Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2553/2022 09.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9083.09 manat məbləğində əsas borc və 1613.83 manat faiz borcu olmaqla, ümumilikdə 10696.92 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, 101842- 801509/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər cavabdeh - Cavabdeh1 arasında 14 noyabr 2019-cu il tarixli, 101842-801509/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 14 noyabr 2019-cu il tarixli, 101842-801509/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da onlar Banka olan borclarını ödəməmişlər. 09 iyun 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 9083.09 manat məbiəğində əsas borcu və 1613.83 manat faiz borcu olmaqla, ümumilikdə 10696.92 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə izahatında qeyd etmişdir ki, 2018-ci ildə həyat yoldaşı ilə öz bağ evini qonaq evi edərək qeydiyyatdan keçmişdir. 2019-cu ildən 2020-ci ilə keçən zaman Rusiya Federasiyası və bəzi Avropa ölkələri 2021ci yay ayları üçün əvvəlcədən qeydiyyatdan keçirlər. Bununla bağlı olaraq yoldaşı ilə qərara gəlmişdir ki, avadanlıqların sayını artırmaqla, müştəri saylarını artırsınlar. Odur ki, bankdan yüksək faizlə kredit götümüşlər. Həmin bankın daimi müştərisi olmuşlar. Yanvar ayında pandemiya dövrü olduqda artıq qarşı tərəf bildirmişdir ki, müqavilədə fors major halları nəzərdə tutulmadığından və hər iki tərəfin sərhədləri bağlı olduğundan ödəniş edə bilmirlər. Özünün və yoldaşının isə artıq gəlir yerləri olmamışdır. Bankın əməkdaşları onlara Prezidentin Sərəncamına əsasən turizm sektrouna güzəşt edildiyinə görə onlara da faiz hesablanmasını dondurduqlarını bildirmişlər. Daha sonra xəbərləri olmadan 3 ay sonra faizlər üst-üstə hesablanmışdır. Dövlət tərəfindən 1.100 manat bu sektora yardım olunmuş və həmin məbləğ birbaşa bankın hesabına ödənilmişdir. Bank isə xəbərdarlıq etmişdir ki, məhz həmin məbləğ əsas məbləğdən deyil faizdən çıxılmışdır. Hazırda qeyd olunan məbləği ödəmə imkanları yoxdur. Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 14 noyabr 2019 il tarixli, 101842-801509/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh2 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 10000 AZN məbləğində kreditin verilməsini, borcalan isə müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydalarla krediti qaytarmağı öhdəsinə götürmüşdür. 14 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əlavədən və ödəniş qrafikindən görünür ki, Cavabdeh2 14 noyabr 2019-cu il tarixli, 101842-801509/1 kredit müqaviləsi üzrə iddiaçıya 24 ay müddətinə hər ay 528,71 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh2 14 noyabr 2019-cu il tarixli, 101842- 801509/1 nömrəli kredit müqaviləsinə əsasən 9083.09 manat məbləğində əsas borc və 1613.83 manat faiz borcu olmaqla, ümumilikdə 10696.92 manat borcu mövcuddur. 14 noyabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC 10.000 manatı Cavabdeh2 hesabına köçürmüşdür. 14 noyabr 2019 il tarixli, 101842-801509/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 Cavabdeh2 ilə 14 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə görə İddiaçı ASC qarşısında birgə məsuliyyət daşımağa razı olmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8400 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh2 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 14 noyabr 2019 il tarixli, 101842-801509/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 xx.xx.2021-ci il tarixə əsas borcu üzrə - 8286,62 manat, faiz borcu üzrə-1090,24 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və “ödəniş cədvəli”nə əsasən ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8286,62 manat əsas borc, 1090,24 manat faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qiamən təmin edildiyindən iş üzrə ödənilmiş 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8286,62 manat əsas borc, 1090,24 manat faiz borcu və 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2553/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2553/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver