Məhkəmə qərarları › İş №2-2(113)-2335/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2335/2024

02.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2335/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2 ASC, "xxxx" və Cavabdeh1 Elman oğluna qarşı “siyahıların etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh2 ASC, "xxxx" ASC və Cavabdeh1 Elman oğluna qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC və "xxxx" ASC-yə təqdim edilən siyahıların etibarsız hesab olunması, həmçinin həqiqətən şirkət tərəfindən, qanunvericiliyə uyğun olaraq tərtib edilmiş, yəni mənzillərin həqiqi sahiblərinin məlumatları əks olunmuş, şirkətin qanuni rəhbəri tərəfindən imzalanmış və möhürlənmiş akt və adlı siyahıların müvafiq olaraq Azərsu Asc və Xətai rayonu Enerji Təchizatı və Satışı idarəsinə təqdim olunması və qeydiyyatının icra olunması təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçının qanuni nümayəndəsi Nümayəndə qeyd edilmiş adlı siyahılara Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1443/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsində sübut kimi istinad edilərək qərar qəbul edildiyini, qeyd edilmiş adlı siyahıların səlahiyyəti olmayan şəxs tərəfindən cavabdeh təşkilatlara təqdim edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1443/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ( V.Sadıqov, A.İsgəndərov, M.Rüstəmli) görünür ki, qeyd edilən qətnamənin 38,39,40 və 51-ci bəndlərində hazırda iddiaçı tərəfindən mübahisələndirilən siyahılara istinad edilmişdir. Mülki prosessual qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: 1. pozulmuş hüququn bərpası üçün; 2. qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı işə zahirən nəzər yetirildikdə xarakter etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aid etmək olar. Belə ki, iddiaçı qeyd edilmiş siyahıların səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildiyini və bunun nəticəsində də, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-1443/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilmiş siyahılara istinad edərək hüquqlarının pozulduğunu irəli sürür. Bu xüsusda Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən siyahıların müstəqil olaraq mübahisə edilməsi yol verilməzdir. Belə ki, başqa bir işdə yəni, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1443/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilmiş mübahisəli siyahılara sübut kimi istinad edilmişdir. Qeyd edilmiş siyahıların etibarlılıq məsələsinə artıq həmin iş üzrə qiymət verilməlidir. Bundan başqa “Sudan istifadə Qaydaları”nın 1.8-ci bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Qeyd edilmiş qaydalardan da, göründüyü kimi, qeyd edilmiş qurumlarla istehlakçı arasında öhdəlik münasibətləri məhz onlar arasında bağlanmış müqavilə əsasında yaranır. Yəni hazırkı halda, iddiaçı tərəfindən mübahisələndirilən siyahılar özü-özlüyündə hər hansı bir mülki hüquq münasibəti yaratmır. İstənilən halda, mənzil özgəninkiləşdirilərkən, yeni mülkiyyətçinin müraciəti əsasında qeyd edilmiş qurumlarla müqavilə bağlanmaq yolu ilə, tərəflər öhdəlik münasibətinə daxil olurlar. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin ayrıca məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh2 ASC, "xxxx" və Cavabdeh1 Elman oğluna qarşı “siyahıların etibarsız hesab edilməsi və s.” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar