Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2125/2021 18.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı X1 10604 manat borcun, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı X1 10604 manat borcun, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 dekabr 2016-ci il tarixdə İddiaçı ilə X3 arasında 24 saylı alqı-satqı müqaviləsi baglanmışdır. Cavabdeh müqavilə üzrə 10604 manat məbləgində iddiaçı qarşısında olan öhdəliklərini icra etməmişdir. Bu səbəbdən də 24 dekabr 2016-cı il tarixli 24 saylı alqı-satqı müqaviləsinin tərkib hissəsi olan həmin tarixli Hesabların qarşılıqlı yoxlanılması və təsdiqi barədə 24 saylı akt tərtib olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 oglu məhkəməyə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə ərizə ilə müraciət edərək ərizədə qeyd etmışdır ki, iddia tələbinin yeganə əsası 24.12.2016-cı il tarixli 24 saylı alqı-satqı müqaviləsi və 24.12.2016-cı il tarixli 24 saylı Hesabların qarşılıqlı yoxlanılması və təsdiqi barədə 24 saylı qeyri mötəbər aktdır. İşin digər halları ilə yanaşı iddia müddəti də, ötürülmüşdür. Sonda cavabdehin nümayəndəsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 24.12.2016-cı il tarixli 24 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında məhsulların alqı-satqı müqaviləsi baglanmışdır. 24.12.2016-cı il tarixli Hesabların qarşılıqlı yoxlanması və təsdiqi barədə aktdan və 29 aprel 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, cavabdehin iddiaçıya 10604 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 24.12.2016-cı il tarixli 24 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh arasında məhsulların alqı-satqı müqaviləsi baglanmış, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıya 10604 manat borcu vardır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə müqavilə tələblərinin yerinə yetirilməsi ilə bağlıdır və müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə vermişdir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri 24.12.2016-cı ildə olmuşdur ki, iddia müddətinin axımı həmin tarixlərdən başlanmışdır. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 13.05.2020ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış 24.12.2016-cı ili əhatə edən alqı-satqı müqaviləsi üzrə iddia müddətləri keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı X1 10604 manat borcun, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-2125/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2125/2021
18.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver