Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2150/2021 20.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh-dən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 61K/13 nömrəli 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3.800.000 manat məbləğində əsas borc, 2.264.801,33 manat məbləğində faiz borcu və 221.224,58 manat məbləğində cərimə borcu, cəmi 6.286.045,91 manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 1 manat məbləğində bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 61K/13 nömrəli, 16 iyul 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdiirlməsi üçün illik 16 %-lə, 12 ay müddətinə 3.800.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh 16.07.2013-cü il tarixli, 61K/13 nömrəli kredit müqaviləsindəki şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh-yə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Bank of Azerbaijan” ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 61K/13 nömrəli kredit müqaviləsinə əsasən 07.04.2017-ci il tarixə Cavabdehnin ləğv prosesində olan "xxxx" ASC qarşısında 3.800.000 manat məbləğində əsas borc, 2.264.801,33 manat məbləğində faiz borcu və 221.224,58 manat məbləğində cərimə borcu, cəmi 6.286.045,91 manat məbləğində borcu yaranmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.10.2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh-dən 61k/13 nömrəli, 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.800.000 manat, faiz borcu üzrə 2.264.801,33 manat və cərimə borcu üzrə 221.244,58 manat, cəmi 6.286.045,91 manat məbləğində pul vəsaitinin və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat məbləğində bank xidməti haqqının iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, 14.12.2017-ci il tarixdə icra vərəqəsi icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. 10.03.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Bakı Kommersiya Məhkəməsinə ərizə verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1263/2017 saylı, 25.10.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1263/2017 saylı, 25.10.2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh-nin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Mübahisəli kredit xətti müqavilə 12 aylıq müddətə bağlanmışdır. Müqavilənin qüvvədə müddəti 16.07.2014-cü il tarixdə başa çatsa da, iddiaçı məhkəməyə 2017-ci ilin 07 sentyabr tarixində ilk dəfə müraciət etmişdir. Yekunda iddia tələbi üzrə iddia müdətinin keçməsini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -"xxxx" ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanılmış 16 iyul 2013-cü il tarixli, 61K/13 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsindən görünür ki: 1.1-ci bəndinə əsasən borc verən borc alana 3.800.000 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən kredit xətti üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 16 faizlə hesablanır. Əsas kimi 1 ayda 30, 1 ildə isə 360 təqvim günü götürülür. 3.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 12 ay təşkil edir. 5.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 bank günündən artıq müddətdə gecikdirildikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. -17.05.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh-nin ləğv prosesində olan "xxxx" ASC-yə 07.04.2017-ci il tarixə 16 iyul 2013-cü il tarixli, 61K/13 saylı müqavilə üzrə əsas borcu 3.800.000 mamat, faiz borcu 2.264.801,33 manat, cərimə borcu 221.224,58 manat olmaqla, cəmi borcu 6.286.045,91 manat təşkil edir. - Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh-yə ünvanlanmış 10.05.2017-ci il tarixli, 1318 saylı xəbərdarlıq məktubundan görünür ki, MMC-dən 61K/13 saylı müqavilə üzrə 3.800.000 manat məbləğində əsas borc, 2.264.801,33 manat məbləğində faiz borcu, 221.224,58 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6.286.045,91 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb edilmişdir. -Cavabdeh-nin direktoru R.Ələkbərov tərəfindən "xxxx" ASC-nin MXD-nin direktorunun vəzifələrini icra edən E.Nizamova ünvanlanmış 16.07.2013-cü il tarixli ərizədən görünür ki, MMC tərəfindən dövriyyə vəsaitlərinin artırılması üçün 3.800.000 manat məbləğində ssuda verilməsi xahiş edilmişdir. -1-68833-1 saylı bank hesabının çıxarışına əsasən müəyyən edilir ki, 16.07.2013-cü il tarixdə Cavabdeh tərəfindən ləğv prosesində olan "xxxx" ASC tərəfindən 3.800.000 manat həcmində kredit ayrılmışdır. -16.07.2013-cü il tarixli BOA 108452 nömrəli çekdən görünür ki, Cavabdeh-nin direktoru X2 3.762.175 manat nəğd pul verilmişdir. -16.07.2013-cü il tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, Cavabdeh 3.800.000 manat məbləğində borc öhdəliyini üzərinə götürmüş və öhdəliyin tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına akseptsiz qaydada silinməsinə razılıq vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2020-ci il tarixli, 9/4409 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlardan göründüyü kimi, tərəflər arasında imzalanmış 16.07.2013-cü il tarixli 61K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsi şərtləri əsas götürülməklə 16.07.2014-cü il tarixə (müqavilənin bitdiyi tarixə) Cavabdeh-nin iddiaçı ləğv prosesində olan "xxxx" ASC– yə olan əsas borcu 3.800.000 manat, faiz borcu 600.644,24 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC onunla Cavabdeh arasında bağlanılmış 16 iyul 2013-cü il tarixli, 61K/13 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh-nin banka əsas, faiz və dəbbə pulu borclarının olmasını iddia edir və həmin borcların tutulmasını tələb edir. Cavabdehin nümayəndəsi və vəkili isə əvvəla, kredit məbləğinin cavabdehə ümumiyyətlə verilmədiyini, ikincisi, iddia tələbi üzrə iddia müddətinin keçməsini əsas göstərərək iddianın təmin edilməməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, 16.07.2013-cü il tarixli mübahisəli kredit xətti müqaviləsinə əsasən müvafiq kredit məbləğinin "xxxx" ASC tərəfindən cavabdehə ayrılması və sonradan cavabdeh tərəfindən istifadə edilməsi iş materiallarında olan 1- 68833-1 saylı bank hesabından çıxarışla, həmin məbləğin 3.762.175 manat hissəsinin nağdlaşdırılaraq Cavabdeh-nin direktoruna təqdim edilməsi isə 16.07.2013-cü il tarixli BOA 108452 nömrəli çeklə öz təsdiqini tapır. Bununla yanaşı kredit məbləğinin Cavabdehnin sərəncamına verilməsi faktı həmçinin onunla da təsdiq edilir ki, cavabdehin qanuni təmsilçisi 16.07.2013-cü il tarixli müddətli öhdəliyə imza etməklə 3.800.000 manat məbləğində borc öhdəliyini üzərinə götürmüş və öhdəliyin tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. Kredit məbləğinin verilməməsi barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edildiyi halda cavabdeh iddiaçının təqdim etdiyi sübutların mötəbərliyini təkzib etmək, eləcə də kredit müqaviləsinin formal bağlanması barədə öz dəlillərinin əsaslılığını təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehin dəlillərinin əsassız olması barədə qənaətə gəlir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 16 iyul 2013-cü il tarixli, 61K/13 saylı kredit xətti müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə 3.800.000 manat məbləğində kredit verməklə həmin müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh həmin krediti müqavilədə müəyyən edilmiş müddətə iddiaçıya qaytarmamaqla həmin müqavilə üzrə öhdəlikləri icra etməmiş, nəticədə cavabdehin banka həmin kredit xətti müqaviləsi üzrə əsas və faiz borcları yaranmışdır. Cavabdehin iddiaçıya olan borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə mübahisəli müqavilə üzrə müqavilənin müddətinin bitdiyi tarixə cavabdehin iddiaçıya olan əsas borcunun 3.800.000 manat, faiz borcunun 600.644,24 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh-nin 16 iyul 2013-cü il tarixli, 61K/13 saylı kredit xətti müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3.800.000 manat məbləğində əsas, 600.644,24 manat faiz borcu tutulmalıdır. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin 221.244,58 manat məbləğində dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh-nin kredit xətti müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 100.000 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Mübahisəli kredit xətti müqaviləsindən irəli gələn tələb üzrə iddia müddətinin keçməsi barədə cavabdehin istinad etdiyi dəlilə bağlı məhkəməilk növbədə qeyd edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC mübahisəli kredit xətti müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə ilk dəfə 19.05.2017-ci il tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi 24.05.2017-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.07.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad 24.07.2017-ci il tarixdə "xxxx" ASC-yə təqdim edilmiş və 25.08.2017-ci il tarixdə iddia ərizəsinə əlavə edilmiş sənədlər "xxxx" ASC-nin nümayəndəsi tərəfindən geri götürülmüşdür. 06.09.2017-ci il tarixdə "xxxx" ASC yenidən məhkəməyə müraciət edərək hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2- ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1- ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İşin yuxarıda göstərilən halları və qanunvericilik normalarından da göründüyü kimi, mübahisəli kredit xətti müqaviləsindən irəli gələn tələblər üzrə qanunda nəzərə tutulmuş üç illik iddia müddətinin axımı həmin müqavilə üzrə öhdəliklərin icrası müddətinin başa çatdığı tarixdən, yəni 16.07.2014-cü il tarixdən başlanmışdır. İddiaçı ləğv prosesində olan "xxxx" ASC həmin müqavilədən irəli gələn iddia tələbi ilə ilk dəfə 19.05.2017-ci il tarixdə, yəni iddia müddətinin bitməsinə 1 ay 27 gün qalmış məhkəməyə müraciət etmiş, bununla da həmin tarixdən MM-in 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilmişdir. İddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qanuni qüvvəyə mindiyi tarixdən - 04 avqust 2017-ci il tarixdən başlayaraq MM-in 381.1-ci maddəsinə əsasən iddia müddətinin axımı davam etmişdir. İddia müddətinin axımı bərpa olunduğu tarixdən 1 ay 2 gün sonra isə - 06 sentyabr 2017-ci il tarixdə iddiaçı "xxxx" ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən təsdiq edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilərkən müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmamışdır. Odur ki, iddia müddətinin tətbiqi barədə cavabdehin verdiyi ərizənin təmin edilməsi və iddia müddətinin keçməsi əsası ilə hazırkı iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə xərclərinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilməli olan dövlət rüsumunun 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi, eləcə də 1 manat bank xidmət haqqı isə iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğinin 100 (yüz) manat hissəsi Cavabdeh-dən, 50 (əlli) manat hissəsi Ləğv prosesində olan "xxxx" ASC –dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh-dən 3.800.000 (üç milyon səkkiz yüz min) manat məbləğində əsas borc, 600.644,24 manat (altı yüz min altı yüz qırx dörd maanr iyirmi dörd qəpik) məbləğində faiz borcu, 100.000 (yüz min) manat məbləğində dəbbə pulu, cəmi 4.500.644,24 manat (dörd milyon beş yüz min altı yüz qırx dörd manat iyirmi dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğinin 100 (yüz) manat hissəsi Cavabdeh-dən, 50 (əlli) manat hissəsi Ləğv prosesində olan "xxxx" ASC –dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2150/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2150/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver