Məhkəmə qərarları › İş №2-2(113)-2228/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2228/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2228/2021 09.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.11.2021-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 36737 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004 AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T.bik NABZAZ 2C) köçürülməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06.09.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyi ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 6645 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə 14.01.2019-cu il tarixli, 512 nömrəli icarə müqaviləsi bağlanmışdır. həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddianı qəbul etməyərək izahatında cavabdehin fərdi sahibkar olduğunu və COVİD-19 pandemiyasından zərər çəkdiyini, tələb olunan vəsaitin isə əsas hissəsinin həmin dövrdə yaranan borcun olduğunu bildirərək məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilməmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 512 nömrəli 14 yanvar 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı 1661,25 manatdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin 15 oktyabr 2021-ci il tarixli **********540500 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020ci il tarixdə müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası iqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur. Vergi orqanında olan olan məlumatlara əsasən X1 əsas fəaliyyət sahəsi 68200-şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi üzrə fəaliyyət, əlavə fəaliyyət növü isə 52101-saxlama və anbarlara yığma fəəliyyəti xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edildiyindən və X1 əsas və əlavə fəaliyyət növü Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları şamil olunmur. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675 və 700.1-ci maddələri). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlamış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməyərək icarə haqqını ödəməmiş və 16.11.2021ci il tarixə 36737 manat məbləğində borcu yaranmışdır. Cavabdeh nümayəndəsi Vəkil izahatında cavabdehin COVİD-19 pandemiyasından zərər çəkdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsindən məhkəməyə daxil olan məktubdan müəyyən edilmişdir ki, X1 əsas fəaliyyət sahəsi 68200-şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi üzrə fəaliyyət, əlavə fəaliyyət növü isə 52101-saxlama və anbarlara yığma fəəliyyəti xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edildiyindən, ona Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları şamil olunmamışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh 16.11.2021-ci il tarixinə yaranmış 36737 manat məbləğində icarə haqqı borcu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16.11.2021-ci il tarixinə yaranmış 36737 manat məbləğində icarə haqqı borcu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar