Məhkəmə qərarları › İş №2-2(113)-2251/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2251/2023

26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2251/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmidova Hafizə Etibar qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 manat pulun və mənəvi zərərə görə 2000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı 25024.93 AZN ödənilməmiş pulun, 500 AZN hüquq xidməti üçün çəkilmiş xərcin, 166 AZN dövlət rüsumunun, ümumilikdə 25690.93 AZN pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçının hesabına ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən 7992 (yeddi min doqquz yüz doxsan iki) manat əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi hesablanmaqla, ödənilməmiş əmək məzuniyyətinin əvəzinin hesablanaraq və son haqq-hesabın hesablanaraq ona ödənilməsinə, maddi zərərə görə 20.000 (iyirmi min) manat mələğində pulun və cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 (altmış min) manat pulun və mənəvi zərərə görə 2000 (iki min) manat pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir.

2. "xxxx" MMC İddiaçı qarşı 25024.93 AZN ödənilməmiş pulun, 500 AZN hüquq xidməti üçün çəkilmiş xərcin, 166 AZN dövlət rüsumunun, ümumilikdə 25690.93 AZN pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçının hesabına ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1067/2023 saylı 28 fevral 2023cü il tarixli qərardadı ilə tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisə ilə mülki münasibətlərdən irəli gələn mübahisəyə eyni icraatda baxılması məqsədəmüvafiq olmadığından, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı «ödənilməmiş əmək haqqı və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(006)-1067/2023 saylı mülki iş üzrə ilkin iddia ərizəsinin “cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 (altmış min) manat pul” tələbinə dair hissəsi və qarşılıqlı iddia tələbi ayrılaraq, ayrıca icraatda baxılması, işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.

4. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 2(006)-1704/2023 nömrəsi verilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1704/2023 saylı 09 mart 2023-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(006)-1704/2023 saylı mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət ərzində "xxxx" MMC-yə məxsus 3.000.000 manat dəyərində olan malların satışını həyata keçirmiş və "xxxx" MMC ilə şifahi razılaşmaya görə hər satış məbləğinin 2% hissəsi zəhmət haqqı alaraq İddiaçı verilməli idi, lakin "xxxx" MMC bu vədi yerinə yetirməmişdir. 3.000.000 manat məbləğində vəsaitin 2% hissəsi 60.000 manat edir və bu məbləğ "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdə sürücü vəzifəsində işə başlamış, xx.xx.2022-ci il tarixdə cavabdeh öz ərizəsi ilə işdən ayrılmış və əmək müqaviləsinə xitam verilmişdir. Şirkətdə işlədiyi dövrdə Şirkətlə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və istehsal olunan malların sonuncuya satılması həyata keçirilmişdir. İddiaçı aldığı malları öz imkanları hesabına satıb əvəzində malların razılaşdırılmış məbləğini Şirkətə ödəmək öhdəliyi götürmüşdür. X2 ikinci əldən satış zamanı satış qiymətini sərbəst müəyyən etmək imkanı yaratmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ona mallar təqdim edilmişdir. Həmin tarixdən sonra İddiaçı həm işə gəlməmiş, həm də alqı-satqı müqaviləsi üzrə borcunu ödəməkdən faktiki olaraq imtina etmişdir. xx.xx.2021-ci il tarixə onun borcu 25024.93 manat təşkil etmişdir. Şirkət borcun ödənilməsi ilə bağlı Cavabdehə dəfələrlə müraciət etsə də o hələdə borcu Şirkətə ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

8. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

13. “Mediasiya haqqında” Qanun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. 10 ədəd qaimələrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ümumilikdə 195871,81 manat məbləğində müxtəlif adda və müxtəlif çeşiddə mal təhvil verilmiş və İddiaçı tərəfindən mallar təhvil alınmışdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1046 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli 022687 saylı, xx.xx.2021-ci il tarixli 022685 saylı, xx.xx.2021-ci il tarixli 021015 saylı, xx.xx.2021-ci il tarixli 021040 saylı, xx.xx.2021 -ci il tarixli 021052 saylı Qaimələrdə “Təhvil aldı:” qrafalarındakı imzalar - X1 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 110 manat təşkil etmişdir.

16. Məhkəmə ilkin iddia ərizəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

18. İlkin iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

22. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

23. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

24. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

25. Göründüyü kimi, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlərin əməkdaşlarının hərəkətlərinin iddia etdiyi qanunsuz olmasının, eləcə də, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələr yaradılmasının sübut edilməsidir. Cavabdehlərin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, onlar əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman onların əməkdaşlarının hərəkətlərinin qanuni olması və iddiaçının sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin yaradılmamasını sübut etməlidirlər.

26. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

28. Həmçinin məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

29. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

30. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

31. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün ilkin iddia əsassızdır və rədd olunmalıdır.

32. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir:

33. Qarşılıqlı iddia üzrə məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ümumilikdə 195871,81 manat məbləğində müxtəlif adda və müxtəlif çeşiddə mal satılmaqla təhvil verilmiş və İddiaçı tərəfindən mallar təhvil alınmışdır.

34. Məhkəmə qaimələrlə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir.

35. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər.

36. İş materiallarında olan qaimələrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 195871,81 manat dəyərində malların İddiaçı təhvil verilməsi, sonuncu tərəfindən həmin malların təhvil alınması imza qoyulmaqla təsdiq olunmuşdur.

37. Həmin qaimələrdəki imzanın İddiaçı məxsus olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1046 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur.

38. Belə olan halda, yəni nə qədər ki, İddiaçı qaimələri təsdiq etmişdir, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında malların alqı-satqısı barədə şifahi razılaşmanın olmadığını, bununla da qaimələri mübahisələndirmək hüququnu itirmiş olur.

39. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbidir ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla da o, mübahisə etmək hüququnu itirir.

40. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında qaimələrdə göstərilən malların alqısatqısı ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı sifarişi əsasında 195871,81 manat dəyərində müxtəlif adda mal sonuncuya satılmış və alqısatqının nəticələri qaimələrlə rəsmiləşdirilmiş, lakin İddiaçı üzərinə götürdüyü malın dəyərinin ödənilməsi öhdəliyini 25024.93 AZN hissəsində yerinə yetirməkdən yayınmışdır.

41. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyi qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

42. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, İddiaçı da üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satdığı malların dəyərini ödəməyə borcludur.

43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə və qaimələrə əsasən ödənilməmiş 25024.93 AZN borc iş materialları ilə təsdiq olunduğundan İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməklə qarşılıqlı iddia təmin edilməldir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

45. Məhkəmə hüquq xidməti xərcinə görə 500 AZN məbləğin İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.

VI. Nəticə:

46. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 25024.93 AZN ödənilməmiş pul, 500 AZN hüquq xidməti üçün çəkilmiş xərc, 166 AZN dövlət rüsumu, ümumilikdə 25690.93 AZN pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar