Məhkəmə qərarları › İş №2-2(113)-2133/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2133/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2133/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 08 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə 17424,74 manat əsas borcun, 4890,69 manat faiz borcu, 3127,24 manat cərimə olmaqla, ümumilikdə cəmi 25442,67 manat borcun və 145,92 manat ödənilmiş dövlət rüsumunun və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh3 08 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 23000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh2 ilə 08 fevral 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə və iddia həcminin artırılmasına dair ərizəyə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 08 fevral 2021-ci il tarixli 3-MZ-3-0-42-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 120 ay müddətinə 30% ilə kredit limiti üzrə illik 72% cərimə faiz dərəcəsi ilə 150000 manat məbləğində kredit limiti ayrılmışdır. 08 fevral 2021-ci il tarixli 3-MZ-3-0-42-21 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 illik 21 faizlə 36 ay müddətinə 23000 manat məbləğində kredit verilmişdir. 08 fevral 2021-ci il tarixli 3-MZ2-3-0-42-21 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 08 fevral 2021-ci il tarixli 3-MZ-3-0-42-21 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh3 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 08 fevral 2021-ci il tarixli 3-MZ2-3-0-42-21 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 08 fevral 2021-ci il tarixli 3-MZ-3-0-42-21 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh3 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə 17424,74 manat əsas, 4890,69 manat faiz, 3127,24 manat cərimə borcu vardır. 26 sentyabr 2022-ci il tarixli 9/6683 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizanın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 145 manatdır. 12 sentyabr 2023-cü il tarixli 3-16-16/2-9/5142/2023 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixə 17189,89 manat əsas və 4311,80 manat faiz borcu vardır. xx.xx.2023-cü il tarixli MŞB/9-00747 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 467 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər bankın qarşısında olan öhdəliklərini tam olaraq yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni ekspert rəyinə uyğun olaraq 17189,89 manat əsas, 4311,80 manat faiz borcu, həmçinin 200 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 3127,24 manat cərimə tələbi ilə bağlı isə qeyd edir ki, tənasübsüz surətdə yüksək hesablanmış cərimə azaldılaraq 498,31 manat məbləğində müəyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 86,46%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan 345 manat ekspertiza xərcinin 298,28 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, qalan 46,72 manat isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17189,89 manat əsas, 4311,80 manat faiz və 498,31 manat məbləğində cərimə olmaqla, cəmi 22000 manat məbləğində vəsait, həmçinin 200 manat məbləğində mediasiya xərci alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17189,89 manat əsas, 4311,80 manat faiz və 498,31 manat məbləğində cərimə olmaqla, cəmi 22000 manat məbləğində vəsait, həmçinin 200 manat məbləğində mediasiya xərci alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan 345 manat ekspertiza xərcinin 298,28 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, qalan 46,72 manat isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar