay öncədən icarəyə verəni xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

50. Məhkəmə hesab edir ki, baxmayaraq ki, Cavabdeh MMC-nin "xxxx" barədə xəbərdarlıq məktubu İddiaçı surətli poçt vasitəsi ilə çatdırılmamışdır, lakin, məhkəmə gedişatı zamanı icarəçinin müqaviləyə xitam verilməsi barədə iradı ifadəsi xx.xx.2024-cü il tarixində (həmin məktubun EMİS-nə əlavə edildiyi tarix) iddiaçı tərəfə çatdırıldığı üçün və müqavilənin “icarəçinin 1 ay öncədən xəbərdarlıq etmək” vəzifəsi nəzərə alınmaqla müqavilə xx.xx.2024-cü il tarixindən ləğv edilmiş hesab edilməlidir.

51. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, icarə haqqı borcu xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək (4 ay 10 gün), aylıq 9140 manat olmaqla, hesablanaraq 39.610 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

52. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənini 705-ci maddəsinə əsasən Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

53. Qeyd edilən maddə əsas götürüldüyü halda iddiaçının tələbi təmin edilərək digər ayların icarə haqqı hissəsi də cavabdehdən tutula bilərdi. Lakin, məhkəmə gedişatı zamanı məhkəmənin verdiyi sualına iddiaçının nümayəndəsi hər dəfəsində bildirmişdir ki, bilirlər ki, icarə obyekti cavabdeh tərəfindən istifadə olunmamışdır, çünki istifadə etmək üçün gərək obyek təmir olunardı, lakin təmir olunmayıb, təhvil verilən zaman necə idisə “podmayak” olaraq qalmışdır. Bundan əlavə, suala cavab olaraq iddiaçının nümayəndəsi həmçinin onu da bildirmişdir ki, icarəyə verilmiş obyektin açarının bir nüsxəsi icarəçidə, bir nüsxəsi isə icarəyə verənin özündədir. Belə olan halda, məhkəmə hesab edir ki, müqaviləyə xitam verilməsi barədə icarəçinin iradə ifadəsi iddiaçı tərəfə çatdırıldığı gündən həm icarə müqaviləsinə xitam verilmiş və icarəçi tərəfindən obyektdə hər-hansı təmir-tikinti, quraşdırma, avadanlıqla təchiz və sair işlər aparılmadığı üçün (icarəçinin hər hansı öz avadanlıqlarının icarə obyektindən çıxarılaraq təhvil verilməsi və ya icarə obyektinin vəziyyəti qiymətləndirilərək təhvil verilməsi zərurəti mövcüd olmadığı üçün) və obyektin açarı icarəyə verənin özündə də olduğu üçün əlavə geri təhvil-təslimin imzalanması zərurəti də aradan qalxmış olur. Yəni, icarəyə verən xx.xx.2024-cü il tarixindən sərbəst olaraq obyektdən təyinatı üzrə özü istifadə edə və ya digər şəxslərin icarəsinə verə bilərdi. Beləliklə, məhkəmə tərəfindən iddiaçının xx.xx.2024-ci il tarixindən sonrakı dövr üçün də cavabdehdən icarə haqqı borcunun tələb edilməsini pozulmuş hüququnun bərpası kimi deyil, hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

54. İddia tələbinin ikinci hissəsi – borcun ödənişinin gecikdirilməsinə görə əsas borca illik 5 faiz olmaqla hesablanmış 8340,24 manat faiz borcu təşkil edir. Məhkəmə həmin tələbi qismən əsaslı hesab edir.

55. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

56. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

58. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icarə haqqının hesablanmalı olduğu xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi yığınmış icarə haqqı borcu cavabdeh tərəfindən ödənilmədiyi üçün, 2024-cü ilin yanvar-fevral, fevral-mart, mart-aprel, aprel-may, may-01 iyun 2024-cü il tarixli aylıq borcların hər ay üzrə gecikmə müddətləri (14 ay, 13 ay, 11 ay, 10 ay) nəzərə almaqla illik 5% ilə hesablamaqla 1824 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

59. İddia tələbinin digər hissəsini - 16.372 manat əlavə çəkilmiş xərcin cavabdehdən tutulması təşkil edir. Məhkəmə iddia tələbinin bu hissədə tamamilə əsassız hesab edir.

60. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, müqavilə üzrə onun icarə sahəsini 45 kvt./saat elektrik enerjisi ilə təchiz etmək öhdəliyi olsa da, cavabdehin müraciətinə əsasən icarə sahəsini 60 kvt./saat elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehin müraciətinə əsasən icarə sahəsinə elektrik enerjisinin kilovatının artırılması üçün əlavə texniki şərtin alınması və elektrik enerjisinin çəkilməsi üçün iddiaçı 16.731,90 manat əlavə xərc çəkmişdir. Müvafiq qəbzlərin surətləri iddia ərizəsinə əlavə edilmişdir.

61. Lakin, tərəflər arasında bağlanmış müqavilənin 5.1.10-cu bəndinə əsasən icarəyə verilmiş sahənin tələb olunan gücünə uyğun olaraq 45 kvt./saat elektrik enerjisi , elektrik enerjisi üçün texniki şərtin alınması, elektrik və su sayğacı ilə təmin olunma “icarəyə verən”ə aiddir və onun tərəfindən akt əsasında icarəçiyə təhvil veriləcək. Göründüyü kimi, icarə obyektinin elektrik enerji təchizatının təmin edilməsi öhdəliyi icarəyə verənin üzərində olmuş və icarə sahəsini 60 kvt./saat elektrik enerjisi ilə təchiz edilməsinin məhz cavabdehin sifarişi əsasında təmin edilməsi və bu xərcin cavabdehə aid olmasına dair hər-hansı sübut və müqavilə şərti mövcüd deyil. Belə olan halda iddia ərizəsi bu hissədə təmin edilə bilməz.

62. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 516 manat məbləğində dövlət rüsumu xərci ödənilmişdir.

63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq 215 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 39.610 manat icarə haqqı borcu, borcun ödənişinin gecikdirilməsinə görə 1.824 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 215 manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar